Modern.az

Fəhlənin cəsarəti, Heydər Əliyevin mərhəməti - Olmuş ƏHVALATLAR

Fəhlənin cəsarəti, Heydər Əliyevin mərhəməti - Olmuş ƏHVALATLAR

Mədəniyyət

25 Oktyabr 2014, 22:16

jurnalist, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Həyat təcrübəmdə tanınmış şəxsiyyətlərlə bağlı maraqlı, məzəli, bir az da kövrək hisslər oyadan əhvalatları qələmə almışam.

***

Rəhbər fenomen yaddaşa, riyazi təhlilə malik insan olanda

Adətən təsərrüfatlara gedəndə Heydər Əliyev kolxoz və sovxoz rəhbərlərini, briqadir və şöbə müdirlərini yığır, kolxozçuların, sovxoz işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsərrüfat göstəriciləri ilə maraqlanırdı. Kolxozlarda əvvəlcə briqadirlər, sovxozlarda isə şöbə müdirləri hesabat verirdilər.

Pambıqçılıq rayonlarında kolxoz briqadirləri, demək olar ki, eyni qaydada danışırdılar.

- Yoldaş katib, mənim briqadam hər hektardan 34 sentner pambıq toplamağı öhdəlik götürüb. Sizin gəlişiniz münasibəti ilə bu rəqəmi 36-ya çatdıracağıq.

Beləliklə əgər bir kolxozda 6 briqada varsa, hamısı hər hektarın məhsuldarlığını ən azı 36-37 sentnerə çatdıracağını bildirirdi. Sonda kolxoz sədri çıxış edirdi.

- Bizim kolxozun pambıqçıları sizin gəlişiniz şərəfinə öhdəliyimizi artıraraq, hər hektardan 34-35 sentner məhsul toplamağı öhdəyə götürüblər.

Heydər Əliyev: - Mənim gəlişim münasibəti ilə öhdəliyinizi artırmağınıza görə təşəkkürümü bildirirəm. Amma mən bir şeyi başa düşmürəm: kolxoz 6 briqadadan ibarətdir. Briqadalar hər hektardan 36-37 sentner məhsul toplamağı öhdəyə götürürlərsə, onda kolxoz üzrə niyə 34-35 sentner olsun?

Araya sükut çökdü. Birinci katibin bu məntiqi fikri digər təsərrüfat başçıları üçün də ibrət oldu, bir daha belə qeyri-məntiqi fikirlər söylənmədi. Onu da deyim ki, üzümçülüklə məşğul olan kolxoz və sovxozlarda da üzümün şirinliyinin artırılmasında söylənən fikirlər şöbə və briqada başçıların mülahizələri ilə kolxoz və sovxoz rəhbərlərinin götürdükləri öhdəlik rəqəmlərinə uyğun gəlmirdi. Heç kimin ağlına gəlməzdi ki, uzaqgörən katib həmin anda riyazi hesabat aparıb belə hallara son qoyacaq.

***

Sərrast insanın gözündən heç nə yayınmırdı

Sumqayıt Alüminium Zavodu səksəninci illərin əvvələrində tənəzzül dövrünü keçirirdi. 1980-cı ilin ilk aylarında Heydər Əliyev bu şəhərə gəldi. Adı çəkilən zavodda əritmə sobasının qarşısında fəhlələrlə görüşdü. O, qarşıdakı vəzifələr, iqtisadiyyatı canlandırmaq üçün görüləcək işlər barədə məlumat verdikdən sonra fəhlələrə müraciətlə:

- Kimin nə sözü var? Çəkinməyin, deyin ...

Fəhlələr biri-birinin üzünə baxır, şəhər partiya komitəsinin birinci katibindən çəkindiklərinə görə səslərini çıxarmırdılar. Bunu hiss edən ulu öndər müraciətini yenidən etdi. Arxada dayanmış bir fəhlə gah rayon rəhbərinin üzünə baxdı, gah da Heydər Əliyevə. Ulu öndər bunu hiss etmişdi.

- Deyəsən, sənin sözün var, utanma, yaxın gəl, sözünü de.

Bundan cəsarətlənən həmin fəhlə sıxıla-sıxıla dedi:

- Mənim yeddi uşağım var. Hərəsini bir qohumun evinə göndərmişəm. Həyat yoldaşımla ümumi yataqxanada qalırıq. Mənzil növbəsinə dayanmışıq. Bizdən qabaq çox adam var. Onların da mənzilə ehtiyacı var. Mən demirəm növbəni pozub mənə ev versinlər. Ancaq yataqxanada elə bir geniş otaq ayırsınlar ki, ömrümün sonuna az qalıb, heç olmazsa bu çağımda uşaqlarımı bir tavan altına yığıb yaşayım...

Bu çıxış H. Əliyevi çox təsirləndirdi, əlini çənəsinə sıxıb bir az gözlərini yerə zillədi, sonra aramla:

- Mən bu ölkənin padşahı deyiləm, sosialist dövründə yaşayırıq. Amma sən elə danışdın ki, bir insan kimi buna biganə qala bilmərəm. Məndə olan məlumata görə Sumqayıtda harınlanmış adamlar qeyri-qanuni təzə evlər alırlar. Mən sizin yanınızda şəhər komitəsinin birinci katibi Sevindik Əliyevə tapşırıram, həmin fırıldaqçıların evlərini müsadirə etmək yolu ilə mənzillərdən birini sənin ailən üçün ayırsın, - əlini həmin fəhlənin çiyninə qoydu. – Get ailənlə rahat yaşa.

Qəribə bir mənzərə yarandı. Həmin fəhlənin matı qurudu, sevincindən gözləri yaşardı. Ətrafındakılardan biri dilə gəldi:

- Yaşa, Heydər müəllim, yaşa! (indiki zaman olsaydı, deyərdilər “Allah Sizdən razı olsun, cənab prezident”).

***

Ahıl neftçinin həmişəyaşar dərrakəsi

Ölkəmizdə neft-qaz sənayesinin möhtəşəm sıçrayışla inkişafı əsrin müqaviləsindən sonra başladı. Bu, bilavasitə ulu öndər H.Əliyevin qətiyyətli qərarı ilə bağlı oldu. Dünya bilir bunu. Bu barəda çox deyilib, çox yazılıb. Müqavilənin ərsəyə gəlməsində bizim neftçilərimizin əməyi də danılmazdır.Xüsusən ARDNŞ-nin prezidentinin müavini Xoşbəxt Yusifzadənin təcrübəsi, biliyi, fikirləri də böyük rol oynadı. Bu da bir həqiqətdir. Hələ Neft Daşlarında işlədiyi vaxtlardan yaxşı tanıdığım bu ixtiyar neftçinin zəkasına həmişə qibtə etmişəm. Bir dəfə isə ...

Baş nazir Artur Rasizadənin başçılığı ilə Norveçə səfərdə nümayəndə heyətində Xoşbəxt Yusifzadə də vardı. Məşhur dəniz qaz terminalına getməzdən əvvəl norveçli mütəxəssislərlə keçirilən bir görüşdə ölkənin neft-qaz potensialından danışılırdı. Nümayəndə heyəti üçün böyük maraq kəsb edən faktlar, rəqəmlər xüsusi diqqətlə izlənilirdi. Norveçli mütəxəssis məruzəsini zövqlə oxuyurdu. Birdən Xoşbəxt müəllim onun sözünü kəsdi:

- Üzr istəyirəm, o katalizator istehsalı barədə dediyiniz rəqəmi bir daha təkrar edin.

Məruzəçi həmin vərəqi tapıb oxudu.

- Nə danışırsınız, əgər sizin ölkəniz siz deyən gədər katalizator istehsal etsəydi (bəzi mülahizələrə görə rəqəmləri açıqlamıram – M.A.), dünyanın ən varlı diyarına çevrilərdiniz.

Mütəxəssisi tər basmışdı. Vərəqləri bir daha irəli – geri çevirib əlini sinəsinin üstünə qoyub dönə-dönə üzr istədi. Həqiqətən çox böyük səhvə yol vermişdi. Bunu da Xoşbəxt Yusifzadə kimi dərrakəli mütəxəssis tuta bilərdi və tutdu da.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi