Ukraynada oktyabrın 26-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinin hesablanması prosesi davam edir. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, ölkənin tanınmış siyasətçiləri və məmurları Ali Radaya öz qohum-əqrəbalarını da deputat seçdirməyə cəhd edirlər. Beləliklə, seçkilərdə deputatlığa namizəd olan “ailə klanlarI” bunlardır:
Məlum olduğu kimi prezident Pyotr Poroşenkonun böyük oğlu Aleksey Vinnitsadakı 12 saylı birmandatlı dairədən deputat seçilmək üçün şanslı namizəddir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 37,4 faizi hesablanıb və o, 65 faiz səs toplayaraq Radaya keçib. Poroşenko dəfələrlə deyib ki, oğlu müstəqil şəkildə deputat seçilmək niyyətində olub.
Ali Radanın keçmiş sədri Vladimir Litvinin ailəsi parlamentə düşməyə cəhd edib. O, özü Jitomir vilayətindəki 65 saylı dairədən müstəqil namizəddir. Hazırda seçki yarışının qalibidir, bülletenlərin demək olar yarısı sayılıb və 42,5 faizlə rəqiblərini xeyli geridə qoyur. Onun oğlu İvan da yer tutmaq istəyir. Jitomirdəki 66 saylı dairədən namizədliyini irəli sürüb və hazırda topladığı səsə görə (15,8 faiz) üçüncü yerdədir.
Üç Baloqa qardaşları da parlamentə “soxulmaq” istəyindədir. Keçmiş fövqəladə hallar naziri Viktor Baloqa Zakarpatyedəki 69 saylı birmandatlı dairədən müstəqil namidəddir. Bülletenlərin 79,69 faizi sayılandan sonra 63 faizdən çox səs topladığı məlum olub. Bu isə o deməkdir ki, mandat qazanıb. Nəticələrdən belə görünür ki, onun qardaşları Pavel və İvan da Radada təmsil olunacaqlar. Onlar müvafiq olaraq 45 və 43,5 faiz səs toplayıblar. Keçmiş nazirin qohumları arasında Zakarapatyedə müstəqil namizədliklərini irəli sürənlər də var.
Baloqanın əmisi oğlu Vasili Petyovka da parlamentə düşmək istəyənlərin arasındadır. 73 saylı dairədən namizəd olan Petyovka səsvermənin faktiki qalibi hesab olunur. Bülletenlərin 90 faizdən çoxu sayılandan sonra 68 faizdən çox səs topladığı üzə çıxıb.
Lvovdakı 118 və 120 saylı dairələrdən “Pyotr Poroşenkonun Bloku”ndan Dubneviç qardaşları – Boqdan və Yaroslav namizəd olublar. Onlardan birincisi 48 faiz səs yığıb. Yaroslav da qardaşından geri qalmır, onun indiki məqamda səslərin 57 faizini topladığı bildirilir.
Qalmaqallı keçmiş regionçu Mixail Dobkin də Radaya düşməyə cəhd edib. O, “Müxalifət Bloku”nun siyahısında ilk onluqda olub. Eyni zamanda, onun qardaşı Dmitri Xarkovdakı 178 saylı dairədə müstəqil namizəddir. Hazırda burada bülletenlərin 42 faizi sayılıb və o, 35 faiz səs toplaya bilib.
Modern.az