Modern.az xəbər verir ki,Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili İqbal Ağazadə ermənilərin Xankəndində “mühakimə etdiyi” kəlbəcərli girovlarla bağlı təklif səsləndirib.
“Bu gün hər bir azərbaycanlını Kəlbəcərdə girov götürülən soydaşlarımızın taleyi narahat edir. Bu gün onların müdafiəsi üçün vəkillər tutulmalıdır”.
Deputat bildirib ki, beynəlxalq təşkilatlar onlarla maraqlanmır. Deputat onu da söyləyib ki, ayrı-ayrı vəkillər tutmaqdansa, onun özü girov həmyerlilərimizi müdafiə edə bilər.
“Mən böyük məmnuniyyətlə girovların müdafiəsini öz üzərimə götürərəm. Avropa təsisatları, beynəlxalq qurumlar köməklik etsə, mən onların müdafiəsinə qalxa bilərəm. Milli Məclis də bunu nəzərə alsa, yaxşı olar”,-deyə İqbal Ağazadə qeyd edib.
Deputat onu da bildirib ki, insan haqlarının müdafiəsi ilə bağlı yaradılan işçi qrupunu alqışlayır. “Bu Azərbaycan üçün yeni mərhələ, yeni müstəvidi. Arzu edirəm ki, İşçi Qrupun fəaliyyətini düzgün qursun və tez-tez əfv sərəncamları və amnistiyalar olsun. Siyasi məhbuslar, tutulanlar azad edilsin. Bu da Azərbaycana beynəlxalq aləmdə uğur qazandıracaq”,-deyə deputat söyləyib.
Dünən Azərbaycanın işğal altındakı Xankəndi şəhərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın 1-ci instansiya məhkəməsində kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəmə prosesi" başlayıb.
Erməni hakim Anatoli Tadevosyanın sədrliyilə keçirilən "prosesdə" Dilqəm Əsgərov və Şahbaz Quliyevi vəkillər Erik Beqlaryan və Arkadi İsraelyan "müdafiə edir". Dövlət ittihamçısı isə prokuror Karen Qabrielyandır.
Dədə-baba yurdunu ziyarətə getmiş soydaşlarımız "diversant" adı ilə saxta ittihamlarla mühakimə olunurlar.
Aqşin Kərimov