Modern.az

Dünyanın ən zəngin azərbaycanlılarından biri ilə qeyri-adi tanışlıq

Dünyanın ən zəngin azərbaycanlılarından biri ilə qeyri-adi tanışlıq

Mədəniyyət

28 Oktyabr 2014, 21:27

jurnalist,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

“Tanınmış şəxsiyyətlərlə bağlı maraqlı əhvalatlar” silsiləsindən daha bir sıra qeydlər

“Bu nə biçimdə bir insan?”

Qələminin itiliyindən şox hərarətli çıxışları ilə seçilən şair – deputat Zəlimxan Yaqubu Milli Məclisdə parlamentin plenar iclaslarından yaxşı tanıyırdım. Dəyərli təklifləri və bu fikirləri özünəməxsus natiqlik qabiliyyəti ilə fərqlənən deputatla birgə səfərlərimiz də olub. İstanbulda, Heydər Əliyev parkının salınmasında onun hərarətli çıxışını eşidəndə elə bil onu ilk dəfə görürdüm. İlahi, insanda nə qədər söz ehtiyatı olar; insanı nə qədər valeh edər!

Tədbirdə çox adam çıxış edirdi. Zəlimxan Yaqubun ilhamla şeir oxuması hər bənddən sonra parka toplaşanların sürəkli alqışları ilə qarşılanırdı. O şeirini söylədikcə də alqışlar kəsilmirdi. Yanımda dayanmış bir türk məmur heyrətini gizlədə bilmədi..

- Canım, bu nə biçimdə bir insan?!

- Bu hələ harasıdır, - dedim, - siz onun yaradıcılığına tam bələd deyilsiniz, onda qeyri-adi fitri istedad var.

Türk məmur dediklərimi tam mahiyyəti ilə başa düşməsə də məni qucaqlayıb öpdü.

Bu hadisəni Bakıda Zəlimxan Yaquba danışdım. Arada təəcübümü gizlədə bilməyib soruşdum.

- Bəs nə əcəb sənə “xalq şairi” fəxri adı vermirlər?

- Mən xalqın şairiyəm. Bunu mənə ulu öndər Heydər Əliyev deyib.

- Axı, rəsmi sərəncam yoxdur.

- Lazım bilsələr, olar, - dedi.

Aradan qısa bir vaxtdan sonra Azərbaycan Prezidentinin Zəlimxan Yaquba “Xalq şairi” fəxri adı verilməsi barədə sərəncamı qəzetlərdə göründü.

Sanki söhbətimiz çin olmuşdu ...

Fırçanı ayaq barmaqlar arasında tutub rəsm çəkən rəssam

İnsan dara düşəndə nələrə əl atmır? Xüsusən işgüzar, zehnli adamlar. Əlil insanların idmanla, musiqi ilə, bədii yaradıcılıqla maraqlanması, şöhrət sahibi olması məlum məsələdir. Gözdən əlillərin bəstəkarlığı, piano, qarmon çalmağı çoxlarını heyrətləndirir.

Siyəzən şəhərinin (keçmiş Dəvəçi rayonunun Siyəzən qəsəbəsi) sakini Rasim Məmmədov hələ uşaqlıqdan əlil qalmasına baxmayaraq həyatda özünə çıxış yolu tapdı. Evlərinin yaxınlığındakı transformatorun qəfil partlaması orada təkbaşına dolaşan Rasimi ömürlük əlil qoydu: hər iki qolu dirsəkdən aşağı kəsildi. Beləcə ağır durumda yaşadı, yeniyetmə çağına çatdı. Rəssamlığa böyük həvəsi vardı. Dəniz kənarına gedər, ayaq barmaqları ilə çubuqla qumluqlarda şəkillər çəkərdi: günəş, ağac, qayıq və s. Yavaş - yavaş bu vərdişi fırça ilə kətan üzərində, rəngli boyalarla davam etdirdi. Haradasa istəyinə nail olurdu. Çəkdiyi təbii mənzərələr (əlbəttə bu həvəskar və əlil rəssamın yaradıcılığı idi) onun əsərlərinə baxanları valeh edirdi. Bu istedadın sorağı Avropanın ən kiçik ölkəsində - Lixtenşteyndə fəaliyyət göstərən Əlil Rəssamlar Cəmiyyətinə də çatdı. Gəlib-gedən çox oldu, onun rəsmləri cəmiyyətin jurnalında çap edildi.

Rasim Məmmədovla görüşmək üçün “Dalğa”nın çəkiliş qrupu Siyəzənə gəldi. Üzürlü səbəbdən istedadlı aparıcımız İlqar Qasımov çəkilişə gedə bilmədi. Məcburiyyət üzündən onunla müsahibəni mən apardım – bu sətirlərin müəllifi.

Süjet o gədər maraqlı alınmışdı ki, müsahibə aparanı heç kim, hətta mənim doğmalarım belə, görmədi, bütün diqqət əlil rəssama, onun tablolarına yönəlmişdi.

Süjet ictimaiyyətin sonsuz marağına səbəb oldu, axın – axın məktublar gəldi, kollektivlər Siyəzənə - Rasimgilə vaxtaşırı getdilər. O vaxtlar kimsəyə əl tutmaq dəbdə deyildi (guya sovet dövründə kasıb adam yox idi). Buna baxmayaraq rəssama maddi yardım göstərənlərin sayı – hesabı yox idi. Rayon rəhbərliyi Rasimə beşotaqlı mənzil ayırdı, tezliklə pulsuz “Niva” maşını da verildi. Beləcə ayaqla rəsm çəkən Rasim şöhrət sahibi – tanınmış, imkanlı şəxsiyyət oldu.


Heyf ki, dünyasını tez dəyişdi.

Bu gün həyatda olmayan Rasim Məmmədovun izi tablolarda yaşayır. Sağlığında hara gedirdisə rəhmətlik “məni “Dalğa” yaşatdı,” – deyərdi. Bu şəksiz idi.

Həmyerlimiz – dünyanın ən zəngin adamlarından biri

O vaxtlar leksikonumuzda “oliqarx” sözü yox idi. Bəlkə də mən eşitməmişdim. Hər halda bu sözün mənasını dərk etsəydim qarşımda dayanmış gəncin həm maddi, həm mənəvi zənginliyinə şübhə ilə baxmazdım.

Məşhur “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov ilə görüşməyimə iş yoldaşım İbrahim Nəbioğlu şərait yaratmışdı. Sonralar Azərbaycanın İstanbuldakı baş konsulu işləyən İbrahim Nəbioğlu bizi İstanbula – çəkilişə dəvət etdi.

Türkiyəyə gedəndə heç ağlıma belə gəlməzdi ki, dünyada tanınan bir həmyerlimlə görüşəcəm.

Təyyarə limanından birbaşa “Palmali”nin qərargahına gəldik. Türk – Azərbaycan dostluq cəmiyyətinin yaradılmasını lentə almalı idik. Cəmiyyətin sədrinin çıxışını yazdığımız darısqal otağa tez-tez bir cavan oğlan girib-çıxırdı, heç nə danışmırdı. Mən “Qardaş, bizə mane olma” dedim. O dinməzcə otaqdan çıxdı. Müsahibə aldığımız adam bundan çox narahat olsa da, bir söz demədi. Onun narahatlığını hiss etdiyimdən sözümü kəsmədim:

“Deyirlər, Mübariz Mənsimov çox zəngin adamdır, prezidentdir. Birdən çıxış o istədiyi kimi alınmasa, başımıza oyun açar, - dedim.

Çəkiliş başa çatdı. Bizi Mübariz müəllimin kabinetinə də apardılar. Yazı masasının arxasında bayaqki alçaqboy, saçı seyrəlmiş, gülərüz, çox sadə geyimli oğlanı görəndə, mənə dedilər ki, “tanış olun, Mübariz Məsimovdur”.

- Nə? Prezident sizsiniz?

- Gülümsəyib yerindən qalxdı, bir neçə addım bizə tərəf irəliləyib: - Bəli, - dedi.

Təvazökarlığa bax!

Çox pərt oldum. Qolumdan tutub yer göstərdi. Bircə onu deyə bildim ki, “Mən sizin yerinizdə olsaydım bir adama salam verməzdim”.

... Həmyerlimiz Mübariz Mənsimov bir iş adamı kimi dəniz nəqliyyatı və gəmiqayırma sahəsində tanınmış adamdır. Azərbaycanda və Türkiyədə böyük layihələrə imza atıb, uğurlara nail olub. Azərbaycanın tanınmış adamlarının adlarını nəhəng gəmilərə qoyub. Yüzlərlə belə tanker dünya dənizlərində, okeanlarda üzür, elimizin, obamızın şöhrətini yayır.

Bunları saymaqla bitən deyil. O, Xeyriyyəçi Zeynalabdin Tağıyevin ənənələrini yaşadır. Qardaşları Maarif və Mais onun müavinləridir, xarakter etibarilə Mübarizdən geri qalmırlar. Eşq olsun Mənsimli qardaşlarına!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi