Modern.az

Maraqlar və dəyərlər

Maraqlar və dəyərlər

5 Avqust 2010, 12:20

İbtidai  icma  dövründən, lap elə  insan  dünyaya gələndən müxtəlif  bioloji ehtiyaclar,  maraqlar  onu  təqib edir. Təbii  ki, insan bu  tələbatı ödəmək üçün  çarpışmağa  məhkumdur. Müəyyən istisnalarla  müasir  dünya  elə bil maraqlar üzərində  qurulub.  Necə ki,  ingilislərin  dediyi kimi  “Siyasətdə  dostluq yoxdur,  maraqlar  var”. Deyəsən  bu maraqlar getdikcə öz çevrəsindən çıxaraq  hər bir kəsin  canınına hopur, dəyərlər  isə arxa plana keçir.

Dəyərsizləşmə cəmiyyətdə inamsızlığa,  sosial  ədalətin pozulmasına,  insanın  öz potensialının ortaya qoya bilməməsinə gətirib çıxarır. Əslində  maraq və dəyər  bir-birini tamamlamalıdır. Professor  Rafiq   Əliyev mediaya verdiyi müsahibəsində  maraqlı bir fikir bildirmişdi. Onun qənaətincə, Şərqin, xüsusilə, müsəlman cəmiyyətinin əsas problemi İslami dəyərlərdən  uzaq düşməsidir.

Gerçəkdən bu gün Azərbacanda  İslam sivilizasiyasına  ehtiyac duyulur. Hər molla libası geyənə, müxtəlif  ritualları yerinə yetirənlərə  din xadimi demək  çətindir. Savadsız  din xadımlərinin bəzən  yas mərasimlərində apardığı məntiqsiz təbliğat, elmə əsaslanmayan təfsirləri  insanları  sivil islamdan uzaq salır.   İslam dini təbliğ olunmaqdan  daha çox  yaşanmalıdır. Hər bir kəs dini içində yaşadaraq təbliğ etməlidir.

Bəlkə  müəyyən  məqamlarda  xoş aurası olan ilahiyyətçi alimlər,  məsələn  Nəriman Qasımoğlu,  Hacı Sabir Həsənli və digərləri heç olmasa  mediada, telekanallarda çıxış etməlidirlər. Ən azından bu insanlar   İslami dəyərləri  yaşadığına   görə  cəmiyyətə  müsbət  aura  nümayiş etdirə bilərlər.

Sovet  dönəmində, repressiya illərində  bu düşünülmüş  bir  siyasət  olub ki, xalqın  düşüncə sahiblərini, əxlaq  daşıyıcılarını sıradan çıxarmaq. Nəticədə isə professor Rafiq Əliyevin təbirincə, mədəniyyətimizin mənəviyyatsız, mənəviyyatımızın mədəniyyətsiz durumu  yaranır.

Hər şeyi  keçid dövrü, qloballaşma ilə  bağlamaq  düzgün deyil. Əslində normal bazar iqtisadiyyatı  insanların  öz potensialını ortaya qomağa, azad rəqabət mühiti  yaratmağa stimul verir. Bunun özü Qərbdə  praqmatik maraqlarla bərabər müəyyən dəyərlərə söykənir. Yəni hər hansı yenilik, inkişaf insan faktoruna, onun daha yaxşı yaşamasına xidmət edir.

İslam dini də insanları ən ali varlıq kimi dəyərləndirir, ona  qiymət verir. Deməli, Avropanın  bəzi dairələri istisna olmaqla dünyada   İslami  dəyərlərə yaxınlıq  xeyli  güclüdür. Bu yaxınlıq  insan faktorunda,  insana  dəyər kimi  baxılmasında  özünü büruzə verir.

Müqəddəs  kitabımız olan Qurani-Kərimin  49-cu surəsinin 13-cü ayəsində  yazılır:  “Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara  və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız”.

Ekspertlər  Quranın  bu ayəsini   BMT-nin  İnsan  Hüquqları Bəyannaməsinin birinci maddəsilə  müqayisə edirlər. Həmin  sənəddə göstərilir: ”Bütün insanlar öz hüquqları  etibarilə azad və bərabər doğulurlar.Onlara ağıl və vicdan bəxş edilmişdir  və onlar qardaşlıq münasibətində olmalıdırlar”.  
Bu da  İslam  dininə istinad olunmaqla  insana verilən  dəyərdir. 

Dəyərlər bir çox hallarda  hüquqi təfəkkürlə bağlı olur. İnsanların bəzən qanunla yaşamaq vərdişlərinin  zəif olması,  ümumilikdə, qanunlara  sağdan- sola, soldan-sağa   hörmətsizlik  sonda dəyərlərin itməsinə  gətirib çıxarır. Əslində  demokratiya,  azadlıq, hüquqlar, vətənpərvərlik   bütün bunlar  insanın öz məsuliyyətini dərk edib digər şəxslərə  necə dəyər verməsi ilə bağlıdır. Çünki cəmiyyətdəki dəyərlər sistemi  bir-biri ilə  zəncirvari olaraq bağlı olur.

Deyəsən, siyasət elə maraqlar üzərində qurulur. Ancaq  ABŞ prezidenti  Barak Obama  seçki marafonunda  maraqları deyil dəyərləri qoruyacağını   bəyan edirdi. Bu gün onun vədinə nə dərəcədə əməl etdiyini  demək çətindir.

Məncə dəyər yalnız insana verilməməlidir, həmçinin digər canlılara ətraf aləmə, bizi yaşadan təbiətə, yaşıllıqlara verilməlidir. Ətraf mühitə  kobud münasibət  özünü  tez büruzə verir.

Bir çox hallarda Bakı şəhərində yüksək dərəcədə isti olmamasına baxmayaraq insanlar havasızlıqdan, istidən  əziyyət çəkir. Çünki amosfer, ətraf aləm  o qədər çirklənib ki,  bu da havasızlıq yaradır.  Belə getsə insanlar oksigen balonları axtarmağa məcbur olacaq. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü