Sönən həyatın qaranlıqlarında güclə edilən cızma-qaraları, təntənəli ölüm monoloqları 20-30 il sonra ortaya çıxan dünyanın bizə tanış ictimai-siyasi, ədəbi xadimləri içərisində, niyəsə Vaqif Səmədoğlu istisna təşkil edir. Ölüm sazağında üşüyən şairin təfəkküründən süzülüb gələn sonu çatmış həyatın tərifi, ümidsizliyə möhkəm kilidlənmə, əzazil xərçəngdən möhlət ummaq, bu cismani yoxluğun zərbəsini bir qadının daşıyacağı və bu ölümlə sevimli qadınından qopmaq ağrısının indidən tirajlanan monoloqa çevrilməsi onun tam sağlamkən yazdıqlarından daha gözəl bir yaradıcılıq nümunəsi kimi ortaya qoyulur.
İngilis dilində nəşr olunmuş “Zülmətdən günəşə mahnı” kitabının təqdimat mərasimində etdiyi çıxış xəstəliyin qapqara tunelində işıq tapa bilməyən Səmədoğlunu bir insan, bir şəxsiyyət, öz qadını üçün çox parlaq bir ər kimi təqdim edir.
...İosif Stalini canlı-canlı görən, Boris Pasternakla “rumka” döyüşdürən, Fadeyevlə, İlya Erenburqla təmaslarda olan, Moskva konservatoriyasında Çaykovski, Raxmaninovun gəlib-keçdiyi dəhlizlərə ayağı dəyən, Azərbaycan klassiklərinə doğması kimi xitab şansı olan Vaqif Səmədoğlunun dərdi bu xatirələrin onunla bərabər xərçəngə təslim olacağı deyil. Keçmiş sovet məkanlarında Milli-azadlıq hərəkatındakı mübarizənin son nəticəsinin vəhşi kapitalizm olması və bu kapitalizmlə, demokratiya ilə bağlı suallarına tam cavab almaq vaxtının daralması da onunçün dərd deyil.
Ümumiyyətlə, qorxusu ölümün onu dartıb zülmət məzara aparması da deyil. Əks təqdirdə o, ölümə yenilməmək üçün dirənə bildikcə dirənər, ifadələrin gücüylə əcəlin pəncəsindən bacardıqca uzaqlaşar, onunçün hönkür-hönkür ağlayan, ya da heç olmasa, dolan gözləri belə maraqla axtarmazdı. Yeganə dərd ömrünü birlikdə yaşadığı qadının yazıq olacağı, yalqız qalacağıdır (!). Onu bir daha görə bilməyəcəyi, səsini təkrar eşitməyəcəyidir (!).
Heç bir adi kişinin, istərsə də fenomenal şəxsiyyətlərin, ünlü insanların ölüm kəlmələrində, vəsiyyətlərində həyat yoldaşı bu qədər ucalığa qaldırılmır. İctimai çəkisi olan-olmayan heç bir kişi öz qadınına sözlərdəki məntiqin ağırlığı ilə bu şəkildə qüsursuz, mükəmməl portret yaratmır.
Çağdaş dünyanın ailələrində mənəvi-əxlaqi deformasiyalar, Azərbaycanda 9 ayda 8 min boşanma, ər-arvad xəyanəti, bir-birinə əl qaldırmaq, söyüş söymək, qadını saçından tutub sürükləmək kimi mənfi faktlar fonunda təsəvvürə belə gətirmək çətindir ki, əlini həyatın ətəyindən qoparmaq istəməyən bir kişinin əcəldən “yaşamaq istəyirəm”acizanə xahişinin, kövrəkliyinin kökündə öz xanımını daha çox görmək, daha çox eşitmək arzusu dayansın. Təsəvvürə gətirmək çətindir ki, bu gün hansısa bir kişi, ədəbi-ictimai xadim ölüm əzabları içərisində o dünyanı şəkilləndirib orada uçsuz-bucaqsız dünya coğrafiyasını, mavi göyləri, dənizləri, maddi nemətləri, yaxınları, doğmaları, şablon da olsa, vətən sevgisi deyil, yalnız əks cinsə məhəbbət axtarsın və bu məhəbbət hansısa bir Çin gözəli, ərəb gözəli üçün yox, öz xanımına yenidən aşiq olmaq, ona təkrar evlənmək təklif etmək üçün arzulansın (!).
Öz xanımından başqa heç kəsin heyranı olmadığını gözəl kəlmələrində sezdirən 75 yaşlı eşq dəlisi Vaqif Səmədoğlu, əlləri pianonun ağ-qara pillələri üzərində gəzə bilməsə də, xərçəngin ürəyinin və beyninin işığına gəlib çatmaması sayəsində bu monoloqu ilə, əslində gözəl bir məhəbbət simfoniyasının mətnini yaradıb. Bu simfoniya təkcə əlindən tutub bərabər yürüdüyü xanımının şərəfinə yox, cəmiyyətin kübarları, səfilləri, ortababları üçün də dəfələrlə çalınmalı bir könül nəğməsi, onlara düzgün ailə dəyərləri aşılayan cazibəli sətirlərdir.
Vaqif Səmədoğlu öz eşqini dünyaya car çəkməkdən daha artıq, eşq böhranı yaşayan gəncliyə məhəbbət resepti, məhəbbət məcunu anladır, bu monoloqu ilə.
Kim bilir, Hippokrat andı pozulmasaydı, belə bir monoloq, belə bir eşq nümunəsi, nəhayət, bədii ədəbiyyatın bir parçasına çevriləcəyi şübhə doğurmayan yığcam, amma olduqca duyğusal son həyat hekayəsi meydana gələ bilərdi, yoxsa yox?!
Hələ canlıykən öz yas mərasimini ssenariləşdirən, bəribaşdan hamını “gözüm üstə yeriniz var”- deyib hüzürünə dəvət edən ədəbi-ictimai xadim, hətta bu frazanın özündə də yalnız qadınını düşünür və onun çiyinlərinə yüklənəcək gələcək yas mərasiminin təşkilində əziyyətlərin qulpundan yapışmağa çalışır.
Bu monoloq onun indiyə qədər açılmayan tərəflərini açır. Sahib olduğu ailəsini etalona çevirir, gözəl kəlmələrdə anlatdığı qadınına ictimai maraq oyadır, öz xanımını hüdudsuz sevgi, hörmət cəhətindən bəxtəvər qadınların sırasına salır və bu dünyanın qadında bəxti gətirmiş kişilərindən olduğunu hamıya sevə-sevə elan edir.
Amma nə yazıqlar ki, bu sevgi, hörmət notları üzərində bir pessimizm, kövrəklik, küskünlük, qüssə də hakimdir. Bəs niyə görəsən?!
Yəqin elə ona görə ki, biz bu dünyaya necə gəliriksə, elə o cür də gedirik. Əgər doğulduğumuz saniyədən qışqırmaq, ağlamaq əvəzinə gülmüş olsaydıq, bu dünyadan o dünyaya yolçuluğun proloqu da elə qəhqəhə ilə başlayardı...