Modern.az

Bir igidin ömrü

Bir igidin ömrü

Ədəbiyyat

31 Oktyabr 2014, 21:21

Yadigar Cəfərli,
Filologiya üzrə fəlsəfə doktoru

…Bu hiss, yəqin, çoxlarına tanışdır. Nə vaxtsa səfər etdiyin bir şəhərə illər sonrakı güzarında o şəhərdən xatirələrinə köçmüş hər şeyi – yolları, binaları, ağacları, insanları… yenə öz yerlərində görmək adama qəribə duyğular yaşadır.

Bu, təkcə, xatirələrdə tapdığın rahatlıq  deyil. Aradan sel kimi axmış illərin ömrünün ən xoş anlarını özündə yaşadan o nişanələri yuyub apara bilməməsinin sevinci, məmnunluğu da var, həmin məqamlarda…

Hər il noyabrın 1-də eyni hisslərlə baş-başa qalıram. Həyatımın 7 ən gözəl ilinin ayrılmaz parçası olan “Şərq” qəzeti hər ilin məhz bu günündə, özünün fəaliyyətə başlamasının növbəti ildönümünü qeyd edir.

Bu günsə “Şərq”in ildönümlərini sıralayan rəqəmlər 18 oldu…

***

İnsanın ilk çalışdığı yer də onun ilk sevgisi kimidir. Tale, əvvəl-axır, səni başqa limanlara doğru uzaqlaşdırır, amma içindəki işıqlı xatirələr həmişə səninlədir.

“Şərq”dən qalanlarsa təkcə xatirələr deyil, həm də bu qəzetin öz varlığı ilə formalaşdırdığı dəyərdir. 1996-cı ilin 1 noyabr günündən formalaşan “Şərq” kollektivi bu günə qədər 18 illik uzun və çətin bir yol adlayıb. Kollektiv zaman-zaman yenilənib, gələnlər gəlib, gedənlər gedib. Amma gələnlərin də, gedənlərin də taleyində “Şərq”in formalaşdırdığı o dəyərdən nəsə var.

Bu, ləyaqət hissidir, ömrün hər bir anını vicdanla yaşamaq duyğusudur...

***

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2-ci kursundan çalışmağa başladığım bu qəzetdə hər səhər keçirilən planlaşdırmaları yaxşı xatırlayıram. O da yadımdadır ki, bu planlaşdırmalar, adətən mövzu seçimi, yaradıcılıq müzakirələri, yeni nömrənin keyfiyyətindən asılı olaraq baş redaktorumuz Akif Aşırlının sərt tonla başlanıb, getdikcə mülayimləşən, mülayimləşən və yumora çevrilən tənqidlərindən başlanıb sonda mütləq açar-kilid məsələsi ilə tamamlanardı.

Bəli, məhz açar-kilid...

Məsələ burasındaydı ki, səhər tam dəqiq iş qrafiki olmadığından işə tez gələn əməkdaşlar bağlı qapılar arxasında qalmasınlar deyə, kompüter mərkəzi istisna olmaqla “Şərq” redaksiyasındakı əksər otaqların qapısında kilid olmazdı və mühafizə məsələlərində yol verilən bu “qüsur” redaksiyanın işlər müdiri missiyasını yerinə yetirən, belə məsələlərdə də son dərəcə ehtiyatlı davranmağı sevən Fazilə xanımın daimi narazılığı ilə qarşılanardı.

İndi açar-kilid məsələsindəki həmin “laqeydliyin”, əslində simvolik məna daşıdığını düşünürəm. Mənim tanıdığım “Şərq” qəzeti 18 il ərzində öz qapılarını istedadına güvənib gələnlərin də, bir neçə il bu kollektivdə çalışıb, qələmini püxtələşdirib öz imkanlarını reallaşdırmaqdan ötrü başqa ünvanlara üz tutanların da üzünə həmişə açıq saxladı. Gələnləri isti münasibətlə qarşıladığı kimi gedənlərə də eyni səmimiyyətlə xeyir-dua verdi, hər zaman onlara dəstək oldu. Ona görə də indi ölkə həyatının elə bir əhəmiyyətli sahəsi tapılmaz ki, orada ən azı bir “Şərq”çi rastına çıxmasın. 

***

Bu qəzet indi də gənc jurnalistlərin yetişməsi üçün əsl yaradıcılıq emalatxanasıdır. Qəzetin ilk sayından “Şərq”in yükünü birgə çəkən Akif Aşırlının, baş redaktor müavini Yusif Nəzərlinin redaksiyada aylarla zəhmət sərf edib gənclərə bir-bir qələm tutmağı, yazı vərdişinə yiyələnməyi öyrətdiklərini yazsam, bu, bir qədər pafoslu alınar.

Amma onlar bir yaradıcı adamın yetişməsi üçün lazım olan ən əsas olanları - yaradıcılıq azadlığını, sərbəstliyini, özünəinam hissini və cəmiyyət qarşısında sosial məsuliyyət mühitini bura üz tutan hər bir gənc üçün təmin edə biliblər. Bu üç keyfiyyətə malik hər kəs qısa müddətdən sonra “Şərq”in məktəbində yetişməyə başladığını hiss edə bilir.

***

2001-ci ilin noyabrında “Gülüstan” sarayında “Şərq”in ilk 5 illik yubileyini keçirərkən, dəyərli ziyalı, professor Nazim İmanov ona təbrik nitqi üçün bir qədər gec söz verməyimizə özünəməxsus yumorla irad tutub deyəndə ki, “Əziz “Şərq”çilər, baxın deyirəm, əgər 10 yaşınızda da mənə gec söz versəniz, 20 yaşınıza gəlməyəcəyəm” - bu, çoxumuza uzaq xəyal kimi görünürdü.

Amma budur, indi “Şərq”-in 18 yaşının tamamında o xəyalın gerçəkliyə dönməsinə cəmi 2 il qaldı. Bu, mənim üçün təkcə bir zamanlar çalışdığım qəzetin nailiyyəti deyil. Ölkəmizdə söz və mətbuat azadlığının əsas qarantı olan müstəqil Azərbaycan dövlətinin 23 ildir ki, ayaqda durmasının, ildən-ilə güclənməsinin də qürurudur.

23 illik müstəqillik dövrünün cəmiyyət həyatına daxil etdiyi çox tarixi dəyərlər var. Və istisnasız olaraq “Şərq” qəzetini də o dəyərlərdən biri adlandırmaq olar.

***

“Şərq” Azərbaycanın qəzet dünyasına yetərincə gərgin bir dövrdə qədəm basmışdı. Mətbu orqanların ayrı-ayrı firqələrə bağlı olduğu, siyasi düşərgələr arasındakı qovğaların qəzet səhifələrində alovlandığı o qarışıq əyyamlarda “Şərq”in seçdiyi “qızıl orta” mövqeyi çoxlarına xoş gəlməzdi.

Onu “bulvar qəzeti” sayanlar da vardı, adındakı son samiti silib kinayə ilə “Şər” qəzeti adlandıranlar da. Biz “Şərq”çilərsə belə kinayələri səsləndirənlərə həmişə hazırcavablıqla, adın əvvəlindəki Ş samitini də götürüb “Ər” sözünü saxlamalarını rica edərdik...

Bəli, milli ruha, qədim türk düşüncəsinə bağlı “Şərq” qəzetinin o illərdə də, indi də tutduğu Ər mövqeyi məhz müstəqil Azərbaycan dövlətinin yanıdır, milli maraqlarımızın müdafiəsi mövqeyidir.

İndiki ziddiyyətli dünyamızda Şərq və Qərb sivilizasiyaları arasındakı gərgin münasibətlərin dialoq mühitində davam etməsi, Şərq və Qərb arasındakı inkişaf fərqlərinin aradan qalxmasından ötrü adında “Şərq” olan, Şərq insanının təfəkkürünə işıq salan sivil dünyagörüşlü, sağlam əqidəli, dürüst məsləkli qəzetlərə, kitablara, bilgi qaynaqlarına çox ehtiyac var.    

Və mən bu missiyanı 18 ildir ləyaqətlə yerinə yetirən “Şərq” qəzetinə müstəqil Azərbaycan dövləti ilə birgə əbədi ömür arzulayıram.

Neçə belə illərə!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI