“Evdə bir əşya itəndə çox axtarsan, tapmasan, dilxorçuluq olur. Gəl gör ki, illərlə alın təri ilə, zəhmətlə qurduğun ev-eşiyi, yurdu, el-obanı, dost-tanışı, qohumları, doğma Ağdamı, cənnət Qarabağı itirəsən, bu, dəhşətdir. Ondan daha dəhşətlisi Ağdamı görmədən ölməkdir”. Ağdamda millimusiqi sənətimizin inkişafına mühüm töhfələr vermiş tar müəllimi,Qarabağ muğamlarının mahir bilicisi, rayonun sanballı, tanınmış ağsaqqal ziyalılarından olan Cəlal Əliyev söhbətə bu sözlərlə başlayır. Deyir ki, işğal altındakı Ağdam haqqında aldığı xəbərlər ancaq xarabalıqlar haqqındadır. Qarabağda ən çox dağıntınınməhz Ağdamda olması, bu şəhərinvaxtilə Yaponiyanın atom bombasından zərər çəkmiş Naqasaki şəhəri kimi məhv edildiyi barədə aldığı xəbərlər onu çox incidir: “Ağdamsız həyat süni gəlir. Hələ elə bir gün olmayıb ki, o torpağın fikri, nisgili çəkilsin, mən hər gün xəyalən oraları ziyarət edirəm”.
Tariximizin, yaddaşımızın silinməməsi üçün Cəlal Əliyevdən indiki xarabalıq Ağdamdan əvvəlki günlərə qayıtmasını xahiş edirik:
- Evimiz Mirbəşir Qasımov küçəsi 9 ünvanında- Ağdamın düz mərkəzində idi. Ağdam rayon Milis Şöbəsi evimizin hasarı ilə bitişik idi. Elə ona görə də bəzən bu küçəni “MVD məhləsi” də adlandırırdılar. Eyni küçədə Ağdam rayon Mərkəzi Kitabxanası, Ağdam rayon Maarif Şöbəsi, Pionerlər Evi, yaxınlıqda Ağdam rayon Partiya Komitəsi yerləşirdi. Çalışdığım Musiqi Məktəbi də evimizdən bir küçə aralı- piyadalıq yol idi. Mən işə həmişə ayaqla gedib-gəlirdim. Bizim küçədə vaxtilə37-ci ilin repressiya qurbanı olmuş Bahadur bəy Vəlibəyovun da evi var idi, onu qızı müəllimə Ədilə Vəlibəyova orada yaşayırdı. Qonşuluqda həkim Rizvan Eyvazov, məktəb direktorları- Əli Eyvazov, Həsən Axundov, Paşa Qarayev və digər gözəl insanlar, ziyalılar yaşayırdı. Heyif, o Ağdamdan. Mən də, yoldaşım Barat İsmayılova da müəllim idik.
- Necə oldu ki, Cəlal Əliyev tara vuruldu?
- Tar uşaq vaxtından diqqətimi çəkmişdi, bu marağımı hiss edib ilk tarı da atam almışdı. Yavaş-yavaş çaldım, gördüm ki, alınır. Tarla dostluq belə başladı.
- Ailənizdə musiqi var idi? Bir az ailəniz haqqında danışardınız.
- Xeyr. Ailəmizdə heç kim musiqiçi olmayıb. Amma atam Allahverən kişinin gözəl musiqi duyumu var idi. O, əslən Şuşadan idi. Anam Güləndam xanım isə Ağdamın Mərzili kəndində doğulmuşdu. Çox mülayim, qayğıkeş, sakit insan idi. Mən körpə uşaq olanda onlar Şuşadan Ağdama köçmüşdülər. Şuşada da atam yaxşı tanınırdı. Orada çar hökumətinin vaxtında həbsxanadagözətçi işləmişdi, ağsaqqal adam idi, camaat arasında böyük hörməti var idi. Amma çar hökumətini xoşlamırdı, tarixi yaxşı bilirdi. Qaçaq Nəbinin xalq hərəkatına da məhəbbəti var idi. O vaxt çar hökuməti Qaçaq Nəbini Şuşada dustaq edəndə onu gizli şəkildə dəfələrlə türmədən buraxmışdı. Aralarında çox böyük etibar idi. O, Qaçaq Nəbini buraxır, Allahverən kişi dediyi vaxtda isə Qaçaq Nəbi yerində-türmədə olurdu. Həcərlə görüşməsinə də şərait yaradırdı. Deməzdim ki, bu təkcə atamın xalq hərəkatına məhəbbəti idi, Azərbaycan xalqı həmişə qəhrəmanlarını ən ağır şərtlər altında da əziz tutub.O vaxt Xalq Yazıçısı Süleyman Rəhimov Ağdama bizim evə gəlmişdi. Atam ona Qaçaq Nəbi haqqında hər şeyi danışmışdı. Sonradan Süleyman Rəhimov “Qaçaq Nəbi” əsərini yazdı. Ümumiyyətlə, atam Allahverən kişi rayonda çox nüfuzlu ağsaqqal idi. Bizim evə həmişə xeyir-şər işlərində, kimsə dara düşəndə məsləhətə gəlirdilər. O, 123 yaş yaşadı, olduqca əməksevər insan idi.Tarı dinləməyi çox xoşlayırdı.
- 1942-ci il. I Dünya Müharibəsinin ən ağır illəri. Ağdam. Və siz 7 illik Ağdam Musiqi Məktəbinin şagirdi oldunuz...
- Bəli, həqiqətən çətin illər idi. Bir sirr açım ki, mən musiqi məktəbindən əvvəl Bakıya getmişdim, Azərbaycan Dövlət Universitetində hüquq təhsili almaq fikrinə düşmüşdüm. Bilirsiniz, o vaxtlar Bakıdan Ağdama bir neçə dəfə müəllim qrupları gəlmişdi, onlar rayon camaatı ilə söhbətlər aparır, uşaqları ali təhsil alması üçün Bakıya dəvət edirdilər. Mən də Bakıya imtahan vermək üçün getdim, ancaq heç 1 ay qala bilmədim, çünki atam artıq çox yaşlı idi, evə kömək lazım idi, Ağdam Pedaqoji Texnikomunu yenicə bitirmiş qardaşım Cəmil sətəlcəm olub gənc yaşında rəhmətə getmişdi. Mənə də Bakıda qalmaq üçün pul göndərə bilmədilər. Ona görəimtahanları versəm də, təhsilə başlamamış rayonaqayıtmalı oldum. Müharibənin ən pis vaxtları idi. Tar çalmağı bacardığımdan 1942-ci ildə Ağdam 5 illik Musiqi Məktəbinə daxil oldum. Sonradan bu məktəb 7 illik oldu. Həmin məktəbin direktoru gözəl insan Əlipaşa Daşdəmirov idi. Cavan və istedadlı şəxsiyyət idi. Biz möhkəm dost olmuşuq. 5 illik musiqi məktəbini bitirəndən sonra rəsmi mərasimlərdə, məclislərdəçıxışlar etməyə başladım. Gənc yaşlarımda Arif Babayev (Xalq Artisti-red), Aydın Məmmədov, Aydın Niftəlioğlu və digər xanəndələri tarda çox müşayiət etmişəm.
- Müharibədən sonra yenidən təhsil üçün Bakıya qayıtdınızmı?
- Bəli, bu, uşaqlıqdan arzum idi. Baxmayaraq ki, iki illik Ağdam Pedaqoji Texnikomunun Filologiya fakültəsini bitirmişdim, Ağdam Mədəniyyət Evinin gənc yaşda direktoru təyin edilmişdim, ancaq təhsilə olan sonsuz həvəs məni hətta ailə həyatı qurandan sonra da Bakıya- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə apardı. Oranın qiyabi şöbəsini müvəffəqiyyətlə başa vurdum.
- Və həttaCəlal Əliyevin sorağı Xan Şuşinskiyə də çatmışdı...
- Xan Şuşinskini tarda həmişə qardaşı Allahyar müəllim müşayiət edib. Ancaq o, Ağdama gələndə necə olmuşdusa, qardaşı gələ bilməmişdi. Xan bu işi kimin bacara biləcəyi barədə maraqlanmışdı. O, çox tələbkar insan idi. Elə oldu ki, gəlib qəfil məni evdən apardılar. Onda gənc idim, məclisdə onu müşayiət etmək böyük məsuliyyət idi, çıxış etməzdən əvvəl məni yoxladı, çox razı qaldı. Gedəndə də dedi ki,“bala, mütləq məşğul ol, nə də lazımdırsa, qardaşım Allahyara de, öyrətsin”. Xan Şuşinski parlaq şəxsiyyət idi, əsl xan idi, onunla ünsiyyətdən ancaq zövq almaq olardı.
- Və gün gəldi ki, Siz bir vaxtlar şagirdi olduğunuz 7 illik Ağdam MusiqiMəktəbinin direktoru oldunuz...
- 1958-ci ildə Əlipaşa Daşdəmirovu irəli çəkərək “uçilişa” kimi tanınan Üzeyir Hacıbəyov adına Ağdam rayon Musiqi Texnikomuna direktor təyin etdilər, o vaxt ondan soruşmuşdular ki, bəs yerinizdə kimi görürsünüz, Əlipaşa Daşdəmirov da tərəddüd etmədən “Cəlal müəllim” deyə cavab vermişdi.Beləliklə, 1968-ci ilə kimi Ağdam 7 illik Musiqi Məktəbinin direktoru oldum. İlk işim Ağdamda milli musiqi sənətimizə marağın artırılması oldu. Camaatla müntəzəm söhbətlər aparır, istedadlı uşaqları axtarıb tapır, onları məktəbə yönləndirir, dərsə davamiyyəti, nizam-intizamı yüksəltməyə çalışırdım. Az keçmədi ki, Ağdam bunun gözəl nəticələrini, bəhrələrini görməyə başladı.Təvazökarlıqdan uzaq olsun, ancaq dava edirdilər bu məktəbə gəlməyə.
- Kimlər yetişirdi o illərdə məktəbdə?
- Hamısının adını bir-bir deyə bilməyəcəm. Kimləri unutdumsa, yaşlı müəllimlərini bağışlasınlar. Məsələn, Ramiz Quliyev mənim tələbəmdir. Musiqi Məktəbində təhsil alanda çox sakit, dinməz uşaq idi. Hələ o vaxt onda böyük istedad olduğunu kəşf etmişdim, tarı yaxşı öyrənirdi, tez mənimsəyirdi. Ona görə də Bakıya getməsində israr etdim, köməklik göstərdim və o, etimadı layiqincə doğrultdu. Gitaraçı Rəmiş də tardan başlayıb. Onlar eyni sinifdə oxuyurdular. İndi Ağdam Uşaq Muğam Musiqi Məktəbinin direktoru, tarzənRafiq Rüstəmov da mənim sevimli tələbələrimdəndir. Tələbələr çoxdur, onların hər birini gördükcə ürəyim açılır ki, mən nəyisə ötürə bilmişəm, hərəsində öz dəsti-xəttimi bir cür tapıram, bu, çox gözəl, ifadə edilməsi mümkün olmayan hissdir.Müəllim üçün ən gözəl nəticə tələbələrinə görə tanınmaqdır.
HAŞİYƏ:Tələbələrinin Cəlal müəllim haqqında dediklərindən:
Xalq Artisti, professor Ramiz Quliyev: “Mənə tar çalmağı ilk öyrədən insan Ağdamda Cəlal Əliyev olub. Gözəl insan və unudulmaz müəllimdir. Tar çətin musiqi aləti olduğu üçün onu qoyub başqa musiqi alətlərini seçənlər də çox olub. Cəlal müəllim kimi müəllimlərin hesabına biz tara vurulduq”.
Əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmov: “Mən uşaq vaxtı musiqi məktəbinə nota yazılmaq üçün gəlmişdim, ancaq orada Cəlal müəllimin tarda ifasını gördükdən sonra notu deyil, tarı seçdim. O, mənim həyatımda gözəl iz qoymuş, həmişə ağsaqqallıq etmiş, düzgün istiqamət göstərmiş işıqlı insandır, əsl şəxsiyyətdir. Cəlal müəllimin tarı bu gün mənə əmanətdir, o, ustad kimi öz tarını mənə bağışlayıb, bu, çiyinlərimdə olan böyük məsuliyyətdir”.
- 1968-ci ildənrayon işğal olunana kimi Üzeyir Hacıbəyov adına Ağdam rayon Musiqi Texnikomunda davam etdiniz?
- Məni ora yenə Əlipaşa müəllimdəvət etdi. “Uçiliş”in direktor müavini, tar şöbəsinin rəhbəri, həmkarlar ittifaqının sədri və digər vəzifələrdə çalışmışam. İnzibati işlərlə yanaşı, ən böyük vəzifəm tar müəllimliyi olub. Tar elə bir alətdir ki, digərləri onu təkrar edir, məsələn, tarın çaldığını kamança təkrar edir. Gözəl həmkarlarım var idi, Alim Yüzbaşıyev, Xəlil Cəfərov və digərləri.
- Ağdam işğal olunandan sonra yenə də Bakıda Qarabağ muğam məktəbini yaşatmağa davam etdiniz...
- 83 iş yaşına kimimusiqi məktəbində işləmişəm. Mən tarla nəfəs alırdım. Sonradan səhhətim imkan vermədi. İndiyə kimi tez-tez köhnə iş yoldaşlarımdan, Xan Şuşinski adına Ağdam Uşaq Muğam Musiqi Məktəbindən, kollektivdən zəng edib halımı soruşurlar, çox sağ olsunlar. Xüsusiləprofessorlar- Ramiz Quliyevə, Arif Babayevə,o cümlədən iş yoldaşlarım Rafiq Rüstəmova, Suzan Əmiraslanovaya, Barat Fərhadova, Mahir Hacıyevə, Ceyran Şəbiyevaya daimi diqqətlərinə görə təşəkkür edirəm.
- Yenidən əvvəlki Ağdama qayıtmaq imkanınız olsaydı, keçmişdə kimlərlə görüşmək istərdiniz?
- Əlipaşa müəllimlə. O, “qızıl kimi insan”, gözəl dost idi. Bir yerdə işlədiyim insanları, həmkarlarımı görmək istərdim. Ancaq bütün bunlar bir tarixdir. Mən bəlkə o günü görmədim, amma mütləq o gün gələcək ki, gözəl Qarabağ, Ağdam alınacaq. Azərbaycan dövləti xarabalığa çevrilmiş Ağdamı yenidən quracaq, onu bərpa edəcək, Qarabağda gözəl şəhərlər salınacaq. Mən görürəm ki, bütün Azərbaycan xalqı bu həyəcanla yaşayır, müstəqil ölkəmiz güclənir. Baxmayın ki, yaşlıyam, amma hər gün televiziyada xəbərləri diqqətlə izləyirəm, nəvələrimdən qəzet-jurnal istəyirəm, dünyanın gedişatına baxıram. Siz məndən Ağdamdakı fotolardan istəmişdiniz, onların hamısı rayonda qalıb. Kim inana bilərdi ki, Ağdam işğal olunacaq?!
- Yolunuzu davam etdirənlər var?
- Müəllim kimi bəli, ancaq musiqi sahəsində xeyr.
-Son sözünüz?
- Çətin sualdır... “Oxu, tar” deyərdim.