Modern.az

Anarın yazıçı və şairlərə sataşmağı...

Anarın yazıçı və şairlərə sataşmağı...

Ədəbiyyat

1 Noyabr 2014, 13:03

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar həm də baməzə adam kimi tanınıb. Bu baməzəlik onun əsərlərindəki gizli replikalarda obrazların dlində də hiss olunur. Həyatda da Anar zaman-zaman yazıçı və şair yoldaşları ilə də zarafatlaşır. Onların bir qismini nəzm şəklində çatdırıb ki, bu da onun külliyatına daxil edilib.  Modern.az saytı zarafatla yazılmış həmin şeirləri təqdim edir:

Qabil:

Valideyinə oğulsansa Anar ol!
Sən əbədi məşəl kimi yanar ol,
Ata- ana məzarının üstündə
Bir gül olma gülüstan ol, gülzar ol

Anarın cavabı:

Hər sənətdə, hər peşədə kamil ol,
Tarda Bəhram, kamançada Habil ol,
Ömər Xəyyam çox şairə söylədi:
Hünərin var rübaidə Qabil ol! 

Fikrət Qoca Anara yazır:

Anarın qəzəbi gur səsindədir,
Sifəti burnunun kölgəsindədir.
Ağ qoç, qara qoçu minib yorubdu,
İndi də şairlik həvəsindədir.

Anarın cavabı:

Fikrətə çatmaq üçün gənc şairlər əlləşir.
Onlar qocalaşırlar,
Fikrət Qoca gəncləşir.

Anardan Əkrəm Əylisliyə:

Əkrəm, Əkrəm, ay Əkrəm,
Görmüşük neçə kərəm,
Şan-şöhrət bir Əslidir
Sən də ki, yanıq Kərəm.

Vaqif Səmədoğluna:

Buludlər ləçək-ləçək
Vaqulya, doldur içək
Qıl körpüsün keçəndə
Gəl içək sonra keçək.

Ramiz Rövşənə:

Böyük şair olmağa,
Çalışdıq hər birimiz.
Amma anadangəlmə
Böyük şairdi Ramiz!

Kamal Abdullaya:

Gizli Dədə Qorqudun
Sirrini açmaq üçün
Kamal xeyli əlləşdi
İti qələm çaldı o.
Şeirlə nəsr birləşdi
Xətai ikiləşdi.

Zəlimxan Yaquba:

Xiridardır, saza sözə,
Yaddaşı da bir möcüzə.
Sinonimçün sino gedər,
Sinonim çatmasa yüzə
Qələmini yerə qoymaz,
Ürəyi soyumaz, doymaz.

Afaq Məsuda:

Şübhəsiz ki, bu faktdır fakt,
Əsl yazıçıdır Afaq.
Büdcəyə salaq Mərkəzi,
Sevindirək hər kəsi.
“Xəzər” tərcüməylə dolar
Afaq da ki, məsud olar.

Anara, yəni özü-özünə:

Roman yazdı – uzandı
Tənqid yazdı –usandı
Çıxış yazdı-utandı
Şeir yazmaq istədi
Bir gün başa düşdü ki,
Şairlik bir azardı
Hərdən-birdən tutandı.

Hazırladı: Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI