Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə avqustun 6-da 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair mətbuat konfransı keçirib.
Modern.az xəbər verir ki, konfransda boş qalmış plan yerləri, anlaşılmaz hallar və yeniliklər barədə də məlumat verilib. Ali məktəblərə qəbul olunan bituriyentlərin siyahısı jurnalın 6-cı sayında dərc olunub.
M.Abbaszadə deyib ki, ali təhsil müəssisələrinə bakalavr səviyyəsinə qəbulun nəticələri artıq ictimaiyyətə məlumdur. Cari ildə qəbul aparılan 30457 plan yerinə 27700 nəfər qəbul olunub.
Tələbə adını qazananlar avqustun 9-dan 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keşməlidirlər. TQDK sədri deyib ki. həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin ali məktəbdən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Dövlət sifarişli ixtisaslara qəbul olunan abituriyentlər qeydiyyatdan keçərkən digər illərdən fərqli olaraq bu dəfə universitetlə onlar arasında müqavilə də imzalanacaq.
M.Abbaszadə deyib ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlər üzrə ixtisas seçimi avqustun 6-dan 10-dək internet vasitəsilə aparılır.
TQDK sədri boş qalan yerlərin sayını və abituriyentlərin ona nisbətini də açıqlayıb:
I qrup üzrə boş qalan yerlərin sayı 445, abituriyentlərin sayı 1168;
II qrup üzrə boş qalan yerlərin sayı 472, abituriyentlərin sayı 2197;
III qrup üzrə boş qalan yerlərin sayı 1300, abituriyentlərin sayı 708;
IV qrup üzrə boş qalan yerlərin sayı 50, abituriyentlərin sayı 1196.
II, III və IV qrupların ixtisaslarının boş qalan yerlərin müsabiqəsində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, I qrupun ixtisaslarının müsabiqəsində ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.
I və III ixtisas qrupları üzrə ümumi balı 300 və daha çox, II və IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün fənnlərdən nisbi bal tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində II ixtisas qrupu üzrə ümumi balı 400-dən, III və IV ixtisas qrupları üzrə ümumi balı 350-dən, I ixtisas qrupu üzrə ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Məleykə Abbaszadə onu da bildirib ki, boş qalan yerlərin əksəriyyəti özəl və regional universitetlərdədir.
Vüqar Ağamalıoğlu