
Bu gün Milli Məclisin 6 komitəsinin iştirakı ilə “2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin növbəti müzakirəsi keçirilib. Modern.az xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev 2015-ci il dövlət büdcəsində təhsil xərclərinin azaldılmasının təhsilin keyfiyyətinə mənfi təsir göstərməyəcəyini bildirib.
“Təhsil xərclərinin cari illə müqayisədə azalması təhsilin keyfiyyətinə mənfi təsir göstərməyəcək”.
Maliyyə naziri Samir Şərifov isə 2015-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 90 dollardan hesablanacağını bildirib və neftin dünya bazarlarında ucuzlaşmasının dövlət büdcəsinə əsaslı təsir göstərməyəcəyini bildirib.
“Gələn il üçün dövlət büdcəsində neftin 1 bareli 90 dollardan hesablanacaq. Neftin qiymətləri ilə bağlı dünya bazarlarındakı arzuolunmaz, mənfi ssenarilərə hazırıq. İstənilən halda, Neft Fondunun xərclərinin artırılması nəzərə tutulmayıb. Ümumilikdə, 2015-ci ildə neft qiymətlərinin ucuzlaşması ilə bağlı hər hansı təhlükə gözlənilmir”.
Aqşin Kərimov