Modern.az

Düşünən və düşündürən şair-diplomat

Düşünən və düşündürən şair-diplomat

7 Noyabr 2014, 21:03

Abu-Dabi Dövlət Universitetinin əməkdaşı

Yaxın Şərqdə baş verən qanlı olayları, insanların yaşadıqları ağrı-acıları, məzlumların naləsini, çarəsizlərin göz yaşlarını, kimsəsizlərin fəryadını, zülm altında əzilənlərin haqq səsini böyük ustalıqla qələmə alan " XX əsr ərəb şeir cəmiyyətinin rəhbəri" diplomat-şair, filosof, ədib Nizar Kabbani modern Şərq ədəbiyyatının ən parlaq simalarından biridir.

Qəlbinin dərinliyindən süzülüb gələn şeiriyyatı, fəlsəfi fikirləri ilə bütün "Şərq dünyasının ürəyi" adlandırılan Nizar Kabbani cəmiyyətdə qoyulan tabulara, qadağalara qarşı cəsarətli çıxışları ilə tanınırdı. Çağdaş ərəb poeziyasına yeni poetik zehniyyət gətirən kəsərli qələm sahibi Nizar Kabbaninin fərqliliyi hər kəsin asanlıqla başa düşəcəyi çox sadə və anlaşıqlı bir dildə yazması idi. Müasirliyə, yeniliyə önəm verən novator şair ədəbi aləmdə mövcud streotipləri qıraraq özünəməxsus orijinal poetik üslub yaradıb. Şairin əsərlərinin mövzu dairəsi çox genişdir. Bəşəriyyəti narahat edən elə bir ciddi problem yoxdur ki, bu görkəmli sənətkarın yaradıcılıq obyektinə, tənqid hədəfinə çevrilməsin.

"XX əsr Şərq poeziyasının böyük ustadı" adlandırılan şairin zəngin ədəbi irsinə 36 şeir divanı, 11 nəsr, 6 fəlsəfi düşüncələr toplusu daxildir. Əsərləri ingilis, fransız, ispan, alman, rus, türk və s. dillərə tərcümə olunan Nizar Kabbani dünyada qəbul edilən, sevilən, özünün oxucu kütləsi olan şairdir. Şeirlərində dövrünün ictimai ziddiyyətlərini, cəmiyyətdəki bütün çirkinlikləri, pislikləri, haqsızlıqları, özbaşınalıq və qanunsuzluqları hədəfə alan Nizar Kabbani Dəməşqdən Qahirəyə, Bağdaddan Rabata qədər böyük coğrafi miqyasda milyonlarla insanın dərin rəğbətini və sonsuz məhəbbətini qazanıb. Məşhur ərəb müğənniləri onun könülləri fəth edən söz dünyasına müraciət edərək, şeirlərinə bəstələnən silsilə mahnılar ifa ediblər. Sadə vətəndaşdan tutmuş ziyalıya qədər, hər kəs tərəfindən sevilən, ümumxalq məhəbbəti qazanan qüdrətli qələm sahibi Nizar Kabbani mənim zənnimcə xöşbəxt şairdir. Çünki, bu dərəcədə sevilmək, hörmət qazanmaq, uca zirvələri fəth etmək hər şairə nəsib olmur.



Kabbanilər ailəsi

Kabbanilər Şərq ölkələrində, xüsusi ilə Suriya, Livan və İraqda tanınmış, əsilli-köklü, zadəgan aşirəsidir. Kabbanilər XVIII- XX əsrlərdə Yaxın Şərq ölkələrinin ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Nizar Kabbaninin atasının əmisi Əhməd Xəlil Kabbani Şərq mədəniyyətinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətlərdən biridir. Ədib, şair, musiqiçi, mütərcim, aktyor Əhməd Xəlil Kabbani (1833-1903) Şərqdə ilk musiqili teatrın yaradıcısı və ilk operettanın müəllifidir. XIX əsr ərəb teatrının əsasını qoymuş Əhməd Kabbani rəhbərlik etdiyi 20 nəfərlik aktyor truppası ilə Dəməşq, Hələb, Beyrut, İstanbul, Qahirə, Parisin teatr səhnələrində çıxış etmişdir. Bir neçə əcnəbi dili dərindən mənimsəyən ustad ədibin dünya ədəbiyyatından bədii tərcümələri vardır. Şərq dünyasının ən məşhur musiqiçilərindən sayılan Əhməd Kabbani ürəkləri fəth edən nəğmələrin müəllifidir. Dahi sənətkarın bəstələdiyi musiqilər bu gün də yaşayır, sevilir və ifa olunur.

Şairin atası Tofiq Kabbani Dəməşqin ən varlı tacirlərindən biri idi. Fəqir-füqaraya əl tutan, savab işlər sahibi kimi ad qazanan xeyriyyəçi Tofiq Kabbani eyni zamanda, vətənpərvər, mübariz insan idi. O, Suriyada fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparan milli-azadlıq hərəkatının fəal mücahidlərindən biri olub.

Rəssam, mahir ud ifaçısı

Altı uşaqlı ailənin ikinci övladı olan Nizar Kabbani 21 mart 1923-cü ildə Suriyanın paytaxtı Dəməşqdə dünyaya göz açıb. Onun qayğısız uşaqlıq illəri Dəməşqin qədim məhəllələrindən biri olan "Miəzinət əl-şəhm"də keçib. Qan yaddaşından ruhuna axan kübarlıq, ziyalı ailə mühitində günbəgün zənginləşən mənəvi dünyası Nizar Kabbaninin gələcəkdə ədəbi şəxsiyyət kimi formalaşmasında böyük rol oynayıb. Qeyd etdiyim kimi, şairin atası Tofiq Kabbani Dəməşqin sayılıb – seçilən zəngin şəxslərindən biri olduğu üçün, qədim Şəm üslubunda tikilən ikimərtəbəli evi gözəl mənzərəli bir məkanda yerləşirdi. İti sürətlə axan çay, kiçik şəlalə, göz oxşayan yaşıllıq, al-əlvan çiçəklər, xüsusən yasəmən kolları evin həyətinə xüsusi gözəllik verirdi. Qardaşları Maətaz, Raşid, bacıları Vusal, Heyfə və Sabahla oynayan balaca Nizar saatlarla təbiətin gözəlliyini seyr etməkdən doymurdu.

Sədaqət, məhəbbət, paklıq rəmzi sayılan yasəmən gülünü çox sevən və bu gülün vurğunu olan "Əmir əl-yasmin" (Yasəmənlər əmiri) ləqəbli Nizar Kabbani öz xatirələrində qeyd edir: "Yasəmənlərlə dolu bağçada bu gözəl gülün ətri, qoxusu ilə nəfəs alan, böyüyən insan təbiətin bu möcüzəsinə necə biganə qala bilərdi?...Yasəmən gülü mənim ruhumun vazgeçilməz qidasıdır, mən ondan fövqaladə güc, müsbət enerji alıram. Yasəmən gülü mənim daxili dünyamın, duyğularımın, şeirlərimin simvoludur."

Şəlalədən axan suyun şırıltısı, yamyaşıl ağaclar, həyətdəki çiçəklərdən ətrafa yayılan xoş ətir, nəğməkar quşların cəh-cəhi, göz oxşayan yasəmən kolları... Bütün bu gözəlliklərdən ilhamlanan balaca Nizar rəssamlığa meyl salır və təbiətə olan sevgisini əlinə fırça alaraq tablolara köçürür. İstedadlı Nizar 12 yaşından isə, musiqi ilə məşgul olur və ən qədim ərəb aləti olan udda ifa etməyi öyrənir.

1930-1941-ci illərdə fransız təmayüllü "Kulliyyətil aelmiyətil vataniyyə" litseyində təhsil alan Nizar məktəbin ən nümunəvi şagirdlərdən biri idi. 1939-cu ilin yayında gəmi ilə İtaliyaya gəzməyə gedən yeniyetmə Nizar səyahət zamanı ucsuz-bucaqsız mavi dənizə, günəşin şəfəqləri altında bərq vuran dalğalara, atılıb-düşən rəngbərəng balıqlara, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılara heyranlıqla tamaşa edir və bütün bu gözəlliklərdən ilhamlanaraq ilk şeirini qələmə alır. Roma radiosuna dəvət alan 16 yaşlı Kabbani yazdığı şeirini efirdə səsləndirir və beləliklə, 15 avqust 1939-cu ildə ilk ədəbi misralarını qələmə almaqla, şeir-sənət dünyasına qədəm qoyur.

Poliqlot şair

Litseyi uğurla başa vuran Nizar Kabbani qərb mədəniyyəti və tarixini daha dərindən öyrənmək arzusunda idi. 1941-ci ildə Dəməşq Dövlət Universitetinin beynəlxalq hüquq fakultəsinə qəbul olunan şair 1944-cü ildə ali təhsilini müvəffəqiyyətlə bitirərək, Suriya Xarici İşlər Nazirliyində çalışmağa başlayır. Fransız, ingilis, ispan dillərinə yüksək səviyyədə yiyələnərək, 1945-ci ildən Suriyanın Qahirədəki səfirliyində, sonralar isə London, Paris, Beyrut, Pekin, Madrid, İstanbul, Tokio və s. şəhərlərdə diplomatik fəaliyyətlə məşğul olur. Lakin şeiriyyata olan sonsuz sevgisini diplomat peşəsindən üstün tutan Nizar Kabbani 1966-ci ildə dövlət məmurluğundan istefa verərək təqaüdə çıxır, ömrünün qalan hissəsini ədəbi yaradıcılığa həsr edir.

İlk şeir kitabı

Gözəllik aşiqi olan Nizar Kabbani universitet illərində qələmə aldığı şeirləri müəllimi Xəlil Mardama göstərir. "Hummat əl-diyar" (Vətənin müdafiəçiləri) adlı Suriya dövlət himninin müəllifi, şair-ədib Xəlil Mardam (1895-1959) Nizar Kabbaniyə ruhən yaxın insan olmaqla yanaşı, ona ədəbi aləmdə "yol göstərən mayak" olub. Müəllimi Xəlil Mardamın məsləhəti ilə, 1944-cü ildə şairin "Kalət li Samra" (Əsmərbənizlinin söyləntiləri) adlı ilk şeir divanı öz şəxsi vəsaiti hesabına 300 nüsxə ilə çap olunur.

İlk şeir kitabının qədəmi çox uğurlu olur. Şeirləri ildırım sürəti ilə yayılan və şöhrəti artan Nizarın sevənlərinin sayı çoxaldıqca, istedad və şəxsiyyətinə paxıllıq edənlərin, hər addımda gənc şairi "dünənin uşağı, milli mentalitetin düşməni" kimi qələmə verməyə çalışanların da sayı-hesabı artırdı. Lakin öz istedadına, gücünə, kəsərli qələminə arxayın olan gənc şair ona qarşı olan bütün bu haqsız hücumları, təqibləri, maneə və çətinlikləri inadla dəf edərək, Şərq poeziyasının səmasında nur saçan ən parlaq ulduzlardan biri oldu.

Şairin ailə həyatı - "Şəm Gözəli" və sonu ayrılıqla bitən eşq romanı


1945-cı ildə Qahirədə Suriya səfirliyində çalışan Nizar Kabbani "Qara gözlü Şəm gözəli" adlandırdığı Zəhraya aşiq olur. Şairin ilk sevgisi olan Zəhra Akbik əsilli-köklü, kübar bir ailənin qızı idi. Qədim Dəməşqin sayılıb-seçilən, ziyalı ailələrindən biri olan Akbiklər xalq arasında həmişə böyük nüfuz sahibi olublar. Zəhranın atası Məhəmməq Akbik Dəməşq Ali Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. Bir-birini dəlicəsinə sevən cütlük sevgilərini rəsmiləşdirməyə qərar verirlər. 1946-cı ildə Zəhra Akbiklə ailə həyatı quran Nizarın Hadba (1947) adlı qızı və Tofiq (1950) adlı oğlu dünyaya gəlir. Lakin Nizar və Zəhranın evliliyi uzun sürmür. Ədəbi aləmdə tanınmağa başlayan gənc və yaraşıqlı Nizarın şöhrəti artdıqca, qadın pərəstişkarlarının sayı da çoxalırdı. Bu isə, ömür-gün yoldaşını dəlicəsinə qısqanan Zəhraya əzab verirdi. Gənc xanımların şairə sevgi etirafları, evə gələn saysız-hesabsız məktublar, ailədə yaranan narazılıqlar artıq öz sözünü deyirdi. Bütün bunlarla barışmaq istəməyən Zəhra Nizardan ayrılmağa qərar verir. Böyük məhəbbət, ülvi hisslər üzərində qurulan ailə qısqanclıq səbəbindən dağılır. 1952-ci ildə Nizardan boşanan Zəhra Qahirədən Dəməşqə qayıdır və mədrəsədə çalışmağa başlayır. Beləcə, bir-birini dəlicəsinə sevən iki aşiqin eşq hekayəsi qısqanclıq, inciklik sonunda ayrılıqla bitir. Zəhranın həyatında Nizar ilk və son sevgisi oldu, "Şəm gözəli" məhəbbətinə sadiq qalaraq, bir daha ailə həyatı qurmadı.

Nizar Kabbani ilk sevgisi Zəhra Akbikə silsilə şeirlər həsr edib. Bu şeirlərdə şairin "Şəm gözəli"nə olan məhəbbəti, kövrək duyğuları, həssas qəlbinin çırpıntıları poetik şəkildə ifadə olunub:

Mən dünyanı unuduram Baxanda qara gözünə Vücuduma hakim olan Məhəbbətim alovlanır Əllərinə toxunanda. Sənin adına bağlıdır Döyüntüləri qəlbimin. Yer üzünün qadınları Xəzəl kimi ayağıma tökülsə də, Səndən başqa bir kimsəni görmür gözüm. Bir tək səni, yalnız səni İstəyirəm... Ah ya Rəbbim... Bu nə tilsim, bu nə eşqdir?... Gül ətrindən bihuş oldum Aşiqanə baxışından Ehtiraslı öpüşündən Sərxoş oldum... Beynim artıq dumanlanır Qəlbim sənin... ruhum sənin...

Nakam oğul itkisi yaşayan dərdli şair

Nizar Kabbani həyatında ardıcıl olaraq çox böyük acılar yaşayır. Belə ki, 1972-ci ildə şairin gözünün ağı-qarası yeganə oğlu 22 yaşlı Tofiq Kabbani qəflətən ürəktutmadan vəfat edir.Qahirə Universitetinin tibb fakultəsinin tələbəsi olan oğlunun qəfil ölümündən bərk sarsılan şair uzun müddət özünə gələ bilmir. Böyük üzüntü, kədər içində qələmə aldığı "Dəməşqli şahzadə Tofiq Kabbani" adlı şeirini dünyasını dəyişən oğluna həsr edir:

Qəfil ölüm şərbətini
Dayanmadan bir nəfəsə
İçən oğlum
Gənc yaşında
Bu dünyadan tələsərək
Köçən oğlum
Vaxtsız gedişinlə qəddim əyildi
Ruhsuz üzünə baxarkən
Qanadlarım kəsildi
Sənə qucaq açan ölüm mələyinə
Ömrünün çiçəklənən bu çağında
Anidən qoşulub gedən oğlum
Bizləri tərk edən oğlum
Dərd alib sağımı, kədər solumu
Sən olmadan heç bilmirəm
Necə başa vurum həyat yolumu
Dağdan ağır olan övlad dağını
Çəkmək nə çətindir aman
Allahım Mənim balam, ciyər-parəm
Əlimdəki qələmim də
qalıb, üsyan edir
Sənsizliyə ağlayır,
Yoxluğuna dözmür ürək
Gecə-gündüz sızlayır
Şahzadə tək dünyaya gələn,
Mələk kimi uçub gedən
Bəxtsiz, talesiz balam....

Ömrünün bahar təravətli çağında övladını itirən atanın göz yaşları, hıçqırıqları, hönkürtüsü, fələyin amansız yazısına qarşı etirazla dolu olan poetik misraları oxucunu kədərli bir aləmə aparır.

Ömrünün ikinci baharı və faciəvi ayrılıq

1962-ci ildə İraqda keçrilən beynəlxalq şeir festivalında fəxri qonaq və münsif qismində iştirak edən Nizar Kabbani qədim Bağdadın mərkəzində, "Hadikat kulliyət əl-tərbiyə" adlı parkda keçirilən imza günündə Bilkeys əl-Ravi adlı pərəstişkarı ilə tanış olur. İlk baxışdan İraqlı gözələ aşiq olan şair onu həyatının qadını kimi görmək istəyir. Səmra şəhərində yaşayan Bilkeysin valideynləri ilə görüşən şair bu elçilikdə rədd cavabı alır. Qədim adətlərə bağlı olan İraqlı ailə Nizarın şair olduğunu bəhanə gətirərək, onların bu izdivacına razılıq vermirlər. 1969-cu ildə yenidən

Bağdadda keçirilən beynəlxalq şeir festivalında iştirak edən Nizar Kabbani İraq Dövlət televiziyasında çıxışı zamanı "Babil kraliçalarının ən gözəli" adlandırdığı Bilkeysin ailəsinə canlı yayımdan birbaşa müraciət edərək valideynlərinin razılığını alır və onlar evlənərək Livanın paytaxtı Beyruta yerləşirlər.


"Ömrünün və şeirinin yol yoldaşı" Bilkeys ilə izdivacından iki övladı - Omar və Zeynəb dünyaya gəlir. Lakin Kabbaninin bu xoşbəxtliyi də uzun sürmür. 15 dekabr 1982-ci ildə İsrailin Beyruta endirdiyi hava hücumları nəticəsində İraq səfirliyində baş verən dəhşətli partlayışda şairin könül həmdəmi, ömür-gün yoldaşı Bilkeys həyatını itirərək, yəhudi terrorunun qurbanı olur. Bilkeysin ölümü Nizarın həyatında dərin və sağalmaz yaralar buraxır. Şair həyatındakı o ağrılı günü belə xatırlayır: " Beyrutun mərkəzindəki "Şarae əl-hamra" küçəsində yerləşən evimizdə oturub qəzet səhifələrini vərəqləyirdim. Qəflətən baş verən partlayışın zərbəsindən evin divarları titrədi, o an qəlbimdə nəyinsə qırıldığını hiss etdim və gözəl Bilkeysimin məzlum baxışları gözümün önünə gəldi. Sanki son kəs mənimlə halallaşmağa, vidalaşmağa gəlmişdi. Aman Allah inanmaq istəmədim. Özümdə güc toplayaraq evdən çıxdım. Küçədə dəli kimi ora-bura qaçışan insanlar mənə kitablardan oxuduğum qiyamət gününü xatırladırdı. Mən isə bütün varlığımla Bilkeysimi düşünürdüm, onu görmək, dəlicəsinə sarılmaq istəyirdim. Zənnim məni aldatmamışdı, partlayış onun işlədiyi İraq səfirliyində baş vermişdi..." Həyat yoldaşının yoxluğu ilə barışa bilməyən və dərin sarsıntı hissi keçirən şair sevimli xanımının xatirəsinə ithaf etdiyi məşhur "Bilkeys" qəsidəsini qələmə alır, terroru, günahsız insanların ölümünə səbəb olanları bu şeirində lənətləyir.

Bilkeysin ölümündən sonra torpağı günahsız insanların qanı ilə sulanan Beyrutda qala bilməyən Nizar Kabbani Avropaya mühacirətə gedir. Bir müddət Cenevrə və Parisdə məskunlaşan Nizar Kabbanı ömrünün son 15 ilini İngiltərədə yaşayır və Londonda nəşr edlən "Əl-Həyat" qəzetinə silsilə məqalələr yazır.

"Um əl-Maətaz"

Kabbani lirikasında ana mövzusu hər zaman öndə olub. Anası Fayizəni sonsuz məhəbbətlə sevən şair övladları yolunda əzab-əziyyətə qatlaşan fədakar anaları hər zaman yüksək qiymətləndirib. Ümumiyyətlə, ana məfhumu Nizar üçün böyük məna kəsb edirdi və öz xatirərələrində anasını belə xarakterizə edirdi: "Anam mənim həyatımda müqəddəs varlıq olmaqla yanaşı, bir ilham mənbəyi idi. Dini və milli dəyərlərə bağlı olan anam "Um əl-Maətaz" (Maətazın anası) övladlarını savadlı, ziyalı görmək istəyirdı. Anam dini təhsil almasına baxmayaraq, məni ərəb mədəniyyəti ilə yanaşı, Avropa, xüsusən fransız mədəniyyətinə yaxından bələd olan bir şəxs qismində görmək istəyirdi. Fransız təmayüllü litseydə təhsil almağımın səbəbkarı məhz "Um əl-Maətaz" olub. Mən anamın məhəbbəti, şəfqəti, fədakarlığı qarşısında baş əyirəm, onun yolunda canımı fəda etsəm də, "Um əl-Maətaz"ın borcundan ömrüm boyu çıxa bilmərəm".

"Xəms risayil i-lə ummi" (Anama beş məktub) şeir divanında qürbətdə yaşayan şair öz yaşantısını, dərdini, sevincini əziz anası ilə bölüşür, gündəlik həyatında baş verən bütün olaylardan onu xəbərdar edir:

Sabahın xeyir gözəl anam
Artıq iki ildir sevimli oğlun
Səndən uzaqlarda,
Qərib diyarlarda
Tək başına ömür sürür.
Nanə qoxulu ətrinə,
Bərəkət dolu qədəminə,
Sarı tellərimə isti nəvazişlə
Sığal çəkən məlhəm əllərinə,
Canım fəda əziz anam.

Ah bir bilsən qürbət necə çətindir...
Məni dünyaya bəxş edən
Müqəddəs varlığa ehtiyacım var
Bu dözülməz ayrılığa etirazım var
Fırtınalı dənizdə, dalğalar qoynunda
Tək başına qalan yolçu kimi
İçimdə bir sonsuz boşluq var...
Ətrafımda gəzişən
Avropa qadınları belə
Bu boşluğu doldurmur
Bumbuz otaq və səssizlik
Darıxıram bu tənhalıqda
Sıxılıram bu yalnızlıqda
Gözümün nuru, könlümün qüruru
Nə olar səsimə hay ver
Soyuq qəlbimi isti nəvazişinlə isit
Anam canım anam...

1982-ci ildə canından çox sevdiyi anası Fayizənin ölümü dahi şairə növbəti zərbə olur. Anasının vəfatından kədərlənən Nizar onun xatirəsinə həsr etdiyi "Um əl-Maətaz" şeirini qələmə alır. Dünyada uca zirvə sayılan anaya bəslənən ən incə duyğular, ana qəlbinin çırpıntıları, ana-övlad nigarançılığı, ananın övladına olan sonsuz məhəbbəti şeirin poetik sujet xəttini təşkil edir.

Arzular şəhəri qədim Beyrut

1969-ci ildə diplomatik fəaliyyətinə son qoyan şair təqaüdə çıxır. Artıq doğma şəhəri Dəməşqdə qala bilməyən keçmiş diplomat Livanın paytaxtı Beyruta köçür və "Manşurat Nizar Kabbani" adlı nəşriyyat evi açır. Nizar Kabbani əslən Dəməşqli olsa da, özunu Beyrutlu sanırdı. Qədimliyi ilə tarixə meydan oxuyan və "arzularının şəhəri" adlandırdığı Beyruta silsilə şeirlər həsr edən Nizar bu qədim şəhəri çox sevirdi. "Ya sitt əl-dünya ya Beyrut" (dünyanın ən qocamanı Beyrut), "Risəyil dayea fi barid " (mərkəzi poçtda itkin düşən və cavabsız qalan məktublar), "Habibti Beyrut" (Nazlı sevgilim Beyrut) adlı şeirlər Kabbani yaradıcılığında Beyrut dönəminin məhsuludur.

"Risəyil dayea fi barid " şeirində 13 aprel 1975-ci ildə Livanda başlayan, uzun illər davam edən və 200000 insanın həyatına son qoyan vətəndaş müharibəsi dövründə ölkədə yaşanan özbaşınalıq, hakimiyyətsizlik, qanunsuzluq sərt şəkildə tənqid olunur. Qürbətdə yaşayan siyasi Livanlı mühacir öz ölkəsinə məktublar göndərsə də, hansısa qüvvələr tərəfindən izlənilir və yazdığı məktublara cavab ala bilmir. Bütün bu olaylardan sarsılan Livanlı yenə də ümidini itirmir, öz amalı uğrunda mübarizə aparır, haqqın zəfər çalacağı günə inanır:

Hörmət bəslədiyim əziz dostum
Son ümüd yerim sənsən.
İki ildir hərb meydanı olan
Hər tinindən insan naləsi eşidilən
O doğma şəhərimdən mənə xəbər ver
Azğınların, haqq yolunu azanların
Casusların, xəfiyyələrin,
Düşmənin dəyirmanına su tökənlərin
Dar ağacından asılaraq öldüyündən,
Məhv olaraq bitdiyindən
Mənə xəbər ver.
Barıt qoxulu küçələrdən,
Qan gölünə çevrilən meydanlardan
Gülü solmuş bağçalardan
Mənim doğma şəhərimdən
Mənə xəbər ver...

Dünyanın gülü – müqəddəs Quds

Yaxın Şərqdə ərəblərə qarşı aparılan soyqırım XX əsr ərəb ədəbiyyatında ən çox önəm verilən mühüm mövzulardan biridir. Silahsız, əli-yalın milləti güllə-baran edərək günahsız insanların ölümünə səbəb olan İsrail dövlətinə qarşı sərt mövqeyi Nizar Kabbaninin siyasi şeirlərində daha aydın şəkildə sezilir. Yəhudilər tərəfindən torpaqları zəbt olunan Fələstin xalqının öz tarixi yurd-yuvalarından didərgin düşmələri, arxasız, kimsəsiz insanların axıdılan qanları, uşaqların, yaşlıların çəkdiyi iztirablar şairin bir çox əsərlərində üsyankar ruh timsalında ifadə olunub. Dahi şairin üç səmavi dinin mərkəzi sayılan müqəddəs Qüdsə həsr etdiyi qəsidəsi bütün ərəb dünyasında geniş oxucu məhəbbəti qazanıb. Çağdaş zəmanəmizdə də öz aktuallığını qoruyub saxlayan bu şeirlər hər bir vətənpərvər insanın ürəyindən xəbər verir:

Şəhərlərin ən gözəli doğma
Qüdsüm Gün gələcək
Vətənimin səmasında
Azad günəşim doğacaq
Haqq yolunda mücadilə aparanlar
Zalım düşməni boğacaq
Yağılardan təmizlənən
Müqəddəs torpaqlarımda
Sarı limon ağacları
Yenidən çiçək açacaq
Hər qarışı bərəkətli diyarımda
Süsənlər, sünbüllər Təzədən boy atacaq
Ağlayan gözlər güləcək,
Qəmli qəlblər sevinəcək.
Köç edən göyərçinlərin
Qürbətdən geri dönəcək
Hürriyyət adlı nəğməni
Şad-xürrəm ifa edəcək!...

Azadlıq şairi



Şairin şəxsiyyəti, yaradıcı adamın fərdliliyi və fərqliliyi onun ictimai hadisələrə fəal münasibətiylə bağlıdır. Kəskin qələmli, azad düşüncəli, aydın təfəkkürlü Nizar Kabbani çağdaş ərəb ədəbiyyatının ən böyük novator şairlərindən biridir. Klassik ərəb ədəbiyyatına dərindən bələd olan şair modern ərəb poeziyasına azad ruhlu yeni nəfəs gətirdi. Kabbaninin bir özəlliyi də qələmindən çıxan şeirlərin hər kəsin başa düşəcəyi sadə, axıcı bir dildə olması idi. "Mənim şeirlərim insanların pəncərəsinə qonan bir quşdur" deyən Kabbaninin poeziyası azadlıq uğrunda mübarizə aparan insanların dünyaya hayqıran haqq səsidir.

Şəxsiyyətin azadlığı, qadın hüquqlarının müdafiəsi, cəmiyyətdəki qanunsuzluqlara, qadağalara qarşı kəskin etiraz açıq fikirli, inqilabi əqidəli Nizar Kabbani yaradıcılığının ana xəttidir.

"Ərəb aləmində sevgi, ülvi hisslər, incə duyğular zəncirlənmişdir və insanların ruhları sanki məhbus həyatı yaşayır. Nə qədər ki, hürriyyət adlı məfhum bizim cəmiyyətdə yoxdur, günahsızların ah-naləsi sizləri cəhənnəm odu kimi yandıracaq. Kilidlənən ürəyin azadlığını görmək mənim həyatda ən ümdə arzumdur" deyən dahi şair azad, ədalətli, sivil cəmiyyətin qurulması uğrunda mübarizə aparırdı.

Kabbani yaradıcılığında ailədə və cəmiyyətdə qadına münasibət, gənc qızların taleyi, zərif cinsə qarşı ədalətsizliklər, zorakılıq, ayrı-seçkilik mühüm yer tutur və bu da təsadüfi deyil. 1938-ci ildə zorla ərə verilən və sevgilisinə qovuşa bilməyən böyük bacısı Vusal intihar etməkdən başqa çıxış yolu tapmır və həyatına qəsd edir. Sevimli bacısının gənc ikən, ömrünün bahar çağında vaxtsız ölümü 15 yaşlı Nizarı hədsiz dərəcədə sarsıdır.

Cəmiyyətin qurbanları olan bədbəxt, həyat sevincindən məhrum, nadanlığın, dini fanatizmin doğurduğu əxlaq normaları altında əzilən, pul ilə alınıb-satılan, öz ərləri, ailələri tərəfindən alçaldılan, məhv edilən qadınların acı aqibəti şairi daima düşündürürdü. İctimai ədalətsizliklərə qarşı çıxaraq, kəskin qələmi ilə öz etirazını bildirən Nizar Kabbanı insanlarda bu zülmlərə qarşı barışmazlıq hissi aşılamağa çalışırdı.

Üsyankar şair

Saf məhəbbəti təbliğ edən, qadına inanılmaz dərəcədə dəyər verən, gözəlliyə bir aşiq gözü ilə baxan Nizar Kabbani yaradıcılığının sonrakı dönəmini mənsub olduğu xalqın, millətin müqəddəratı, dirçəlişi, istiqlalı uğrunda mübarizəyə həsr etmişdir.

1967-ci ilin iyun ayında "Niksət əl-haziran" adlanan və altı gün davam edən Ərəb- İsrail müharibəsi başlayır. O dövrdə ictimai-siyasi məzmunlu şeirlərin yaranması artıq labüd idi. Nizar Kabbani ərəb ədəbiyyatında siyasi şeirin formalaşmasında böyük rolu olan bir şairdir. Bu savaşda ərəblərin acı məğlubiyyəti ilə barışmayan şair xatirələrində qeyd edirdi: "Haziran (iyun) çox acı bir meyvədir. Bəziləri bu meyvəni yedi, bəziləri zamanla dadına alışdı, bəziləri isə bu meyvəni görər-görməz rədd etdi. Mən də aclıq içinə girən və Haziranın rəhmindən doğan şikəst uşağı rədd edən insanlardanam".

Şeirlərində yaxınlarını itirən insanlardan, silahlanan dindən, ağacları metal dirəkdən olan meşələrdən, partlayan minalardan, müharibələrin acı nəticələrindən bəhs edən Kabbani qələmini fırça, sözlərini boya kimi istifadə edərək, bədii dildə əsrarəngiz bir tablonu oxucuların gözü önündə canlandırmağı bacaran dahi şairdir.

Sözündən dönməyən mərd şair

Yaxın Şərqi qan gölünə çevirən İsrail dövlətinə qarşı çıxan, zəbt olunan torpaqlar geri qaytarılmayana qədər, yəhudilərlə barışığın əleyhinə olan Nizar Kabbani Qərb dünyasının əlində siyasi oyuncağa çevrilən Nobel Mükafatını almaq uğrunda müxtəlif üsullara əl atan şair və yazıçıları, ölkəsinin mənafeyinə xələl gətirən sifarişli yazıların müəlliflərini daim tənqid atəşinə tuturdu. Düşmənin dəyirmanına su tökərək xalq diplomatiyası adı altında sülh istəyənləri, əfv diləyənləri, yazılarında utanmadan öz millətinə böhtan atıb təhqir edənləri satqın, qorxaq adlandırırdı: "Siyasi problemlərin həlli şairlərin, yazıçıların vəzifəsi deyildir. Bu siyasətçilərin işidir. Şairlər, yazıçılar insanları düşündürən əsərlər yazıb, həqiqətləri olduğu kimi xalqa çatdırmalıdırlar. Öz şəxsi mənafeləri naminə öz millətini aşağılayan, ona rişxənd edən təlxəklərə, özünü bülbül sayan boşboğaz qarğalara, siyasət meydanında şou göstərən simasız ünsürlərə son sözüm budur. Nə qədər gec deyil seçimini et. Qarşında iki yol var: ya olum (mənsub olduğun xalqını sev), ya da ölüm (izsiz-tozsuz yox ol)."

Kabbaniyə görə, həqiqi şair heç bir zaman kimlərdənsə asılı olmamalı, qələmi qılınc qədər kəsərli olmalı, sözünü azad şəkildə ifadə etməli, şeirləri kağız üzərində sahibinə şahidlik etməlidir. "Tarixdə öz amalı, məsləyi uğrunda çarmıxa çəkilən, dar ağacından asılan, cəllad baltası altında ömrünü başa vuran saysız-hesabsız insanlar var. Millətini, vətənini sevən həqiqət şairi bütün bu əzablara hər an hazır olmalıdır" deyən şair-filosof haqq, ədalət yolunda olan bütün əngəllərə sinə gərdiyini daima xatırladırdı. Nizar Kabbani üçün qadağaları aşmayan, qanunlara qarşı çıxmayan, xalqın sıxıntılarını paylaşmayan, müstəqillik uğrunda atəş qığılcımını yandırmayan, zülm və basqılara dirənməyən, ədaləti müdafiə etməyən şeirin heç bir əhəmiyyəti yoxdur:

"Arzu və hədəfi olmayan şeiri lazımsız, cansız ruh kimi rədd edirik."

"Bir məzhəkəçi kimi rəqs edən, hakimiyyətdə olanları əyləndirən şeirin nə önəmi var?..."

"Nə qədər qorxaqdır o şeir, əgər özündə qəzəb, nifrət daşımırsa!"

Şeirləri yasaq olunan diplomat

Zülmə və zalıma boyun əyməyən dahi şair Nizar Kabbani 1955-cü ildə " Xubz, həşiş, qamar" (Çörək, yaşıl ot və ay") qəsidəsini qələmə alır. Əsərdə insanların ağır həyat tərzi, tapdalanan hüquqları, bir tikə çörək üçün yaşadıqları məşəqqətlər öz əksini tapıb:

Ah mənim yazıq millətim
Bir qarın çörək dalınca
Çöllərə düşən millətim
Gecənin qaranlığında
Səhərədək gözlərini
Göydəki aya zilləyən,
Zülm içində inildəyən
Susuz qalan, fikrə dalan
Tanrısından bir möcüzə
Gözləyən fağır millətim...

Antiislam damğası vurulan "Xubz, həşiş, qamar" qəsidəsi ərəb dünyasının hakim dairələrində böyük narazılıq yaradır, hətta Suriya Parlamentinin deputatları şairin diplomatik işindən geri çağırılmasını və ona məhkəmə işi açılaraq həbs edilməsini tələb edirlər.

1967-ci ilin avqust ayında Nizar Kabbaninin siyasi mövzuda qələmə aldığı "Havamiş ala daftar əl-nəksə"(boş dəftərin kənar qeydləri) qəsidəsi Beyrutda nəşr olunan "Əl-ədəb" jurnalında çap olunsa da, yayımına bütün ərəb dünyasında qadağa qoyulur. Lakin bütün bu qadağalara baxmayaraq jurnal əldən-ələ gəzir, şeir isə dildən-dilə dolaşır.

Siyasi şeirlərin müəllifi



Uzun illər diplomatik sahədə çalışan Nizar Kabbani siyasətə dərindən bələd olan şəxsiyyət idi. Qələmi ilə siyasəti daima sorğu-sual edən şair insanlara səslənərək mübariz olmalarını tövsiyyə edirdi:

Millət qəflət yuxusundan oyanmırsa
O şeirin nə faydası?
Hökmdarın başındakı o tacı yerə çırpmırsa,
O şeirin nə faydası?
Azğınları, tiranları devirmirsə
O şeirin nə faydası?
Zamanında, məkanında bir zəlzələ yaratmırsa
O şeirin nə faydası?
O qələmin nə faydası?

Siyasi poeziyanın əsasını qoyan Kabbaninin əsərlərini nəzərdən keçirdikdə mərd, qorxmaz, vətənini, xalqını ürəkdən sevən, despot və qəsbkarların zülmünə məruz qalmış millətinin halına acıyan, düşmənlərinə dərin nifrət bəsləyən, qalib gəldikdə sevinən, məğlub olduqda müvəqqəti ümidsizliyə qapılan bir insanın obrazı gözümüz önündə canlanır. Şairin hər şerində bu mürəkkəb obrazın müəyyən cəhəti, xüsusiyyəti, ictimai kədəri oxucuya çatdırılır. Bu, yalnız şairin daxili aləmini əks etdirən obraz deyil, eyni zamanda XX əsrin ziddiyyətli siyasi-ictimai həyatında yaşayıb mübarizə aparan sadə insanların ümumiləşmiş obrazıdır. Şairin poeziyasındakı "mən" əksər hallarda subyektivlikdən çıxır, ümumiləşmiş, poetik "mən"ə çevrilir.

Şairin "Dovlətil insan" (İnsan dövləti) adlı şeirində dünyada yaşanan ədalətsizlikdən, məhkəmələrdə hüququ tapdalanan kimsəsiz, aciz insanların çıxılmaz vəziyyətindən söhbət açılır. Şair bu haqsızlığa etiraz edərək, "insan dövləti" adlı ədalətli bir məmləkətdə yaşamağını arzu edir: "Məşhur hikmətli deyim var: Arxasında dayağı olan haqq-ədalət əsla ölməz. Amma bu günümüzdə bu hikmətli məsəl belə deyilməlidir: Arxasında Amerikanın durduğu, dırnaqarası demokratiyanın yayıldığı ölkələrdə haqq-ədalət yoxdur. Sanki Tanrının bu dünyadakı şeytanı Amerika adlı dövlətdir. Bu şeytan bütün hüquq sistemlərini yox etmək, sivil dünyanı məhv etmək, insanları əzablara düçar etmək üçün gecə-gündüz dayanmadan baş sındırır, planlar cızır."

Şairin vəfatı

1997-ci ildə Londonda mühacirətdə yaşayan şairin səhhəti qəflətən pisləşir. Ağır ürək əməliyyatı keçirən şair uzun müddət xəstə yatır. Nizar Kabbani ölümündən qabaq Suriya xalqına belə bir vəsiyyət yazır:

Şəm əhli mən bağçanızda bitən yasəmən gülünün qoxusuyam
Şəm əhli mən bağçanızda təzə qönçələnən gülün ruhuyam
Şəm əhli mən əsatirlərdə, nağıllarda yaşayan dəli aşiqəm
Şəm əhli mən soyuq gecələrdə göy üzündə gördüyünüz solğun ulduzam
Şəm əhli mən sizi hər zaman sonsuz məhəbbətlə sevən şairinizəm.

Sonda isə, şair Dəməşqin "Bəb Saqip" məzarlığında, oğlunun yanında dəfn olunmasını vəsiyyət edir. 30 aprel 1998-ci ildə modern ərəb ədəbiyyatının banisi Nizar Kabbani 75 yaşında müalicə aldığı London xəstəxanalarının birində əbədiyyata qovuşdu. Vəfatından sonra şairin nəşi doğma şəhəri Dəməşqə gətirildi və "Bəb Saqip" məzarlığında, oğlunun yanında dəfn olundu. Minlərlə insanın iştirak etdiyi izdihamlı dəfn mərasiminə ərəb dünyasının öndə gedən ictimai-siyasi xadimləri, ziyalıları, məşhur müğənniləri qatıldılar.

"Şeir cümhuriyyətinin rəhbəri"



"Rais cumhuriyyət əl-şaar" (Şeir cümhuriyyətinin rəhbəri) ləqəbli, dünya miqyaslı şairin xatirəsi hər zaman yad edilir, adına şeir müsabiqələri, festivallar keçirilir, ad günündə adını daşıdığı küçədə Dəməşq əhalisi hər il saysız-hesabsız yasəmən gülü əkirlər.

2013-cü ildə dahi şairin 90 illik yubileyi bütün ərəb dünyasında böyük təntənə ilə qeyd edildi. Bu münasibətlə, bir çox ərəb ölkələrində, o cümlədən Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində Nizar Kabbaninin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Kabbani poeziyasının pərəstişkarı kimi, mən də bu müsabiqədə iştirak etdim və məşhur ərəb şairlərinin, ədiblərin təmsil olunduğu münsiflər heyəti tərəfindən xüsusi mükafata layiq görüldüm. Poeziya gecəsində ədəbiyyat ödülü mənə təqdim olunanda bir azərbaycanlı olaraq qürur hissi duydum, sevincdən gözlərim yaşardı. Həqiqətən, Nizar Kabbaninin söz dünyası bitməz-tükənməz bir dəryadır, ona baş vuran təkcə bu böyük ustadı qazanmır, həm də ustaddan qazanır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI