Modern.az

Ədəbiyyatımızın cəfakeşi

Ədəbiyyatımızın cəfakeşi

Ədəbiyyat

7 Noyabr 2014, 22:12


Sözün qüdrətinə daim yüksək dəyər verən, sözün hikmətinə sığınan bir şairimiz vardı – Davud Aslan.

Haqqında ilk dəfə institutda təhsil aldığımız illərdə eşitmişdim. Şəxsi tanışlığım olmasa da qiyabı tanıyırdım. Tale elə gətirmişdi ki, şairin oğlu, tələbəlik dostum Novruzla yaxın idik. Atasının şair olması ilə fəxr edərdi. Ümumiyyətlə, Novruz ataya, anaya çox bağlı oğul idi.

İllər keçdi. Mən Azərbaycan Dövlət Televiziyasında ssenarist, televiziya jurnalisti kimi silsilə portret verilişlər hazırlamağa başladım. 1999-cu ildə dostum Novruzun, hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun təşəbbüsü və təklifi ilə şair Davud Aslan haqqında “Qılsa bu ömrüm vəfa” adlı veriliş hazırladım. Bakıda və İsmayıllının Basqal qəsəbəsində çəkilişlər apardıq. Sonda çox maraqlı bir veriliş hazırlandı. Bu verilişi hazırlayarkən onun sənət dünyasına, zəngin və rəngarəng yaradıcılıq xəzinəsinə baş vurdum. Davud Aslan irsini öyrəndim. İlahi, bu əsərlərdə nə qədər vətənə, elinə, xalqına, millətinə, dilinə bağlılıq vardı. Şairin klassik irsimizə, dərindən bələd olması əsərlərindən sezilirdi.

Saflıq, halallıq, düzlük, şəffaflıq bu söz sərrafının yaradıcılığının qayəsini təşkil edir.

Düşündürən maraqlı şeirləri ilə qəlbləri sehirləndirən, könülləri fəth edən bu sənətçinin yaradıcılığı ötən əsrin 60 – 90 – cı illərini əhatə edir.

Yüksək istedad, coşqun ilham sahibi olan Davud Aslan şeirmizin müxtəlif janrlarında oxucu rəğbəti qazanan əsərlər yazmağa müvəffəq olmuşdur. Şair mövzunu özününkü etməsəydi, onu beyninin dərinliklərində süzgəcdən keçirməsəydi yaza bilməzdi. Əslində şair bunu öz şeirlərində etiraf edib :

Bəzən də olub, bir sözün üstə,
Günlərlə oturub fikirləşmişdim.
Daş üstə söz yazan bir nəqqaş kimi,
Sözləri yonmaqla əldən düşmüşəm.

Davud Aslan poeziyasında güclü emosional hiss, estetik təsir və zövq, poetik gözəllik özünü açıq büruzə verir. Şairdə olan güclü lirizm, eşq, məhəbbət həvəsi onun lirik şeirlərində, qəzəllərində böyük coşqu ilə əks olunur:

Sevgi məhəbbətlə birgə yarandı,
Arzuyla, istəklə dolandı dünya.
O da mənim kimi hər dərdi andı,
Dünyanın halına qalandı dünya.

Mahir söz sərrafı olan Davud Aslanın şeirlərində sözün xüsusi çəkisi var, özünün dəst – xətti, ruhu, nəfəsi var. Basqa sözlə desək, onun bənzərsiz poetik təfəkkürünə heyrətlənməmək mümkün deyildir.

Şairin şeirləri şəkilcə, mövzü və məzmun etibarı ilə müxtəlif olsa da, bu incilərin hər birində ustadın hiss və həyəcanı, sevinc və kədəri, eşq həvəsi, həssas ürək çırpıntıları diqqəti çəkir. Belə bir poetik ürək sahibinin məqsədi, istəyi və amalı üzə çıxır, ölməz sətirlərdən qopan xeyirxahlıq, nəciblik duyğuları, nəsihətverici fikirləri oxucuları, insanları, dərindən düşünməyə, xüsusən, onları həssaslığa, ədalətə, insanpərvəliyə, xoş niyyətlərə şövq edir.

Davud Aslanın dərin məna çalarları ilə zəngin söz xəzinəsi bəşərə, estetik və mənəvi tərbiyəyə, inama, etibara, ülvi hiss və sevgiyə, mehribanlığa və nəzakətə, vətənə, təbiətə və cəmiyyətə ən dəyərli icmarıc bir vasitə olmuşdur.

Şair lirik olduğu qədər, həm də satirik şairdir. O, böyük M.Ə.Sabir, C.Cabbarlı, S.Rüstəm kimi ölməz sənətkarların bu mövzudakı şeirlərindən ustalıqla bəhrələnmiş, yeni və maraqlı sənət inciləri yaratmışdır.

Dövrünün eybəcərliklərini özünün kəskin və barışmaz satira hədəfinə çevirən qələmi ilə qamçılayan, usanmadan ifşa edən Davud Aslan onları elə tənqid edirdi ki, ustalıqla istinad etdiyi faktları heç kim inkar edə bilmirdi. Şairin fikrincə, tənqid kəsib – doğrayan, məhv edən bir alət deyil, həm də azğınlığı rəndələməklə, insanları müsbət yönümə istiqamətləndirən, tərbiyələndirən, islahedici, təsir göstərən ən gözəl vasitədir:

Rəis var ki, reydə belə çıxmayır,
Yan – yörəsin yoxlmayır, sıxmayır.
Hakim var ki, bir işə düz baxmayır,
Zavmaq, həkim rüşvət alır, qorxmayır.

Şairin 1984 – cü ildə böyük satirik şairimiz M.Ə.Sabirə həsr etdiyi “Sabir və ya zəlzələ” mənzum pyesi Davud Aslana şöhrət gətirmişdir. Sonralar bu pyes Akademik Milli Dram teatrının səhnəsində uğurla oynanılmışdır. Bu əsərlə şair özünün sabiranəliyi ilə, sələfinə bənzəməsi ilə diqqət çəkir.

Satirik mövzuda şairin “Dayım var”, “Zavmağam”, “Nadanın məsləhəti”, “A müxbir”, “Arsız ol, yüz yaşarsın” və s. şeirləri daha səciyyəviliyi ilə fərqlənir.

Davud Aslan müasir Azərbaycan ədəbiyyatında az şairin müraciət etdiyi bəhri - təvillərlə də uğur qazanmışdır. Şairin “Bir qucaq inci” kitabında 20-yə yaxın bəhri - təvil yer almışdır. Şair böyük cəfakeşlik və ustalıqla bəhri - təvillərdə cəmiyyətdəki eybəcərliklərə gülmək, şəbədə etmək, lağa qoymaqla yanaşı, onun daşıyıcılarını ifşa edib, söz qılıncından keçirir. “Hardan hara düşdüm”, “Nə edim”, “Keçmişi qaytar”, “Yandım necə yandım” və s. bu kimi bəhri - təvillərdə şairin kəskin satirası dövrün yaralarını neştərləyir, onu çirkdən təmizləyib sağaltmağa yönəldir.

Davud Aslan uşaq mövzusunda da sanballı əsərlər yazmağa müvəffəq olmuşdur. Onun bu qəbildən qələmə aldığı həm şeirləri, həm də “Meşədə yarış”, “Aynur, nənə və bitiyyan quşu” adlı poemaları balaca oxucular üçün yazılmış ən gözəl sənət nümunələridir.

“Daha böyük oğlanam”, “Ağ dəvə”, “Nənəm və məstan pişik”, “Etibar və çəkic”, “Keçi”, “Kəpənək”, “Qızın” və s. şeirləri məhz uşaqların dillər əzbərinə çevrilmiş şeirlərə aiddir.

“Konfeti mənə ver” şeiri öz yumoru və zarafatı ilə qəlbləri oxşayır:

Göy donu, ağ önlüyü,
Kuklama tikdim özüm.
Nənəm dedi: - Ustasan,
Yox sənə artıq sözüm.
Amma baxıb söylədi,
Qonşumuz Əfruz bibi:
Bircə konfet qoymağa
Yoxdur kuklanın cibi:
“Kukla da konfet yeyər?
Bir qulaq as, ay bibim!
Konfeti ver sən mənə, -
Bax, tamam boşdur cibim.

Əruza dərindən bələd olan, klassik şairlərimizin yaradıcılığını mükəmməl bilən Davud Aslanın yaradıcılığında qəzəl janrı da böyük maraq kəsb edir. Qəzəllərində axıcılığı, şirinliyi, sadəliyi ilə seçilir. Qəzəlləri ilə öz sələflərinin yolunu ustalıqla davam etdirmişdir.

Davud Aslan həm də nəğməkar şair kimi də tanınır. Onun şeirlərinə bəstəkarlar Novruz Aslan, Rauf Məmmədov, Xanım İsmayılqızı və s. yadda qalan mahnılar bəstələyib. Bu mahnılar xalq artistləri Nisə Qasımova, Məmmədbağır Bağırzadə, əməkdar artist Kəmalə Rəhimli, müğənni Elçin Cəlilovun, Kərim Abbasovun və digərlərinin repertuarlarını bəzəyir.

Zəngin əbədi irs qoyub getmiş Davud Aslan çox mənalı, şərəfli bir ömür yaşamışdır. Daim sadəliyi, alicənablığı, xeyirxahlığı ilə fərqlənən şair Davud Aslan

bütöv bir şəxsiyyət kimi yaddaşlarda qalıb. O, ədəbiyyatımızın cəfakeşi kimi yaradıcılığında uğurlar, ölməzlik qazanmışdır.

85 yaşını qeyd etdiyimiz sənətkarın ocağında oğlu Novruz Aslan və nəvəsi Gülnur bədii yaradıcılıqla məşğul olaraq Davud Aslan irsini şərəflə davam etdirirlər.

Sənətkarın xatirəsini yad etmək isə mənim payıma düşdü.

Qafar Əsgərzadə,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Pedaqogika üzrə fəlsəfə doktoru,
publisist.

Şairin şeirlərini oxuculara təqdim edirəm.

Gözlər

Hər kiprik süngütək keşiyin çəkər,                    
Düşüb bir sehrli hasara gözlər.
Önündə igidlər qəddini bükər,
Doymur can almaqdan o qara gözlər.

Əzəldən sirlidir eşqin sevdası,
Ürəyi inlədər səsi-sədası,
Yıxıbdır evimi nazı, ədası,
Çəkibdir qəlbimi qənarə gözlər.

Sən ey məhəbbətin şahı, soltanı,
Səndən cazibədar bir qüvvə hanı?
Davudam, könlümün qopub tufanım,
Vurmuşam sinəmə min yara gözlər!

Naz et

Ey işvəli canan, sənə qurban, mənə naz et,
Et nazın ilə könlümü al qan, mənə naz et.

Gördünmü məni, cövr elə, çək sinəmə min dağ,
Xoşdur, mənə naz et, sula meydan, mənə naz et.

Əfsunlu o gözlərdəki süzgün o baxışıar,
Olsun məkanım çölü-biyaban, mənə naz et.

Dart qaşlarını, sal işə müjganları, ox at,
Şır-şır bu sinəmdən axa al qan, mənə naz et.

Mən xəstənin aləm də bilir loğmanı sənsən,
Naz et, nə gərəkdir mənə dərman, mənə naz et.

Şükr olsun o Allaha ki, qəmzən məni yığdı,
Arzum budu eşqində verəm can, mənə naz et.

Hər gün sənə qurban kəsilim, bax mənə həzz al,
Çək məhşərə, et qəlbimi viran, mənə naz et.

Sal zülfünü zəncir eləyib boynuma ey can,
Davud dözəcək olsa da nalan, mənə naz et.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI