Modern.az

“Sensasiyalı kitablar” – “Heydərbabaya salam”ın müəllifi Şəhriyarın ömrünün ağır illəri - RUBRİKA

“Sensasiyalı kitablar” – “Heydərbabaya salam”ın müəllifi Şəhriyarın ömrünün ağır illəri - RUBRİKA

Ədəbiyyat

8 Noyabr 2014, 13:04


Modern.az  “Sensasiyalı kitablar” rubrikasında bu dəfə Şərq dünyasının, eləcə də Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bəhs edəcək. İki hissəli poemanın birinci hissəsi Tehranda, ikincisi 1954-cü ildə Təbrizdə tamamlanıb. Poema elə yazıldığı ildə həm sadə xalq arasında, həm də rejim daxilində çox böyük diqqət cəlb edib. Ana dillərinə həsrət qalan sadə Təbriz camaatı poemanı əzbər bilirdi. Şəhriyarın həyat və yaradıcılığını araşdıran Esmira Şükürova Modern.az-a sensasiyaya səbəb olan poema barədə danışarkən deyib:

“Məlum olduğu kimi, İranı yüz illər boyu Azərbaycan-türk sülalələri idarə edib. Həmin dövrdə İran ərazisində yaşayan əhali türk ovqatı, türk düşüncəsi, türk təsiri altında olub. Lakin 1925-ci ildə İran xanədanını fars mənşəli Pəhləvi sülaləsinin ələ keçirməsi ilə Cənubi Azərbaycanda ictimai fikrin inkişafında və mədəni tərəqqisində dərin böhranlar yaranıb, xalqın həyatında, düşüncə tərzində və yaşayışında dəyişikliklər, siyasi aşınmalar baş verib.  

Pəhləvi rejimi İranda Azərbaycan türkcəsində yazıb-oxumağı, ictimai yerdə, hətta küçədə belə, türkcə danışmağı yasaq edib. Bu dövrdə Azərbaycan türkcəsində yazan şair və yazıçılar həbs olunur, güllələnir və ya sürgünə göndərilirdi. Türkcə yazılan kitablar tonqallarda yandırılırdı. Bu qadağa və təqiblər 1979-cu il İran İslam inqilabınadək davam edib.  

Ustad Şəhriyarın “Heydarbabaya salam” mənzuməsinin İranda və bütün Yaxın Şərqdə “bomba” kimi partlayış effekti yaratması da əslində bu ağır qadağa və yasaqlar dövründə Azərbaycan türkcəsinin büllurtək saf, şaqraq səslə, milli düşüncə ilə yenidən çağlaşması ilə bağlı idi.

Təbii ki, ağır ictimai-siyasi şəraitdə Şəhriyar da əsərlərini fars dilində yazmağa məcbur olub. Onun əsərlərinin çox hissəsi farsca, qismən də ərəbcə yazılıb.

Şəhriyar ömrünün 30 ilini fars dilində şeir yazmağa həsr edib. Buna görə də Şəhriyarın İran ədəbiyyatına “fars şairi”  kimi düşməsi təsadüfi deyildi. Şairin “Heydərbabaya salam” poemasını qələmə alması və bu poeziya incisinin doğurduğu əks-səda qüdrətli sənətkarın nə qədər milli düşüncə sahibi olduğunu sübut etdi. “Heydərbabaya salam” əsəri Şəhriyarı Azərbaycan xalqına məxsus böyük mütəfəkkir şair kimi səciyyələndirməyə haqq verir.”   

Poema əslində bir anın məhsulu deyildi. O, illərlə öz sözlərini ana dilində deyə bilməyən bütün şairlərin, bütün insanların ümumi bir hayqırtı modeli idi. Bu modelin formalaşmasında isə Şəriyara sirli bir qüvvə təsir edib. E. Şükürova bu barədə də danışıb:  

“Hicri 1320-ci (1941) ildə dərdli şair daha bir sınağa məruz qalır. Şəhriyar əsəb xəstəliyinə tutulur, dərin ruhi-psixoloji sarsıntı keçirir. Bu böhranlı vaxtlarda şairin pasibanı anası – yer üzünün ən müqəddəs varlığı olur. Oğlunun ağır xəstələndiyini eşidən Kövkəb ana Təbrizdən Tehrana, balasının dərdinə məlhəm olmağa tələsir. Ana şəfqəti, ana mehribanlığı və qayğısı onun dadına yetir. Ana laylaları, oxşama və xalq mahnıları, dastan və nağılları balasının, uşaqlıq çağlarından məzəli xatirələri, bildiyi şux lətifələri qəlbəyatan, sehrli bir səslə danışmaqla xəstə oğlunun könlünü, ruhunu ovundurur. Şəhriyar xəyalən ayrıldığı yaxın illərə, o şən, məsud həyata – qohum-əqrəbası, əzizləri ilə keçirdiyi günlərə, kəndin füsunkar aləminə, təbiətin ecazkar gözəlliyinə qayıdır. Həyata, yaşamağa inamını büsbütün itirib tənhalığa qapanan bədbin Şəhriyar ana nəvazişi, ana mehrinin qüdrətilə dirçəlir, tədricən özünə gəlir, sağlamlığı bərpa olunur.    

“Heydərbabaya salam” poemasının 1954-cü il ilk geniş nəşrinin müqəddiməsində Şəhriyar yazırdı: “O vaxt ki, mərhum anam Tehrana gəldi, onun sehrli təsiriylə keçmiş günlərin əyləncələri və uşaqlığımın şən, məsud anları yavaş-yavaş zehnimdə canlandı, ölülər dirildi və o zaman tablolar rəngləriylə yenidən cızıldı. Lakin 1952-ci ildə anasının dünyanı əbədi tərk etməsi şairi sarsıdır, qəlbini yaralayır və “Heydərbabaya salam” poemasının II hissəsini yazaraq onun ruhunu  şad etməklə təsəlli tapır”.   Şəhriyarın həyatını tədqiq edərkən onun yaxınları və övladları ilə görüşüb söhbət edən E. Şükürova Modern.az-a Şəhriyarın Təbrizə gəlməsi və orada yaşadığı illər haqqında da danışdı. “Heydərbabaya salam” əsərinə bu illərin müsbət təsirini nəzərə alaraq həmin qeydləri təqdim edirik. Burada əslində Esmira xanım Şəhriyarın qızının dediklərini bizə çatdırır:  

“İranda və Güney Azərbaycandakı mürəkkəb durumdan, baş verən ictimai-siyasi hadisələrdən, dövrün çətinliklərindən, ağır gün-güzərandan usanan Şəhriyar ömrünün son illərində qızı Şəhrizadla Təbrizin küçələrində axşam gəzintisinə çıxar, gözəl xətti ilə Quran ayələrini vərəqlərə köçürərək kənarlarını zövqlə naxışlayar, dostlarına hədiyyə edərdi. Şəhrizad xatirələrində yazır ki, atam tez-tez təkrar edərdi: “Dahilər həmişə nakam olurlar”. Babamın ölümündən sonra çox sarsılır. Onun ölümünü heç vaxt unutmur, vəfat edərkən yanında olmamasına görə ömrünün sonuna qədər təəssüflənirdi. Ancaq bu azmış kimi, atasının ölümünü unutmamış qardaşını da itirir. Qardaşının yetim qalan dörd övladını da öz himayəsinə götürür. Ən kiçiyi bir neçə aylıq olan qardaşı uşaqlarına ata kimi qayğı göstərərdi.


Əslində atam bizimlə onlar arasında heç bir fərq qoymurdu. Uşaqlar da əmilərinə eyni məhəbbəti göstərirdilər. Əmimin uşaqları böyüdükdən, hərəsi bir iş sahibi olduqdan sonra atam Tehrandakı yeganə həyətini bütün avadanlığı ilə birlikdə qardaşı uşaqlarına bağışlayır, paltarlarını yığdığı bircə çamadanla Təbrizə gəlir. Bibisi qızı hesab edilən anamla ailə qurur, onun gec - 48 yaşında evlənməyinin bir səbəbi də qardaşı uşaqlarının qarşısındakı məsuliyyət hissi idi. Bu halını özünün “Başımı girov qoyduğumdan özümə yar və həmsər seçmədim“ sözləri çox dəqiq ifadə edirdi. Mən atamın böyük övladıyam. Uşaqlıq çağlarımda həmişə gəzməyə, şeir gecələrinə, hətta ən rəsmi yerlərə gedəndə belə, məni özü ilə aparardı. Hər dəfə məclisə daxil olarkən alqış səsləri ətrafı bürüdükdə, yaxud bir yana gedəndə xalq onu dövrəyə aldıqda məni maraq bürüyərdi: “Axı, o kimdir? Niyə bu qədər sevilir?” Onu başqa uşaqların atası ilə müqayisə edər və düşünərdim: “Bəs, nə üçün onlara heç kəs əl çalmır?”

Anam müəllimə işləyirdi, ona görə də gündüzlər evdə olmurdu. Bankdan atama icazə vermişdilər ki, işə gəlməyib evdə otursun və rahatca şeir yazmaqla məşgul olsun. Bizdən muğayat olan qulluqçumuz da var idi. Lakin anam evdə olmayanda mən çox vaxt atamın yanında olurdum. Gündüz oynamaqdan yorulduqda onun qucağındaca yuxuya gedərdim və belə vaxtlarda o mənə hətta layla da çalardı. Özü bekar olanda isə başa düşdüyüm türkdilli şeirlərindən mənə öyrədərdi. Sonra məclislərdə qonaqların hüzurunda həmin şeirləri oxumağı məndən istəyərdi. Etiraf edim ki, mən anamdan daha çox onunla ünsiyyət qurmuşdum. Onun yanında olanda anam heç yadıma düşmürdü”.    

Elmin NURİ                  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI