Modern.az

Məşhur tələbə yoldaşım: “Düş qabağıma, səni güllələnməyə aparıram” - Yaşar Nurinin tələbə yoldaşı

Məşhur tələbə yoldaşım: “Düş qabağıma, səni güllələnməyə aparıram” - Yaşar Nurinin tələbə yoldaşı

8 Noyabr 2014, 13:30

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikası budəfə xalq artisti, sevilən aktyor, “Alma almaya bənzər”, “Od içində”, “Yollar görüşəndə”, “Yol əhvalatı”, “Qatarda”, “Səni axtarıram”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “ Bağışla”, “Evlənmək istəyirəm”, “Hacı Qara”, “Sevil”, “Tənha narın nağılı”, “Bağ mövsümü”, “Cin mikrorayonda”, “Göz həkimi”, “Bəyin oğurlanması”, “Bizim qəribə taleyimiz”, “Qəm pəncərəsi”, “Ölülər”, “Ordan-burdan”, “Yaşıl eynəkli adam”, Qonşu qonşu olsa...”, “Qətl günü”, “Qəzəlxan”, “Pəncərə”, “O dünyadan salam”, “Ac həriflər”, “Yarımştat”, “Sabiqlər”, “Yuxu”və s. tamaşa, filmlərdə oynadığı və səsləndirdiyi obrazlarla iz qoymuş Yaşar Nuri haqqındadır.

Əvəzolunmaz sənətkar barədə onun tələbə yoldaşı, dostu, əməkdar artist, aktyor Əli Nur danışır:  

“Biz qəbul olanda institutun tarixində qeyri-adi hadisə baş verdi”

“Mən 1968-ci ilin sentyabrında Azərbaycan Xalq Təsərrüfatı İnstitunun ikinci kursundan Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin birinci kursuna gəlmişəm. Kursun rəhbəri professor, xalq artisti, SSR Dövlət Mükafatı Laureatı, birinci “Arşın mal alan” filmini (1945-ci ildə) çəkən Rza Təhmasib idi. O, həm də böyük pedaqoq olub. Rza Təhmasib eyni zamanda Azərbaycan teatrının yaradıcılarından biridir və uzun müddət Akademik Milli Dram Teatrının direktoru işləyib. Biz instituta qəbul olanda institutun tarixində qeyri-adi bir hadisə baş verdi. Rza Təhmasib 20 nəfər uşaq götürmüşdü ki, onun da 10-u qız, 10-u oğlan idi. Ona qədər heç vaxt aktyorluq fakültəsində, qrupda 10 nəfər qız olmayıb. Yəni o vaxtlar hər qrupda 1, 3, 4 nəfər qız olurdu, 10 nəfər mümkün deyildi. Düzdür, Təhmasib birinci kursu qurtaranda 2 oğlan, 2 qızı mədəni maarif fakültəsinə keçirtdi ki: “sizdən aktyor olmayacaq. Bura təsadüfən düşmüsünüz”. 

Mənim qrup yoldaşlarımdan biri də Yaşar Nuriyev idi. Yaşar institua gələndə artıq respublikada tanınan uşaq idi. Çünki o uşaqlığından televiziya kanallarında “Buratino” verilişinin aparıcısı idi. Eyni zamanda Musiqili Komediya Teatrında atası ilə (komediya və dram aktyoru Məmmədsadıq Nuriyev) bərabər uşaq rollarında tamaşaya çıxırdı. Biz dörd il bir yerdə oxuduq. Yaşar yeganə tələbələrdən idi ki, mən onda paxıllıq görmədim. Yaşarla tələbəlik dövründə münasibətimiz çox yaxşı idi. Həmişə həmkar olmuşuq.

Məsələn, ikinci kursda Səməd Vurğunun “Fərhad və Şirin” indən parçalar oynayırdıq. Deməli, mən Fərhadı, Yaşar Xosrovu oynayırdı. “Bahar suları” nda o Nəcəfi, mən Uğuru, “Məkr və məhəbbət” mən prezidenti, o mənim oğlumu, Mehdi Məmmədovun rəhbərliyi ilə diplom tamaşamız “Dəli yığıncağı” nda mən Şeyx Fazili, o Molla Abbası oynayırdı. Sən demə, Mehdi Məmmədov hazırlaşırmış ki, onu Azdramada (Akademik Milli Dram Teatrı) tamaşaya qoysun. Ona görə bizimlə diplom tamaşası hazırlamışdı. 

“Yaşar, sənin gözündə şeytan gözləri var, adamı hipnoz edirsən” 

“Yaşar Allah vergisi idi. Qurani Kərimdə, digər dini kitablarda belə bir şey var ki, insan iki sahədə ucala bilər. Biri Allah tərəfindən verilən vergi, ona fitri-istedad deyirlər, bir də elm, bilik sahəsində qazanılmış ucalıq. Yaşarda Allah vergisi idi, Allah ona elə bir istedad vermişdi. Hətta Təhmasib ikinci kursda hamımızın qabağında ona belə bir söz dedi: “Yaşar, sənin gözündə şeytan gözləri var, sən gözlərinlə adamı hipnoz edirsən və özünü sevdirirsən”. Dünya teatr sistemini nəzəriyyəyə salan Stanislavski səkkiz cildli teatr haqqında yazdığı “Aktyorun öz üzərində və rol üzərində iş kitabı”nda deyir ki, mənim bütün yazdıqlarım ancaq istedadlı adamlara aiddir. Yaşar istedadlı adam olduğuna görə həm teatr sənətində, həm televiziya tamaşalarında, həm də kinoda elə ucaldı, ən yüksək pillələrə çıxdı. Belə istedada balaca istiqamət vermək lazımdır. Yaşar eyni zamanda öz üzərində işləyən idi. Bilirsiniz, cürbəcür aktyorlar olur. Aktyor var ki, oturursan teatrın zalında görürsən o səhnədə danışır, amma dediyi ürəyə təsir etmir. Qulağa çatmaq azdır, o gərək ürəyə təsir etsin axı.

Məsələn, Yaşar kimi aktyorlar virtioz aktyorlardır. Belə istedadlı aktyorlar heç ağzını da açmasa, səhnəyə çıxan kimi tamaşaçını öz auralarına salırlar. Tamaşaçı sehrlənir, hipnoz olur və bu aktyora vurulur. Dünyada belə aktyorlar çoxdur. Heç bir rol oynamasın, çıxsın səhnədə dayansın, tamaşaçı ona baxır, alqışlayır və ona vurulur, sehrinə düşür. Mən bir dəfə iclasda dedim ki, “Aktyorlar var ki, səhnəyə çıxıb danışırlar, söz sənə çatmır. Yaşar Nuriyev “Hamlet” tamaşasında qəbirqazanı oynayır. Qəbrin içinə düşür, görsənmir, qəbrin içində mızıldıya-mızıldaya danışır, ən sonuncu kresloda oturan tamaşaçı da onun sehrli səsini eşidir”.


Sehrli səs onda yaranır ki, sən istedadlı olursan. Əliağa Əliyev, Mirzaağa Əliyev, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Hökümə Qurbanova, Ələsgər Ələkbərov, Əli Zeynalov, Həsənağa Turabov, Səməndər Rzayev, Leyla Bədirbəyli, Nəcibə Məlikova da beləydi. Yaşar da bu durna qatarının aparıcılarından idi. Hamı Yaşarla fəxr edirdi. Məsələn, o “Azdrama”da işləyəndə cavan aktyor idi, amma yaşlı aktyorlar -hamı çalışırdı ki, Yaşarla oturub yeyib içsinlər, bir idarədə müşkül bir məsələni həll etmək üçün ora Yaşarla getsinlər. Çünki Yaşarı hamı sevirdi. Aktyor olandan sonra Yaşar çox populyar oldu.

Teatr sənətində pauza haqqında qəribə bir fikir var. Yapon oyunlarında əlbəyaxa döyüşdə güclü əllə zərbə endirəndə bir qışqırıq, haray çıxır. Aktyor səhnədə danışmayanda, pauza rolu oynayanda, pauzanı yaşayanda bax, həmin o qışqırıq kimi olmalıdır. Onun pauzası tamaşaçıya həmin haray kimi təsir etməlidir. Bu da nədən irəli gəlir? Aktyor səhnədə baş verən bütün hadisələri, kədəri, sevinci, əzabı, yoxsulluğu, məhəbbəti, şəhvəti -hamısını beynindən keçirəndə o aktyorun gözündə yaranır.Yaşar da yeganə aktyorlardan idi ki, gözlə tamaşaçıya sözsüz çatdırır və tamaşaçı da onu səmimi qəbul edirdi. Yaşarda bu virtiozluq var idi”.  

“Düş qabağıma, səni güllələnməyə aparıram”

“Yaşar deyib-gülən, zarafatcıl, yeyib içən, dünyanı sevən məclis adamı idi. O idi, rəhmətlik Səməndər idi, (Səməndər Rzayev) bunlar belə adam idi. Çox səmimi idilər. Yaşarla bir məclisdə çay içməyə otururdun, bir vaxt görürdün 10 saat keçib, sən hələ durub məclisdən gedə bilmirsən. Çox maraqlı adam idi. Onun söhbətləri, yumoru, danışığı... O danışığına o qədər şirinlik, şəkərlik, bal qatırdı ki, doymaq olmurdu. Həm də Yaşarın səsində gözəl sehr var idi. Belə istedadlı adamların səsi həmişə bu cür olur. Fixrət Hacıyev Abbasmirzə (akyor Abbasmirzə Şərifzadə) haqqında yazıb ki, “səs yaxşıdı, yarısı məhəbbət ola. Səs yaxşıdı, mayası şirinlik ola”. Səsdə məhəbbət, şirinlik, səmimiyyət olanda o səs adama ləzzət edir, ondan ayrılmaq istəmirsən, eşidəndə diksinirsən. Şəxsən bu mənim başıma gəlib. Musiqili Komediya Teatrına getmişdim, gördüm qapıda heç kim yoxdur. Mən də əxlaqlı adam olduğuma görə içəri keçmədim. Gördüm ki, növbətçinin otağında bir qoca kişi beli əyilib, başı aşağı, başında biletka oturub. Fikirləşdim ki, bu yəqin növbətçidir. Ondan soruşdum ki, “icazə verirsiniz, mən içəri girim”. O mənə cavab vermədi. Üç dəfə sualımı təkrar etdim. Birdən o başını qaldırmamış qayıtdı dedi ki: “Mən burada növbətçi zad deyiləm, cavan oğlan, gedə bilərsən!” O səsi eşidəndə başımın tükü biz-biz oldu, gördüm bu Həsənağa Salayevin səsidir. Baxdım gördüm, Həsənağa Salayev üzü tüklü, qocalıb, bükülmüş, xəstə vəziyyətdədir. O, Musiqili Komediya Teatrının içində qalırdı. O vaxt mən tanınmayan bir aktyor idim, getdim Mərkəzi Komitənin ikinci katibi Həsən Həsənovdan xahiş etdim. Dedim, Musiqili Komediyaya çıxıb düşə bilmir, onun içində yaşayır. Həsən Həsənov qoluma girdi, dedi, “Salayev sağalırsa, ona dənizin qırağında birinci mərtəbədə beşotaqlı ev verəcəm”.

Yəni o səs məni sehrlədi və Həsənağa ilə dostlaşdım. Səsin sehri deyirlər ona. Baxın, Yaşar da elə sənətkar idi. Yaşar çox hazırcavab insan idi. Bədahətən deyirdi. Onunla zarafatım var idi. Deyirdim, “ayə, sən dəhşətsən, yük altında qalırsan, söz altında qalmırsan. Ə, bir dəfə cavab qaytarma da”. Bu adam vergili adam idi də.

Axırıncı kursun diplom tamaşası vaxtı idi. Mən həm Tələbə Cəmiyyətinin sədri idim, həm də axırıncı kursda müəllim saxlanılmışdım, birinci kurslara dərs deyirdim, eyni zamanda bütün institut üzrə Komsomol Təşkilat katibi idim. Kürdəmirə tədbirə getmişik, şuluqluq etdim. Tələbəyə, müəllimə yaraşmayan hərəkət etmişdim. Deməli, bu hadisə rektora çatdı. Rektor məni çağırdı, dedi ki, “sən diplom almırsan, qovulursan, azadsan, get”.


Təhmasib ağlaya-ağlaya girdi ki, mən səni belə ovcumda saxlamışam. Rahim müəllimdə də güzəşt yox idi, qovurdu. Düzdür, sonra ürəyi yumşalırdı qaytarırdı, məni də üç gündən sonra qaytardı. Deməli, mən “Malakan” bağında oturmuşam... Bir də gördüm Yaşar gülə-gülə gəldi, mənə baxdı dedi ki, “dur, düş qabağıma, səni güllələnməyə aparıram”. Dedim, “onsuz da mən güllələnnmişəm”. Dedi: “düş qabağıma, az danış, dur ayağa. Ayə, Əliheydər müəllimin kefi sazdır, səni çağırır, deyir, təcili gəlsin” Əliheydər müəllim “Azdrama”nın direktoru, bizim kurs rəhbərimiz idi. Mən də Yaşarla Tədris Teatrına gəldim. İçəri girən kimi Əliheydər müəllim qayıtdı ki, “məxsusi gətirmisən?” Yaşar dedi, “hə, özünə demişəm güllələnmək, amma bilmirəm o güllələnəcək, ya bəraət alacaq?” Məsələni Əliheydər müəllimə danışdım, dedi “əcəb etmisən, sabah gəl teatra, yanıma” Mən də teatra yanına getdim. Əliheydər müəllimə də həmin günü Respublika Dövlət Mükafatını verdilər. O rektora danışdı ki, mən diplom tamaşasını verə bilmirəm, bunu Azdramaya gətirirəm, yerinə qaytarılmalıdır. Düzdür, rektor mənə şifahi demişdi ki, qovulacaqsan. Çünki mən düz hərəkət etməmişdim. Padkomun üzünə qayıtmışdım, tarı patxomun təpəsinə vrumuşdum, tar çilik-çilik olmuşdu. Elə şey etmək olmaz. Onda mən tələbə idim. Heç nəyin üstündə etmişdim, sadəcə axmaqlığım. Məsələ həll olundu. Rəhmətlik Ceyhun Mirzəyev, Yaşar, bir neçə nəfər adam mənə dedi ki, məhkumluqdan azadlığa çıxmısan, gedək bunu yuyaq”.  

“Onun üçün çox darıxıram”

 

“Tələbəlikdən sonra Yaşarla bir teatrda işləyirdik. Sonra mən Sumqayıt Teatrına  köçürmə ilə gəldim. Yenə Yaşarla bir tamaşada oynamışam. Mənim bütün rollarım elə Yaşarla bir tamaşada olmaqdır da. Yaşar sırf komik aktyor deyildi. O xarakterni aktyor idi, hər cür rolun öhdəsindən gəlirdi. Çingiz Aytmatovun “Sokratı anma gecəsi” əsərində Yaşarla oynayırdıq, əslində o əsərin adı “Eşşək dərisi üzərində mühakimə” dir. Yaşarla orada mənim bir yerim var idi. Nurəddin, (Nurəddin Mehdixanlı) mən Yaşarı eşşək dərisi üzərində mühakimə edib öldürürdük. O da şah rolunu oynayırdı. Yaşar o ölüm səhnəsini göz yaşları içərisində, ağlaya-ağlaya oynayırdı, tamaşaçı da alqışlayırdı. Hamı görür ki, o gözləri ilə danışır, özünə lənət yağdırır. O səhnə bir yarım saat çəkirdi. Yaşarın arvadını oynayan Zemfira Nərimanovanın ürəyi gedirdi. Yaşar orada ölüm səhnəsində hönkürə-hönkürə yarım saat ağlayırdı.

Aktyor ömrü buzdan yaranmış heykəldir. Nə qədər ki, o səhnədə var, o heykəl görünür, elə ki o səhnədən getdi, artıq o buz da əriyib gedir, o heykəl yaddan çıxır. Amma Yaşar yaddan çıxmayan, əbədi insanların qəlbində yaşayan aktyordur. Onun üçün çox darıxıram. Biz aktyorlar həmişə çay stolu arxasında oturanda hökmən Səməndərdən, Yaşardan, Telman Adıgözəlovdan, Eldəniz Zeynalovdan danışmalıyıq. Yaşar çox həyatsevər, məzəli, yumoru gözəl bir insan idi. Allah ona rəhmət etsin”.



Misranə Həsənzadə      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI