ANS Şirkətlər qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mir Şahin Ağayevin qələmə aldığı şeirlərdən daha biri… Modern.az saytı onu təqdim edir.
Mir Şahin Ağayev
Yerləşmə (Anti təlqin)
Gəldim çatdım...
Yerləşirəm, narahat olma!
Düzdü, bir az darısqaldır
Bir az soyuqdu
Amma burda bundan geniş,
bundan işıqlı, bundan isti
Bundan rahat otaq da yoxdu!
Burda təkəm, uzanmışam, dincəlir canım
Qarışqalar yem axtarır
bəbəklərimdə...
Yatıb nəbzim, durub qəlbim, dincəlir qanım.
Səsi gəlmir vəd oluna mələklərin də
Hanı bunun odu, suyu, alma bağları?!
Uşaqların ruhlarından doğulan quşlar?!
Bir az qumdu, bir az torpaq buranın varı,
Bir də başım üstündəki laybalay daşlar...
Niyə belə qəfil düşdü yağış mövsümü?
Qorunmağa balaca bir çətir də yoxdu
Bu nə idi, çürüyürəm, yoxsa leş kimi?
Tərs kimi də üstümdə heç ətir də yoxdu...
Belə qonaq evi olar?
Bəsdi sən Allah!
Gör qar basınca otağımın damı sökülür...
Həşəratlar dabanımı qıdıqladıqca,
Gülmək tutur,
Uğunmaqdan ətim tökülür...
Bədənimi tükmü basıb?
Bəs niyə yaşıl?
Bərbər əli gəzən yerdə quzu dişləri
Suvarırlar, becərirlər sonra yeyirlər
Buranın da varmış demə əcəb işləri?
Hə beləcə yer üzündən uzaqlaşıram,
Bir az otda, bir az suda donuram yenə,
Yavaş-yavaş əriyirəm, torpaqlaşıram,
Yerləşirəm asta-asta dönürəm yerə.