Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “A-dan Z-yə qədər bildiyim jurnalistika üçün lazım deyiləm” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “A-dan Z-yə qədər bildiyim jurnalistika üçün lazım deyiləm” - RUBRİKA

Media

11 Noyabr 2014, 09:32

“Söz yazmaqla pul qazanıram və bu məni heç sevindirmir”


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Tezxeber.az” informasiya portalının təsisçisi və baş redaktoru Vəli Əkbər uşaqlarının jurnalist olmağını istəmir:
“Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. Həmişə jurnalist kimi çalışmışam. 14 yaşım olanda, 1982 -ci ildə ilk yazım “Şəki fəhləsi” qəzetində işıq üzü görüb. Sonra 10-cu sinifdə oxuyanda məktəbimizin divar qəzetinin və radio qovşağının baş redaktoru olmuşam. Həmin illərdə “Şəki fəhləsi” qəzetində yazılarım da paralel dərc olunub. İlk böyük yazım 1985-ci ilin 9 mayında II Cahan Savaşı iştirakçısı Musa dayıya həsr olunmuş “Mozdokdan Berlinədək” adlı reportajım olub.

Sonra Bakıya oxumağa üz tutdum, düz 5 il institut qapılarında ayaq döydüm, amma hər dəfə qəbul oluna bilmədim. Gah iş stajım çatmadı, gah balım əskik oldu.

Amma bu illər boyunca dövrü mətbuatda dərc olundum. 1989-cu ildə o zaman “Bilik” Cəmiyyəti nəzdində Xalq Universiteti vardı. “Azərbaycan gəncləri” qəzeti bazasında ictimai müxbirlər kursu təşkil edirdi. Bu gün tandığınız Məqsəd Nur, Lalə Paşaqızı, Elçin Məmmədov və bir çoxları ilə o kursda təhsil aldıq. Elə ordan da gəldik peşəkara arenaya. 1990-cı ildə elə dostum Məqsəd, Elçin, Əli ilə oturub söhbətləşərkən qərara gəldik ki, artıq jurnalist kimi lazım olan vərdişlər var bizdə.

Bundan sonra jurnalist ixtisası üzrə oxumaqdansa, hərəmiz bir peşəyə üz tutaq.

Mənim də könlümdə bir teatr-kino eşqi vardı. Sənədlərimi İncəsənət Universitetinə verdim və teatrşünaslıq fakültəsinə qəbul olundum. İndi fikirləşirəm ki, ömrümün ən doğru addımlarından birini atmışammış. Əvəzində teatrı, ədəbiyatı, jurnalistikanı bu sahələrin peşəkarı səviyyəsində düşünməyi qazanmışam. Teatrşünaslıq fakültəsini bitirsəm də, teatrda çalışmadım. Tələbəlik dönəmindən peşəkar jurnalistikada çalışmağa başladım. 1993-cü ildən “Press-Fakt” qəzetində artıq mədəniyyət şöbəsinin müdiri, məsul katib, məsul redaktor kimi vəzifələri icra etdim. Ayaq jurnalistikası ilə az məşğul oldum, amma ən çox sevdiyim reportyorluqdur. 1998-ci ilin əvvəlində Sevinc Seyidova ilə “Həftə içi” qəzetini qurduq. Az müddət çalışdıqdan sonra “Rezonans” qəzetinə baş redaktor getdim. 2001-ci ildə yenidən bütün komandamla birlikdə “Həftə içi” qəzetinə döndük, gündəlik hala gətirdik.

2003-cü ilin martın 31-də qəzetçiliklə vidalaşdım. Artıq televiziya məni özünə cəlb edirdi. Burada incəsənəti qurtarmağımın da rolu vardı. “Lider” telekanalına işə düzəldim. Düz 5 il “Lider” də İctimai-siyasi-sosial verilişlər və xəbərlər departamentinin rəisi vəzifəsində çalışdım. 2008-ci ilin yayında yollarımız burdan da ayrıldı və tale məni aparıb Azərbaycan Televiziyasına (AzTV) çıxardı. 4 il də burada İnformasiya studiyasının direktor müavini oldum.
AzTV-də də rahat işləmək nəsibim olmadı. 2012-ci ilin noyabrın 1-dən uzun müddət işsiz qaldım. 2013-cü ilin sonunda heç bir maliyyə qaynağı olmayan “Tezxəbər” informasiya portalını təsis etdim ki, pas atmayım. Ümumiyyətlə, mən hər kəsin seçdiyi peşəyə onun ruhunun vəziyyəti kimi baxıram. Jurnalistika da mənim ruhi vəziyyətimdir. Sonra 2014-cü ilin fevralından iyununa qədər yeni yaranmış Region TV-nin xəbər direktoru oldum. Efirə başladıq və mən yenə də vidalaşmalı oldum. Tale belə gətirib, bəlkə də mən düz deyiləm, amma mənim öz iş metodum və prinsipim var. Bu da çoxlarının xoşuna gəlmir. Gəlməsin, hər halda bu gün Azərbaycan jurnalistikasında 100-dən yuxarı tələbəm var. 4-5 il ali məktəbdə 10-15 müəllimin öyrədə bilmədiyi xeyli Vətən çocuğunu 3-5 ayda jurnalist hazırlaya bilmişəm. Ruhları olmayanlara isə vaxtında başqa peşəyə yönəlmələrinə kömək etmişəm. Mən bu aləmdə heç bir ödül almasam da, bu gün üstümə müəllim deyib gələn adlı-sanlı uşaqlarım var. Bu mənə yetər. Hazırda uzun işsizlikdən sonra sahəmə yaxın nəşriyyat, poliqrafiya işi ilə məşğul olmağa başlamışam. Təzə yaratdığımız TX PRİNT Nəşriyyat evinin direktoruyam. Elə dünən ilk kitabımızı mətbəəmizdə çap etdik. Axı yaşamaq lazımdır, A-dan Z-yə qədər bildiyim və 25 ilimi verdiyim jurnalistika üçün təəssüf ki, lazım deyiləm.

Əslində mən hər gün jurnalistika ilə məşğul oluram, amma realizə imkanlarımı məhdudlaşdırıblar. “Tezxəbər”də bu sahə ilə məşğulam. Bu bir xeyriyyə aksiyasına bənzəyir. Mən öz saytımda jurnalistika dəyərləri və ölkəm üçün bacardığımı edirəm. Sadəcə səsimi özümdən başqa az adam eşidir. Çünki maliyyəsiz bir saytı tanıtmaq və ciddi layihələrə imza tamaq çətindir.

Jurnalistikaya gəldiyim üçün peşman deyiləm. Bu mənim ruhi vəziyyətimdir. Amma uşaqlarımın jurnalist olmağını istəməzdim. Onlar böyüyəndə mən gecələr qəzet çıxarırdım, onlar xəstə olanda mən camiyyəmizin xəstə halıyla əlləşirdim. Hərdən oğlum Şəhriyar Əkbərli cızma-qara edir, qadağa qoymuram, amma istəmirəm ömrünü bu peşəyə sərf etsin”.

CBC kanalının “Xəbər” aparıcısı və redaktoru Əsli Nəzərova jurnalistikaya arzusu onu rahat buraxmadığı üçün gəlib: “Mən ixtisasca musiqiçiyəm. Fortepiano üzrə müəllimə, pianoçuyam. İxtisasım üzrə 16 il işləmişəm. Qara Qarayev adına 8 saylı Musiqi Məktəbində fortepiano üzrə dərs demişəm.

Uşaq vaxtlarından televiziyada aparıcı olmaq arzusundaydım. 1996-cı ildə radioda elan eşitdim - “Sara” televiziyası diktor müsabiqəsi elan etmişdi. Mən o vaxtlar Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsində təhsil alırdım. Belə bir fikir gəldi ağlıma, bəlkə gedim bəxtimi sınayım. Lakin (utana-utana bildirirəm ki,) o vaxtlar Azərbaycan dilini pis bildiyimə görə, bu fikrimdən vaz keçdim. Amma düzünü desəm, bu elan heç fikrimdən çıxmırdı və məni rahat buraxmırdı. Hardasa iki-üç həftə daxildə mübarizə apara-apara, artıq qərara gəldim ki, bu uşaqlıq arzum məni onsuz da rahat buraxmayacaq, yaxşısı budur, gedim mənə “yox” deyib, yola salsınlar – mən də bilim ki, ən azından cəhd etmişəm, alınmayıb. Beləcə “Sara” televiziyasına üz tutdum. Gəldim, dedim müsabiqəyə gəlmişəm. Hamısı təəccübləndi ki, niyə belə gec?! O vaxtlar “Sara” TV-nin direktoru hamımızın çox yaxşı tanıdığımız xalq artisti Vasif Babayev idi. (Vasif müəllim xalq artisti adına layıq görülən ilk televiziya rejissoru idi). O, mənimlə söhbət etdi və təbii ki, rusdilli olduğumu və Azərbaycan dilində danışa bilmədiyimi gördü. Amma “yox” demədi. Hər gün saat 10:00-dan 18:00-a qədər məni studiyada kameranın qabağında oturdub, qəzet oxutdururdu və əzbərləməyə məcbur edirdi. Onu da deyim ki, mən xasiyyətcə çox çalışqan, tərs və qarşıma qoyduğum məqsədə çatmaq üçün bütün əziyyətlərə qatlaşan insanam. Çətin olsa da, bu yolu keçdim və sonradan (məni artıq işə götürəndən sonra) bildim ki, mən gələndə artıq müsabiqə bitibmiş, 300 nəfərdən üçüncü turdan sonra, yəni mən gəlməzdən qabaq 10 nəfər artıq seçilmişdi. Düzünü desəm, bunların hamısını ilk gəldiyim gün bilsəydim, elə o anda qaçardım.
 Vasif müəllim mənim adımı da bu siyahıya saldı və sonda bu 11 nəfərdən də cəmi 2  nəfər seçilməli idi. Bu iki nəfərin biri də mən oldum.

1999-cu ildə “Space” telekanalına keçdim. “Lider” kanalı açılanda 2000-ci ilin sentyabr ayından bu kanalda çalışmağa başladım. Vüqar Qaradağlı, Fuad Vəlixanov, İsmayıl İsmayılov və televiziya sahəsində digər tanınmış şəxslərlə işləmişəm. Sonra, hər qadının həyatında bir əsas missiya da var və bu missiya məndən 2003-cü ildən 2006-cı ilin may ayına qədər evdə oturmağı tələb etdi. İki oğlum var və uşaqlar balaca olanda televiziyada işləmək mənə çətin gəldi. Ona görə bir müddət televiziyadan aralandım.

Onu da qeyd edim ki, uşaqlıqdan məhz xəbər aparıcısı olmaq arzusunda idim. 2000-ci ildə “Lider” telekanalına gələndə Vüqar Qaradağlı ilə söhbət zamanı o dedi ki, sifət cizgilərim ciddi olduğu üçün məni xəbər aparıcısı kimi görür. Lakin o vaxtlar özümü “Xəbərlər”ə hazır saymırdım və bu təklifdən imtina edib, Yaradıcı departamentdə işləməyə başladım. Məncə, xəbər aparıcısının bütün dünyadan xəbəri olmalıdır və həmişə fikirləşirdim ki, “Xəbərlər”in aparıcısı danışdığı və ya oxuduğu mövzu haqda kifayət qədər biliyi yoxdursa, onu tamaşaçı dərhal hiss edir, nəticədə o aparıcıya sadəcə inanmır və baxmır. Ona görə də xəbər aparmağı arzuladığım zaman mənə bunu təklif edəndə razı olmadım.
2006-cı ildə APA İnformasiya Agentliyində tərcüməçi kimi fəaliyyətə başladım və 9 ilə yaxın bu agentlikdə çalışdım. Bu illər ərzində sanki bir neçə ali məktəb bitirdim. Hərdən düşünürəm ki, bəlkə mən APA-da jurnalist kimi işləsəydim, bu qədər bilik əldə etməzdim. Çünkü hər bir jurnalist yalnız öz sahəsi, öz mövzuları üzrə yazır, amma tərcüməçi ayırmadan və seçmədən, daxili və xarici siyasət, hərbi, sosial, iqtisadiyyat, nə bilim Günəşdə olan ləkələrdən, arxeoloji qazıntılardan, torpaq qatlarından, geoloji, tibbi, neft terminlərlə yazılan mətnlərin hamısını tərcümə edir. Bir xüsusiyyətim də var, nəyisə dəqiq bilməsəm yazmaram, ona görə də terminlərlə rastlaşanda dərhal bütün interneti ələk-vələk edib, o terminin dəqiq tərcüməsini tapıb sonra yazmalıydım. Bu səbəbdən həmin 9 il mənim üçün, demək olar ki, bir neçə ali məktəbi əvəz etmiş oldu. Bu bilikləri əldə etdiyimə görə APA-nın baş direktoru Nurşən Quliyevə çox minnətdaram. Yeri gəlmişkən, 16 noyabr tarixində APA-nın 10 yaşı tamam olur. Mən Nurşən Quliyev başda olmaqla APA-nın bütün əməkdaşlarına uğurlar arzulayıram.

Bu ilin may ayından CBC kanalında “Xəbər” aparıcısı və redaktor kimi fəaliyyətimi davam etdirirəm. Çox gözəl kollektivimiz var, gözə gəlməsin.

Bu gün televiziyada, jurnalistikada olduğum üçün qətiyyən peşman deyiləm. Bilirsiniz, indi dəbdir – hamı jurnalistikanın səviyyəsinin aşağı olmağından şikayətlənir. Amma məncə, hər bir sahədə həmişə yaxşı mütəxəssislər də olub, pis də. Həkimlərin, müəllimlərin, musiqiçilərin, tərcüməçilərin, eləcə də jurnalistlərin arasında həmişə yaxşısı da olub, pisi də. Düşünürəm ki, hər bir insan, hansı sahədə çalışmağından asılı olmayaraq, gördüyü işi yüksək səviyyədə etsə, yaxşı olar”.

“Kavkazskiy Uzel” portalının bloggeri və ANN.az saytının müxbiri Kamal Əli yuxuda özünü elmlə məşğul olan gənc alim kimi görür: “Mən bioloqam. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakültəsini bitirdim. Sonra 1 il yarım əsgərlik və 1981-ci ildən 1995-ci ilə kimi AMEA İnsan və heyvan fizioligiyası elmi institutda baş laborantdan baş elmi işçi vəzifəsinə kimi qalxdım və elmlər namizədliyi üçün elmi dissertasiya müdafiə etdim. Sonra dünya çevrildi və mən qazanc axtararaq jurnalist oldum. İlk iş yerim “Yeni Müsavat” qəzeti idi.

Jurnalistikaya heç bir meylim yox idi. Bu gün də təəcüb edirəm ki, jurnalistəm. İndiyə qədər yuxuda özümü elmlə məşğul olan gənc alim olaraq görürəm. O dövr mənim xoşbəxt günlərimiymiş. Həyəcandan oyanıram ki, təcrübələr istədiyim nəticə vermədi. Amma oyananda görürəm elm-filan yox. Mən söz yazmaqla pul qazanıram və bu məni heç sevindirmir. Özü də ona görə ki, ölkəmizdə jurnalistika əslində yoxdur. Ona bənzər bir şey var ki, insan deməyə utanır. Əgər jurnalisti savadsızın biri döyür və cəzasız qalırsa, onda bu nə sənətdir? Yoxsa hamımız yaltaqlıqlarmı yazaq? Bu gün jurnalistikada vəzifə anlamında irəli gedən yalnız kabinetlərdən pul qoparanlardır. Nə yaxşı ki, mən Talışınskinin dövründə “Zerkalo” da xeyli işlədim. Jurnalistikanı o illərdə gördüm.

“Yeni Müsavat” və “Zerkalo”dan başqa “Şərq” agentliyi, “Birja-Plus” qəzetinin baş redaktoru olaraq 3 il (bu gün də oxucular o qəzeti sevinclə yada salırlar), “Novosti-Azerbaycan” agentliyində 6 il işləmişəm. Hətta “ANS Press”in 2 ay rəhbəri də olmuşam- nə qədər təəcüblü olsa da.
Son iki ildir Rusiyanın “Kavkazskiy Uzel” portalının bloggeriyəm və demək olar, orada istədiyim ürək sözlərimi deyirəm. Eyni zamanda hazırda ANN.az-da müxbirəm. Məqalələrim dünyanın müxtəlif ölkələrində dərc olunur. Yəni oxucuya çatmaq sarıdan şikayətim yoxdur və ölkədə mövcud vəziyyətə, bir də ehtiyaclarıma müvafiq qazanıram. Jurnalistika mənə iqtisadi sərbəstlik və istədiyim qədər olmasa da, cəmiyyətə təsir etmək imkanı verdi. Arzu edirəm ki, bu təsir xeyirli olsun. Amma təəssüf - ziyanvericilər bizdən daha artıq sayda və imkanlıdırlar.

Jurnalistikada çalışdığım üçün peşmançılığım yoxdur. Ona görə ki, SSRİ dağılmalı və mənim kimilər bu imperiyanın qırıntıları altında qalmalı idik. Hazırda Azərbaycan elmində işləyənlərin güzəranını görürəm. Çox acınacaqlıdır. Heç sənətə təzə gələn müxbir qədər məvacib almırlar. Şükürlər olsun ki,  Bakıdakı175 nömrəli rusdilli orda məktəbdə rus dilini mükəmməl öyrəndim və rus ədəbiyyatını sevərək oxudum. Nəticədə yazmaq qabiliyyəti qazandım. Amma daxili rahatlığım yoxdur. Çünki ölkədə jurnalistlər öz peşələri ilə məşğul ola bilmir. İmkan verilmir.

Qəribədir ki, hələ jurnalistikada həyatıma dair bir dəfə olsun yuxu görməmişəm, amma elmdəki həyatım barədə dəfələrlə görmüşəm. Müstəqilliyin ilk illərində belə təəcüblü hal var idi - alimlikdən gələn jurnalistlər diplomlu jurnalistlərdən sərt va maraqlı yazardılar. Nədən? Ruslar belə izah edirdilər. Sovetlərin jurnalistika fakültələrdə tələbələrə yalan yazmağı öyrədirdilər. Kommunistlərə həqiqət lazım deyildi. Əksinə, təbiət elmlərində (fizika, kimya, biologiya və s) təkcə həqiqi elm öyrədirdilər. Bu fənlərdə yalan, uydurma mümkün deyil. Buna görə alimlikdən jurnalistikaya gələnlər həqiqi jurnalist oldular. Amma bu tarix və digər ideoloji elmlərdən gələnlərə aid deyil”.

APA TV-nin xəbər aparıcısı-müxbiri Sevinc Vaqifqızı həkim olmaq istəyib: “Bakı Sosial İdarəetmə bə Politologiya İnsitutunun məzunuyam. İxtisasım social-siyasi inzibatçılıq, fakültəm Politologiyadır. Öz ixtisasım üzrə işləməmişəm.

Əslində həkim olmaq arzusunda idim. Orta məktəb illərində məhz dəqiq elmlər üzrə hazırlaşardım. Amma qismət. Humanitar fənləri sevdiyimdən test imtahanı ilk dəfə tətbiq olunanada BSİPİ-yə imtahan verdim və 299 bal topladım. 1 bal çatmadığından insitutun axşam fakültəsində ali təhsilimi davam etdirməli oldum.

Beləliklə, mən həkim olmaq istəyindən vaz keçdim.

Televiziyaya gəlişim çox sadə olub. Yəni arzum TV sahəsində çalışmaq olmayıb. İnstitutun axşam fakültəsində təhsil alırdım. Birinci kursun ikinci smestri idi, qrup yoldaşlarımdan biri o vaxt AzTV-nin kino redaksiyasında çalışırdı. Dərslərin birində dedi ki, Azərbaycan radiosuna gənc diktor müsabiqəsi keçirilir, özünü sınamaq istəmirsən? Mən də valideynlərimlə məsləhətləşdim, atam da, anam da razılaşdı, mən radioya müsabiqəyə qatıldım. Səsimi münsiflər bəyəndi, təxminən 2 il Azərbaycan radiosunda çalışdım, ondan sonra AzTV-nin Xəbərlər redaksiyasına dəvət aldım, beləcə taleyimi təxminən 18 yaşımdan bu sahəyə bağladım.

AzTV-dən sonra “Space” TV, “Radio Antenn” 101 FM-də çalışmışam. Hazırda APA TV-də xəbər aparıcısı-müxbir kimi işləyirəm. Jurnalistikaya gəlməyim üçün heç peşman olmamışam, inşallah olmayacağıma da əminəm. İşimi çox sevirəm, işlədiyim sahəyə olan sevgim tükənməzdim. Hər gün yeni insanlarla ünsiyyət, yeni xəbərlər, yeniliklər- bu sahəni necə sevməmək olar. Xəbər dayanmır, o üzdən daim axtarışdasan. Bu sahə çox maraqlı sahə olduğu kimi, çox da məsuliyyət tələb edir. Jurnalistikanın çətinliklərinə o adamlar dözür ki, o, bu sahəyə ürəyi ilə bağlıdır. Hərdən yoruluram, amma bezmirəm, heç axt deməmişəm ki, mən televiziyaya niyə gəldim? Əksinə bütün əziyyətinə rəğmən, bu sahəyə daha çox bağlıyam!”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi