2014-cü il martın 8-də Hind okeanı üzərində yoxa çıxan Malayziya təyyarəsi ilə bağlı yeni iddia irəli sürülüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı ekspertlər təyyarənin avtomatik sisteminin hakerlər tərəfindən sıradan çıxarıldığını iddia ediblər. Təyyarənin itmə səbəblərini araşdıran müstəqil araşdırmaçı Maykl Eksner həmin şəxslərin kompüter sistemləri və təyyarə mexanizmlərini daxildən bilən mütəxəssis adlandırıb. Onun sözlərinə görə, Kuala-Lumpurdan Pekinə istiqamət aldıqdan 40 dəqiqə sonra kimsə onun göyərtədəki bütün kommunikasiya sistemlərini: peyk kommunikasiyasını, transponder, xəbərdarlıq sistemini, ACARS (aviasiya sisteminin ünvan-hesabat sistemi) və ADS-B (avtomatik yayım-müşahidə sistemi) sıradan çıxardıb. Məhz buna görə marşrut istiqamətini itirib və nəzarət olunmayan hava məkanına daxil olub.
Ekspertin fikrincə, hava məkanına nəzarət edən beynəlxalq nəzarət protokolunun iş prinsipini dərindən bilən haker təhlükəsizliklə bağlı bütün baryerləri keçib. Bundan başqa, ACARS sisteminin yalnız təyyarənin kabinəsindən söndürüldüyünü nəzərə aldıqda, Eksner həmin hakerin dünyada analoqu olmayan texnoloji bilgilərə malik olduğunu göstərir.
2014-cü il martın 8-də Malayziya Hava Yollarına məxsus “Boinq 777-200” təyyarəsi Kuala-Lumpurdan Pekinə səfər edərkən radarlardan itib. Onun Hind okeanının cənubunda qəzaya uğraması ehtimal olunur. Göyərtədəki 227 sərnişin və 12 heyət üzvünün taleyi bu günə qədər müəmmalı qalır.
Modern.az