Azərbaycan Respublikasının maliyyə naziri cənab Samir Şərifova
Hörmətli cənab nazir,
05.11.2014-cü il tarixdə Milli Məclisdə Sizin iştirakınızla Milli Məclisin 6 komitəsinin birgə iclasında Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı büdcə ilə bağlı bir neçə təkliflə çıxış etdim.
Həmin təkliflərdən birinə Siz cavab verərkən bu məsələ ilə bağlı maraqlanacağınızı bildirdiniz.
Hörmətli Samir müəllim,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü və hüquq-mühafizə orqanları ilə daima təmasda olan bir şəxs kimi bu problemi görür və həmin təklifi yazılı şəkildə nəzərinizə çatdırıram.
Xüsusi ilə Bakı şəhər Baş Polis İdarəsində, paytaxtın rayon polis idarələrində və respublikanın bir neçə şəhər polis idarəsi və şöbələrində polis müstəntiqlərinin icraatında 20 və bəzən isə bundan da çox cinayət işi və material olur. Belə ki, son dövrlərdə bu vəzifəyə təyin edilmiş müstəntiqlər nə qədər savadlı və bacarıqlı olsalar belə həmin cinayət işinin və materialların istintaqı və araşdırılması zamanı bu işin öhdəsindən hərtərəfli, tam və obyektiv gəlmələri üçün iş vaxtından sonra gecə yarıyadək, şənbə və bazar günləri də işləməli olurlar.
Belə hesab edirəm ki, bu cür ağır iş yükünə dözmək olduqca çətindir və bunun törədə biləcək fəsadlarının həm hüquqi, həm də sosial tərəflərini geniş şərh etməklə vaxtınızı almaq istəməzdim.
Başqa bir problem isə prokurorluqda Daxili İşlər Orqanlarında – İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində Bakı şəhəri üzrə hər rayon polis idarəsinə nəzarət edən bir idarə prokuroru vardır.
Nəzərə alsaq ki, Bakı şəhəri üzrə hər rayon polis idarəsində orta hesabla 15 polis müstəntiqi və hər bölmədə isə 2 təhqiqatçı vardır və onların icraatında olan cinayət işi və materialların həcmi ümumilikdə 300-400 arası təşkil edir, belə olan halda bir idarə prokurorunun bu qədər işə keyfiyyətli nəzarət etməsi də olduqca çətindir.
Cənab nazir,
Bu cür çətin bir iş yükü olduğu halda insan hüquq və azadlıqlarının pozulması hallarının da tək-tək olması ehtimalı artır.
Əgər bir fakt belə olarsa, artıq bu da çoxdur.
Belə hesab edirəm ki, 2015-ci ilin dövlət büdcəsinin parlamentdə keçiriləcək müzakirəsinədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Prokurorluğunun 2015-ci il dövlət büdcəsində Bakı şəhər Baş Polis İdarəsinin və Bakı rayonlarının polis idarələrində müstəntiqlərin iş yükünün azaldılması üçün əlavə müstəntiq ştatlarının və Bakı şəhər Prokurorluğunda Daxili İşlər Orqanlarında – İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində idarə prokurorlarının ştat vahidinin artırılması məsələsini (AR DİN və AR Baş Prokurorluğu ilə razılaşdırılmaqla) həll etmək üçün müvafiq tədbirlər görülməlidir.
Nəzərə almağınızı xahiş edirəm.
Hörmətlə,
Çingiz Qənizadə