ABŞ-ın hava hücumunda yaralandığı iddia edilən “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri Bağdadinin sağlıq durumunun ağır olduğu xəbəri yayılıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bölgədəki mənbələrə görə, Bağdadi iki ayrı xəstəxanada müalicə gördükdən sonra etibarlı bir yerə aparılıb.
Ötən həftənin şənbə günü Mosuldan Rakkaya gedərkən konvoyda ABŞ döyüş təyyarələri tərəfindən vurulan İŞİD lideri Əbubəkr əl-Bağdadinin ağır yaralı olduğu və Mosulda xristian mənşəli Yobert İbrahim tərəfindən müalicəsinin davam etdirildiyi öyrənilib. Bağdadinin əməliyyatda ağır yaralandığı, əvvəl Mosuldakı Respublika Xəstəxanasına, ardından isə buradakı təhlükəsizlik riskləri səbəbi ilə yaxındakı daha kiçik bir xəstəxana olan Algemhori Xəstəxanasına aparıldığı bildirilir. Vəziyyəti ağır olan Bağdadinin dünəndən etibarilə 17 Noyabr Məhəlləsində bir yerdə olduğu da irəli sürülüb.
ABŞ-ın hava əməliyyatında ağır yaralandığı iddia edilən əl-Bağdadinin vurulduğu əməliyyat isə iddialara görə belə reallaşıb: ABŞ təyyarələrindən atılan bir bomba nəticəsində Bağdadinin sağ çənə sümüyü ilə kürək sümüyünə mərmi parçası dəyib. Konvoy birdən dayanıb. İŞİD yaraqlıları Bağdadini avtomobildən çıxararaq konvoydan uzaqlaşdırmaq istəyib. Təxminən 10 dəqiqə keçmədən ABŞ təyyarələrindən ikinci bir zərbə endiriblər. Bu mərminin partlaması ilə Bağdadi daha ağır yaralanıb.
45 dəqiqə sahədə qalan Bağdadi və digər 9 İŞİD mənsubu əvvəlcə Respublika Xəstəxanasına gətiriliblər. Bu xəstəxanada təxminən 9 saatlıq müalicənin ardından xəstəxana binası üstündə dolaşmaqda olan insansız hava təyyarələrindən qorxan İŞİD yaraqlıları ilk müdaxilənin edildiyi Bağdadi və daha 4 adamı Mosulda xristian həkimlərin işlədiyi Algemhori Xəstəxanasına daşıyıbalr. Mosulu tərk etmələrinə icazə verilməyən xristian həkimlər Bağdadini bu xəstəxanada 18 saat boyunca müalicə ediblər.
Digər məlumata görə, 10 dəqiqə ara ilə ard-arda reallaşan iki hava əməliyyatı sonrası ağır yaralanan Bağdadi Algemhori Xəstəxanasından müqavimətçilərin çox olduğu 17 Noyabr Məhəlləsinə aparılıb. Xristian Yobert İbrahim tərəfindən müalicəsi davam etdirilən Bağdadinin vəziyyətinin kritik olduğu bildirilir. Mosuldakı mənbələr ağır yaralı İŞİD liderinin hər an həyatını itirə biləcəyini istisna etmirlər.
Modern.az