Modern.az

Deputat: “Azərbaycanın İŞİD-in hədəfində olmayacağına heç kəs zəmanət verə bilməz”

Deputat: “Azərbaycanın İŞİD-in hədəfində olmayacağına heç kəs zəmanət verə bilməz”

12 Noyabr 2014, 14:15

“Bu gün dünyanın müxtəlif ölkələrindən İraqa və ya Suriyaya yollanan məlum muzdlular etnik, dini, milli sədlərə baxmadan hərəkət edirlər. Buna görə Azərbaycanda hansısa məkanın İŞİD  üçün baza kimi seçilməsi, kamikadzelərin hazırlanması, gələcəkdə həmin adamlardan hansısa əməliyyatlarda istifadə edilməsi bizə təəccüblü görünməməlidir”.
Bunu Modern.az saytına  Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycanda İŞİD və digər təhlükələrlə bağlı hüquq-mühafizə orqanları operativ işləyir: “Onların geniş bir çatda iqtisadi, maliyyə və digər dayaqlarının aşkarlanması və zərərsizləşdirilməsi yönündə addımlar atılır. Ancaq etiraf etmək lazımdır ki, təlim düşərgəsi yox, müəyyən bir mərkəz yarada bilərlər. Parlamentin təhlükəsizlik komitəsinin üzvü kimi belə bir mötəbər məlumata malik deyiləm. Bu gün sizin dediyiniz məsələnin ortaya çıxması bizi düşündürməlidir. Biz düşünməliyik ki, nədən müxtəlif ictimai qollar, ayrı-ayrı mənsəblər, bu cür birliklər sanki terrorçu yetişdirmək qayğısına qalıblar?!. Bunların əsas missiyası niyə etiqaddan, xeyirxahlıqdan kənara çıxıb hansısa məkanda Qərbə və digər dairələrə qarşı ekstremizmi stimullaşdırmağa yönəlir? Nə üçün? Bunun üçün zəmin varmı? Azərbaycanda hansısa dini etiqad tapdalanırmı?”

Zahid Orucun fikrincə, terrorçuluq gəlir gətirən sahədir: “Silah qaçaqmalçılığı, insan alveri kimi mütəşəkkil cinayətkarlıq var. İŞİD üzvlərinin yetişdirildiyi ərazinin adını çəkdiniz. Azərbaycanda aldadıla biləcək şəxslər ola bilər. Onlar kiçik qrup səviyyəsində hansısa şərtlərlə insanları cəlb edərək niyyətlərini reallaşdırırlar. Düşünürəm ki, mediada gedən hər bir məlumatı hüquq-mühafizə orqanları izləyir, nə qədər gerçəkliyi əks etdirdiyi dəqiqləşdirilir. Bu dəfə də belə olacağına əminəm. Həqiqətən qeyd etdiyiniz yerlərdə terrorçu qruplara məşqlər keçirilirsə, heç kim zəmanət verə bilməz ki, bu gün İraqa göndərilmək adı ilə plan quranlar sabah eyni hədəfi Azərbaycandakı şəxslərə, qüvvələrə çevirməyəcək, yaxud başqa terror xarakterli hərəkətlər etməyəcəklər. Bu təhlükə hamımız üçün gözlənilir. Zənnimcə, ilk növbədə Milli Təhlükəsizlik Nazirliyi və digər kəşfiyyat strukturlarımız bu istiqamətdə çox ciddi araşdırma aparacaq”.

Vəhhabilərin Bakıda İŞİD-çilər yetişdirməsi barədə “Yeni Müsavat” məlumat yayıb. Xəbərdə sələfilərin təlim keçdikləri ünvan da göstərilib. Həmin yerin Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanı olduğu yazılıb.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama