Dövlətlərin təbliğində muzeylər müstəsna rol oynayır. Ona görə də inkişaf etmiş ölkələrdə bu məsələyə xüsusi önəm verilir. Hətta xaricdəki muzeylərdə çalışan bələdçilər yüksək məvacib alırlar. Buna adekvat olaraq insanlar da boş vaxtlarında tez-tez muzeylərə baş çəkirlər.
Modern.az saytının apardığı araşdırmalardan isə məlum oldu ki, Azərbaycan cəmiyyətində hələ ki, muzey mədəniyyəti arzuladığımız səviyyədə deyil.
Nə bələdçilər dolğun şəkildə Azərbaycanı təqdim edə bilirlər, nə də insanlarımız muzeylərə arzuladığımız şəkildə gedirlər.
Bəs, millət vəkilləri necə, heç olmasa onlar Azərbaycanda olan muzeylərə vaxtaşırı gedirlərmi?
Sabir Rüstəmxanlı deyir ki, imkanı olduqca muzeylərin hamsına baş çəkməyə çalışır.
“Ədəbiyyat muzeyində, Tarix muzeyində olmuşam. Nizami Adına Ədəbiyyat muzeyini çox bəyənirəm. Xalça muzeyi də xoş təsir bağışlayır. Ümumiyyətlə, bizdə muzeylərin fəaliyyəti qanedicidir”.
Eldar Quliyev də bildirib ki, o, Azərbaycandakı muzeylərin əksəriyyətində olub. “Bu məsələ Heydər Əliyev Fondunun diqqətindədir. Son zamanlar Fondun təşəbbüsü ilə müxtəlif muzeylər fəaliyyətə başlayıb. Bunu tədiq edirik. Hesab edirəm ki, müasir muzeylərin yardılmasına təlabat var”.
Nizami Cəfərov Azərbaycandakı əksər muzeylərdə olduğunu qeyd edib.
“Zaman tapdıqca, vaxtım olduqca muzeylərə gedirəm. Bizim muzeyləri başqa dövlətlərdəki muzeylərlə müqayisə edəndə çatışmayan cəhətləri ortaya çıxır. Bizdə tamaşaçı azdır. Səbəbləri isə göstərilən materialların azlığı və ziyarətçilər üçün şəratin yaradılmamsıdır. Məsələn, Parisdə muzeydə olmuşam. Orada hər cür şərait yaradılıb. Həm istirahət edirsən (çay, kofe içirsən), həm də ekponatlarla tanış olursan. Türkiyədə son illərdə muzeylərini zənginləşdirir. Ankarada “Anadolu”muzeyinin yerləşmə yeri əlverişlidir. Bir tərəfdən qədim Anadolu abidələrindəki yazılara baxırsan, bir tərəfdən də kofe içirsən. Bizim muzeylərdə yalnız eksponatlara baxırsan. Bu, kifayət deyil. Azərbaycanda muzey işini dərindən bilən mütəxəssis azdır”.
Elmira Axundova qonaqları ilə muzeylərə tez-tez getdiyini deyib.
“Bu yaxınlarda xarici qonaqlarımızla Şəki, Şamaxı zonasındakı muzeylərdə olduq. Oktabrda MDB parlamentariləri Azərbaycana gəlmişdilər. Qonaqları Şirvanşahlar sarayına apardıq. Bu muzeyi təmirdən sonra ilk dəfə görürdüm. Mən də, qonaqlar da valeh olduq. İlk dəfə Azərbaycandakı muzey məni tam qane etdi. Müasir İncisənət Muzeyində də olduq. Dizayn baxımından xoşagəlimlidir. Şirvanşahlar sarayı 21-ci əsrin bütün texnologiyalarımı özündə birləşdirən muzeydir. Muzey elektron formatda, elektron lövhələrlə, videolarla təşkil olunub. Həttda 3D formatı da var. Heydər Əliyev muzeyində də yeni texnologiyalar, maraqlı ekspozisyalar var. Lakin Bakıda yaradılan yeni formatları bölgələrimzə aparmaq lazımdır. Rayonlarda da bu mühiti yaratmağa ehtiyac var. Mədəniyyət Nazirliyinin əsas hədəflərindən biri də bu olmalıdır”.
Siyavuş Novruzov son dövrlərdə mədəniyyət və incəsənt sahəsinə ayrılan diqqət və qayğını önə çəkərək bildirib ki, YAP-ın hər zaman xarici qonaqları olur. Qonaqlarla birlikdə Bakı və bölgələrdəki muzeylərimizə mütəmadi olaraq baş çəkirlər.
“Bizim tədbirlər proqramına Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Muzeyi, Bayraq Meydanı Müzeyi, Lerikdə Uzunömürlülər Muzeyi daxildir.
O, Qəbələ, Oğuz, Gəncədə tədbirlər keçirləndə həmin bölgələrin muzeylərində də olduqlarını bildirib. S.Novruzov da qeyd edib ki, Azərbaycanı dünya ölkələri ilə müqayisə edəndə görünür ki, bizdə muzeylərin təkmilləşdirilməsinə ehtiyac var.
“Məsələn, Amerikada məktəblillər tarix dərslərini tarix muzeylərində keçirlər. Azərbaycanda da belə olsa, bu, həm muzeylərin fəaliyyətinin tənzimlənməsinə kömək edər, həm də insanların biliklərinin artamsına səbəb olar”.
Fərəc Quliyev deyib ki, yalnız Azərbaycanda yox, eləcə də dünya ölkələrinin muzeylərində olub.
“Azərbaycnda hansı bölgəyə gedirəmsə, mütləq muzeylərdə oluram. Azərbaycanı yaxşı tanımaq üçün muzeylərdə olmaq lazımdır. Azərbaycan muzeylərində eksponantlar çox zəngindir, lakin onları etinasız yanaşırıq. Eksponatları qorumağa biganə mövqeyimiz var. Tarixi mərkəzləri, mədəniyyət mərkəzlərini heç bir vətandaşlığa sığmıyacaq səviyyədə dağıdırlar və qorumurlar. Bununla yanaşı, muzeydəki eksponantların saxlama şəraiti də yaxşı deyil. Əlyazmalar, qədim kitabxanalar aid ləvazimatlar gələcəyə ötürülmə məsələsinə uyğun saxlanılmır”.
Fəzail Ağamalı deyir ki, muzey teatr deyil ki, hər il muzeyə gedilsin.
“Azərbaycan rayonlarında yox, Bakıdakı tarixi müzeyində bir il əvvəl olmuşam. Tarix muzeyi qədim eksponatarla təmin olunub. Bakıdakı muzeylər ola bilər biri digərindən memarlıq üslubu ilə fərqlənsin, lakin hər biri zəngindir. Heydər Əliyev muzeyi də diqqətə layiqdir. Muzeydə müxtəlif dərnəklərin olması müsbət haldır. Lakin yeniyetmlərin muzeylərə cəlb etmək üçün səylərimizi artırmalıyıq. Bu onların biliklərinin artırmasına kömək edəcək”.
Məltəm TALIBZADƏ