“Bizdə siyasət yoxdur, soyuq vətəndaş müharibəsi gedir”
Müsavat Partiyasının tanınmış üzvü, politoloq Hikmət Hacızadənin 60 yaşı tamam olub. O, Modern. az saytına müsahibəsində həm ad günü, həm də digər məsələlərlə bağlı suallara cavab verib.
- Hikmət bəy, dünən doğum gününüz idi, 60 yaşınız tamam oldu. Bu münasibətlə sizi təbrik edirik. Doğum gününüzü necə qeyd etdiniz?
- Siyasətçilərin buynuzu olmur ki. Biz də doğum günümüzü adi qaydada qeyd edirik. Dostlar gəlib təbrik edir, oturub bir yerdə nahar edirik, sağlıq deyirik. Doğum günümüzü standart formada keçiririk. Dünən də məni təbrik etməyə ən yaxın dostlarım gəldi. Oturub tariximizi vərəqlədik. Adətən, doğum günümü məktəb, universitet dostlarımla bir yerdə keçiririk.
- Sizin müxalifətdə də yaxşı dostlarınız var?
- Bəli, müxalifətdə dostlarım var, amma pulum yoxdur.
- 60 yaşınız tamam oldu. Maraqlıdır, siyasətçi Hikmət Hacızadə yaşanmış ömründən razıdırmı?
- Əlbəttə, öz ömrümdən razıyam. Mənə elə gəlir ki, bu illər ərzində çox çətin olub, amma şərəfli ömür yaşamışam. Adətən, belə günlərdə jurnalistlər soruşur: “Siz imkan olsaydı keçmişə qayıdıb təzədən yaşamaq istəsəydinizmi, yenə o yolu gedərdinizmi, həmin addımları atardınızmı?”.
Mən deyirəm ki, yox. Əgər mən keçmişə qayıtmalı olsaydım, bugünkü ağılla fərqli olardım. O zaman bilərdim ki, ya siqaret çəkməyim, yaxud getdiyim o yerə dönməyim, burda belə təhlükə var və sairə. Hər halda, həyatımı bir az başqa cür yaşayardım.
- Uzun illərdir siyasətdəsiniz. Maraqlıdır, oğlunuz Adnan Hacızadənin aktiv siyasi həyata qatılmaq fikri varmı?
- Kiminsə siyasətdə olub-olmaması onun özündən asılıdır. Oğluma gəlincə, Adnanın siyasətə gəlməyə nə bacarığı, nə də həvəsi var. Bu bir. İkincisi, bizdə siyasət yoxdur axı! Bizdə soyuq vətəndaş müharibəsi gedir. Bizdəki siyasət isə başqa cürdür. Mübarizə, qan, bıçaq və sairə.
- Dediniz ki, siyasətə gəlmək seçimi oğlunuzun əlindədir. Amma bir siyasətçi kimi oğlunuz Adnanın siyasətə gəlməsini istərdinizmi?
- Hansı ölkədə?
- Hər halda, Azərbaycanda
- İstəməzdim ki, oğlum siyasətə gəlsin. Çünki bizdə siyasət yoxdur. Əgər Hollandiyada yaşasaydıq, niyə də oğlum siyasətçi olmamalıydı?!
- 2015-ci il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Müxalifətin parlament seçkiləri ərəfəsindəki fəaliyyətini necə dəyərləndirirsiniz?
- Müxalifətin vəziyyəti çox ağırdır. Ümumən belə görünür ki, cəmiyyət susdurulub. Azad cəmiyyət yoxdur, azad qəzet, azad sayt yoxdur. Partiya fəalları aktiv deyillər. Bu vəziyyətdə seçkidən danışmaq çətindir. Partiyalar çalışacaqlar ki, öz varlıqlarını göstərsinlər. Biz vuruşuruq, bütün çətinliklərə baxmayaraq, biz fəalıq. Baxın, partiyalar o fəallığı nümayiş etdirir.
- Bəs, bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə müxalifət necə hazırlaşır?
- Əslində, bizdə demokratik seçkiyə inam yoxdur. Ona görə də açığı, bələdiyyə seçkilərində iştirak etmək üçün can atan namizədləri görmürəm. Amma kimsə yenə də nəyəsə ümid edib öz namizədliyini verəcək. O da öz seçimində azaddır. Konkret olaraq seçkidə iştirak edəcək fiqurlar görmürəm.
Namidə BİNGÖL