Mirzə Yusif - 60
Hər yaşın öz məziyyətləri var. Yaş var ki, yalnız sevinc gətirir. Məsələn, 30, 40, 50 kimi... Yaş da var, məsələn, 60, 70, 80 kimi, adamın sümüyünü üşüdür – payız küləkləri kimi.
... 60 yaşın özəlliyi həm sevinc, həm də kədər gətirməsindədir. 60-a çatmaq bir tərəfdən hünərdirsə, o biri tərəfdən çarəsizlikdir.
60 əcəl mələyinin qapını kəsdirib durduğu məqamdır.
60-dan o tərəfə nə qədər yaşasan, qazancdır.
Ağsaqqallıq məqamından müdrikliyə doğru atılan nərdivandır 60.
Arzuların səngidiyi, xatirələrin hücum çəkdiyi zaman kəsiyidir 60.
60 ürəyin ən çox çırpındığı, cavanlıq eşqinə köklənmək istədiyi vaxtdır.
Ömrün 60-cı pilləsində çox ehtiyatlı olmaq gərək. Bu yaşda azacıq cızığından çıxsan, vay halına!
Azar-bezarın asanlıqla səni tapdığı, dava-dərmanın sənə yol yoldaşlığı etdiyi yaşdır 60.
Bu yaşda təzə eşqə düşənin ağlı topuğundadır,demək.
60 -da nəvə-nəticənin əl-ayağa dolaşmasının özgə bir ləzzəti var..
AXI, MƏN KİMƏM?!
Atalar sözüdür, keçən qayıtmaz,
Çalış, öz ömrünü şərəflə yaşa.
Aldanma dünyada mala-dövlətə,
Yüzə yetməsən də, altmışsa yaşa....
Bu da 60 yaşım, bu da dərd yaşım
Yüz ağrı-acıya dözən mərd yaşım,
Hərdən zəhər yaşım, hərdən qənd yaşım,
Bu da 60 yaşım, bu da dərd yaşım.
Bir ömür yaşadım,xiffət içində,
Dopdoğma yerlərə həsrət içində.
Tək-tənha qalmışam millət içində,
Bu da 60 yaşım, ba da dərd yaşım.
Əzəldən tuş gəldim «qəfil güllə»yə
Aldandım yalana, uydum hiyləyə,
Ayları, illəri verdim küləyə –
Bu da 60 yaşım, bu da dərd yaşım.
Gümanım yoxuydu 40-a, 50-yə,
İndi 60-dayam, bəlkə, xoşbəxtəm?!
Bilmirəm, qoy bunu dostlar söyləsin:
Ömrün bu çağında axı, mən kiməm?!