Modern.az

“Sensasiyalı kitablar” - Fəridə Məmmədovanın ermənilərə haqq qazandıran kitabı

“Sensasiyalı kitablar” - Fəridə Məmmədovanın ermənilərə haqq qazandıran kitabı

14 Noyabr 2014, 15:41


Modern.az
saytı “Sensasiyalı kitablar” rubrikasını davam etdirir.  Qeyd edək ki, rubrikada vaxtilə böyük rezonansa səbəb olan elmi,  bədii, publisistik kitablar, həmçinin elmi əsərlər və onların müəllifləri, yazılma səbəbləri haqqında məlumat verilir.

Bu dəfə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun (AMEA) keçmiş şöbə müdiri, tarix elmləri doktoru Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” əsərindən söhbət açılacaq.

Kitab 2005-ci ildə uzunmüddətli elmi axtarışlardan sonra nəşr olunub. “Qafqaz Albaniyası və albanlar” əsərini bir çox səbəbdən AMEA-nın Tarix İnstitutunun əməkdaşları birmənalı qarşılamayıblar. Səbəblərdən biri müəllifin Azərbaycan tarix elminin əleyhinə bir sıra təhriflərə tol verməsi olub. Məsələn, müəllif kitabın 557, 601, 602-ci səhifələrində XIX əsrin birinci yarısında Rusiya imperiyasının işğal etdiyi Şimali Azərbaycan torpaqlarına köçürülən ermənilərin albanlar olduğunu iddia edir və bununla da indi Ermənistanın həyata keçirdiyi işğala tarixi və hüquqi haqq qazandırmağa çalışır.

Tarix İnstitutunun direktor müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Modern.az saytına  konkret faktlar, təhrif olunan xəritələr göstərərək verdiyi açıqlamasında kitabın mənfi üzünü tənqid edib:

“Fəridə Məmmədovanın iddiaları böhtandır. Onun gizli olaraq çap etdirdiyi “Qafqaz Albaniyası və albanlar” əsəri dövlət sifarişli idi və dövlətin maliyyəsi ilə yazılmalı idi. Dövlət sifarişi ilə yazılan kitab institutun bir neçə şöbəsində müzakirə olunandan sonra Elmi Şuraya buraxılmalı idi. Amma bu adam bütün mövcud hüquqi normalara məhəl qoymadan Azərbaycan qanunlarını pozaraq bu kitabı adı məlum olmayan bir nəşriyyatda kitabı çap etdirib.
1996-cı ildən bu mövzu üzərində çalışan Fəridə Məmmədova dövlətin pulunu mənimsəməklə bərabər, həm də dövlətin və xalqın əleyhinə ideoloji təxribata əl atıb. Bu, əslində cinayətdir.
Bununla da Fəridə Məmmədova 2003-cü il sentyabrın 23-də AMEA-nın Rəyasət Heyətinin qərarının da əksinə gedib”.

İşıq üzü görməklə rezonansa səbəb olan kitabın başqa mənfi tərəfi də oradakı xəritələrlə bağlıdır. Xəritədə mövcud olmayan qondarma “Böyük Ermənistan” fikrinin Azərbaycanın bir sıra tarixi şəhərləri, o cümlədən Ərdəbilin üstündən keçməsidir. C.Bəhramov buna da etiraz edib:
“Həmin kitabın sonunda xəritələr verilib. “Böyük Ermənistan”ın, yəni olmayan bir qurumun, olmayan bir ərazi vahidinin xəritəsini hazırlayıb. Orda “Böyük Ermənistan” sözü Ərdəbil şəhərinin üstündən gəlib keçir düz Xəzər dənizinə qədər. Tarixin heç bir mərhələsində öz hüquqi və faktiki təsdiqini tapmayan uydurma bir “dövlətin” xəritəsini vermək, üstəlik tarixi Azərbaycan ərazilərini onun tərkibinə  daxil etmək hansı məqsədi güdür? Fəridə Məmmədova kitaba daxil etdiyi 12-ci xəritədə (Erməni yeparxiyaları VI əsrdən başlayaraq) Erməni Qriqoryan kilsəsinin görə bilmədiyi bir işi yerinə yetirib. Bütün bunlar nə üçün edilib? Düşünürəm ki, bütün bunları Fəridə Məmmədova qəsdən edib. Bütün bunlar bu gün də davam edən erməni işğalına haqq qazandırmaq məqsədi güdür.
Fəridə Məmmədova 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Ondan elmi rəhbərinin kim olduğunu soruşun. Karen Yüzbaşyan. Bəs opponentləri? Suren Yeremyan və V.Qukasyan. Yenə sual verirəm: “Bunu yetişdirənlər kimlərdir, onun müəllimləri kimlərdir?!”.

Müəllif Fəridə  Məmmədova isə bir neçə mətbuat orqanına verdiyi müsahibəsində rezonans yaradan əsərinin pislənməsinin səbəbləri kimi bunları göstərib:

““Qafqaz Albaniyası və albanlar” kitabım 2005-ci ildə nəşr olunandan sonra mənə qarşı ədalətsiz münasibət nümayiş etdirildi. Bu münasibətin başında Tarix İnstitutunun direktoru Yaqub Mahmudov dayanır. O ilk dəfə kitabımla tanış olan zaman mənə dedi ki, “sən niyə burada Ermənistan adlı dövlətin olmasını əsaslandırmağa çalışıbsan?” 
Əlbəttə ki, əsaslı elmi araşdırmam araşdırılmadan, məni Ermənistana işləməkdə, ermənilərin maraqlarına xidmət etməkdə ittiham etdilər. Az qaldılar mənə casus damğası vursunlar. Həmin gündən sonra Yaqub Mahmudovun tapşırığı ilə əsərlə tanış olan və olmayan hər kəs, hətta institutun laborantları belə, kitabı tənqid etməyə başladılar. Əslində isə mənim ermənilərin Qafqazda hansısa dövlətə sahib olduğuna dair mülahizəm olmayıb. 
Sadəcə, elmi əsasa söykənməyən kampaniya aparmaqla, məni öz işimdən usandırmaq və institutdan uzaqlaşdırmaq istəyirdilər. Lakin buna nail ola bilmədilər. Bütün təzyiqlərə baxmayaraq, Tarix İnstitutundan çıxmadım. Hətta kitab AMEA-nın Rəyasət Heyətində müzakirə edildi. Məqsədli şəkildə mənim fikirlərimin mətbuata çıxmasını qarşısı alındı. Əlbəttə, bu kampaniya heç bir elmi kökə dayanmırdı”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI