Modern.az

“Məşhur tələbə yoldaşım”: “Zeynəb zəng edib, dedi “qeyrətiniz, kişiliyiniz olsun!..” - Dədə Süleyman

“Məşhur tələbə yoldaşım”: “Zeynəb zəng edib, dedi “qeyrətiniz, kişiliyiniz olsun!..” - Dədə Süleyman

15 Noyabr 2014, 11:33

Modern.az-da “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki müsahibi “Dədə Süleyman” ləqəbi ilə tanınan əməkdar artist, xanəndə Süleyman Abdullayevdir. Süleyman Abdullayev Modern.az saytına tələbə yoldaşı, xalq artisti, Azərbaycanı dünyada tanıdan, sevilən müğənni Zeynəb Xanlarova haqqında danışır:

“Baxarsınız, bu qız dünyada tanınacaq”

“1960-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna qəbul olunmuşam. Müəllimimiz böyük xanəndə Seyid Şuşinski idi. Seyid Şuşinskinin özünün dərs demək metodu var idi. Belə ki, o birinci, ikinci, üçüncü, dördüncü kursları bir yerə yığıb dərs deyərdi. Zeynəb Xanlarova ilə orada tanış olmuşuq. Zeynəl xanımla yanaşı, bizdə İslam Rzayev, Əlibaba Məmmədov, Qulu Əsgərov, Nəriman Əliyev, Sabir Mirzəyev, Şahmalı Kürdoğlu və başqaları oxuyurdu. Nəriman Əliyev sonra Seyid Şuşinskinin yerinə dərs dedi, böyük xanəndələr yetişdirdi.

Tələbəlik dövründə Zeynəb xanımla münasibətimiz çox yaxşı olub. O vaxtı da Zeynəb xanımın çox gözəl xasiyyəti var idi. Məktəbin kiçiyi Sabir Mirzəyevlə mən idim. Zeynəb xanım həmişə başıma sığal çəkib bacı kimi, doğma bir insan kimi mənə öyüd-nəsihət verirdi ki, “Sülü, o mahnıları da öyrən, sənin səsin yaxşıdır”. O, çox sadə idi. İndi də sadədir. Heç ömründə eşitmisiniz ki, Zeynəb xanım bəzi xanəndələr kimi çıxıb desin ki, “getdim xaricdə konsert verdim gəldim”. Zeynəb dünyanı gəzib, bircə Şimal Buzlu Okeanına getməyib, ora da gedecək. Gələn il bəlkə ora da getdi. Qitələrin hamısını gəzib. Buna baxmayaraq çox sadə, təvazökardır. Heç bir dəfə Zeynəb xanımın özünü təriflədiyini eşitmisiniz, yox, ona xalq qiymət verir, dövlətimiz qiymət verir.

Yadımdadır, müəllimimiz Seyid Şuşinski Zeynəb Xanlarovanın oxumağı haqqında demişdi: “Bu gözəl qız böyük oxuyan olacaq, dünyada tanınacaq, baxarsınız”. Elə də oldu. Böyük sənətkarımız Müslüm Maqomayev da bizimlə paralel oxuyurdu. O vokal sinfində oxuyub. Seyid Şuşinski Müslüm Maqomayev haqqında da deyirdi ki, o, dünyada tanınacaq. Xanəndələrdə görmə qabiliyyəti var axı. Seyid Şuşinski də bu uzaqgörənlik var idi, verdiyi qiymət düz çıxdı.

Zeynəb xanım çalışqan idi. O vaxtkı 16 respublikanın hamısında həmin ölkənin dilində də mahnılar oxuyub, onun elə çalışmaları vardı.

Çox tanınmış xanımlarımız olub, amma xarici ölkələrdə Azərbaycanı tanıtmaqda ən məşhuru Zeynəb xanımdır. O, keçən il Amerikada bir konsert verdi. Deməli, bütün qəzetlər, radio, televiziyalar Zeynəb xanımın konsertindən elə danışırdılar, adamın ürəyi açılırdı”.

“Zeynəb xanım Milli Məclisdə deyəndən sonra mənə “əməkdar artist” adını verdilər”

“Zeynəb xanım xeyirxah bir insandır. Bu tələbəlik vaxtından da görünürdü. Heç kimə bir ağır söz deməzdi. Biri qeyri-adi bir sual verəndə ona gülə-gülə cavab verirdi ki, sən bunu düz bilmirsən, daha Zeynəbdə hirslənmək, filan yox idi. Allah ona gözəl səs, gözəl xasiyyət, gözəl də yaddaş verib. Nə oxuyub, nə edib- hamısı yadındadır.

Qadın xanəndələri arasında birinci Zeynəb Xanlarova “Çahargah” muğamını oxumuşdu. Ona qədər qadın xanəndələr ritmik muğamlar da oxuyub, “Segah” da oxuyub, amma “Çahargah” çətindir. Ondan sonra “Şur” muğamını da Sara Qədimova, Şövkət Ələkbərova oxudu. Deməli, Zeynəb bir dəfə gəldi Seyid Şuşinskiyə dedi ki, “ağa, mən bu “Çahargah”ı oxuyub səsyazısı etdirmək istəyirəm”. Seyid dedi: “onda məşq edək”. Onlar bir neçə ay məşq etdilər. Zeynəb bir də gəldi dedi ki, “ağa, mən “Çahargah”ı “zapis” etdirdim”. Dedi, “qulaq asaq”. Seyid qulaq asandan sonra dedi ki, əladan da əladır. Zeynəb xanım muğamları dərk edir, yollarını bilir deyə, mahnıları yaxşı oxuyur. Həm də Allah-təala ondan heç bir şeyi əsirgəməyib. Hər şeyi verib, yəni xasiyyəti gözəl, özü gözəl, mahnıları, mahnı seçimi, muğamatı gözəl...

Tələbəlikdən sonra da Zeynəb xanımla görüşürük. Aramızda həmişə mehribançılıq olub. Xasiyyəti necə var elə də qalıb. Daha da sadələşib. Getdikcə də gözəlləşir. Zeynəbin yaşını bilmirəm, mən ona 21yaş verirəm. Həmişə deyirəm 21 yaşlı Zeynəb. Çünki indi də elə oxuyur. O səhnəni, xaqlı görür. Zeynəb xanım oxumaqdan qorxmur, oxumaq Zeynəb xanımdan qorxur. Əsl xanəndə oxumaqdan qorxmamalıdır. O Zeynəbdə var. Bəlkə bizlər də ondan götürmüşük. Zeynəbin konsertlərinə getmişəm. Deyərdim ki, Azərbaycanda anşlaqla konsert verən qadınlarımız olub, amma Zeynəb kimisi olmayıb.

Mən ömrümdə vəzifəli adamların qapısını döyməmişəm. Bir dəfə Milli Məclisdə fəxri adlar məsələsi müzakirə olunanda Zeynəb xanım dedi ki, “Seyidin yaxşı tələbələri vardı. Amma ən sevimlisi birinci mən idim, ikincisi Süleyman. Bəs ona niyə ad vermirlər?”. Ondan sonra mənə 74 yaşımda “əməkdar artist” adı verdilər. Sağ olsun ki, o, yada saldı. Zəng etdim, minnətdarlığımı bildirdim. Bax, Zeynəbin qeyrəti ordadır.

Zeynəbin oxuduğu mahnıları bəyənməmək nadanlıq olar. Mən onun mahnılarının hamısını bəyənirəm. Zeynəb nə oxuyursa, möhürünü vurur ki, bu, Zeynəbin oxuduğu mahnıdır. Və başqası onu nəcə oxusa da, heç vaxt Zeynəb ola bilməz. Mahnının böyüklüyünə, kiçikliyinə baxmayaraq, kimsə onu oxuyur, yamsılıyırsa, deyirlər, bu Zeynəbin mahnısıdır”.

“Zeynəb Xanlarova yeganə xanəndəmizdir ki, toy məclisinə getmədi”

“İndi də xanəndələrimiz var, azadlıqdı, bizi dünyada tanıdırlar. Amma Sovet höküməti vaxtında Azərbaycanı tanıtmaq hər oğulun işi deyildi. Zeynəb xanım kişi xasiyyətli, kişidən də cürətli bir xanəndə idi ki, SSRİ vaxtında Azərbaycanı tanıtdı. Bütün xarici ölkələrdə birinci “dinlə məni, gözəl vətən, Azərbaycan, Azərbaycan” deyib konsertlərə başlayırdı. Bu həm də vətənə böyük sevgisindən irəli gəlir. Çox qeyrətlidir. Mən daxil olmaqla bütün xanəndələrimiz-hamısı onu çox istəyir. İndi onu istəməyən də olur. Ancaq o heç kimi vecinə də almır. Məni görəndə hal-əhval tutur ki, “Sülü, nətərisən?”. O gün bir məclidəydik, dedi ki, “gördün də, sənə adı verdik”.  Dedim, “çox sağ ol, ailəmin adından sənə minnətdarlığımı bildirirəm. Qeyrətlisən, namuslusan, Azərbaycan xalqının yeganə xanəndəsisən ki, dünyada Azərbaycanı xanəndəliklə tanıtdırırsan.

Bir dəfə dərsdə idik. Zeynəb xanım da çalışırdı, mahnı oxuyurdu, gəlirdi ağanın yanında otururdu, ağa da onunla farsca danışırdı, gülürdülər. Şahmalı Kürdoğlu “Rast” oxuyurdu. Tarçalanımız da Kamil müəllim idi. Müəllim Şahmalıya dedi ki, “sənin səsin düz deyil, xaric oxuyursan. Yəqin toyda olmusan, səsin düz deyil”. Şahmalı dedi, “düzdür”. Nə isə, Şahmalı hirsləndi, durdu çıxdı çölə. Ağa mənə dedi ki, “get o sıpanı çağır”. Zeynəb orada bir qəhqəhə çəkdi, bir güldü ki... Mən də sinifin sonbeşiyi idim. Çıxdım, bilə-bilə dedim “ə, Şahmalı, ağa deyir ki, get, o sıpanı çağır”.
– Nə?! Sıpa?! Elə dedi?!
O məclisimiz gülməklə keçdi. Zeynəb xanımın böyüklüyü ondadır ki, ömründə toy məclisinə getmədi. Zeynəb xanım yeganə xanəndəmizdir ki, o toyla dolanmadı, konsertlərlə dolandı.

Bəzi xanəndələr gedir Biləcəridən o yana gəlir, deyir ki, “mən Türkiyədə konsert verdim, belə etdim, elə etdim”. Zeynəb bir dəfə deməyib ki, “mən getdim Çində konsert verdim, ora dağıldı”. Zeynəb getdi, qitələri gəzdi, bir dəfə demədi ki, konsertim yaxşı keçdi. Başqaları dedilər ki, “zalımqızı dağıtdı oraları”. Bu Seyidin tərbiyəsidi. Seyid Şuşinski də elə təvazökar olub”.

“Eldəniz Məmmədov oxuyanda zəng vurub dedi ki, qeyrətiniz olsun, birinci bu səsdir”

“Zeynəbin Amerikadakı konsertində oralar bomba kimi partlamışdı ki, bu qadın nə edir, nə demək istəyir. Bu demək istəyir ki, dünyada mən birinciyəm. Mən belə hesab edirəm ki, elə dünyada birinci xanım bizim gözəl xanənədəmiz Zeynəb Xanlarovadır. Zeynəb möhürü elə vurub ki, onu bir də təkrar etmək qeyri-mümkündür. Bir dənə Zeynəbimiz var. Allah ona ömür versin, nəvə-nəticə toyu görsün, ona layiqdir.

Opera və Balet teatrında Zeynəbin rollarına baxmışam. “Leyli və Məcnun”da, “Əsli və Kərəm”də yaddaqalan rolları yaradıb.

Zeynəbin ürəyindən yoxdu. Bir mahnı onun xoşuna gələndə gözlərindən yaş tökülür. Bu adam necə pis adam ola bilər? Musiqini sevən vəzifəli adamlar həmişə yaxşı adamlar olur. Heydər Əliyev musiqini sevirdi. Zeynəb oxuyanda onun gözündən yaş gəlirdi. O pis adam ola bilməz. Musiqini dərk etməyən insanlar həmişə pis olur. Gözəl musiqi eşidəndə həmişə Zeynəbin gözləri dolar, ona bir qiymət verər ki, necə qəşəng oxudu. Məsələn, “Xalq ulduzu” yarışmasında Eldəniz Məmmədov müsabiqədə “Sən, sən”i oxuyanda Zeynəbin o qədər xoşuna gəlmişdi, dura bilmədi, zəng etdi verilişə, dedi “qeyrətiniz, kişiliyiniz olsun, bu səs gözəl səsdir, budur elə birinci”. Çünki onu tərpətmişdi. Zeynəb çox ədalətlidir. Zeynəbə heç kim sataşa bilməz, heç kim onda irad tuta bilməz. Amma o birilərində nə bilim, Allah bilir, xalq da görür. Xalqın gözü tərəzidir. Xalq hər şeyi seçir, bilir kim kimdir, kim necə oxuyur, kim necə hərəkət edir. Xalqdan gizlətmək qeyri-mümkündür. Zeynəb ancaq oxumağıyla məşğul olub. Ancaq səhnələrdə olub. Həyatını gözəl qurub. İki oğlu, nəvələri var.

Zeynəb bir dənədir, o Azərbaycan xalqı üçün gərəklidir, Azərbaycanı tanıdan xanımlardan birincisidir. Bu adam SSR xalq artistidir. Düşmənlərimiz Ermənistanda gedib konsert verib, oranın “xalq artisti” adını alıb. Özbəkistanın xalq artistidir. Zeynəbin almadığı mükafat yoxdur. Xalq həmişə Zeynəbi sevib, sevəcək...”.






Misranə Həsənzadə 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI