Modern.az

Ermənilər vurulan helikopteri özləri də çəkib - VİDEO

Ermənilər vurulan helikopteri özləri də çəkib - VİDEO

16 Noyabr 2014, 22:09


Ermənistan mətbuatı noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində məhv edilmiş Mİ-24  hərbi vertolyotunun uçuş anının videosunu yayıblar. Video vertolyot vurulmazdan xeyli öncə lentə alınıb.

Modern.az saytının Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, videodan da görünür ki, Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopteri silahlı olub və təlimlər zamanı atəş açır. Elə vertolyotunun vurulmasına səbəb də onun Azərbaycan qoşunlarının mövqelərinə yaxınlaşaraq, atəşə tutması və provakasiya yaratması olub.

Halbuki, Ermənistan Müdafiə Nazirliyi bütün dünyaya bəyan etmişdi ki, guya, həmin helikopterlərdə heç bir silah olmayıb, atəş açılmayıb və sadəcə təlim uçuşları həyata keçiriblər. Ancaq ermənilərin özləri yaydıqları video ilə öz yalanlarını açıb-ağartdılar.

Noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistana məxsus Mİ-24  hərbi vertolyotunun məhv edilməsi bütün dünyada geniş rezonans doğurub. Hərbçimiz İlkin Muradovun həmin vertolyotu vurması anı sonradan sosial şəbəkələrdə və xarici televiziyalarda nümayiş etdirildi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, düşmən vertolyotu “İqla” daşınabilən zenit raket kompleksi ilə vurulub. Buna səbəb həmin vertolyotun Azərbaycan mövqelərinə yaxınlaşaraq atəş açması idi.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI