Modern.az

Koroğlu sirri: Əfsanədən həqiqətə - III Hissə - MARAQLI

Koroğlu sirri: Əfsanədən həqiqətə - III Hissə - MARAQLI

16 Noyabr 2014, 22:54



Hələlik isə Buri bayın gözü ayağının altını görmürdü. Quyuk xanın yürüşü dayandırdığını görüncə o da öz tüməni ilə geri dönməyə qərar verir. Batı xanın onların bu itaətsizliyindən tərəddüd içində qaldığını görən Subuday bahadır nə qədər dil töksə də, “geri olmaz. Artıq bu qədər iş görülmüşdür. Son dənizə qədər irəli. Ancaq irəli” deyə yanıb yaxılsa da, xeyri olmur. O biri tümənlərin də Quyuk xanla Buri baydan örnək ala biləcəyindən ehtiyatlanan Batı xan 1242-ci ildə orduya geri dönmək əmri verir. Beləliklə,bu yürüşün sonunda onun hökmranlığı altında olan Cuçi ulusu nəhəng miqyasa çatdırılıb Böyük Altın Ordu imperatorluğuna çevrilir.

Əslində xaqanlıq Quyuk xana çatmırdı. Ugedey xan onun lovğa və içkiyə meylli olduğunu görüb kiçik oğlunu vəliəhd elan etmişdi. Kiçik oğul vaxtsız vəfat etdiyindən xaqanlıq ondan da onun oğluna  çatmalı idi. Amma Quyuk xanın anası müvəqqəti olaraq dövləti idarə etdiyi vaxtlarda cürbəcür hədiyyələrlə bir çox sözü keçən adamların qəlbini ələ ala bilmiş və çox intriqalardan sonra, nəhayət,1246-cı ildə oğlunu böyük xaqan taxtına oturtmağa nail ola bilmişdi.

Bəli, artıq Quyuk xan bütün monqolların böyük xaqanı idi. Artıq yaxın-uzaq ellərdən bütün yadelli hökmdarlar ona təzim etməyə gəlirdilər. Onun xeyir-duası olmadan bir kimsənin hökmdarlığı qanuni deyildi. Rus knyazları da digər hökmdarlar kimi, bahalı sovqatları ilə onun Karakorum ilindəki böyük alaçığının önündə növbəyə durub qəbul vaxtlarını gözləyirdilər. Çünki bir çox rus şəhərlərini, o cümlədən Moskvanı yandıran Batı xanın qılıncının kəsərini görmüşlər. Özlərini pis apararlarsa Karakorum və ya qısaca Korum ili /ruslar ona “kremli” deyirdilər/  uzaqdadır deməsinlər. Batı xan yaxında, Xəzərin Şimalında Saray-Batıdadır, hər an dəmir kimi yumruğunu sarı təpələrində görə bilərlər. Amma qorxularından heç cınqırlarını çıxara bilərdilərmi? O qorxunc illərdə əzizləyərək ona müraciətlə dedikləri  “Batka”, “Batya”, “Batyuşka” sözləri bu gün belə, rusların “ata” mənasında dillərində işlənməkdədir. Candara “jandarma”, tengeyə “denqi”, gömrükxanaya tamqa sözündən “tamojnya”, knyazların saraylarına paytaxtın adından “kremli”  və s. dedikləri kimi.

Xaqanın alaçığına girəndə diqqət edilməlidir: kandarı tapdamaq olmaz, monqol adətinə görə bu, alaçığın sahibinə ölüm arzulamaqdır. Bilərəkdən, ya bilməyərəkdən, heç fərq etməz, Quyuk xan dərhal əmr edər, alaçığın ağzında duran iki kəlpeysər pəhləvan zavallını sürüyüb çölə çıxarar, biri boynundan, o birisi ayaqlarından tutaraq iki qatlayıb bel sümüyünü qırar, köpəklərə atardılar.

Yüz illərlə islam dünyasına qarşı səlib yürüşləri düzənləsələr də, gözlədikləri nəticəni ala bilməyən, indi də monqol qorxusu ilə yaşayan Avropa hökmdarları monqollar Triyestdən getdikdən sonra uzaq Karakoruma din pərdəsinə bürünmüş kəşfiyyatçı missionerlər göndərməyə başlayırlar. Ümid edirlər ki, Batı xana və ya böyük xaqana xristianlığı qəbul etdirə bilərlərsə, təhlükəni özlərindən uzaqlaşdırıb islam dünyası tərəfə yönəldə bilərlər. Roma papası missionerlərdən birinə Quyuk xan üçün yazıb verdiyi məktubda xaqanı xristianlığa dəvət edir, o dünyada əbədi rahatlıq üçün günahlarının bağışlaya biləcəyini deyir. Amma Tanrının vəzifəsini vicdansızcasına öz üzərinə götürmüş birisinin həyasızca ona məktub yazması Quyuk xanı bərk qəzəbləndirir. Ona görə də cavab məktubu çox sərt olur: “Tanrının qüdrəti ilə günçıxandan günbatana qədər bizə verilmişdir... İndi siz səmimi qəlbdən deməlisiniz: “biz sizin təbəələrinizik, biz sizə bütün var-dövlətimizi verəcəyik”. Sən bütün krallarınla birlikdə hamınız istisnasız olaraq gəlin bizə xidmət və itaətinizi təklif edin. Yalnız bu andan etibarən biz sizi itaət edənlər hesab edə bilərik. Əgər Tanrının əmrinə itaət etməzsəniz və bizim əmrimizə qarşı gəlsəniz düşmənimiz hesab ediləcəksiniz”.

Hələ onbirinci əsrin ikinci yarısından, yəni Səlcuq türklərinin Bizanslıları Kiçik Asiyadan qovduqları vaxtdan türklərə düşmən kəsilmiş haylar - özlərinə bu gün erməni deyən bu Balkan tör-töküntüləri Avropa hökmdarlarının saraylarına yol taparaq, onları islam dünyasına qarşı səlib yürüşlərinə təhrik edirdilər. Bizansa ərəblərin dili ilə ər-Ruminiyyə, yəni rumilər, romalılar torpağı deyərək onun bərpası üçün min cür fitnə-fəsad törədirdilər. Hətta güya bir erməni katolikosuna Tanrıdan vəhy gəlmişdi ki, Fransa kralı at belində Təbrizə qədər gələcək və şan-şöhrətlə Təbriz taxtına oturacaq; bu sənəd müqəddəs yazı kimi ermənilər tərəfindən Avropa hökmdarları arasında cidd-cəhdlə yayilmaqdaydı. Amma Quyuk xana qədər altı-yeddi səlib yürüşü olmuşdusa da, səlcuqluları Bizans ərazisindən çıxara bilmədiklərini görən haylar indi də uzaq şərqdəki yeni bir gücün iyini almışdılar. Bu güc o əsrin qırxıncı illərində Kiçik Asiyada səlcuqlulara qarşı da bir neçə dəfə nəyə qadir olduğunu göstərmişdi; tarixçilərin dediyinə görə bu, savaşdan çox türklərin döyüş meydanından kütləvi qaçışına oxşayırdı. Bir halda ki, artıq monqol xaqanının qarşısında duracaq bir qüvvə yox idi, demək indi də onun ətəyindən yapışıb yalvar-yaxar etmək, ağlaşmaq lazım idi. /hayların böyük ər-Ruminiyyəni - Ərminiyyəni bərpa etmək üçün qüdrətli dövlətlərdə ağlaşma  qurmaq mərasimləri bu gün də davam edir. Yalnız fərq ondadır ki, indiki xristianlar özlərini elə aparırlar ki, güya Ərminiyyənin Bizans olduğunu bilmirlər və Bizansın bərpasına deyil, sadəcə “zavallı” haylara kömək etmək üçün çalışırlar/.

Və hayların monqol xanlarının yanına kütləvi axını başlayır. Fransız missionerləri o dövrdəki səyahətnamələrində Batı xanın da, Quyuk xanın da, Munke xanın da yanında, alaçıqlarının qabağında, onların hərəkət etdikləri yerlərdə çoxlu “ərminilərlə” rastladıqlarını yazırlar. İmkan düşən kimi keşiş libaslarını geyinib taxtadan düzəltdikləri böyük xaçlarla xan alaçıqlarının önündə elədən beləyə gəzən bu şübhəli adamlar bir şeydən qəti əmindirlər; heç bir monqol onlara toxunmaz. Çünki hansı dinə xidmət edir etsin, din xadiminə toxunmamaq Çingizxandan qalan əmr idi. Elə bu əmrdən də istifadə edərək  haylar asanlıqla xanların qəbuluna düşə bilirdilər. Fransız Rubrukun bir müddət birlikdə yaşamağa məcbur olduğu erməni sanki onların hamısının tipidir; xain, etibarsız, ikiüzlü, özünə din xadimi desə də dindən xəbəri olmayan, Rubrukdan yemək-içmək gizləyən, orucluyam deyib xəlvətcə qarındolusu yemək yeyən, onunla heç bir işləri olmayan yoldan keçən müslimanları təhqir edən, bir sözlə, ikiayaqlı heyvan.

Quyuk xanın içki düşkünü olduğunu bilən haylar Roma papasını da, Avropa krallarını da inandıra bilmişdilər ki, o, xristianlığı qəbul etməyə hazır olan birisidir və papa da buna görə məktub yazıb onu xaç çəkməyə dəvət etmişdi. Quyuk xan da demişdi ki, xaç çəkmək nədir, biz bunu anlamırıq, sonrası da sən kimsən ki insanların günahını bağışlayasan ya bağışlamayasan, bu, Tanrının işidir. Hayların ilk böyük oxları beləcə daşa dəymiş, necə deyərlər, qaş düzəldən yerdə vurub gözü də çıxarmışdılar. Amma müsliman türklərə nifrətin hədsizliyi onları ruhdan salmır, bu dəfə başqa üsula əl atırlar. Hər dəfə xaqanın beynini qorxu ilə doldururlar ki, Türküstanda müslimanların sayı durmadan artır, onlar tez çoxalmaq qabiliyyətinə malikdirlər, bunun önü indidən alınmazsa yaxın gələcəkdə sevimli monqol imperiyası üçün böyük təhlükə törədəcəklər. Nəhayət, xaqan beyninin içkidən dumanlı vaxtlarının birində bu sərsəmliyə inanır və bəşər tarixinin ən qeyri-insani fərmanını verir: Türküstandakı bütün müslimanlar axtalansın./!/

İnanılmazdır, eləmi. Amma tarixçilər bilirlər ki, bu faktdır. Uqedey xan oğlunun ağlının nə səviyyədə oluğunu bilirmiş ki, “ondan xaqan olmaz” deyibmiş. Bəli, Quyuk xan fərmanı imzalayır və bu fərmanın verilməsi üçün nə müddətdi dəridən-qabıqdan çıxan, sevimli monqol imperiyası üçün göz yaşları axıdan erməniyə verib deyir ki, Cığatay ulusunun xanına çatdır, dərhal icrasına başlasın. Fərmanı alan kimi sanki dünyanı ona veriblərmiş kimi sevinən erməni göz yaşları içində diz çöküb xaqanın əl-ayağını yalayır və həmin gün də Türküstana yola düşür. Amma çöllüklərdən keçəndə ilk baxışda çox adi, əslində isə böyük məna kəsb edən bir hadisə baş verir; böyük, ac bir aslan nərilti ilə onun üstünə atılır, parçalayıb ləzzətlə yeyir. Xəbər Quyuk xana çatdıqda bərk qorxuya düşür, bunda Tanrının bir əlaməti olduğunu anlayır və belə bir fərman verdiyi üçün o uca varlıqdan bağışlanmasını diləyir. Amma bu qorxu ondan heç cür əl çəkmir və o sakitlik tapmaq üçün əvvəlkindən də artıq, gecə-cündüz içməyə başlayır, nəticədə qara ciyəri sağalmaz xəstəlik tapır. Dəhşətli yuxular görməyə başlayır, yuxularından qan-tər içində oyanır, sonunda yatmaqdan belə, qorxur. Ağ saqqalı qurşağına qədər uzanmış, əmmaməsi və əbası qar kimi ağappaq nurani bir qoca tez-tez yuxularına girib onu boğmaq istəyirmiş. Yuxularına girməzdən əvvəl xan bir kərə onu həyatda görmüşdü. Tək bircə kərə. Ovda idi, qoşun bölükləri uzaqlardan çöl heyvanlarını hürküdüb gətirməli idilər, xan isə bir neçə turqaudu /mühafizəçisi/ ilə meşənin kənarında pusquda durmuşdu. Yaxınlıqdan kiçik bir çay axırmış. Xan səbirsizlənərək yavaş-yavaş turqaudlardan aralanıb atını çaya tərəf sürür. Bir də görür ki, çayın meşəyə burulduğu yerdə böyük bir ağacın arxasında ağ paltarlı bir qoca namaz qılır. Xan heyrətlə ona baxır: “Bu qoca buraya necə düşüb?””
Ov xanlar üçün sadəcə əyləncə deyildi, həm də bir növ döyüş məşqi idi. Ov ediləcək böyük bir ərazi üzük kimi mühasirəyə alınar, hər bir qoşun bölüyünə görəcəyi işlər əmr edilərdi, döyüşçülərdən başqa bir kənar şəxs həmin əraziyə ayaq basa bilməzdi.

Qoca artıq namazını bitirmək üzrəymiş. Xaqan atını yaxınlaşdırıb soruşur: “Sən kimsən?”. Qocadan səs gəlmir. Xaqan hirslənir: “Səninləyəm!”. Qoca yalnız bu zaman qalxır və çevrilib ona baxır. İlahi! Xaqan onun sifətini görəndə necə dəhşətə gəlir! Nəsə demək istəyir, səsi çıxmır. At da qorxudan kişnəyib şahə qalxır. Çünki qocanın gözləri yox idi. Gözlər əvəzinə bir cüt qanlı çüxur vardı, alov yanırdı. Hürkmüş at dəhşətdən sarsılmış sahibini yəhərdən aşırıb çılğıncasına hər tərəfə şıllaq ata-ata turqaudlara tərəf götürülür. Atı sahibsiz görən turqaudlar dərhal xaqana tərəf cumurlar. Zərblə torpağa çırpılmış xaqanın yalnız onların yaxınlaşdığını gördükdə dili açılır, xırıltılı səslə bağırır: “Hey, turqaudlar! Tutun onu!”.  Amma qoca harada idi? At onu yerə çırpdığı zaman tələsik aradan çıxmış, ağacların arasında gözdən itmişdi. Turqaudlar nə qədər axtarırlar, qocanı tapa bilmirlər. Bu hadisədən beş-altı gün sonra o ilk dəfə xaqanın yuxusuna girir və bu yavaş-yavaş davamlı hal almağa başlayır. Demək olar ki, hər dəfə də eyni şeylər təkrar olurdu, sadəcə hadisə müxtəlif yerlərdə baş verirdi. Yürüşdə, alaçıqda, ovda... Əvvəlcə qulaqlarına külək vıyıltısına bənzər bir səs gəlirmiş, ardınca ürəkyaxan fəryad, qışqırıq səsləri. Haradasa sanki yüzlərlə, minlərlə uşaq ağlaşırmış, qız-gəlinlər ah-nalə çəkirmiş. Və yuxudaca artıq bilirmiş ki, indi haralardasa lap yaxınlığında həmin o qocanı namaz qılarkən görəcək. Qoca namazını bitirəcək, qalxıb yavaş-yavaş ona tərəf gələcək, sakitcə əbasının qollarını çırmalayacaq və qurumaqda olan nazik, uzun barmaqları ilə onun boğazından yapışacaq, sıxdıqca sıxacaqdı. Xaqan onun dəmir kimi möhkəm əllərindən qurtulmaq üçün xeyli çapalayacaq, yalnız haldan düşənə yaxın onu özündən itələyə biləcəkdi. Və oyanıb görəcəkdi ki, bu da yuxu imiş...
Şamanlar, təbiblər xaqanın bu dərdinə çarə tapa bilmirdilər. Söz gəzirdi ki, o qoca vaxtilə Çingizxanın gözlərini müalicə edən bədbəxt həkim olacaq. Uğurlu müalicəyə görə Çingizxan ona sevimli kənizini hədiyyə etmişdi. Gözəl kəniz isə qoca həkimdə durmayaraq gənc bir oğlana qoşulub qaçınca həkim xaqana şikayətə gəlmiş, qızı tapmaq üçün ona yalvarmışdı. Xaqan bərk qəzəblənmiş, “arvadını əlində tutmağı bacarmayan kişinin mənim məmləkətimdə yaşamağa haqqı yoxdur” deyib onun edam olunmasını əmr etmişdi. Dərhal bədbəxtin belini qırıb köpəklərə atmışdılar.

Digərləri deyirdilər ola bilsin o, məşhur Buxara şeyxi idi. Çingizxan Buxaranı alanda əhaliyə toxunmur, yerinə Tahir xanı təyin edib yürüşünü davam etdirir. O getdikdən bir neçə gün sonra Tahir xan əmr edir ki, bütün Buxara əhli şəhərdən kənara çıxsın, güya vergilər üçün hamı siyahıya alınacaq. Bəli, təyin olunan gün heç nədən şübhələnməyən camaat qocalı-cavanlı, arvadlı-uşaqlı şəhər qalasından çöllüyə çıxır. Bayram nümayişi imiş kimi hamı yar-taraşıqlı paltarda, sevinc içində imiş. Yavaş-yavaş əhalini monqol atlıları hər tərəfdən əhatəyə alır və Tahir xandan əmr gəlir: qadınlar, uşaqlar, qocalar bir tərəfə, cavan oğlanlar bir tərəfə olsunlar! Bəzilərinin ürəyinə şübhə toxumları düşsə də əksəriyyət bu əmri deyə-gülə yerinə yetirir; camaat iki hissəyə ayrılır və bu iki hissənin arasına da monqol atlıları girir.Bir qədər də keçir, yeni əmr eşidilir: “hazır ol!”... və  ardınca  “Başlayın!”. Ey dadi-bidad! Siyahıya alınacaqlarını gözləyən, bayram əhvali-runiyyəli dinc camaatın başı üzərində dərhal qılınclar, qalxanlar parlamağa, oxlar uçuşmağa başlayır. Qız-gəlinlər zorla atların tərkinə basılır, kəməndlə ceyran kimi tutulub atların arxasınca sürülür. Ah-nalə, fəryad səsləri, körpələrin çığırtıları çöllüyü bürüyür. Gözləmədikləri mənzərədən çaşmış cavanlar analarının, bacılarının fəryadına dözməyib yalın əllə dəli kimi monqol atlılarının üstünə atılırlar. Qeyri-bərabər əlbəyaxa döyüş başlayır. Qadınlar tərəfdə olan qoca kişilər də dözməyib hərəkətə gəlirlər. İlk olaraq cox hörmətli şeyx yanındakı qızı qamarlamaq istəyən yekəpər atlının önünə keçir, lakin qılıncın enməsi ilə başı iki yerə bölünür. İkinci, üçüncü... beşinci zərbə... Digər qocalar qəzəbindən qudurmuş monqolu durdurmaq istəyirlər, lakin atlı dəstələr sel kimi üstlərinə axışırlar. Qolu kəsilən kim, başı üzülən, at ayaqları altında tapdanan kim, aləm bir-birinə qarışır. Çox keçmədən qeyri-bərabər döyüş bitir. Buxara əhlindən o gün qadın və uşaqlardan başqa, demək olar ki, bütün kişilər qılıncdan keçirilir. Monqollar ölülərin arasından cidd-cəhdlə bir neçə hörmətli adamın, o cümlədən də şeyxin meyitini axtarırlar. Digərlərini tapırlar, bir tək şeyxın meyiti yoxa çıxır. Doğram-doğram olub tikəsi ələ gəlməmişdimi, yoxsa atların ayaqları altında əzilib tanınmaz hala düşmüşdümü, məlum deyil. Məlum olan odur ki, meyit yox olmuşdu.

Məğlubedilməz monqolların qüdrətli xaqanına yuxularında əl qaldırmağa cürət edən qoca barədə digər bir ehtimal isə sırf müsliman kütlələr arasında yayılmaqda idi və zaman göstərdi ki, bu ehtimal deyəsən daha ağlabatan idi. Deyirdilər o, Allahın can alan mələyi Əzraildir, düşməninin qiyafətində xaqanın gözünə görünür, yuxularına girir, kafirlərin ruhunu boğazlarından şiddətlə çəkib çıxaran Allahiı qoyduğu əcəl vaxtını gözləyir. Bu da o deməkdir ki, xaqan gənc olsa da ömrünə çox az qalıb.

Ölümünün yaxınlaşdığını xaqan özü də hiss edirmiş. Görünür elə buna görə də daha böyük bir səhvə yol verir; bütün qoşununu toplayıb Batı xanın üstünə gedir. Batı xanın bundan xəbəri yox imiş. Çingizxanın sonbeşiyi Tuli xanın arvadı, gələcək dörd böyük xanın anası, buna görə də monqolların hörmətlə “içində dörd qiymətli inci gəzdirən balıqqulağı” dedikləri Sorkakdanə xatun dərhal gizlicə çapar göndərərək bunu ona xəbər verir. Buna görə də Batı xan da vaxtında qoşun toplaya bilir və Quyuk xanı qarşılamağa çıxır. Lakin Tanrı artıq aslan əhvalatı ilə bir dəfə Quyuk xanı xəbərdar etmişdi, əgər o nəticə çıxarmamışdısa günah onun özündə idi. Qoşunlar qarşı-qarşıya gəlməyə xeyli qalmış Quyuk xan ölür və beləcə monqollar arasındakı ilk böyük vətəndaş müharibəsinin qarşısı alınır.

1248-ci ildə. Kiçik Asiyada,Aralıq dənizinin sahilində çox kiçicik bir “ərmini” çarlığı vardı. Hələ on birinci əsrdə səlcuq türkləri Bizansı Kiçik Asiyadan qovduqları zamanlarda haylara onu bir mərhəmət nümunəsi kimi vermişdilər. O zaman güc səlcuqlularda idi deyə, haylar onlara Bizanslılardan şikayət etmişdilər, yalvarıb-yaxarıb onlardan kiçicik də olsa, bir torpaq istəmişdilər. İndi isə güc nə səlcuqlularda idi, nə Avropada, nə də Misir məmlüklərində. Əsl güc sahibi monqol xaqanı idi. Demək digər ermənilər kimi, türklərin bir zamanlar mərhəmət nümunəsi olaraq bağışladıqları həmin o kiçicik torpağın - Kilikiyanın çarı da onun yanına getməli idi. Üstəlik o ərəfələrdə xaqanın qeyri-insani fərmanı xəbərini də almışdı deyə, bərk sevinmişdi, çoxlu qızıl-gümüşlə, “ərmini” gözəlləri ilə onun görüşünə getməyə qərar vermişdi. Amma yalnız qızıl-gümüşlə və gözəllərləmi? Xeyr. Məsələ bundaydı ki, o zaman hayların sevimlisi, qürur mənbəyi olan Kilikiya çarı Birinci Getum cinsi azlıqlardan idi, kişi hökmdarlarının görüşünə getməyi xoşlayırdı. Quyuk xan da oddan-alovdan çıxmış əsl kişi. Niyə də onunla görüşməsin? Amma Quyuk xanın qəfil ölümü onun bu arzusunu ürəyində qoyur. Üç ildən sonra, 1251-ci ildə böyük xaqan taxtına Batı xanın birbaşa köməyi ilə Tuli xanın oğlu Munke xan oturur. Əsl adı Hayton olan Birinci Getum yalnız o zaman yola düşür; nə fərqi var, o olmasın bu olsun. Əvvəl Saray-Batıda Batı xanla, sonra da Karakorumda Munke xanla görüşür. Oralarda xanlara, sərkərdələrə qızıl-gümüşdən, “ərmini” gözəllərindən başqa daha nəyi təklif etdiyini demək çətindir, amma bu fakdır ki, geri döndüyündə səlcuq türkləri artıq ona Birinci Hayton deyil, Birinci Getum deməyə başlayırlar və tarixdə də bu adla qalır. /Qeyri-türklərə bildirmək istəyirəm ki, “getum” sözünü lüğətlərdə axtarmasınlar, çünki sözü olduğu kimi yazmaq ayıbdır, sadəcə izahını verim: bu, “oturan yerim” deməkdir/.

Nə isə... Haylar barədə hələ ki bu qədər. Çünki onların o qarışıq dövrdəki əcaib-qəraib əməllərindən yazacaq olsam ömür yetməz, biz isə Koroğlunu axtarmalıyıq. Demək,Çingizxanın ölümündən sonra ta Munke xanın taxta çıxdığı 1251-ci ilə qədər də Koroğlunun bu yerlə-göylə əlləşən monqollara qarşı mübarizə apara biləcəyini düşünmək mümkün deyildir. Artıq ilk tüfəngin icadına cəmisi səkkiz il vaxt qalmışdır, Koroğlunun bu silahla tanışlığını da 1260-70-ci illər arasında təxmin etmişik. Davam edək, bəlkə bir izə düşə bildik.

(ardı var)

Mirzə Hacıyev

***

Koroğlu sirri: Əfsanədən həqiqətə - I Hissə - MARAQLI
//modern.az/articles/67220/1/
Koroğlu sirri: Əfsanədən həqiqətə - II Hissə - MARAQLI 
//modern.az/articles/67281/1/

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI