filologiya üzrə elmlər doktoru, professor
Dil hər bir millətin məbədgahı, məbəd yeridir. Məbədin və məbədgahın müqəddəsliyini hər bir kəs qorumalıdır. Bu işə müqqəddəs bir borc kimi yanaşılmalıdır. Ancaq kirli adamlar məbədi, məbədgahı korladıqları kimi, laqeyd, biganə olanlar da dili korlayırlar. Bəzən dilin qayda-qanunlarına riayət etmirlər, dilin başına olar-olmaz oyunlar açırlar, bir sözlə, dilə təxribat edirlər. Dilə təxribat vətənə, millətə olan təxribat qədər təhlükəlidir.
Dil millətin hər bir üzvünün namusu, şərəfidir. Bura yersiz müdaxilə, yersiz əl uzatmaq, ağına-bozuna baxmadan nəyisə dəyişmək namusa və şərəfə olan hücümdur. Hər bir vətəndaş, hər bir insan bunu belə başa düşməlidir və bunu belə qəbul etməlidir.
Dil millətin qürur yeri, qürur mənbəyidir. Bu qürura söykənməklə, bu qürur vasitəsilə yazıçılarımız, şairlərimiz tarixə düşüblər. Bizim hər birimiz indi onları oxuyur və öyrənirik. Dil olmasaydı, bu, müşkül bir işə çevrilərdi. Dil öz qüruru, daxili potensialı və imkanları ilə eləcə də qayda-qanunları, ahəngi ilə şairləri, yazıçıları nəsildən-nəsilə tanıdıb, ədəbiyyat tariximizin şanlı səhifəsini yaradıbdır. Ona görə də bu dilin qayda-qanunlarını pozmaq, daxili ahənginə xələl yetirmək dilin qüruruna müdaxilə etməkdir. Həm də dilin qüruru ilə oynamaq, dilin qürurunu aşağılamaq, dilin qüruruna toxunmaq, ən başlıcası, dilin qürurunu sındırmaqdır.
Dil əcdadlarımızın, ulularımızın bizə miras qoyub getdiyi bir əmanətdir. Hər birimiz bu əmanəti şərəfimiz, ləyaqətimiz hesab edərək qorumalı və yaşatmalıyıq. Ancaq etiraf etmək lazımdır ki, dilin tətbiq olunduğu sahələrin bir qismində dilin qüruruna, şərəf və ləyaqətinə təxribat olunur. Dilin qayda-qanunlarına laqeydlik, biganəlik baş alıb gedir. Qeyd etmək yerinə düşər ki, bu gün kütləvi informasiya vasitələrinin – qəzetlərin, jurnalların, ekran və efirlərin maarifləndirici funksiyası heçə enibdir. Bir çox kütləvi informasiya vasitələrindən biz heç nə öyrənmirik. Öyrəndiklərimiz dilin qayda-qanunlarını pozmaq, dilin ruhuna, qüruruna, şərəf və ləyaqətinə toxunmaqdır. Bəzən kütləvi informasiya vasitələrinin bir qismində dilin hüquqlarını tapdalamaqla, onun qayda-qanunlarını korlamaqla məşğul olurlar. Çap olunan bəzi yazı-pozularda, müsahibələrdə, televiziya və radio çıxışlarında dili korlayanları görməmək mümkün deyildir. Bəzi televiziya və radio verlişlərinin aparıcıları dili korlayır, dilin qayda-qanunlarını pozur, mənasız və məzmunsuz danışıqları ilə dilin başına ip salıb oynadırlar. Bu artıq dildə xoşagəlməz bir meyilə çevrilibdir. Onlar hər an, hər dəqiqə dili qətl etsələr də, bu barədə düşünmür, və ağıllarına da yaxşı mənada heç nəyi gətirmirlər. Belələri hər an, hər dəqiqə, hər saat dilin qayda-qanunlarını pozaraq dilin üzərində az qala cərrahiyyə əməliyyatı aparırlar. Heç bir cərrahiyyə əməliyyatına ehtiyacı olmayan dilin qayda-qanunlarını pozaraq onu pinti bir vəziyyətə salırlar. Saf, təmiz Azərbaycan dili bu gün onu korlayanların sayəsində pinti bir vəziyyətə düşür. Bir sözlə, Azərbaycan dilini bəzi kütləvi informasiya vasitələri pinti bir şəkildə təqdim edirlər.
Dildə bu cür pinti meyilləri yaradanlar internet portallarında da fəalllaşıblar. Əksər vaxtlar internet portallarında hər gün dil qətl olunur. Burada nəzarət mexanizmi o qədər itibdir ki, dil zəlil, şikəst bir vəziyyət alıbdır.Hətta qəzet, jurnal, radio və televiziya ilə müqayisədə internet portallarında dilin vəziyyəti daha acınacaqlıdır. İnternet portallarında dilin qayda-qanunlarının pozulması və məzmunsuz yazışmaların baş alıb getməsi adiləşibdir. İnternet portallarında bu cür meyillərin gün-gündən çoxalması dilin özünəməxsusluğunu, ruhunu əlindən alır bir yana, həm də qüsurlu bir dil formalaşdırır. Yeri gəlmişkən onu da qeyd edək ki, internet portallarında cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri fəaliyyət göstərir, o cümlədən, ziyalılar. Ancaq ziyalıların internet portallarında dilin keşiyində durmaları bir yana qalsın, heç bəziləri öz yazı-pozularında dilin qayda-qanunlarının keşiyində dayanmırlar. Belə olan təqdirdə internet portallarında Azərbaycan dilinin qayda-qanunlarını qorumaq ictimai məsuliyyətə çevrilmir.
İnternet portallarında Azərbaycan dilinin keşiyində dayanmaq məsələsi ictimailəşmədiyi üçün ictimaiyyətin hər bir üzvünün marağında da olmur. Nəticədə internet portallarında Azərbaycan dilinin təəssübkeşliyi çəkilmir, Azərbaycan dilinin keşiyində dayanılmır, Azərbaycan dilinin qayda-qanunlarının qorunması məsuliyyətə, vətəndaşlığa çevrilə bilmir. Bu da bir həqiqətdir ki, oxu vərdişi itibdir. Oxu mədəniyyəti arxa plana keçibdir. İnsanları oxuyub mənimsəməkdən daha çox, mətləb, nəticə maraqlandırır. Bu mənada kitabların az oxunduğu dövrdə internet portallarındakı materialların da diqqətlə oxunmadığı fikrini qəbul etməliyik. İnternet portallarından istifadə edənlər materialların əsas qayəsi ilə maraqlanırlar. Oradakı dil qüsurları, dilə olan biganəlik, laqeydlik onlar üçün nə əsas hədəfdir, nə də məqsəd. Ona görə də oxu mədəniyyəti və bu mədəniyyətə olan tələbatın azaldığı bir dövrdə internet portallarındakı materialların dilindəki qüsurlar yazı mədəniyyətini və məsuliyyətini daha da az aşağı səviyyəyə salır. Belə olduğu üçün internet portallarında, bizə görə, dilin qayda-qanunlarını qorumaq üçün peşəkar redaktorlara ehtiyac vardır.
Hər bir internet portalında mükəmməl redaktorlar olmalıdır. Həmin redaktorlar internet portallarındakı materialların dilini nəzarətə götürməlidir. Onu da qeyd edək ki, bir sıra nəşriyyatlarda peşəkar redaktorların, korrektorların olmadığı bir vaxtda, təbii ki, internet portallarında redaktorların, korrektorların olması barədə çoxları düşünmür və düşünmək də istəmir. Yeri gəlmişkən onu da qeyd edək ki, hər bir intrnet portalında dili və onun qayda-qanunlarını qorumaq üçün peşəkar redaktorların və korrektorların olması vacibdir. Axı vaxtilə hər bir nəşriyyatın redaktoru, korrektoru, məsul katibi və s. olmuşdur. Hətta çap olunan kitablarda da bu ənənə qorunub saxlanıbdır. Məhz bu ənənəni internet portallarında da yaşatmaq lazımdır. Heç olmasa, bu yolla muəyyən qədər dilin keşiyində dayanmaq olar. Əks təqdirdə yazı mədəniyyətinin aşağı düşdüyü bir vaxtda internet portalları bu mədəniyyəti tamamilə məhv edəcəkdir. Nəticədə qayda-qanunu olmayan bir dil yaranacaqdır. Bir də, bu artıq bütün dünya dillərini çuğlayan bir problemdir. Dünya dillərinin hər biri bu problemlə üz-üzə qalıbdır. Bir daha qeyd etməyi özümə borc bilirəm ki, internet portallarındakı dil xətaları dil üçün çox qorxuludur. Vaxtilə kitablardakı səhvlərə aid nümunələr çap olunardı və kitabın arxa səhifəsində özünə yer alardı. Bu ənənəni internet portallarına da şamil etmək olar. İnternet portallarındakı materialların altında, yaxud da yanında materialdakı dilə aid düzəlişlər guşəsi yaratmaq olar. Bu guşədə internet portalındakı hər bir materialda olan dil qüsurları, düzəlişlər qeydə alınmalıdır. Dil qüsurlarını bu cür islah etməklə internet portallarında dil mədəniyyətinin qorunmasına müəyyən dərəcədə nail olmaq mümkündür.