Bu gün “525-ci qəzet”in fəaliyyətə başlamasının 22-ci ili tamam olur. Qəzetin baş redaktorunun müavini Yusif Rzayev təəssüratlarını Modern.az-la bölüşüb:
“22 əvvəl soruşsaydılar ki, 22 il sonra “525”i necə təsəvvür edirsiniz, yəqin ki, böyük vədlər verərdim. O vaxt doğrudan da böyük arzularımız vardı. Yəqin bu istək həm gənc olmağımızdan, həm də o zamankı ab-havadan irəli gəlirdi. İndi hərdən düşünürəm, Türkiyədəki Kanal D şəbəkəsinin yaşı təxminən elə “525”in yaşı qədərdi. “ANS”, deyəsən yaşca Kanal D-dən də böyükdür. Amma indi Kanal D təkcə reklamdan nə qədər pul qazanır və inkişaf edir. Çünki bu qurum biznes strukturuna çevrilə bildi. Bizdə isə media biznes strukturuna çevrilə bilmədi. Digər tərəfdən fikirləşirəm ki, bu illər ərzində Azərbaycanda nə qədər mətbu nəşr yaradılıb, nə qədəri az keçmədi bağlanıb, yoxa çıxıb. Ötən illərdə “525”in çətin günləri az olmayıb. Amma əgər qəzeti bu illər ərzində qoruyub saxlamaq mümkün olubsa, deməli sevinməyə dəyər. Bu illər ərzində “525” əsl fabrik olub, nə qədər jurnalist burda məktəb keçib, yazmaq öyrənib. Yazsaq, bu rəqəm bəlkə də 100-ü keçər, çoxu da tanınmış imzalardır. Bir sözlə, “525-ci qəzet”in zəhməti 22 il ərzində hədər getməyib”.
Namidə BİNGÖL