Modern. az saytı yeni “Necə dolanırsınız?” rubrikasına start verir. Ad yəqin ki sizə qəribə gəldi. Amma bir-birini tanıyan müxtəlif peşə sahibləri rastlaşanda mütləq bir-birindən necə dolandığını soruşur. Biz bu suala ilk sorğuda jurnalist həmkarlarımızdan cavab almışıq.
“Olaylar” qəzeti və eyni adlı informasiya agentliyində çalışan jurnalist Samir Güləliyevin dediyinə görə, iş yerində maaşı fərqlidir. Yəni hər ay eyni miqdarda maaş almır, bu, onun nə qədər işləməsindən asılıdır:
“Aldığım maaşla yalnız kommunal xərcləri ödəyirəm, bəzən bunun üçün də çatmır. Qış aylarında kommunal xidmət xərcim daha çox çıxır. Təkcə Azərbaycanda yox, bütün dünyada yaşamaq üçün yalnız pul lazım deyil. Amma normal yaşamaq, ehtiyaclarını ödəmək üçün pul vacibdir. Pul ehtiyacları ödəmək üçündür. Ehtiyaclarını ödəmək isə yaşamağa təkan verən amillərdəndir. Deməzdim ki, pul hər şeydir, bu fikirlə heç vaxt razılaşmamışam. Amma pul dolanacaq üçün vacib və birinci şərtdir. Əlbəttə, yaşamaq üçün ilk növbədə can sağlığı da lazımdır. Fikrimcə, insan yaşamaq üçün ilk əvvəl ağlından, qabiliyyətindən istifadə etməlidir”.
Həmkarımız ailələdir. O, aldığı maaşla ailəsinin ehtiyyaclarını tam qarşılaya bilmir: “Ailəliyəm, iki övladım var. Onların ehtiyaclarını maksimum ödəməyə çalışıram. Təbii ki, aldığım maaş ailəmin ehtiyaclarını tam ödəməyə qətiyyən imkan vermir. Buna görə əlavə işlə məşğul oluram. Təsəvvür edin, iş yerimdən aldığım maaşdan əlavə iki-üç o qədər də qazanmalıyam ki, ayın axırına qədər evdə yeməyə çörək olsun. İndi hansısa jurnalistin aylıq maaşı ilə normal dolana biləcəyinə inanmıram. Belə adamlar tək-tənha, subay ola bilərlər”.
“Gündəlik teleqraf” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədli çox danışmır. Bircə lətifə ilə mətləbə aydınlıq gətirir:
“Bir gün bir nəfər rayondan gəlir və Xeyrəddin Qocanın evini axtarır ki, ona göndərilən yeşiyi çatdırsın. Kağıza yazılmış ünvana uyğun olaraq gəlib Xeyrəddin Qocanın binadakı mənzilini tapır və qapını döyür. Qapı açılır, qonaq soruşur:
- Xeyrəddin Qoca burada yaşayır. Qapını açan Xeyrəddin Qoca deyir, "Yox". Cavan oğlan üzr istəyib gedir və binanın həyətindən onu göndərən adama zəng edib ünvanı dəqiqləşdirir. Həyətdə qonşular ünvanın düz olduğunu və Xeyrəddin Qocanın həmin evdə yaşadığını deyir. Oğlan yenidən yuxarı qalxır, qapını döyür və soruşur:
-Xeyrəddin Qoca burada yaşayır? Xeyrəddin Qoca əsəbi halda deyir ki, sən buna yaşamaq deyirsən?”.
“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu həmkarları ilə müqayisədə əmək haqqından o qədər də narazı deyil. Amma onun da gileylənməyinə səbəb olan amillər var: “800 manat maaş alıram. Təbii ki, indiki bazar qiymətlərini nəzərə alsaq, bu məbləğ ehtiyacları tam ödəməyə kifayət etmir. Amma buna da şükür. Mən pula o qədər də həvəsli adam deyiləm. Ən çox xərcimiz yeməyə, maşının xərclərinə çıxır. “Şərq” qəzetində hər gün pulsuz nahar verilir, bu da bir köməkdir. Bacardığım qədər ailənin ehtiyaclarını qarşılamağa çalışıram”.
Qafqazinfo.az saytının redaktoru Günel Əbilovanın fikrincə, maaş artdıqca pula olan tələbat da artır: “Maaş elə məsələdir ki, ondan razı qalmaq müşküldür. O artanda istəklərin də çoxalır. Bu səbəbdən “maaşından tam razıyam” deyən işçi özüm qarışıq heç görməmişəm. Bəlkə, böyüdüyümüz mühitdən asılıdır. Uşaq vaxtı valideynlərimin maaşları hətta kiçik məbləğdə olsaydı belə, onu planlı şəkildə böləndə rahat xərcləyə bilirdilər. Jurnalistikanın pullu peşələr arasında olmadığını hamımız bilirik. Bu baxımdan əminliklə deyə bilərəm ki, “Qafqazinfo” saytında əmək haqqı çox da aşağı deyil, hətta müqayisə edəndə, bir sıra media orqanlarından yüksək olduğu görünür. Bəlkə, kollektivimizin daha kiçik olmasından irəli gəlir ki, maaşımız normaldır. Məbləği açıqlamasam da, bir daha deyirəm ki, maaşım yaxşıdır. Hələ ki ailədə iki nəfərik, üstəgəl həyat yoldaşım da işlədiyi üçün maaşın azlığından şikayətçi deyiləm”.
Gun.az saytının əməkdaşı Kamil Həmidovun əmək haqqının xeyli hissəsi yol xərcinə çıxır. O, işə dünyanın axırı adlandırdığı Abşeron rayonunun Qobu kəndindən gəlib-gedir və ümumilikdə 6 avtobusdan istifadə edir: “Aldığım məvacib digər sənət və peşə sahibləri ilə müqayisədə nisbətən normal olsa da, ehtiyaclarımı, ailə qayğılarımı və problemlərimi tam və ürəyim istəyən kimi ödəmək imkanında deyil. Bu gün maaşla dolanmaq çox çətindir. Ya bankdan ağır şərtlərlə kredit götürməlisən, ya da günah sayılsa belə, borca-sələmə girməlisən.
Şəxsən özüm həyat yoldaşımla birgə 4 banka pul ödəyirik, gecikdirə-gecikdirə olsa da, çətinlik, minbir əziyyət çəksək də... Buna məcburuq, mən hər gün Qobudan-dünyanın o başından şəhərə-iş yerimə gündə 3 marşrut dəyişib gəlirəm, günorta və bəzən axşam naharımı da işdə edirəm, çünki evə axşam saat 9-dan tez çatmıram. Bundan başqa, xeyir və şər məclislərinə getməlisən, qızlarımın hazırlıq pulları, məktəb və digər xərclər də var. Ona görə hesab edirəm ki, indiki reallıqda nisbətən normal dolanmaq üçün 4-5 nəfərlik ailənin gəlirləri ən azı haradasa 2 min-2500 manat civarında olmalıdır”.
Azvision.az saytının əməkdaşı Şəhanə Rəhimova hər gün işə Sumqayıtdan gəlib- gedir. Dediyinə görə, əmək haqqının 100 manatını yollara sərf edir:
“Əmək haqqımı vaxtında ala bilsəm də, xərclərimi tam qarşılamır. Birincisi, hər gün Sumqayıtdan gəlirəm və ay ərzində ən azı 100 manatımı yolpuluma xərcləyirəm. Əmək haqqım ildə bir dəfə ürəyim istədiyim kimi istirahət etməyimə imkan vermir. Bunun üçün əvvəlcədən pul yığmalısan, amma bir neçə ay ard-arda toya dəvət olunanda həmin pulu da yığa bilmirsən. Borcum yoxdur, amma qeyd etdiyim kimi maaşım xərclərimi tam qarşılamır. Əbəs yerə demirlər ki, jurnalist kompüter arxasında əyləşən savadlı fəhlədir”.
Report.az saytının müxbiri İlkin Pirəlinin sözlərinə görə, Azərbaycan mətbuatının durumu hər kəsə bəllidir: “Maaşım özümə kifayət edir, amma gələcək planlarla bağlı düşünməyə imkan vermir. Əmək haqqımla yalnız cari işləri həll edirəm. Azərbaycanda gələcək haqqında düşünmək üçün ya məmur, ya da biznesmen olmalısan.
Əmək haqqımla ehtiyaclarımı ödəyə bilirəm. Bütün ehtiyacların normal səviyyədə ödənilməsi isə mümkün deyil. Ümumiyyətlə, heç vaxt bankdan kredit götürməmişəm, buna ehtiyac da duymamışam. Amma bu ilin sentyabrın pula ehtiyacım var idi, dostlarımından aldım, sonra da qaytardım. Borc pul nadir hallarda alıram.”
Məltəm TALIBZADƏ