
“Bu gün dünyanın müxtəlif dövlətlərində qeyri-sabitlik hökm sürür. Bu, həmin dövlətlərin rəhbərlərinin səriştəsiz siyasəti nəticəsində olub”.
Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Komitə rəhbəri qeyd edib ki, prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada və regionda aparıcı, ictimai-siyasi sabitliyə malik ölkəyə çevrilib. Onun sözlərinə görə, Azərbaycan hökumətində və onun strukturlarında güclü kadrlar var. Ziyad Səmədzadə deyib ki, düşünülmüş milli maraqlara cavab verən Azərbaycanın siyasəti qlobal sarsıntılar fonunda ölkənin iqtisadi-siyasi inkişafını dayandırmayıb. O qeyd edib ki, 2015-ci ildə ümumi daxili məhsulun həcmi 1,4 dəfə artacaq və bu artım qeyri-neft sektoru hesabına təmin olunacaq: “Bununla yanaşı, ümumi daxili məhsulun adambaşına düşən həcmi 8 min dollar olacaq ki, bu da MDB məkanında Rusiya və Qazaxıstandan sonra Azərbaycanı üçüncü yerdə qərarlaşdırır”.
Ziyad Səmədzadə ekoloji cəhətdən təmiz maşınların ölkəyə gətirilməsindən də söz açıb. O qeyd edib ki, Azərbaycan “Avro-4” standartına keçsə də, problemlər mövcuddur. Komitə sədrinin sözlərinə görə, problemləri aradan qaldırmaq üçün xüsusi proqramlar hazırlanmalıdır: “İli köhnə olan və standartlara cavab verməyən maşınların sayı yüz minlərlədir. Bu məsələ gələcəkdə öz həllini tapacaq. Bununla bağlı xüsusi proqramlar hazırlanmalıdır. Bu həm də Azərbaycan ekologiyasına da müsbət təsir edəcək”.
Ziyad Səmədzadə deyib ki, Azərbaycan investisiyaların qoyulması ilə bağlı beynəlxalq məsləhətçilərin sözünə baxsaydı, bu gün ölkə iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi: “Azərbaycan hökuməti haqlı olaraq mövcud imkanlarla səylərini problemlərin həllinə yönəldib”.
Komitə sədri onu da bildirib ki, Azərbaycan emal sənayesini 15-20 faizə qədər artıra bilər ki, bu da bir çox sahələrə müsbət təsir edəcək: “Maşınqayırma sənayesi də inkişaf etdirilməlidir. Ölkədə aqrar sahədə də ciddi işlər görülür, dövlət proqramı hazırlanır. Məsələlərlə bağlı Statistika Komitəsi ilə də danışıqlar aparılır”.
Aqşin KƏRİMOV