Modern.az

AYO-nun yeni sədri: “Kimlər Anarı tənqid etmir, onları AYB-yə buraxırlar” - MÜSAHİBƏ

AYO-nun yeni sədri: “Kimlər Anarı tənqid etmir, onları AYB-yə buraxırlar” - MÜSAHİBƏ

18 Noyabr 2014, 14:00


Bir neçə gün öncə Azad Yazarlar Ocağında sədr seçkiləri baş tutdu. Hər il mütəmadi olaraq keçirilən seçkilərdə bu il də əvvəlki sədr Namiq Hüseynov öz postunda qala bildi. Modern.az  saytı Namiq Hüseynovla (Namiq Şaman)  AYO-nun gələcək fəaliyyəti və ümumən Azərbaycan ədəbiyyatındakı durum haqqında söhbət edib:

- Azad Yazarlar Ocağında yeni sədr seçkiləri keçirildi və siz bu il də qalib gəldiniz. Seçkilər necə keçdi?

- Bizdə seçkilər Yazıçılar Birliyindəki kimi prioritetli deyil. Sadəcə olaraq, demokratiya olsun deyə, sədrlik hər il bir adamdan digərinə keçir. Demək olmaz ki, mübarizə aparıb yerimdə qaldım. Seçkilərdə məndən əlavə Rasim Qaraca və Seymur Baycan da namizədliyini vermişdi. Səsvermə oldu. Onların da sədrlik dövrü oldu. Mənim keçən il gördüyüm işlər hamı tərəfindən bəyənildi və mən yenidən sədr seçildim.

- Gələcək məqsədlərinizdən danışaq...

- ...Hazırda ölkədə ədəbiyyatın vəziyyəti böhranlıdır. Bu nə AYB, nə də ki, AYO-luqdur. Bu, hakimiyyətin ədəbiyyat, jurnalistika üzərindəki təzyiqləri nəticəsində yaranıb. Bilirik ki, xeyli yazıçı ölkədən çıxıb getdi, Rafiq Tağını öldürdülər, bir çoxları hökumətyönlü mediaya keçdi. Onlar sayt redaktoru oldular və ya ədəbiyyat birliklərində işləməyə başladılar. Bu bizi elə bir vəziyyətə gətirib çıxardı ki, əlimiz-qolumuz bağlandı. Biz AYB-nin ədəbiyyata vermiş olduğu zərərlə də mübarizə aparmalı oluruq.
Bu il də fikirlərimiz, planlarımız var. Üzvlərimiz əsərlərini çap etdirməkdə çətinlik çəkirlər. Biz almanax kimi onların əsərlərini çap etdirmək istəyirik. Bizim dərgimiz var ki, indi maliyyə çatışmazlığından “ölüb”, onu diriltmək lazımdır. Bundan başqa, “Alatoran 2” jurnalının fəaliyyətini bərpa etmək istəyirik. Mən 1 il ərzində sədr olduğum dövrdə hər ay görüşlər keçirirdim və ədəbiyyatla bağlı müzakirələr apardıq. Keçən il Əkrəm Əylisli, Məmməd İsmayılla bir neçə görüş keçirdik və bu il də belə görüşləri davam etdirəcəyik. AYO ədəbiyyatın azad qalasıdır ki, qalanı gücümüzlə qorumağa çalışırıq.

- Bu gün bizdə ədəbiyyatın inkişafına mane olan səbəblər hansılardır?

- Ədəbiyyatın inkişafına mane olan səbələrdən biri odur ki, hakimiyyətimiz kitabın regionlarda yayılmasını, müstəqil nəşriyyatların yaranmasını, kitaba qoyulan əlavə dəyər vergisinin götürülməsini, yazıçıların müstəqil şəkildə işləməsini istəmir. Bir neçə il əvvəl ölkədə yaxşı romanlar yazılmışdı. Bu da ədəbiyyatın inkişafına təsir edəcəkdi. Gördülər ki, yazıçılar nüfuz qazanır, onları bir-bir hökumətyönümlü saytlara yaxşı maaşla və susmaq şərtilə işə götürdülər.  Bu ədəbiyyata böyük zərbə oldu. İndi roman axtarırıq ki, onu oxuyaq və müzakirə edək. Əvvəl 1 il ərzində 8-10 roman yazılırdısa, indi 2-3 roman yazılır, həm də zəif. AYB öz fəaliyyətində ədəbiyyatın inkişafdan qalması, sönməsi üçün çalışır. Ayda 200 manat verirlər, ancaq bir dənə də olsun müstəqil fikirli kimisə gətirmirlər ki, o da 200 manat məvacib alsın. Kimin ki, arxivi yaxşıdır, AYB-ni, Anarı tənqid etmir, onları AYB-yə buraxırlar. Biz AYB-nin varlığının əleyhinəyik. Əgər yazıçılara çətin vəziyyətdə yazmaq üçün pul verilirsə, o hamıya verilməli idi. Həm hökumətyönlü saytlar, həm də AYB-nin orqanları yazıçılara qonorar verir. Ancaq saytlarda bir nəfər də olsun müstəqil yazar görməzsiniz. Ona görə də insanlar fikirlərini gizlətməli olurlar. Azad fikir olmadığına görə şişirdilmiş yazıçılar hamısı dağıldı getdi. İndi Mirzə İbrahimovu heç kim oxumur. Amma o zaman olduqca məşhur idi. İndi heç kim elə yazıçıları tanımır. Biz düşünürük ki, müstəqil ədəbiyyat olmayan yerdə, müstəqil düşüncə və inkişaf ola bilməz.
- Bəs sizin AYO-dakı yaradıcı ruh yeni ədəbiyyat yaratmaq gücündədir?

- AYO- da təqribən 5-6 il qopmalar oldu. Kim ki, sona qədər mübarizə aparmadı, ölkədəki vəziyyətlə bədbinliyə qapıldı, onlar hamısı təşkilatı tərk etdilər. Həmid Herisçi bizim yaxşı yazıçımız idi və inanırdıq ki, çox şey bacaracaq. Ancaq o bir müddət sonra ölkədəki vəziyyəti analiz etdi. Düşündü ki, hakimiyyətə ancaq şou-biznes adamı lazımdır. Ona görə dindən danışmağa, hökumətə yarınmağa başladı.  Müstəqil fikirli adamlara şər atmağa başladı. Bizim yaxşı yazıçımız Aqşin Yeniseyi hökumətyönl sayta redaktor götürdülər. İşlədiyi dövrdə AYO əleyhinə yazılar verdi. Beləliklə, onun müstəqil fikri aradan götürüldü. Axırda elə bir vəziyət yarandı ki, xəstəxanaya düşdü. Biz görürük ki, indi onun yazılarını oxumurlar. Əvvəlki kimi Facebook-da paylaşılmır, nə də əvvvəlki kimi soruşulur. İnsanlar onun nə yazdığı ilə maraqlanmadı. "Qan Turalı yaxşı yazarlardan biriydi, amma Kulis.az saytında senzorluqla məşğul olur"

AYO 14 ildir fəaliyyət göstərir. Bu vaxta qədər heç bir yazıçıtəşkilatdan çıxarılmayıb. Onlar özləri istədiyi təqdirdə çıxıblar. Bizim üzvlərdən yaxşı gələcəyi olanlar var. Əli Əkbərin bu yaxınlarda romanı çıxdı. İsveçrədə qəzetlər o roman haqda yazdılar. Biz bu yaxınlarda eşitdik ki, Müslüm Maqomayev haqqında təzə roman yazır. Hətta bu yaxınlarda Sürix universitetinə daxil oldu. Bütün bunlar yaxşı vədlərdir.
Elə adamlar var idi ki, ədəbiyyatda deyil, başqa sahələrdə işləyə bilərdi. Cəmiyyətin içərisində belə adamların olması yaxşı haldır ki, insanlar onların yazdıqlarını sevə-sevə oxusunlar. Mən Əli Əkbərdən gözləyirəm ki, yaradıcı məsələlərdə irəliyə gedəcək. Seymur Baycanın romanı bu yaxınlarda rusca tərcümə olundu. Gürcü dilində də tərcüməsi hazırlanır. Müsbət münasibət oldu. Rusiyada çox insan bu romanı oxudu. Bu, Seymur Baycanın fəaliyyətinin parlaq dövrüdür ki, biz ondan çox uğurlar gözləyirik. Bizim üzvlərimizdən Nicat Məmmədov Rusiyada Yeltsin mükafatı qazandı. Bu mükafat olduqca nüfuzludur. Nicat Məmmədov 3-cü yeri qazanmışdı. Onun gələcəyi var. Tez-tez görürük ki, rus saytlarında onun kitabı haqda məqalə yazılır. Rasim Qaracanın bir kitabı çıxıb ki, xeyli müzakirə olundu. AYO-da kimlər qalıbsa, ədəbi talantını itirməyibsə, belə adamlar gələcək vəd edir. Biz AYO olaraq bu insanları bir yerə yığmışıq. Bizdə azad fikir var ki, o cür insanları qoruyaq və motivasiya verək.

- Bu gün fikrinizcə, ümumən Azərbaycan cameəsində hansı islahatlar aparılmalıdır?

- Elə düşünürəm ki, sovet dövründə yaşamırıq. Sovet dövründə tanınmayan, əsərləri heç kimə maraqlı olmayan, siyasi  məsələlərdə irəliyə gedən yazıçıların kitabları çap olunurdu. İndi o dövr keçib. Eşidirik ki, Anarın müxtəlif ölkələrdə kitabı çıxıb. Mən xarici yazıçıların çoxundan müsahibələr almışam. Soruşuram ki, Anarı, Kamal Abdullanı tanıyırsınız? Onlar tanımırlar. Ancaq buna baxmayaraq, Kamal Abdullanın az qala hər gün bir ölkədə kitabı çıxır, ancaq tərcümə edib yaymaq heç nəyi dəyişmir. İndi sovet dövrü deyil. Yazıçılar özləri dünyaya çıxmaq üçün can atmalıdır. Məsələ heç də yaxşı yazıçıyam, pulum var məsələsi deyil. İnsanın dünyəvi təfəkkülü olmalıdır. Əli Əkbərdən,  Seymur Baycandan 15-20 ildən sonra dünya yazıçısı olmalarını gözləyirəm. Əkrəm Əylislinin kitabı çıxdı. Ancaq dünya onun fikirlərini epizodik olaraq xatırladı. Dünya ədəbiyatına düşmək çox çətindir. Bunu hələ də başa düşən yoxdur. 

Ulduz İBRAHİMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI