Modern.az

Akademik İsa Həbibbəyli və şair Rəşad Məcid…

Akademik İsa Həbibbəyli və şair Rəşad Məcid…

Ədəbiyyat

18 Noyabr 2014, 16:10

“525-ci qəzet”in 22 illiyinə                  


Akademik İsa Həbibbəyli müasir Azərbaycan şairlərinə həsr etdiyi portret-oçerklərdə hər bir şairə sözdən - ədəbi fikirdən yonulmuş, elmi-nəzəri həqiqətlərlə süslənmiş əbədiyaşar bir abidə ucaltmışdır...  İsa müəllimin ədəbi poetik irsə həsr etdiyi məqalələrin, portret oçerklərin müasir Azərbaycan ədəbi fikrində özünəməxsus yeri və əhəmiyyəti vardır. Onun “Nizami Gəncəvi: Azərbaycandan dünyaya”, “Hüseyn Cavid və sənəti”, “Məsləki tərcümeyi-halı olan şair (Abbas Səhhət)”, “Ustad Məmmədhüseyn Şəhriyar”, “Xalq şairi Məmməd Araz: ömür yolu və sənət dünyası”, “Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Səmədoğlular”, “Xalq şairi Sabir Rüstəmxanlı”, “Zəlimxan Yaqub sənətinin poetik özünəməxsusluğu”  məqalələri – portret oçerkləri də bu sıradandır və nəsillərarası əlaqələrin elmi-nəzəri şərhidir…

Təfərruata yol vermədən, onun hələlik heç bir kitabına düşməyən, bu yaxınlarda mətbuatda dərc edilən “Bütün yönləri ilə yaradıcı Rəşad Məcid” ( Bax: "Ədəbiyyat" qəzeti, 22.08.2014.) məqaləsi üzərində müfəssəl dayanmaq istərdik.

Rəşad Məcid son mərhələnin - XXI əsrin yetirməsidir, nə Səməd Vurğun, nə Məmməd Araz, nə də, deyək ki, Sabir Rüstəmxanlıdır... Ədəbi mühitdə, oxucuları arasında şairliyindən daha çox jurnalist kimi məşhurdur. İlk demokratik ədəbi mətbuatın nümunələrindən olan – “525-ci qəzet”in yaradıcısı və təsisçisidir. Akademik İsa Həbibbəyli Rəşad Məcidin baş redaktor olduğu qəzetin 20 illiyi münasibətiylə qələmə aldığı “525-ci qəzet”in özü və sözü” adlı, özündə böyük həqiqətləri əks etdirən məqaləsində, hətta belə bir fikir irəli sürmüşdü: “Azərbaycan mətbuatı tarixində böyük məktəb yaratmış məşhur “Molla Nəsrəddin” jurnalından sonra ilk dəfədir ki, “525-ci qəzet” də xüsusi jurnalistika məktəbinə çevrilmək prosesini yaşayır”.

Bu olduqca yüksək qiymətdir, hətta bu fikri ədəbiyyatşünaslığımızda səlahiyyət sahibi akademik İsa Həbibbəyli deməmiş olsaydı mübahisə etmək də olardı... Lakin 22 il müddətində səmərəli fəaliyyət göstərən, mətbuat tariximizdə möhkəm yer tutan “525-ci qəzet”in demokratik və orjinal iş üslubunu biz də təqdir edir, redaksiya heyətinə uğurlar diləyirik...

Amma, akademik İsa Həbibbəyli Rəşad Məcidin 50 illik yubileyinə həsr elədiyi “Bütün yönləri ilə yaradıcı Rəşad Məcid” məqaləsində jurnalist Rəşad Məcidin deyil, şair Rəşad Məcidin porteretini yaratmağa nail olmuş, təbliğ və təqdim etdiyi poetik irsin müasir mərhələdə davamını Rəşad Məciddə görmüşdür.

Akademik məqaləsinin başlanğıcında oxucularına Rəşad Məcidi belə təqdim eləyir: “Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, şeir də, hekayə də yazan, publisistik məqalələrini də, ədəbi-tənqidi yazılarını və müsahibələrini də geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin fəaliyyətində uzunömürlü sahə publisistikadır. Özünün də etiraf etdiyi kimi, o, hələ 1988-ci ildən ilk məqalələrini çap etdirdikdən bu günə qədər publisistika ilə ardıcıl şəkildə məşğul olmaqda davam etməkdədir. Əgər 1993-cü ildə “Mərhəmət” jurnalının əlavəsi, yaxud xüsusi buraxılışı olaraq çap etdirdiyi “Hələ ki, vaxt var” adlı şeirlər kitabında toplanan və bir qədər də sonralar yazıb uzun illər mətbuata çıxarmadığı şeirlərini 2004-cü ildə nəşr olunan əsərlərinin “10 sentyabr” adlı külliyyatında oxuculara çatdırmasaydı, Rəşad Məcidin şeir yaradıcılığı keçici bir ovqatın ifadəsi kimi düşünülərək hər halda arxa planda qalmalı olacaqdı.

Rəşad Məcidin “Hələ ki, vaxt var” şeirlərində dərin bir lirizm müşahidə olunur. Bu şeirlər “vaxt var ikən şeir də yazım” - məntiqindən deyil, yazmaya bilməmək zərurətindən meydana çıxmış xalis lirika nümunələridir”.

Əslində də belədir, Rəşad Məcid nə yazırsa yazsın təbiətən şairdir. Publisistikasında da, nəsrində də, hətta deyilənə görə, həyatda da, məişətində və davranışlarında da...

İsa müəllim, həmişə olduğu kimi burada da elmi-emosional yazı manerasına, üslubuna uyğun bir tərzdə, qeyri-adi dəqiqliklə Rəşad Məcidin şairliyinin ən bariz nöqtələrini ortaya çəkərək onu oxuculara belə tanıdır: “Hələ ki, vaxt var” kitabından görünür ki, Rəşad Məcid üçün şeir “bir dolu ürəyin püskürmə çağı”dır, “dikəlib asfaltı deşən bənövşə”dir, “sinədə boğmaq olmayan bir qəfil hönkürtü” kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan cavan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də öz şeiriyyətini təqdim edir. Şairin hər misrasının “göyərçin qanadı” kimi bənzərsiz obrazlı görkəmi, hər bəndinin bayatılarda olduğu kimi lirik-fəlsəfi mənası vardır. Rəşad Məcidin şeirləri təpədən dırnağa qədər həyat və insan haqqında lirik düşüncələrdən yoğrulmuş təbii bir daxili poetik monoloqdur. Fikrimcə, bu mənada Rəşad Məcidin lirikası müasir Azərbaycan şeirinin inkişafında fərqli hadisədir.” (Seçmə bizimdir – J.Q.)

Diqqət yetirilərsə, İsa müəllim Rəşad Məcidin şeir yaradıcılığını “müasir Azərbaycan şeirinin inkişafında fərqli hadisə” hesab edir, onu öz nəsildaşları arasındakı yerini müəyyənləşdirməklə yanaşı, Rəşad Məcidi poetik ənənəmizin, irsimizin ləyaqətli varislərindən sayır: “Bütövlükdə Rəşad Məcidin şeirlərində milli-mənəvi dünyamızın daxili mahiyyəti, işıqları bütün təbiiliyi ilə sayrışır. Bu, Azərbaycan ədəbiyyatında zaman-zaman “Bakının sayrışan işıqlarından”, “közərən ocaqlar”dan, yollara çıxan “işıq qatarlarından” sonra yaranmış yeni bir işıq dalğasıdır. Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vafif Bayatlı, Vaqif Bəhmənli, Rüstəm Behrudi və başqaları həmin yeni şeir axınına hərəsi bir hadisə olaraq gəlmişlər. Rəşad Məcidin şeirləri də bu böyük dalğanın içərisində özünəməxsus bir poetik hadisədir.”

İsa müəllim gənc həmkarının poetik yaradıcılığına müxtəlif baxış bucaqlarından, müxtəlif yönlərdən, özü də xüsusi bir ilhamla, ədəbi pafosla nəzər yetirir, müxtəlif ədəbi problematika istiqamətlərində Rəşad Məcidin şeir yaradıcılığının təbiətinə məxsus keyfiyyətləri üzə çıxarır. Məqalənin ayr-ayrı yerlərindən gətirdiyimiz iqtibaslar buna bariz nümunədir və İsa müəllimin Rəşad Məcid yaradıcılığı haqqında birikmiş qənaətidir:

“...Rəşad Məciddə həyatın mahiyyəti və daha işıqlı gələcək, mərdlik, bütövlük mənalarını daşıyır.

... Müdriklik ölçülərində də Rəşad Məcid təbii obrazlı düşüncənin ən fəlsəfi və ümumiləşdirilmiş obrazlı örnəklərini təqdim edə bilir.

... Rəşad Məcidin şeirləri həyata lirik-romantik baxışın orijinal bədii ifadəsidir. “Göy üzü” şeiri şairin romantik düşüncəsinin cazibədar mozaikasını təqdim edir. “Göy üzü” haqqında yazılan şeirdə yer üzünün dəyəri və dünyanı qorumağın məsuliyyəti daha çox ifadə olunmuşdur.

... Rəşad Məcidin öz üslubu, öz şeiri formalaşmışdır. Rəşad Məcidin şeirlərində obrazlı işıqlı düşüncələr, həyata lirik-romantik baxış, həm də epik təhkiyə ahəngində ifadə olunur.

... Rəşad Məcid şeirlərində dərin, zərif duyğularını, həyata və insana baxışlarını tərənnüm etmir, nağıl kimi danışır. Bu şeirlərin əksəriyyətinin mahiyyətində lirik-romantik düşüncə, təqdimatında isə epik təhkiyə diqqəti cəlb edir. ...Lirik-romantik düşüncənin epik notlarla təqdimi Rəşad Məcidin şeirlərinin daxili qatına süjet əlamətləri gətirir.”

Xüsusən, İsa müəllimin Rəşad Məcidin 42 adda şeir slsiləsi əsasında qələmə aldığı və “Roman” adlandırdığı liro-epik poemasınin (bu əsəri İsa müəllim poema janrı təkin belə təsnif edir) təhlilinin dərinliyi, İsa müəllimin bir tənqidçi-ədib kimi virtuoz, intuitiv yozumları, Rəşad Məcidin şeir yaradıcılığındakı “gözəgörünməz”likləri görüb qiymətləndirmələri oxucuda heyrət doğurmaya bilmir...

İsa müəllim bu şeir silsiləsini Rəşad Məidin “Roman” adlandırmasını belə izah edir: “Əlbəttə, Rəşad Məcid bu əsərini şərti olaraq “Roman” adalndırmışdır. Bu, çılğın məhəbbətlə sevən, qarşı tərəfdən anlamazlıq və tərəddüdlər hiss edən, tamam cavab ala bilməyən, sevdası nakam sonluqla bitən bir gəncin tale romanıdır. Bu mənada əsərdəki “Roman” ifadəsi janrı deyil, əsərin adını bildirir. Romana məxsus çoxplanlılıq, obrazların zənginliyi, hətta geniş həcm bu əsərdə nəzərdə tutulmayıb. Fikrimcə, Rəşad Məcidin “Roman”ı janr baxımından liro-epik poemadır.”

Bəs, Rəşad Məcid bu silsiləsini niyə “Roman” adlndırıbdır? Fikrimizcə, müəllif həm oxucunun diqqətini cəlb eləmək üçün bunu belə adlandırıb, həmçinin də sözün dolayısı – məcazi mənsında. İsa müəllim düzgün müəyyənləşdimişdir ki, “Roman” adlanan bu liro-epik silsilədə İki gəncin məhəbbət macərasının (oxu məhəbbət romanının, məhəbbət əhvalatının) ayrı-ayrı məqamları, təfərrüatları, düşüncələri və iztirabları əks etdirilmişdir. Bu mənada, silsiləyə verilən “Roman” adı janr təkin nəzərdə tutulmayıb, sevgi əhvalatı, məhəbbət əhvalatı təkin nəzərdə tutulub, necə ki, məşhur rus bədii filmində - “Slujebnaya roman” filminin adında olduğu kimi...

Qeyd etdiyimiz kimi, İsa müəllim bu məqaləsini xüsusi bir ilhamla qələmə almışdır. Fikrimizi dürüstləşdirsək, bu məqalə fəlsəfi-esse janrında qələmə alınmış, böyük ürək, fikir və səmimiyyət adamının qələmindən çıxmışdır... Məqalədə Rəşad Məcidin nəsr və publisistik yaradıcılığı da təhlil edilsə də, biz mövzumuz daxilində bu istiqamətə toxunmadıq. Lakin borc bilirik deyək ki, İsa müəllim bu istiqamətdə də, analitik təhlillərlə Rəşad Məcidin istedadının imkanlarının spektirlərini hərtərəfli şəkildə sərgiləmişdir...

Ümumiyyətlə, İsa müəllimin qələmə aldığı elmi-nəzəri məqalələri müasir poeziyanın imkanlarını, müasir vəziyyətini obyektiv dərinlikə göstərən, perspektivlərini akademikcəsinə müəyyənləşdirən, proqnozlaşdıran bitgin əsərlərdir.

Jalə Qurbanqızı,
Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi
         

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi