Modern.az

Hacıbala Abutalıbovun çəkdiyi yollar

Hacıbala Abutalıbovun çəkdiyi yollar

İqtisadiyyat

18 Noyabr 2014, 23:02

Mən Səməd Vurğun küçəsində yaşasam da, yolum əsasən Bülbül küçəsindən keçir. Bir-iki ay bundan qabaq növbə bizə də çatdı. Yox elə bilməyin ki, Bakı şəhər İcra Hakimiyyəti yolun təmirinə başladı. Əsla. “Azərsu” boruları dəyişməyə başladı. Sözüm yox. Düzünü desəm ürəyimdən idi. Çünki bu yay neçə dəfə susuz qalmışdıq. Çürüyən dəmir boruları ha yamayırdılar, xeyri olmurdu ki, olmurdu. On gündən sonra partlayırdı. İndi isə problemi kökündən həll edəcəkdilər. Hələ yerin altıyla gedən qaz xətləri də dəyişdiriləcəkdi.

Hər şeyi qaydasında başa çatdırdılar da... Nə olsun ki, müvəqqəti narahatçılığımız oldu. Sağ olsunlar. Bir də ki, əvvəldən lövhələrə “Bakı şəhər İcra Hakimiyyəti müvəqqəti narahatlığa görə üzr istəyir” sözlərini yazıb əhalidən üzrxahlıq diləmişdilər.

Əvvəllər belə bir tendensiya vardı. Qaz, yaxud da su idarəsi haranısa qazıb, boruları düzəldirdisə, üstünü də eləcə torpaqlayıb gedirdi. Yol da uzun müddət kələ-kötür qalırdı. Amma bu tendensiyaya son qoyulub. “Azərsu”, “Azəriqaz” işini qurtaran kimi Bakı şəhər İcra Hakimiyyəti keçir hərəkətə. Bizim Bülbül küçəsində də belə oldu. Köhnə səki daşlarını sökdülər, asfaltın üst qatını yondular, qazılan yerlərdə trambovka işi apardılar ki, sonra çökməsin. Köhnə lyukları da söküb çıxartdılar. Yanğınsöndürənlər üçün xüsusi qurğular da qoydular. İndi deyəcəksiniz ki, burda qeyri-adi nə var ki? Hamımız bu mənzərənin şahidi olmuşuq da...

Amma bir hadisə, daha doğrusu yaşlı bir qadınla ustalar arasında düşən mübahisə mənim diqqətimi çəkdi. Bu söhbətdən, mübahisədən mənə çox şey agah oldu. Yazdım ki, siz də xali olasınız.

Deməli, bütün bu hazırlıq işlərini görəndən sonra Bakı şəhər İcra Hakimiyyətinin müvafiq strukturu çatdı son mərhələyə. Yəni yeni asfalt örtüyünün döşənməsinə.

Asfaltdan əvvəl yolu süpürmək öz yerində. Əlavə olaraq xüsusi hava vuran güclü kompressor-xortumlarla yolun hətta tozunu da təmizlədilər ki, təzə asfalt təmiz yerə döşənsin. Bunu da başa düşdük. Standarta uyğun bir hərəkət idi. Nəhayət asfalt döşəndi. Düpbədüz, lazımi qalınlıqda, şüşə kimi. Dedim yəqin ki, indi də qalıb yola ağ xətlər çəkib zolaqlara ayırmaq. Ondan sonra bir aylıq müvəqqəti çətinliyimizə son qoyulacaq. Amma ki...


Ertəsi gün əllərində “otboynı molotok” deyilən cihaz olan ustalar başladılar düpbədüz, şüşə kimi yeni salınan asfaltı dağıtmağa. Bir yaşlı qadın da buna dözməyib:

- Ədə, neyləyirsiz? Dünən salmısız, bu gün dağıdırsız?

- Yox, ay xala, təzə lyukları quraşdırırıq,- deyə ustalardan biri cavab verdi.

- Bunu əvvəldən edəydiz də... Bütün işiniz belədir. Asfaltı çəkmisiniz, indi də yadınıza düşüb ki, bəs lyukları dəyişməmisiniz. Bunu vaxtında qoyun ki, sonra asfaltı dağıtmayasız da...

- Ay xala, özümüz belə eləmişik.

- Deməli, bilə-bilə edirdiniz ki, əlavə pul yeyəsiniz? Hə?

- Yox, ay xala. Bax lyukların yerini əvvəldən işarə eləmişik. Sonra da asfaltı çəkmişik. İndi lyukun yerini ölçüsünə görə qazıb açırıq. Sonra da yolun səviyyəsinə uyğun – tarazla yeni lyukları otuzduracağıq. Ki, nə bir santimetr yuxarı olsun, nə də aşağı. Yolun üst səthindən heç fərqlənməsin. Nə baxanda görsənsin, nə də üstündən keçəndə sürücülərin, piyadaların, sərnişinlərin ruhu incisin. Ay xala, sürücülərin bir sözü var e... Bakının köhnə yollarında gedərkən deyirdilər ki, lyukları saya-saya gedirik. Bax o dövr qurtardı.

- Aaa, siz Allah bağışlayın, bunları bilmirdim. Allah, işinizi avand eləsin. Bağışlayın ki, işinizə qarışıb, mane oldum.

- Eybi yox. Ay xala, bax hansı yolla getdin, maşın hərəkət edəndə, lyukların üstündən keçəndə hiss olunmadı, bil ki, bu yolu Bakı Şəhər İcra Hakimiyyəti təmir edib. Keyfiyyətinə zəmanət veririk.

- Bakı şəhər İcra Hakimiyyəti nədü? Allah, can sağlığı versin. Denən ki, Hacıbalanın çəkdiyi yollar da. Day niyə uzadırsan?...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...