Modern.az

Vətəndaşlar nazirlərdən nə istəyir?- RƏSMİ CAVABLAR - II hissə

Vətəndaşlar nazirlərdən nə istəyir?- RƏSMİ CAVABLAR - II hissə

19 Noyabr 2014, 11:35

Nazirlərin ay əzində vətəndaşların problemlərinin həlli üçün bölgələrdə keçirdikləri görüşlər təqdirəlayiqdir. Bunu həm maddi, həm də mənəvi baxımdan vətəndaşlara dəstək hesab etmək olar. Yaşadığı yerdəcə probleminin həll olunması, ən azından şikayətin qeydiyyata alınması, əlavə xərc ödəmədən birbaşa nazirlə görüşmək imkanı ölkədə yaşanan inkişafın göstəricisidir. Maraqlıdır, keçirilən görüşlər zamanı daha çox hansı problemlər səsləndirilir və bunların həlli necə həyata keçirilir?

Modern.az saytı bunları nəzərə alaraq növbəti nazirliklərdən - Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliklərindən verilən cavabları təqdim edir:

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova: “Cənab nazir Azad Rəhimovun keçirdiyi qəbullar zamanı daha çox idman sahəsində fəxri adlar, gənclər təşkilatlarının yaradılması, gənclərin xaricdəki layihələriylə bağlı dəstək istəməsi, ipoteka ilə bağlı problemlər səsləndirilir. İpoteka kreditlərini bankdan götürə bilməyən gənclər çətinliklərlə qarşılaşırlar. Elə rayonlar olur ki, qəbula gələnlərin hamısı gənclər olur. Bildiyiniz kimi, qəbullar barədə əvvəlcədən elan verilir.

Nazirin əmrinə əsasən qəbula yazılanların hamısı qəbul edilir. Bəzən siyahıya yazılmayanlar, həmin rayondan olmayıb mətbuat vasitəsilə görüşdən xəbər tutan insanlar da qəbula gəlir.

Nazir onları da qəbul edir. Nazir Azad Rəhimovun “vaxt tamamdır”, “görüş bitdi” və digər bəhanələrlə qəbula gələnləri geri qaytarması ilə bağlı bircə fakt belə olmayıb. Hətta bizə aidiyyəti olmayan məsələlərlə bağlı müraciətlərə də baxılır. Məsələn, bəzən torpaq sahəsi ilə bağlı problemə görə qəbula gəlir. Biz həmin şikayəti götürüb aidiyyəti quruma yönləndiririk. Problemlərin yerindəcə həll olunmasına çalışılır, bununla bağlı hər hansı cəzalandırlan şəxslər olmur”.   

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva: “Əbülfəs Qarayev bu gün Astarada saat 11:00-dan etibarən vətəndaşları qəbul edir. Hörmətli nazir insanlara xoş münasibətlə yanaşır, hamının problemini dinləməyə çalışır. Hər görüş zamanı 30-40, bəzən çox sayda vətəndaşın müraciətinə baxılır. Qəbul zamanı daha çox turizm obyektləri, teatrla bağlı, mədəniyyət sahəsini əhatə edən, kitabxanalar, tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərinin açılması, istirahət mərkəzlərinə gedən yolların abadlaşdırılması, yubiley tədbirlərinin keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi, işlə təminat və digər məsələlərlə bağlı şikayət və müraciətlərə baxılır.

Cənab nazir şikayətlərə yerində baxılmasına çalışır. İlk növbədə problemlər aydınlaşdırılır, aidiyyəti strukturlara tapşırıqlar verilir. Araşdırılma zamanı nöqsanlara yol verilənlərdən cəzalandırılanlar da olur, vətəndaşların müraciətinin cavabsız qalmamasına çalışılır”.


Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov: “Nazir Mikayıl Cabbarovun qəbulun gələn vətəndaşların səsləndirdikləri problemlər arasında daha çox müəllimlərin işə qəbulu, diplomların tanınması, müəllimlərin bir məktəbdən digərinə yerinin dəyişdirilməsi, ali məktəblərdə təhsil haqları ilə bağlı olur.

Görüşlər zamanı adətən 60-80 nəfər vətəndaş qəbul edilir. Təbii ki, problemlərin əksəriyyəti yerindəcə həll olunur. Görüş zamanı problemlərin həlli ilə bağlı tapşırıqlar verilir. Sonradan həmin tapşırıqların icrası yoxlanılır. Təhsil Nazirliyinin nümayəndələri bir müddət sonra yerlərə gedərək tapşırıqların icrası ilə bağlı vəziyyəti yoxlayır. Əgər tapşırıqların icrasında hər hansı problem ortaya çıxırsa, buna səbəb olan vəzifəli şəxslərlə bağlı töhmət, şiddətli töhmət, hətta vəzifəsindən kənarlaşdırılma olmaqla müxtəlif tədbirlər həyata keçirilir”.

Gülşən RAUFQIZI


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi