Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Elmira Axundova Azərbaycanda düzgün monitar siyasət yürüdüldüyünə görə, Mərkəzi Bankın rəhbərliyinə minnətdarlıq edib. Modern.az-ın məlumatına görə, E.Axundova deyib ki, dünya iqtisadi böhrandan sonra bir çox xoşagəlməz hadisələrlə, Ukrayna və Yaxın Şərq hadisələri ilə yenidən sarsıldı.
“Bu da dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Əlbəttə ki, neftin qiymətinin aşağı düşməsi də dünya iqtisadiyyatına mənfi təsir etdi, məsələn, bütün Avropanı qazla, neftlə təmin edən Rusiya kimi nəhəng bir dövlətin iqtisadiyyatı ən ağır dövrlərindən birini yaşayır, rus rublu dəyərini bir neçə ay ərzində 2 dəfəyə qədər itirib. Bir çox dünya dövlətlərində büdcə xərcləri azaldılır, məsələn, həmin Rusiyada pensiyalar dondurulur. Bizdə isə pensiya islahatları davam etməkdədir. Bütün bunların fonunda manatımızın məzənnəsinin stabil olması böyük nailiyyətdir. Buna görə mən ilk növbədə Mərkəzi Bankın rəhbəri və onun komandası tərəfindən düzgün icra olunan monitar siyasəti yüksək qiymətləndirirəm. Hətta Rusiya ekspertləri bizim Mərkəzi Bankın siyasətini misal gətirərək, bu sahədə Azərbaycan təcrübəsindən yararlanmağı təklif edirlər. Belə ki, atılan addımlar özünü doğrultdu, Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın maliyyə proqnozları düz çıxdı, dünyada çalxalanmaların getdiyi bir dövrdə bu siyasət bizə stabillik gətirdi”.
E.Axundova deyib ki, ehtiyatlılıq, praqmatizm, dünyada gedən proseslərlə həmahəng olma prinsipi özünü 2015-ci ilin dövlət büdcəsində də göstərir.
“Bu barədə həmkarlarım və hökumət nümayəndələri dünən və bu gün ətraflı məlumat veriblər. Düzdür, bəzi sahələr üzrə artım az olsa da, başa düşmək lazımdır ki, hal-hazırda ölkədə böyük infrastruktur layihələri həyata keçirilir. İnanıram ki, gələn il bu işlər bitdikdən sonra sosial sahəyə daha çox diqqət ayrılacaq”.
Deputatın sözlərinə görə, büdcənin bəzi istiqamətləri üzrə gəlir və xərcləri daha yüksək görmək istəyir:
“Məsələn, xərclər təhsil sahəsində 2014-cü illə müqayisədə 3.5 faiz, səhiyyə sahəsində 7.2 faiz çox proqnozlaşdırılır. Arzu edərdim ki, bu məbləğ daha yüksək olsun və müəllimlərin, həkimlərin maaşlarının artımında öz əksini tapsın. Bütün bunlarla yanaşı, bir neçə təkliflimi də qeyd etməliyəm.
Hazırda Təhsil Nazirliyi tərəfindən bir sıra mühüm islahatlar keçirilir, o cümlədən bütün məktəblərin müasir elektron texnologiyalara yiyələnməsi, məktəblərin tam kompüterləşdirilməsi, ali məktəblərdə yeni təhsil standartlarının tətbiq olunması və s. Bununla belə, texniki peşə məktəblərinin vəziyyətində əhəmiyyətli dəyişiklik müşahidə olunmur, halbuki, bu təhsil növü indiki şəraitdə bizə daha çox gərəkdir. Təklif edərdim ki, texniki peşə məktəblərinin inkişafına, onların maddi-texniki bazalarının yaxşılaşdırılmasına, yeni peşə dərslərinin tədris olunmasına dair qısa bir zamanda geniş proqram hazırlansın və bu proqramın realizə olunması üçün büdcədən lazımi vəsait ayrılsın.
Digər qeyd etmək istədiyim məsələ səhiyyə ilə bağlıdır. Əvvəla səhiyyə sistemini tənqid edənlərlə qəti razı deyiləm, çünki bu sahədə çox böyük işlər görülür. Sizə bircə misal gətirim: bir zamanlar yüksək miopiya xəstələri üçün yalnız xaricdə həyata keçirilən eksimer-lazer korreksiyası, həmçinin katarakta və qlaukoma əməliyyatları hal-hazırda Masallının özündə aparılır. Mənim Səhiyyə Nazirindən bir xahişim var. Bir çox kənd xəstəxana və feldşer-mama məntəqələrində tibbi kadrlar çatışmır. Buna görə təklif edərdim ki, tibb universitetini yeni bitirən cavan kadrlar təyinat üzrə kənd yerlərinə göndərilsin və onlar 2-3 il yerlərdə təcrübə keçsinlər. Bununla yanaşı, onların rayonda işləmək marağını artırmaq üçün maaş daha yüksək olmalıdır və digər müvafiq imtiyazlar verilməlidir. Həmçinin qeyd edim ki, bir çox kənd yerlərində feldşer-mama məntəqələri ya ümumiyyətlə yoxdur, ya da binalar bərbad vəziyyətdədir. Xahiş edirəm bu problemin həllinə büdcədə diqqət ayrılsın”.
Elmira Axundova ekologiya və ətraf mühitin vəziyyəti ilə bağlı məsələni də qalıdırıb: “Etiraf etmək lazımdır ki, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılır: ayrı-ayrı dövlət orqanları tərəfindən iməcliklər təşkil edilir, minlərlə ağaclar əkilir. Mən xüsusilə Xəzər rayon İcra Hakimiyyətinin bu sahədə görülən işlərini yüksək qiymətləndirirəm. Həmçinin bu sahədə “Təmiz Şəhər” ASC yaradılaraq Balaxanıda böyük həcmli zavod istifadəyə verilib. Amma nədənsə Bakı və ətraf kəndlər zibilləri Balaxanıya daşımağa meylli deyillər, buna görə Bakı və Bakı ətrafı kəndlərin bir çox yerlərində böyük qanunsuz zibilxanalar əmələ gəlməkdədir. Bunun səbəbini araşdıranda məlum oldu ki, Balaxanı zibil zavodu tərəfindən zibilin hər kubuna görə 1 manat 20 qəpik tələb olunur. Hər gün xeyli sayda zibil yığan İcra hakimiyyətlərinin və bələdiyyələrin isə bu pulu verməyə maliyyə imkanları çatışmır. Buna görə həm İqtisadiyyat və Sənaye Nazirliyi, həm də “Təmiz Şəhər” ASC rəhbərliyindən xahiş edərdim ki, bu məbləğin azaldılmasını təmin etsinlər. Digər bir təklifim isə ondan ibarətdir ki, ən azından Bakı və ətraf qəsəbələrdə qanunsuz zibilxana probleminin aradan qaldırılmasını vahid orqana, məsələn “Təmiz Şəhər” ASC-yə həvalə etmək olardı. Düşünürəm ki, bu məsələnin idarə olunmasını mərkəzləşdirmək zəruridir. Bunun üçün “Təmiz Şəhər” ASC-nin maddi-texniki bazası əhəmiyyətli dərəcədə artırılmalı, yeni texnikaların, zibil qutularının və s. alınması üçün “Təmiz Şəhər” ASC-yə büdcədən əlavə vəsait ayrılmalıdır.
Elmira Axundovanın digər təklifi əhalinin müəyyən hissəsində ümumi mədəniyyətin aşağı düşməsi, aqressivliyin isə yüksəlməsi ilə bağlıdır. Onun fikrincə, bu, özünü məişət zorakılığında, erkən və qeyri-qanuni nikahların çoxalmasında, bəzi gənclərin dini ekstremizmə qoşulmasında, pis vərdişlərin baş alıb getməsində biruzə verir.
“Faktları saatlarla sadalamaq olar. Buna görə istərdim ki, hörmətli maliyyə naziri heç olmasa qəsəbə və böyük kəndlərdə mədəniyyət ocaqlarının tikilməsi, həm də müvafiq nazirlik və komitələr tərəfindən təsirli sosial roliklərin hazırlanması üçün büdcədən vəsait ayırsın. Bir çox ölkələrdə, elə Türkiyənin özündə narkomaniya, içki, siqaretə qarşı əks təbliğat xarakterli roliklər mütəmadi bütün kanallarda göstərilir və faydası da böyükdür. Bir də xahiş edərdim ki, müvafiq Nazirlik və Dövlət Komitələri öz maarifləndirici və təbliğat xarakterli tədbirlərini Bakı, Sumqayıt, Gəncədə yox, əyalətlərdə keçirsinlər və bu tədbirlərə yerli sakinləri cəlb etsinlər, necə ki, bunu uğurla Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi edir.
Deputat seçildiyim Masallı rayonunun problemlərinə gəldikdə isə ARDNŞ-in rəhbərliyində çox xahiş edirəm ki, çoxdandır planda nəzərdə tutulan, amma nədənsə təxirə salınan Hüseynhacılı-Təzəkənd arası təxminən 10-15 kəndin qazlaşma prosesi həyata keçirilsin. Çünki Masallının başqa yerlərində qazlaşma demək olar ki, yekunlaşdığı üçün adı çəkilən kəndlərin sakinləri narazılıqlarını bildirirlər”.
Modern.az