“Azərbaycanda 60 milyon dollarlıq reklam verilməsinə baxmayaraq, gəlir 26 milyon dollardır. Bu onu göstərir ki, reklam sahəsində “kölgə iqtisadiyyatı” hökm sürür”. Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin 2015-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunan iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsinin icrasında problemlər yaşanmayacaq. O, bunu büdcənin sosial və investisiya yönümlü olması ilə əlaqələndirib.
Deputat neftin qiymətinin müəyyənləşməsi ilə bağlı yaranan polemikalara da münasibət bildirib: “Çoxları bizə bununla bağlı dərs keçir. Neftin qiyməti 80 dollara düşsə də, Azərbaycanda problemlər yaşanmayacaq. Bu gün ən ciddi məsələ xərc sisteminə nəzarətin olmamasıdır. Hesablama Palatası böyük layihələrin yoxlanılmasına başlamalıdır. Yaxşı olardı ki, Hesablama Palatası kiçik yox, böyük investisiya qoyulan layihələrlə bağlı yoxlamalar aparsın”.
O, bankların kredit siyasətini də tənqid edib: “Mən spiker Oqtay Əsədova da təklif vermişəm ki, bankirləri Milli Məclisə toplayıb onların iştirakı ilə iclas keçirək və problemlərin həli yollarını axtaraq”.
Vahid Əhmədov əhalinin mənzil problemi məsələsini də bir daha gündəmə gətirib: “Azərbaycan hökuməti lazım olan yerlərdə sosial evlər tiksin, sosial ipotekalar verilsin”.
Deputat 2015-ci ilin dövlət büdcəsi layihəsində həkimlərin əmək haqları ilə bağlı yaranan tərəddüddən də söz açıb: “Dövlət büdcəsində əmək haqları qrafasında həkimlərin əmək haqlarının 0,6 faiz artırılması nəzərdə tutulub. Bu məsələyə aydınlıq gətirilməlidir”.
Aqşin KƏRİMOV