Modern.az

Dövlət başçılarına "YOX" deyən müğənni - “Şərq bülbülü”

Dövlət başçılarına "YOX" deyən müğənni - “Şərq bülbülü”

Mədəniyyət

21 Noyabr 2014, 13:00

Abu-Dabi Dövlət Universitetinin əməkdaşı

Yaxın  Şərqin  "Feyruz" adlı  günəşi

Yarım əsrdən çox müddətdir  Şərq dünyasının hər səhəri  "Feyruziyət əl-sabahiyyə" adlandırılan nəğmələrlə açılır. Böyük bir coğrafi miqyasda, 22 ərəb dövlətinin radio və televiziya kanallarında hər gün səhər saat 6.30-dan 9-dək əfsanəvi müğənni Feyruzun həzin mahnıları səsləndirilir. Səhər dərsə və işə tələsənlər, maşın idarə edənlər, bir sözlə, yuxudan ayılan hər kəs qəlbləri ovsunlayan bu fövqəladə səsi dinləyir.

Milyonların sevə-sevə dinlədiyi bu həzin nəğmələr ucsuz-bucaqsız qızmar səhraya yağan narın yağış kimi könülləri oxşayır, kövrək hissləri, saf duyğuları dilləndirir, yaşanan acılı-şirinli xatirələri yada salır, insanı xəyal dünyasına aparır. Səsinin ahəngində, nəfəsində qəribə bir həzinlik, məlahət olan Feyruzun ifasına qulaq asan dinləyici hətta ərəb dilini bilməsə belə, onun əsrarəngiz səsinin cazibəsinə düşür.

Əfsanəvi müğənni Feyruzun həyat tarixçəsi - Uşaqlıq illəri
Əsl adı Nihad Haddad olan bu gözəl səs sahibəsi 21 noyabr 1935-ci ildə  Yaxın Şərqdə yerləşən və beş min illik tarixə malik qədim Livanın paytaxtı Beyrutun "Zuqaq əl-Ballat" adlı məhəlləsində dünyaya göz açıb. Yoxsul təbəqənin "sehrli qutu" adlandırdığı radionu almağa belə gücü çatmayan Haddad ailəsini bütün məhəllə sakinləri sevirdi. O zaman kimsənin ağlına gəlməzdi ki, qədim Beyrutun köhnə məhəlləsində, kasıb Livanlı ailəsində doğulan bu körpə qızcığaz gələcəkdə milyonlarla insanı öz səsinin sehrinə salacaq olan əfsanəvi müğənni, Ərəb aləminin və Şərq dünyasının ulduzu Feyruz olacaq.

Məlahətli səs insana Allah vergisidir və bütün varlığı musiqi ilə yoğrulan  Nihad Tanrının bu özəl bəxşişinə layiq görülmüşdü.  Hər gün saatlarla qonşunun radiosundan səsi ətrafa yayılan klassik ərəb musiqilərinə qulaq asan balaca Nihad anası Lizaya ev işlərində kömək edərkən dinlədiyi mahnıları şirin avazla oxuyurdu.

Övladlarının gələcək həyatlarında savadlı və ziyalı olmasını arzulayan ata Vadi işlədiyi mətbəədə cüzi maaş alsa da, məvacibinin çox hissəsini onların təhsilinə ayırırdı. Tətil günlərində Detbil bölgəsində yaşayan nənəsinin yanına gedən Nihad sadə kənd həyatını, təbiəti çox sevirdi.    O, böyük həvəslə təsərrüfat işləri ilə məşğul olur, sevdiyi atlara qulluq etməkdən xüsusi zövq alırdı. Axşamlar şam işığında sevimli nənəsinin  danışdığı rəvayətlərə qulaq asaraq xəyallara dalan qızcığaz gələcəkdə onu gözləyən şöhrətdən xəbərsiz uşaqlıq illərini yaşayırdı.

Musiqi təhsili

Məktəb illərində azdanışan, sakit təbiətli olan Nihad musiqi dərslərinə xüsusi maraq göstərir, müxtəlif tədbirlərdə vətənpərvərlik mövzusunda mahnılar oxuyur, məktəblərarası keçirilən müsabiqələrdə iştirak edirdi. 1947-ci ildə təhsil aldığı məktəbdə keçirilən tədbirdə Nihad təsadüfən məşhur Livan musiqiçisi, bir çox dövlət himnlərinin və vətənpərvər marşlarının müəllifi bəstəkar Məhəmməd Fleyfellə qarşılaşır. Fleyfel məktəblilər üçün yeni yazdığı vətən marşını Livan radiosunda lentə yazdırmaq üçün səsi olan uşaqlar axtarırdı. Nihadın səsinə və istedadına heyran qalan Fleyfel onu  dərs dediyi musiqi kollecində təhsil almağa dəvət edir. Qızının musiqi təhsili almasına və müğənni olmasına etiraz edən ata Vadi ailənin digər üzvlərinin təkidindən sonra qızının kollecdə oxumasına nəhayət razılıq verir. Ailəsinin iqtisadi durumu çətin olan kasıb qızcığazın bütün təhsil xərclərini Fleyfel şəxsən özü ödəyirdi. Bir müddət sonra Nihad Livan dövlət radiosunun nəzdində  fəaliyyət göstərən "Fleyfel qardaşları" adlı musiqi qrupunda çalışmağa başlayır. "Quran hafizi" olan Fleyfel Nihada musiqi nəzəriyyəsi ilə yanaşı, "Qurani-Kərimi"i  avazla oxumağı və ərəb makamlarının sirrlərini öyrədir. Gələcək "Şərq ulduzu"nu kəşf edən Fleyfel  bu zəngin çalarlı ecazkar səsi hər kəsin duymasını arzulayırdı və onun bu istəyi artıq gerçəkləşirdi. Nihad zirvəyə doğru pillə-pillə addımlayırdı.

 Zirvəyə gedən yollar və "Ulduz ovçusu"

Günlərin birində  tale onu musiqi həyatını dəyişdirə biləcək bir şəxslə qarşılaşdırır. Təsadüfən səsyazma studiyasında Nihadın ecazkar səsini eşidən Livan radiosunun musiqi direktoru, bəstəkar və şair, "ulduz ovçusu" ləqəbli  Halim əl-Rumi  onun səsinə valeh olur və öz-özünə deyir: "Allahım bu qədər məlahətli, mükəmməl və düşündürücü bir səs ola bilərmi?" Eşitdiyi səsin  gözəlliyindən təsirlənərək hətta əlində çaldığı sevimli udunun necə yerə düşməsinin fərqinə belə varmayan məşhur bəstəkar  əl-Rumi Nihadı görmək istədiyini bildirir. Proqramdan sonra Halimin otağına utancaq və arıq bir qız girir, ilk sınaq günündə Nihada müxtəlif janrlı mahnılar oxutduran "ulduz ovçusu"  onun səs tembrinə, musiqi duyumuna heyran qalır. Bu görüşdə Halim əl-Rumi şərq və qərb musiqisinin sintezini özündə təcəssüm etdirən, modern üslublu əsərləri böyük ustalıqla ifa edə biləcək novator müğənninin məhz Nihad olacağına əmin olur. Beləliklə, musiqi dünyasının qapıları Nihadın qarşısında açılmağa başlayır və o, yaradıcı aləmin keşməkeşli yoluna qədəm qoyur.


Livan radiosunun xor kollektivinə dəvət alan Nihad solist kimi fəaliyyətə başlayır. Bu dönəmlərdə Halim əl-Rumi onun üçün silsilə mahnılar bəstələyir. Livan musiqi aləmində yeni kəşf edilən ulduza bəstəkar əl-Rumi  "Feyruz" (firuzə, qiymətli daş) ləqəbini verir.

Beləliklə, 1950-ci ildən radioda ifaları səsləndirilən Feyruzun  artıq səsi-sorağı getdikcə yayılmağa başlayır. Hər zaman belə bir istedadı kəşf etməsi ilə qürur duyan Halim əl-Rumi Feyruzu  məşhur bəstəkar, virtuoz ifaçı, mahir kaman (skripka) ustadı Assi əl-Rahbani ilə tanış edir.

Əl-Rahbani  qardaşları



Bu tanışlıqdan sonra Feyruz  yüzlərlə mahnı, bir çox operalar və müsiqili tamaşaların müəllifləri olan novator bəstəkar Assi və nəğməkar şair Mansur əl-Rahbani qardaşları ilə bərabər çalışmağa başlayır. Daim yaradıcılıq axtarışında olan Rahbanilər ərəb və qərb musiqi alətlərini eyni orkestrdə birləşdirməklə yeniliyə imza atdılar. Feyruzun repertuarında yer alan estrada, caz, tanqo, vals janrında olan ərəb musiqiləri məhz Rahbani qardaşlarının birgə yaradıcı əməyinin  məhsullarıdır.

1951-ci ildə Argentinadan Livana konsert verməyə gələn məşhur musiqiçi Eduardo Bianko ilə tanış olan Rahbani qardaşları onunla yeni layihəyə imza atırlar. Yaxın Şərq radio yayım şurasının musiqi direktoru olan Sabri Şarif  bu layihənin gerçəkləşməsinə böyük köməklik göstərir.  Feyruzun  Bianko orkestri ilə birlikdə ifa etdiyi mahnılar Sabri Şarifin rəhbərliyi altında lentə yazılır. Şərq və qərb musiqisinin vəhdətindən yaranan bu möhtəşəm sintezlə, "tarixi ilk"liyə imza atan Feyruz və Rahbani qardaşları  "tanqo üslubunda modern ərəb musiqisi"nin əsasını qoyurlar.

Feyruzla Rahbani qardaşlarının ərəb dünyasını lərzəyə salan ən uğurlu mahnısı isə, 1952-ci ildə Dəməşq Dövlət  Radiosunun səsyazma studiyasında peşəkar musiqiçilərin müşayiəti ilə lentə alınan "əl-Eytab" adlı həzin sevgi nəğməsi olur. Onların bu uğurlu mahnısı ərəb musiqi aləmində sanki  bir tufan qoparır, Feyruzun  tanınmasına və sevilməsinə səbəb olur.

Onu qeyd edim ki, Rahbanilərin bəstələdiyi mahnılar bütün dünyada məşhurlaşaraq əcnəbi müğənnilərin ifasında da səslənib. Bir çox türk müğənnilərinin repertuarında yer alan məşhur  "Tanrı müsafiri" adlı mahnı məhz Rahbani qardaşlarının müəllifi olduğu möhtəşəm əsərlərdən biridir.  

Ailə həyatı


Feyruzun ərəb dünyasında məşhurlaşmasında mühüm rol oynayan  Assi Rahbani nəinki onun  səsinə, eləcə də özünə aşiq olur. Sevgisinin qarşılıqlı olduğunu duyan Assi sevimli Feyruzuna qəlbini açır və müsbət cavab alır.

Onlar ömür yollarını birləşdirməyə qərar  verirlər. 1955-ci ildə ailə həyatı quran bu cütlüyün Ziyad, Hali, Layal və Rima adlı övladları dünyaya gəlir.

"Ərəb dünyasının musiqi beşiyi" - Misirə dəvət

Misirin musiqi aləmi Feyruzla yaxından maraqlanırdı. 1955-ci ildə Misir Dövlət Radiosunda çalışmaq üçün dəvət alan müğənni fikirləşmədən dəvəti qəbul edir. "Ərəb dünyasının sənət və musiqi beşiyi" adlandırılan bu qədim məmləkət Feyruzun hələ  uşaqlıqdan görmək arzusunda olduğu ölkə idi. Beş ay Qahirədə yaşayan müğənni ərəb musiqinin ən məşhur simaları ilə tanış olur, bəstəkarlardan mahnılar, rejissorlardan bədii filmlərdə çəkilmək təklifləri alır. Lakin yenicə ailə quran və ilk övladının dünyaya gəlişini gözləyən Feyruz bütün bu təkliflərdən mədəni şəkildə imtina edərək  Livana qayıdır.

Yupiter məbədinin əfsanəvi "yeddinci" sütunu



1957-ci ilin yaz aylarına qədər ərəb aləmi Feyruzu qiyabi olaraq musiqi vallarından və radio proqramlarından tanıyırdılar. 1957-ci ildə Baalbek şəhərində, tarixi bir məkanda, "Qədim Roma"lılardan qalma "Yupiter Məbədi"ndə, nəhəng altı sütunun önündə təşkil olunan "Ərəb gecələri" adlı konsertdə minlərlə pərəstişkarlarının qarşısına çıxan Feyruz səhnəni  ingiltərəli balet ustaları ilə bərabər paylaşdı. Beynəlxalq Baalbek Festivalında Şərq və Qərb dünyası ilk dəfə olaraq Feyruzun canlı performansını, səhnə şousunu izlədi. Bu möhtəşəm təqdimatdan sonra Feyruz  fransız mətbuatında, manşetlərdə yer alan yeni bir ad qazanır: "Yupiterin  yeddinci  sütunu". O zamankı Livan prezidenti Camil Çamun bu ecazkar səsi belə dəyərləndirdi: "Feyruz dünyanı Livana gətirdi, Livanı dünyada tanıtdırdı".

1960-cı ildə  "Livan musiqisinin birinci xanımı" tituluna layiq görülən Feyruz dəfələrlə Beynəlxalq Baalbek və Dəməşq festivallarında iştirak edir. Onun konsertlərini canlı izləmək, ecazkar səsinin sehrli aləminə düşmək üçün insanlar dünyanın dörd bir tərəfindən axın-axın Livana gəlirdilər.



Feyruz mənsub olduğu millətin milli-mənəvi dəyərlərini, dilini, tarixini, ədəbiyyatını, ölkəsində yaşayan müxtəlif etnik xalqların mədəniyyətini  öz sənətində təcəssüm etdirən və dünyada təbliğ edən bir əfsanədir . Ərəb məhcər ədəbiyyatının görkəmli simalarından olan Cibran Xəlil Cibran, Mixail Nuaymənin şeirlərinə yazılan mahnıları həzin səsi ilə ifa edən Feyruzun  yaradıcılığının əsas qayəsini torpaq sevgisi, vətən, millət uğrunda birliyə çağırış təşkil edir. Onun dillər əzbər olan daha bir vətənpərvər mahnısı daxili və xarici müharibələr nəticəsində dəfələrlə dağıntılara məruz qalan Beyruta həsr olunan "Lə-Beyrut" mahnısıdır. 

Dünyaya  açılan  pəncərə

Ərəbcə "Sout əl-mələikə", yəni "mələklərin səsi" adlandırılan Feyruzun  fransız, ingilis və yunan dilində ifa etdiyi mahnıları onun milyonlarla əcnəbi fanatlarının artmasına səbəb oldu. Onu da qeyd edim ki, Livanda ərəb dili ilə yanaşı, fransız və ingilis dili də rəsmi dil kimi qəbul edilib. Feyruzun  hələ uşaqlıqdan bu dillərə yüksək səviyyədə yiyələnməsi onun dünya miqyasında  məşhurlaşmasına böyük təkan verdi.



Qərb mediasında "Ulduzların səfiri" adlandırılan müğənninin yaradıcılığı Avropa televiziyaları və mətbuatının daim diqqət mərkəzində olub. 24 may 1975-cı ildə Feyruzun Fransa televiziyasında ilk çıxışı Avropanın musiqi aləmində sanki bir fırtına yaratdı. Dünyanın reytinqli  televiziya kanalları Feyruzun hər bir müsahibəsi və çıxışı üçün böyük məbləğdə qonorarlar ödəyir, onun haqqında silsilə verilişlər hazırlayırdılar.

 Dünya şəhərlərinin simvolik açarlarına layiq görülən "Şərq bülbülü"

Dünya musiqi tarixində Feyruz qədər titullara, mükafatlara, müxtəlif dövlətlərin ən ali orden-medallarına layiq görülən ikinci bir müğənni demək olar ki, yoxdur. Dünyanın istənilən dövlətinə səfər edən Feyruza həmən ölkənin  fəxri vətəndaşlığı verilir, adına xatirə pullar çap olunur,    konsertlər verdiyi  şəhərlərin simvolik açarları dövlət rəsmiləri tərəfindən "Şərq bülbülü"nə təqdim olunurdu.



Feyruz 1964-cü ildə Fələstinə səfəri zamanı üç səmavi dinin mərkəzi, fərqli mədəniyyətlərin beşiyi olan Qüds şəhərinin müqəddəs zeytun ağacından hazırlanan simvolik açarına və "Qüdsün sülh carçısı" tituluna  layiq görülən yeganə müğənnidir.

Bu möhtəşəm tarixi təqdimat günündə hökümət rəsmiləri, din xadimləri, ictimai-siyasi liderlər fəxri qonaqlar qismində iştirak edirdilər.

Feyruzun bir özəlliyi də ondadır ki, o, daima sadə xalqın yanındadır. Yüksək insani keyfiyyətlərə malik olan dahi müğənni hər zaman ehtiyacı olan insanlara kömək edir. Feyruz 2006-cı ildə İsrailin hava zərbələri nəticəsində evləri dağılan yoxsullara 750 min dollarlıq yardım edir və onun bu xeyirxah addımı ərəb aləmində böyük rəğbətlə qarşılanır.

Prezidentlərin  qarşısında  ifadan  imtina

1969-cu ildə Əlcəzair prezidenti Havari Bumedeynin  Livana rəsmi səfəri zamanı onun şərəfinə verilən konsertdə çıxış etməkdən imtina edən Feyruz böyük haqsızlıqla qarşılaşır. Livan höküməti tərəfindən müğənninin  radio və televiziyada ifalarına yeddi ay qadağa qoyulur. Rəsmi qadağalara baxmayaraq, sadə Livan xalqı öz vətənpərvər qızını dəstəkləyir və bu hadisə Feyruzun şöhrətinin daha da artmasına səbəb olur. O, hər dəfə verdiyi açıqlamalarda, müsahibələrində dinindən və irqindən asılı olmayaraq istənilən xalqlar qarşısında çıxış etməyə hazır olduğunu, lakin özəl insanlar üçün nəinki konsert, hətta bir mahnı belə oxumayacağını elan edirdi. Feyruz bir çox ərəb ölkələrinə həsr olunmuş vətənpərvərlik mahnılarını ifa etsə də, yeganə ərəb müğənnisidir ki, bu mövzuda oxuduğu nəğmələrdə heç bir dövlət başçısının adını çəkməyib. Yaltaqlığa, məddahlığa nifrət edən korifey sənətkar  səmimiliyi və sadəliyi ilə insanların məhəbbətini qazanıb. 



Doğma vətəndə 17 illik fasilə

13 aprel 1975-ci ildə Livanda başlayan vətəndaş müharibəsi 200000 insanın həyatına son qoydu. Qanlı-qadalı savaş illərində yaşadığı malikanənin bağçasına düşən mərminin təsirindən evinə ciddi ziyan dəysə də, vətənini canından çox sevən Feyruz "mən Livanlıyam, bu torpaqda öləcəm" deyərək doğma el-obasını çətin günlərdə tərk etmədi, hər zaman xalqı ilə bərabər oldu. Hər gün yüzlərlə günahsız körpənin ölümünə dözməyən Feyruz bəşər övladlarını insanlığa səsləyir, bu qardaş qırğınına son qoymağa çağırırdı və bu olaylardan böyük sarsıntı keçirən əfsanəvi müğənni  günlərlə evdə oturur, heç yana çıxmır, iç dünyasına qapanaraq fəryad edirdi.

Feyruz  sonuncu dəfə 1977-ci illdə Beyrutda Petra operettasını oxuduqdan sonra  ölkəsindəki savaşa etiraz olaraq, Livanda konsert verməyi özünə qadağan etdi. "Şərq bülbülü Feyruz ölkəsini səsindən məhrum edərək cəzalandırmaq istəyir" xəbəri  aylarla dünya mətbuatının gündəmindən düşmədi. Feyruz  xalqının dərdinə şərik çıxdı, ölkəsinin birliyi üçün mücadilə etdi və o, bu addımı ilə ölümə belə meydan oxuyan cəsarət mücəssiməsinə çevrildi. Ölkə xaricində verdiyi konsertlərdə Feyruz  Livan xalqının yaşadığı ağrı-acıları oxuduğu həzin nəğmələrlə dünyaya çatdırırdı. Nəhayət  21 oktyabr 1990-cı ildə Livandakı vətəndaş müharibəsi başa çatdı.

Möhtəşəm  dönüş



1994-cü ilin sentyabrında sevincli xəbər Livanı lərzəyə gətirdi: Feyruz  ölkəsində səhnəyə  geri  dönür. O Beyrutda, Şəhidlər  Meydanında  xalqa pulsuz  konsert  verəcək. Ağrılı-acılı, qanlı müharibədən sonra ilk dəfə 17 dini və etnik qrupdan olan 50000-dən artıq insan Şəhidlər Meydanına axın etdi. Onlar bir araya gələrək yan-yana, əl-ələ, dostcasına, qardaşcasına dayanmışdılar və bunun da əsas səbəbkarı Livanın siması Feyruz idi.

Dünyanın əksər televiziyalarında birbaşa  yayımlanan konserti  125 milyon insan izləyirdi. Xalqının dərdinə, kədərinə şərik olan "Şərq bülbülü" vətəndaş müharibəsinin  bitməsindən 4 il, özünə qoyduğu       17 illik yasaqdan sonra vətəni Livanda səhnəyə çıxdı. Nə tamaşaçılarına xitabən bir söz söylədi, nə də bir əl-qol hərəkəti etdi. O, səhnənin ortasında sanki bir xəyal, ağ libaslı mələk kimi sakitcə dayanaraq hüznlü səslə oxudu. Səhnədə canlı heykələ bənzəyən Feyruz Livan xalqının yaşadığı dəhşətli faciələri və 17 illik ayrılığı dilə gətirərək oxuyurdu.         
4 saatdan artıq davam edən konsertdə bütün meydan lal-dinməz halda canlı əfsanəni dinləyirdi. Meydanda nə bir səs-küy, nə də alqış səsləri vardı. Yalnız gözlərdən yaş süzülür, hıçqırıqlar eşidilirdi. Doğma el-obası haqqında oxuduğu mahnılarda çəkdiyi vətən harayı onu dinləyənlərin varlığından bir üşütmə keçirirdi. Feyruzun səsinin qüdrəti insanın ayağını torpağa bağlayaraq ruhunu göylərə aparırdı. Səsin sehri, cazibəsi buna deyirlər. Onun ilahidən pay verilən sirli-sehrli səsinin ifasında  vətənə, torpağa, millətə sevgi, insanlığa məhəbbət, Tanrının böyüklüyünə inam çağırışı səslənirdi, hər bir nəğməsi qəlbləri oxşayıb düşüncələrə nüfuz edirdi.

Konsert bitdikdən sonra meydandan qalxan gurultulu alqış səsləri bütün dünyaya yayıldı və Feyruz Livandakı bütün etnik və dini qrupların ortaq simvoluna çevrildi.

Möhtəşəm konsertdən sonra Səudiyyə Ərəbistanı kralının verdiyi açıqlamalar dünyanın bütün qəzetlərinin manşetlərində yer aldı: "Livana sülh Feyruzla gəldi, Feyruzun səsi Livanın qəlbindən yüksəldi, Livan üstünə çökən lənətdən qurtuldu, Livan əvvəlki halına qayıtdı".

Taleyin sınağı ilə üz-üzə   

22 iyul 1972-ci ildə qəflətən beyin insultu keçirən  Assi Rahbani xəstəxanaya yerləşdirildi. Feyruz və Assi heyranları günlərlə xəstəxananın ətrafında toplaşaraq dua etdilər, şamlar yandırdılar. Üç ağır beyin əməliyyatından  sonra nəhayət onun səhhəti müsbətə doğru dəyişməyə başladı. Bu dönəmdə Assinin şair qardaşı Mansur  yaşadıqları çətin günlərdən bəhs edən şeir yazır və 16 yaşlı Ziyad Rahbani əmisinin təkidi ilə bu şeirə mahnı bəstələyir. "Səluni əl-nəs" (İnsanlar səni məndən sordular) adlı bu mahnı  Assi üçün  nigarançılıq hissi yaşayan insanların duyğularını ifadə edirdi. Oğul Ziyad Rahbaninin bəstəsi olan "Səluni əl-nəs" ərəb dünyasında məşhur sevgi nəğmələrindən biridir və bu gün də insanlar tərəfindən sevilir.

Amansız və zamansız seçim

1972-1978-ci illərdə Feyruz və Rahbani qardaşları yeni mahnılar, 15-dən çox musiqili teatr tamaşaları, operettalar hazırladılar və dünyanın bir çox ölkələrində ardı-ardına konsertlər verdilər.                                           Gərgin iş qrafikası, çoxmüddətli xarici səfərlər Assinin sağlamlığına və əsəblərinə öz təsirini göstərirdi. Bu azmış kimi, onunla oğlu Ziyad arasında böyük bir konflikt yaşanır. Ata və oğul arasında yaranan uçurum getdikcə daha da dərinləşirdi. Düşmən münasibətdə olan ata-oğulun hətta bir evdə yaşaması belə müşkülə çevrilir. Həyatında ilk dəfə olaraq Feyruz çox çətin seçim qarşısında aciz qalır. Bir tərəfdə ömür-gün yoldaşı Assi Rahbani, digər tərəfdə canından çox sevdiyi oğlu Ziyad Rahbani. Dünyanı ecazkar səsi ilə fəth edən Feyruzun əslində şəxsi həyatında faciəvi notlar çoxdur. Qızı Layal vaxtsız dünyasını dəyişib, kiçik oğlu Hali isə uşaqlıqda keçirdiyi  iflic səbəbindən yataq xəstəsidir. Taleyin bu amansız seçimi qarşısında çox düşünüb-daşınan Feyruz nəhayət son qərarını verir. Oğlu Ziyad Rahbanini seçən müğənni 1979-cu ildə Assidən ayrılır. 24 ilik evlilik həyatına və 30 illik uğurlu sənət yoluna ailə daxili mübahisələr səbəbindən son qoyulur. Sevimli həyat yoldaşından ayrılan Assinin səhhətində yaranan problemlər artıq özünü biruzə verirdi. Bütün bu stresslərə dözməyən dahi bəstəkar, virtuoz musiqiçi  Assi Rahbani 1986-cı ildə dünyasını dəyişir.

Yeni  və  məhsuldar  iş birliyi



Assidən ayrıldıqdan sonra Feyruz oğlu məşhur bəstəkar, şair, güclü aktyor, eyni zamanda çox gözəl səs sahibi  Ziyad Rahbaninin başçılıq etdiyi prodüsser mərkəzi ilə çalışmağa başlayır və onların iş birliyi çox uğurlu alınır. Klassik ərəb musiqiləri ilə yanaşı, milli və modern mahnıların mahir ifaçısı olan Feyruz oğlu Ziyad Rahbani ilə birlikdə 6 albom ərsəyə gətirdi, yeni mahnılar yazdırdı, musiqili tamaşalar hazırladı. "Şərqin bülbülü" 25 illik uzun fasilədən sonra yenidən Beynəlxalq Baalbek Festivalında iştirak etdi. Dünyanın dörd bir yanından gələn teatr və musiqi kollektivləri, balerin və rəqqaslarla birlikdə Feyruzun möhtəşəm konserti oldu. Feyruzu izləyənlər böyük bir heyranlıqla onu daha yaxından görmək arzusu ilə növbəyə düzülmüşdülər.

Feyruzun 2000-ci ildə Beynəlxalq "Beyt əl-din" Festivalında çıxışı onu insanların gözündə bir daha ucaltdı. O, festivalın açılışında Rahbanilərin mahnısını yenidən ifa etdi, bununla da keçmişlə bu gün arasında yaranan körpünün və inamın musiqili ifadəsini yaratdı, bütün yaşananlara rəğmən keçmişin parlaq dönəminin yenidən yaddaşlarda xatırlanmasına səbəb oldu.

Dünyanın  Feyruzu 

Əlli ildən artıqdır ki, "Şərq  bülbülü"  Feyruzun  həzin, məlahətli səsi  məmləkətlər, ölkələr dolaşır. Buenos-Ayresdən  Qüdsə qədər iri coğrafi miqyasda, dünyanın dörd bir tərəfində möhtəşəm konsertlər verən  Feyruz hər yerdə ayaqüstə, gurultulu və sürəkli alqışlanır.

1961-ci ildə Argentina və Braziliya, 1971-ci ildə Amerika turnesi ilə dünya şöhrətli müğənniyə çevrilən Feyruz dəfələrlə Amerika, Asiya, Avropa, Avstraliyanın əksər şəhərlərində möhtəşəm konsertlər verir.              
"Yaxın Şərqdə doğan günəş" artıq bütün dünyaya işıq saçırdı.               
 "Shrine Auditorium", "The John F. Kennedy Center for the Performing Arts", "Carnegie Hall", "L'Olympia de Paris" ," Salle Pleyel", "London Palladium", "Royal Albert Hall", "Royal Festival Hall" kimi nəhəng konsert salonlarında dəfələrlə çıxış edən Feyruzun adı dünya musiqi tarixinə ən möhtəşəm, əzəmətli konsert verən müğənni kimi yazılıb. Şərqin canlı əfsanəsini izləmək istəyənlərin sayı o qədər çoxdur ki,  biletlərin satış qiyməti 500 dollar olmasına baxmayaraq, onun çıxış etdiyi konsert  salonları hər dəfə pərəstişkarları ilə dolub-daşır.



Bir neçə olimpiya oyunlarının möhtəşəm açılış törənlərinə imza atan, Paris, Las-Veqas, London kimi mədəniyyət mərkəzlərində on altı mindən çox insanın qarşısında  yaddaşlardan silinməyəcək konsertlər verən Feyruz ayaqüstə fasiləsiz 4-5-6 saatlıq və hər biri 45 dəqiqə, 1 saat davam edən mahnılar ifa edən, sözün həqiqi mənasında dahi, virtuoz müğənnidir. Mən özüm də dəfələrlə pərəstişkarı olduğum canlı əfsanə Feyruzun konsertlərində (Dubay 2000, Beyrut 2003, Abu-Dabi 2006, Şarjah 2008) tamaşaçı qismində iştirak etmişəm. İnsanların sanki nəfəs almadan saatlarla onun təkrarsız ifalarını necə dinləmələrinin şahidi olmuşam. Feyruzun konsertlərində səslənən nəğmələrdə kədər-sevinc, ayrılıq-görüş, sevgi-nifrət, xəyanət-sədaqət, vətən-qürbət mövzuları qoşa qanad kimi həmahənglik yaradır, insanı sanki başqa bir sehrli aləmə aparır.



Ərəb dünyasının musiqi zirvəsində dayanan, könüllərdə taxt-tac quran 79 yaşlı Feyruz yenə də səsinin əvvəlki təravəti ilə mahnılar yazdırır, konsertlər verir. Gözəl və zəngin çalarlı səsinin sehri ilə milyonların qəlbini ovsunlayan bənzərsiz sənətkara dünyada saysız-hesabsız adlar verildi: "Şərqdən doğan  günəş", "Əfsanə", "Livanlıların Firuzə  Qızı", "Mələklərin  səsi", "Ərəblərin Mədəniyyət  Səfiri", "Dünyanı  fəth edən Şərq xanımı", "Sənət  Fədaisi", "Yupiterin  yeddinci  sütunu", "Möcüzə",  "Ərəblərin  vicdan  səsi", "Dünyanın  Feyruzu", "Şərqin  bülbülü",  "Korifey", "Dünya  musiqisinin  sənət  kraliçası",  "Livan musiqisinin  birinci xanımı", "Müğənnilərin  çiçəyi  Feyruz", "Şərqin divası" və s.



O, isə hər zaman fəxrlə bu sözləri deyir:  Mən Livanlıyam, mən ərəbəm, mən sadəcə  Feyruzam.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI