Modern.az

Qarabağla bağlı media monitorinqinin növbəti nəticələri açıqlandı

Qarabağla bağlı media monitorinqinin növbəti nəticələri açıqlandı

21 Noyabr 2014, 13:31

Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri, millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə mətbuatda Qarabağ mövzusuna aid yer almış yazıların monitorinqi oktyabr ayında davam etdirilib.

Modern.az  xəbər verir ki, martın 1-dən start verilən layihə çərçivəsində oktyabr ayı ərzində ölkədə fəaliyyət göstərən 16 qəzet və 19 online media monitorinq olunub.

Monitorinq çərçivəsində qəzetlərin və online medianın Dağlıq Qarabağ münaqişəsinə necə yer ayırması öyrənilib. Oktyabr ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2090 məqalə dərc edilib.

Yazılardan 1449-u (69,3 faiz) online mediada, 641-i  (30,7 faiz) isə yazılı mətbuatda gedib. Əvvəlki ayla müqayisədə mediada münaqişə ilə bağlı xəbərlərin artdığı müşahidə edilib.

Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni “Bakı-Xəbər” (65 məqalə), “Xalq qəzeti” (55 məqalə),  “Yeni Müsavat” (52 məqalə) dərc edib.

 Online mediada ilk üçlükdə azertag.gov.az, trend.az, və apa.az saytları qərar tutublar.

Bu saytlar ay ərzində müvafiq olaraq 152, 124, 120 xəbər yayıblar. Musavat.com saytı da ay ərzində 120 xəbər yayaraq APA ilə birlikdə üçüncülüyü bölüşüb.

 Monitorinq çərçivəsində online medianın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib.

Məlum olub ki, oktyabr ayı ərzində mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 31 faizi atəşkəsin pozulması ilə bağlı olub.

Girov götürülən Azərbaycan vətəndaşlarına həsr olunan yazılar ikincilik qazanıb və 27 faiz təşkil edib.

Saytlardakı xəbərlərin 24 faizi Xocalı soyqırımı, 7 faizi ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi, 5 faizi Zəngilanın işğalı ilə bağlı məlumatlardır..

Qəzetlərin mövzu seçimi də onlıine mediadan ciddi fərqlənməyib. Dərc olunan məqalələrin 24,0% -i cəbhə xəttində atəşkəsin pozulmasına həsr edilib.

Xəbərlərin 13 faizi ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyinə aid olub.

Bundan əlavə, qəzetlər prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarına (12 faiz),  digər rəsmilərin açıqlamalarına (9 faiz), AŞ PA-nın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyinə (7 faiz) yer ayırılıb.

Monitorinq zamanı yazıların janra görə da təsnifatı aparılıb. Bu zaman münaqişə barədə ən çox məqalə dərc edən 2 qəzetin – “Bakı-Xəbər” və “Xalq qəzeti”nin məqalələri əsas götürülüb.

Məlum olub ki, “Bakı-Xəbər”in öz səhifələrində yerləşdirdiyi məqalələrin 43 faizi xəbər janrında olub. Məqalələrin 29 faizinin analitika, araşdırma, 18 faizinin köşə, 10 faizinin müsahibə janrında olduğu qeydə alınıb. 

“Xalq qəzeti”ində isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc edilən məqalələrin 49 faizində xəbər janrına üstünlük verib.

Məqalələrin 27 faizi analitik-araşdırma, 15 faizi müsahibə, 12 faizi analitik-araşdırma, 9 faizi köşə tipli olub.

Monitorinq növbəti aylarda davam etdiriləcək və mətbuatın münaqişəyə yanaşmasındakı dəyişikliklər ictimaiyyətə çatdırılacaq.

 Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu