Munke xan 1259-cu ildə, yəni ilk tüfənglərin istehsala başlandığı ildə dünyasını dəyişir. Monqol şahzadələri bir il sonra onun yerinə Kubilay xanı böyük xaqan seçirlər. O zaman Kubilay xan Çin səfərində idi, qardaşının öldüyünü, onun yerinə özünün seçildiyini bilsə də hərbi yürüşünü dayandırmır, çünki Subuday bahadırın hər zaman hər yerdə yanıb-yaxılaraq dediyi sözlər onun da qulaqlarından sırğa kimi asılmışdı: “O zaman Quyuk xanla Buri bay Uqedey xanın öldüyünü eşidən kimi atlarının başlarının döndərməsəydilər indi son dənizə qədər bütün dünya bizim idi. Nə qalmışdı ki?. Bir tək firənglər, bir tək... Onlar da qorxularından gecələr yata bilmirdilər... Ah Quyuk xan! Ah Buri bay! Hər şey sizin üzünüzdən yarımçıq qaldı. Siz dönməsəydiniz Batı xan dönərdimi?..”
Amma sonra xəbər gəlir ki, Kubilay xanın o biri qardaşı Arıq Buğa xan Karakorumda qarışıqlıq salıb xaqan taxtına oturmaq istəyir. Kubilay xan o zaman məcbur olub geri dönür, qardaşını məğlub edir. Amma ona heç bir pislik etmir, buna görə də bütün monqolların sevgisini qazanır və təkrar Çinə dönüb 1264-cü ildə paytaxtı Pekinə köçürür. Artıq tüfəngin meydana çıxmasının beşinci ili idi və o artıq gərəkli silah kimi xüsusilə varlılar arasında özünə yer etməyə başlamışdı. Əsasən ovçuluqda istifadə olunurdu.
Günlərin birində Kubilay xanın Pekindəki son dərəcə təmtəraqlı sarayına yaşı yüzü haqlamış, beli bükülmüş, taqətdən düşmüş bir qoca gəlir. O, qapıdan girəndə bütün Asiyanı hökmü altında, qalan dünyanı da qorxu içində saxlayan, zamanın qüdrətli hökmdarı Kubilay xan dünyada heç bir kəs üçün etmədiyi hərəkəti edir ; taxtından qalxıb onun qabağına yeriyir, qoluna girib böyük bir ehtiram və nəvazişlə onu taxtının yanına gətirir və öz yanındaca oturdur. Şahzadələri, sərkərdələri çağırıb onun şərəfinə böyük bir ziyafət verir. Söhbət əsnasında qoca ona cəsarətlə tənəli sözlər deyir, onu belə təmtəraqlı, yar-yaraşıqlı sarayda oturduğu üçün qınayır. Deyir ki, biz məgər bunun üçünmü vuruşmuşduq, sən bu gün beləcə dəbdəbəli saraylarda oturasan deyəmi dörd bir tərəfimizlə mübarizə aparmışdıq, monqol insanı ömrünü alaçıqlarda keçirir, ona görə də sənə qədər bütün monqol xaqanları çadırlarda hokmranlıq etmişlər, sən niyə çadırı saraya dəyişmisən?..
Qoca bu sözləri adi bir adamla danışırmış kimi mərd-mərdanə xaqanın üzünə deyir, amma nə xaqan, nə də məclisdəki şahzadələr, sərkərdələr qətiyyən bu cəsarətə təəcüblənmirlər. Çünki o bu dövlətin qurulmasında, güclənməsində və genişlənməsində əvəzsiz xidmətləri olan, bunun üçün ömrünü at belində keçirən, Çingizxanın dediyi kimi “yeməklərini də at belində yeyən, yuxularını da at belində alan” dörd məşhur sərkərdədən biri, tərifi monqol ozanlarının dilindən düşməyən əfsanələr qəhrəmanı Subuday bahadır idi. Yalnız onun böyük xaqanı qınamağa cəsarəti çata bilərdi; yalnız onun və başqa heç kəsin. Nəinki məclisdəkilər, Çingizxanın sadiq silahdaşı olan bu qeyri-adi qocanı uzaqdan da olsa bircə dəfə görə bilmək üçün Pekin küçələrinə toplaşmış əhali də bilirdi ki, onun Tuli xanın digər oğulları kimi Kubilay xanın da boynunda böyük haqqı vardı. O olmasaydı Kubilay xan bu gün böyük xaqan taxtında otura bilməzdi. Çünki Çingizxan vəsiyyətində xaqanlığı Uqedey xana və onun oğullarına vermiıdi. Tuli xana və oğullarına isə bütün monqol ordusunun ali baş komandanlığı çatmışdı. Amma qeyd etdiyim kimi, Quyuk xan öldükdən sonra artıq çox qüvvətli olan Batı xan onun qardaşlarını bir kənara buraxıb əmioğlanlarından ən sevimlisi olan Munke xanı taxta çıxarmış və bununla da babasının vəsiyyətini pozmuşdu. Kim ona qarşı gələ bilərdi ki? Elə istəmiş, elə də etmişdi. Munke xan da məhz bu böyük dayaqdan ruhlanıb özünə tabe olan qoşunun bir hissəsini bir qardaşı Hülaku xana verərək İran, İraq tərəflərə, bir hissəsini də digər qardaşı Kubilay xana verərək Cənubi Çin imperatorluğunu işğal etməyə göndərir, sonunda Hülaku xan İlhanilər imperiyasını qurur, Kubilay xan isə Munke xanın vaxtsız vəfatından sonra cənublu-şimallı bütün Çinin və Monqolustanın hökmdarı, eləcə də bütün monqolların böyük xaqanı olur. Yəni hər şeyin səbəbkarı Batı xan olur. Amma Batı xanı atası ovda “müəmmalı “ şəkildə öldürüldükdən sonra yeniyetmə ikən oğulluğa götürüb əsl hərbçi kim öyrədən, Avropa yürüşünə lazımi sayda qoşun verməsi üçün Uqedey xandan xahiş edən, qoşunu yalnız öz hərbi dühası ilə Adriatik dənizinin sahillərinə qədər çatdırıb Batı xan üçün Altın Ordu imperatorluğunu quran kim idi?
Əlbəttə ki Subuday bahadır. Bəli , öz xalqına, öz hökmdarına son dərəcə sədaqətli olan və bu sədaqətini son nəfəsinədək əməli ilə sübut edən bir insan., təbii ki, beləcə hörmətə, sevgiyə layiq olacaq.
Kubilay xan hökmü çatan ərazilərin böyüklüyünə və tabeliyində olan insanların sayına görə o zamanın / ümumiyyətlə, bütün bəşər tarixinin / ən böyük hökmdarı idi, çünki monqol dövlət quruluşuna görə Altın Ordu imperatoru da, İlhanilər hökmdarı da faktiki olaraq ona tabe idi. Odur ki, tüfəng yeni bir silah növü kimi hanıdan əvvəl , təbii ki, onun diqqətini çəkmişdi, amma hələlik yalnız böyük sarayının mühafizəçiləri və saysız-hesabsız mal-qara, qoyun-quzu sürülərini, at ilxılarını güdən çobanlar bu silahla təchiz edilmişdilər. Qoç Koroğlu “yarısı taxta, yarısı dəmir” olan bu əcaib şeyi qocalıq illərində onun sarayına bu gəlişi zamanı yolda çobanlarda və sarayda görüb heyrətə gəlmişdi. Tüfəng çıxdı, mərdlik getdi, bic əyyamı gəldi, demişdi.
Haqlı imiş. Zaman göstərdi ki, o nə qədər də haqlı imiş!
P.S.{Yazıda Rəşidəddinin, Bartoldun, Yanın, Qrussenin, İbn əl-Əsirin, Cüveyninin və s. tarixçilərin əsərlərindən istifadə olunub}
Qeyd etməliyəm ki, Subuday bahadır Tuva xalqının milli qəhrəmanıdır, bu muxtar respublikada onun böyük heykəli ucaldılıb. Vaxt gələcək, onun heykəlinə böyük hərflərlə “Koroğlu” kəlməsini də yazacaqlar. Onun ölüm tarixi haqqında ziddiyyətli fikirlər vardır, Tuva Akademiyasından bildirmişlər ki, onun ölüm tarixi bəlli deyil. Ancaq nədənsə bəzən onun 1248-ci ildə öldüyünü yazırlar. Ümumiyyətlə, bu əfsanəvi sərkərdənin dəqiq ölüm tarixinin bəlli olmaması və ya tüfəng istehsalından əvvəlmi, sonramı ölməsi əsrlərin arxasına etdiyimiz bu səyahətimizə zərrə qədər də kölgə salmır. Çünki dastanı diqqətlə oxuduqda dərhal bəlli olur ki, bütün hekayələr sanki bir dövrə, sondakı “Koroğlunun qocalığı” hekayəsi isə tamam başqa dövrə aiddir. Bununla belə, o hekayə qətiyyən yamaq kimi görünmür, əksinə, dastana sanki bir tamlıq, bütövlük damğası vurur. Aşıq yaradıcılığı dəryadır yəni, önündə bənd-bərə durmaz.
Son
Mirzə Hacıyev
***
Koroğlu sirri: Əfsanədən həqiqətə - I Hissə - MARAQLI
//modern.az/articles/67220/1/
Koroğlu sirri: Əfsanədən həqiqətə - II Hissə - MARAQLI
//modern.az/articles/67281/1/
Koroğlu sirri: Əfsanədən həqiqətə - III Hissə - MARAQLI
//modern.az/articles/67350/1/
Koroğlu sirri: Əfsanədən həqiqətə - IV Hissə - MARAQLI
//modern.az/articles/67419/1/
Koroğlu sirri: Əfsanədən həqiqətə - V Hissə - MARAQLI
//modern.az/articles/67483/1/
Koroğlu sirri: Əfsanədən həqiqətə - VI Hissə - MARAQLI
//modern.az/articles/67566/1/
Koroğlu sirri: Əfsanədən həqiqətə - VII Hissə - MARAQLI
//modern.az/articles/67634/1/