Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Başımın üstünü qara buludlar almasaydı, mən də gün görərdim” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Başımın üstünü qara buludlar almasaydı, mən də gün görərdim” - RUBRİKA

22 Noyabr 2014, 09:43

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

Jurnalist Ceyhun Musaoğlunun jurnalistika fakültəsinə sənəd verməməsinin səbəbkarı oxuduğu məktəbin direktoru olub: “Orta məktəbin yuxarı siniflərində oxuyanda dəqiqləşdirmişdim: jurnalist olacam. “Şimşək” adlı sinif qəzetinin redaktoruydum. Həftədə bir dəfə hazırlayıb, məktəbin xüsusi guşəsinə yerləşdirirdik. Qəzetimiz sinif qəzetləri arasında ayda bir dəfə keçirilən monitorinqlərin dəfələrlə qalibi olub. İnşalarımı heç vaxt valideynlərim yazmayıb. Hərdən kömək üçün anama müraciət edirdim, amma özüm yazırdım. Riyaziyyatla Fizikanı da yaxşı oxuyurdum. Atam riyaziyyat müəllimi işləyib, onunla məsələ, misal həll etmək zövq verirdi. Cəbrdən və həndəsədən buraxılış imtahanlarında 5 qiymət almaq üçün öz istəyimlə əlavə hazırlığa getməli oldum. Məktəbi məndən bir il əvvəl bitirib, o vaxtkı Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə əla qiymətlərlə qəbul olan Qulam adlı dostumdan 1 il dərs aldım. Riyaziyyatdan bizə Hüseyn müəlim dərs deyirdi. Mükəmməl insan və mükəmməl müəllimdi. Ondan öyrəndiklərimi bir qədər də təkminləşdirirdim. Ancaq məqsədim jurnalistikaya daxil olmaq idi. Deyirlər, nadinc olmuşam. Buraxılış imtahanlarından sonra məktəbin direktoru nadincliyimi “əsas” götürüb, atestatımın verilməsini gecikdirdi. Sinif yoldaşlarımın əksəriyyəti artıq ali məktəblərə imtahan vermişdi, bir neçəsinin qəbul olunması xəbərini də almışdıq. Mənsə direktordan asılı vəziyyətdə qalmışdım. Attestat əlimdə olanda ADU-nun jurnalistikasına sənədlərin qəbulu müddəti sona çatmışdı. Məcbur olub, sənədlərimi AZİ kimi tanıdığımız Azərbaycan Neft Kimya İnstitunun axşam şöbəsinə verdim. Riyaziyyat, fizika, ədəbiyyat – hər üç imtahandan yüksək qiymət aldım. Oldum İstehsal proseslərinin avtomatlşadırılması fakültəsinin tələbəsi. İki il oxuyandan sonra, həqiqi hərbi xidmətə çağırıldım. 1993-də gedib, 1997-də qayıtdım. 3-cü kursa keçib getmişdim, qayıdanda gündüz şöbəsinin 2-ci kursundan davam etməli oldum. Qanunla belə olmalıydı. 1991-ci ildə ali məktəbə qəbul olan Ceyhun 2001-ci ildə diplom aldı. Təəccüblə “10 il” sualı verənlərə “Ögey ana” filminin qəhrəmanının dilindən belə deyirəm: “Başımın üstünü qara buludlar almasaydı, mən də bir gün görərdim”.

Artıq özümü tələbə kimi hiss etmirdim. İşləməliyəm. Dəyərli şair dostum Arzu bəy məsləhət görür ki, Şahvələd Çobanoğlunun baş redaktoru olduğu “Günaydın” qəzetinə gedib, təcrübə keçim. Gedirəm. Yazıram, pozuram, pozuram, yazıram. Burdan ora, ordan bura keçirəm. Məktəbim “Günaydın”. “Hürriyyət”lə də əməkdaşlıq etmişəm. “Politika”yla da. Anlayıram ki, özüm də bilmədən arzuma çatmışam. Xəbər yazıram, müsahibə alıram, reportaj hazırlayıram. İllər keçdi, cızma-qaralarıma publisist kimi də imza qoymağa cəsarət etdim. Jurnalist təşkilatı yaratmaq istəyimə də çatdım. Junalist Ekspert Mərkəzi bütün jurnalistlərin təşkilatıdı. Hər bir jurnalist JEM-in rəhbəridi. Jurnalistika ən gözəl sənətdi. Razıyam, mühəndislər də mühəndislik barədə belə desinlər, həkimlər həkimlik barədə yüksək fikirdə olsunlar. Junalistikanın dırnağına daş dəyəndə, elə bilirəm başıma dəyir. Lap dəysin, yenə başımı dik tuturam, çünki jurnalistəm”.

“Aztelekom” şirkətinin mətbuat xidmətinin rəhbəri Elmar Hüseynova APA-nın uşağı deyirlər: “Mən ixtisasca dilçiyəm. Naxçıvan Dövlət Universitetinin bakalavr, sonra magistraturasını bitirmişəm. Bakalavrda ixtisasım Azərbaycan dili və ədəbiyyat, magistrdə dilçilik olub. Sonra AMEA-nın doktoranturasını oxumuşam. İki il Culfanın Əbrəqənus kənd orta məktəbində müəllim işləmişəm. Magistra əyani qəbul olduğum üçün orta məktəbdən çıxmalı oldum. Bir dostum dedi ki, “Şərq qapısı” qəzetinin keçmiş baş redaktoru mərhum Məmməd Məmmədov korrektor axtarır. Getdim yanına, qəbul elədi. O vaxt gənclər üçün iş tapmaq çox çətin idi. Məni heç nəsiz-birbaşa əmrlə işə götürdü. “Şərq qapısı” jurnalistikaya gəlişim üçün bir məktəb oldu. Sonradan həm də müxbir kimi fəaliyyət göstərdim. O qəzetdən sonra bir il Naxçıvan Televiziyasında “Xəbərlər” baş redaksiyasında redaktor vəzifəsində işlədim.

Magistrı bitirən il millət vəkili, akademik İsmayıl Hacıyev AMEA-ya dəvət etdi. 5 il AMEA Naxçıvan Bölməsində Toponimika sahəsində çalışdım. AMEA-da işləyə-işləyə eyni zamanda lent.az, apa.az daha sonra sia.az-ın Naxçıvan üzrə bölgə müxbiri işləmişəm. 2011-ci ildə Bakıya gəldim. Avqust ayından “Simsar” jurnalında redaktor kimi fəaliyyətə başladım. Eyni zamanda sayta da yazılar verirdim. Sonradan hər ikisinin redaktoru oldum. 4 il “Simsar.az” saytının və “Simsar” jurnalının redaktoru olmaq mənə çox şey qazandırdı. “Simsar” mənim üçün bir ailə idi. Və çox xoşbəxtəm ki, özümü hələ də bu ailənin üzvü hesab edirəm. Eyni zamanda mənə APA-nın uşağı da deyirlər.

“Şərq qapısı” nın mərhum baş redaktoru Məmməd Məmmədovdan əsl jurnalist olmağı öyrəndim. Lent.az-dan Qabil Abbasoğlu isə mənə Azərbaycan jurnalistikasının sirlərini öyrətdi. APA-da operativliyi öyrənsəm də, Naxçıvan həyatı mənim üçün əsl məktəb olmuşdu. “Simsar”dakı fəaliyyətim isə bütün bunlara yekun vurdu. Redaktorluq işi özü görünməsə də, daha məsuliyyətli işdir.

“Simsar.az”da çalışdığım vaxt məlumat əldə etdim ki, Aztelekoma İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis lazımdı. CV-mi hazırlayıb göndərdim və qəbul olundum.
Çox sevinirəm ki, jurnalistikanın astanasına ayağımı qoymuşam. Jurnalistika mənim həyat tərzimdi”.

“Fins.az” saytının redaktoru Namiq Hüseynov uzun illər iqtisadi jurnalistikada qalmağı düşünür:
“2004-cü ildə Bakı Dövlət Universitetini iqtisadi kibernetika ixtisası üzrə bitirmişəm. Öz ixtisasım üzrə heç işləməmişəm. 2005-ci ilin iyul ayında hərbi xidmətdən qayıtdım və təxminən ay yarımdan sonra mətbuata gəldim. Bu sahədəki fəaliyyətim bu günə qədər də davam edir.
Jurnalistikaya marağım orta məktəbdən yaranmışdı. Amma tarixi zəif bildiyim üçün o vaxt 2-ci ixtisas qrupuna-iqtisadiyyata sənəd verməli oldum. Ancaq bilirdim ki, Azərbaycanda jurnalistlərin heç də hamısı ixtisasca jurnalist deyil. 4 illik ali təhsildən sonra arzumu reallaşdırdım. Jurnalistika öz sozünü demək üçün tribunanın olması baxımından diqqətimi cəlb etmişdi. Ümumiyyətlə, 90-cı illərin sonunda mediada vəziyyət indikindən çox maraqlı idi. Jurnalistlər daha peşəkar idilər, ucuz informasiya dalınca qaçmırdılar. Bu kimi amillər məndə jurnalistikaya maraq oyatmışdı. İqtisadiyyatı bitirdiyimə görə də peşman deyiləm, çünki mən elə iqtisadi sahədə yazan jurnalist oldum. İqtisadi biliklər bu baxımdan mənim üçün çox vacibdir.

“Nedelya” qəzeti ilə fəaliyyətə başladım. İlk iş yerimdə 4 ay ştatdankənar işlədim. Bu günə qədər də həmin qəzetləri saxlayıram. Sonra ANS TV-yə getdim, 6 il orada çalışdım. 2 il “New Baku Post” qəzetində iqtisadiyyat müxbiri olmuşam və. s. Bu ilin aprel ayından isə “Fins.az” saytına gəlmişəm.

Jurnalistikada çalışdığım üçün hələ ki peşman deyiləm. İqtisadi sahədə yazar olmaq xoşdur. Bu gün də nə isə öyrənirəm, özümü inkişaf etdirməyə çalışıram. Yəqin ki, hələ uzun illər iqtisadi jurnalistikada qalacağam”.

Jurnalist Vasif Sadıqlını maddi və mənəvi ehtiyac jurnalistikaya gətirib: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Müəllimliyi istəyərək seçmişdim. 10 ildən artıq orta məktəb müəllimi, lisey müəllimi işləmişəm.

Əvvəllər də yazılar yazırdım. Ancaq mən xəbər daşıyıcısı kimi yox, daha çox köşə yazarı olmuşam. Ona görə yazmaq ehtiyacı hiss edirdim. Müəllimliyin də maaşı az idi. Bakıda iş yox idi, çətinliklə tapılırdı. Hər iki ehtiyac məni jurnalistikaya gətirdi.

1991-ci ildə “Çənlibel” adlı qəzet buraxırdım. Ondan əvvəl də “Ədəbiyyat və İncəsənət” qəzetində çalışırdım. AMEA-nın “Xəbərlər”ində yazılarım çıxıb. Bundan başqa “Çağ”, “Avrasiya”, “Bizim yol”, “Azadlıq”, “Ekpress”, “Proqnoz”, “ANS Press” və s. mətbu orqanlarda işləmişəm. Hazırda “Turan” İnformasiya Agentliyində tərcüməçiyəm. Eyni zamanda müxtəlif qəzetlərə köşə yazıram.

Jurnalistikaya gəldiyimə görə peşman deyiləm. Çünki indiki şəraitdə başqa alternativimiz də yoxdur. 90-cı illərdə elmə qayğı göstərilsəydi, ümumdaxili məhsulun yetərli hissəsi onun üçün ayrılsaydı, bəlkə də elm sahəsi ilə məşğul olardım. Amma o zaman elə Akademiyada işləyənlərin çoxu da alternativ sahələrdə çalışırdılar. Ona görə də təklif oldu, heç Akademiyaya da getmədim. Keçid dövründə insanların daxilində daha çox problemlərə qarşı bir etiraz etmək, yüngülləşmək üçün yazmaq istəyi olur. Elə 80-ci illərin axırlarından cəmiyyətimizdə olan siyasi kataklizmlər dövründə təbiidir ki, müxtəlif sahə adamları yazmaq istəyirdilər.

İnsanın sosial məsuliyyəti də var. Bu dinimizdə də göstərilib. Yəni insan təkcə öz problemləri üçün yox, cəmiyyətin problemi üçün də narahat olursa, bu onun dəyərini göstərir. Onu yazanda insan deyir ki, mən Allah qarşısında da, cəmiyyət, xalq qarşısında da borcumdan çıxdım”.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi