Modern.az

Məhəmməd Hadinin əxlaq fəlsəfəsi

Məhəmməd Hadinin əxlaq fəlsəfəsi

Ədəbiyyat

23 Noyabr 2014, 12:08


Əxlaq ictimai şüur formalarından biri olub, ictimai həyatın bütün sahələrində insanların davranışını tənzim edən  və bu zaman rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, habelə, onların həyatda  bir-birinə, ailəyə, sinfə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir.

İbtidai icma quruluşu zamanı meydana gələn əxlaq siniflərin, dövlətin yaranması, ictimai münasibətlərin mürəkkəbləşməsi nəticəsində yeni normalar, prinsip və forma qazanmışdır. Həmin norma və prinsiplər uzun bir vaxt ərzində dini təlimlərin tərkib hissəsi olmuşdur. Əxlaqın spesifik xüsusiyyəti  insanın hərəkətlərini qiymətləndirməkdir.  İnsanın davranışı üçün vacib sayılan  norma və tələblər tarixən müəyyən cəmiyyətin, sinfin, zümrənin xeyir və şər, vicdan, ədalət və ədalətsizlik, rəhm, əxlaqi borc, qəddarlıq və sair haqqındakı  təəsəvvürlərinin ifadəsidir.

Əxlaq insanların dünyabaxışı, əqidə və inamı ilə sıx bağlıdır.  Şəxsiyyətin əməli fəaliyyətində mühüm rol oynayan əxlaqi şüur  onun dünyabaxışının tərkib hissəsini təşkil edir. Buna görə də  müəyyən quruplar insanlarda əxlaqi şüurun formalaşmasını daim diqqət mərkəzində saxlamağa çalışmışlar.

İnsanların əxlaq haqqındakı təsəvvürləri əbədi və dəyişməz deyil.  Bu barədə F.Engels belə demişdir:” Xeyir və şər təsəvvürləri bir xalqdan başqa xalqa, bir əsrdən başqa əsrə keçdikcə, o qədər dəyişmişdir ki, çox zaman bir-birinə açıqca zidd olmuşdur”.(F.Engels.”Anti-Dürinq”, Bakı – 1967, s.91).

Bazis dəyişdikdə əxlaq da onunla birlikdə dəyişir və yeni bazisə uyğun olaraq davam edir. Hakim sinfin əxlaqı da hakim əxlaq olur. Əxlaq normaları dövlət orqanları və ictimai təşkilatlar tərəfindən tənzim olunmur. O, sırf insani münasibətlərə (dostluq, qardaşlıq, məhəbbət və s.)əsaslanır.

Dini və dünyəvi əxlaq arasında mühüm fərq özünü göstərir.  Feodalizm dövründə din hakim ideologiya olduğundan əxlaqi prinsiplər də onunla üzvi surətdə bağlı idi.  Dini əxlaq Allaha inanmağı və axirət dünyasına ümid bağlamğı  əsas tutur, dünyəvi, elmi əxlaq isə bunun əksunə olaraq, cəmiyyətə, xalqa xidmət etməyi nəzərdə tutur.

Əxlaqi keyfiyyətlərin formalaşmasında ictimai mühit mühüm rol oynayır. Cəmiyyətin mənafeyinə uyğun gələn  ictimai mühitdə  əxlaq insanlara öz şəxsi mənafelərini  cəmiyyətin mənafeyi ilə  uzlaşdırmaq yolunu göstərən və bu əsasda şəxsiyyətin  xoşbəxtliyinə nail olmaq üçün  bir vasitə olmalıdır.

Əxlaqın mənşəyi, əsasən, cəmiyyətin iqtisadi münasibətlərindədir. Bu münasibətlər dəyişdikdə, yeni əxlaqi münasibətlər, yeni davranış formaları yaranır,. Lakin bu dəyişikliklər birdən-birə yox, tədrici inkişaf prosesində baş verir. .

İnsan həyatda fəal əxlaqi mövqe tutmalı, ictimai vəzifəsinə şüurlu münasibət bəsləməlidir ki, bu zaman onun sözü ilə işinin uyğunluğu gündəlik davranış normasına çevrilsin. Cəmiyyətin tərəqqisi, inkişafı  bir çox hallarda insanların mənəviyyatca, əxlaqca  kamilliyindən, cəmiyyət qarşısında özünün ictimai borcunu şüurlu olaraq dərk etməsindən asılıdır.  İctimai tərəqqi və inkişaf haqqında düşünənlər insanın əxlaqi kamilliyinə, mənəvi zənginliyinə xüsusi diqqət yrtirmiş və buna nail olmağa çalışmışlar.  Azərbaycan demokratik fikir nümayəndələrinin yaradıcılığında da əxlaq haqqında qiymətli fikirlər mövcuddur. Bu nümayəndələrdən biri də Məhəmməd Hadidir.

Əxlaq məsələsi M.Hadi yaradıcılığında özünəməxsus bir yer tutur.  Bu görkəmli sənətkar da  insanın qiymətini, şərəfini onun əxlaqi keyfiyyətləri ilə, daxili aləminin zənginliyi ilə müəyyən edir.Mütəfəkkirə görə, insanları bir-birindən fərqləndirən , onlara şərəf, şöhrət gətirən əxlaqi keyfiyyətlərdən başlıcası m ə r i f ə t d i r.

Bu sözün lüğəti mənası elm, bilik, hünər, məharət demək olsa da, əxlaq nöqteyi-nəzərindən bütün yaxşı, bəyənilmiş cəhətləri özündə cəmləşdirən sifətdir, təyindir: hər şüyin öz yerini bilən, insanlara nünasibətdə səmimi, mehriban, qayğıkeş olan, kobudluğa, lovğalığa yol verməyən, insanlara hörmət etməyi, qüsusrsuz olmağı bacaran şəxs mərifət sahibi adlanır. Elm, bilik və hünər də mərifətə daxildir.. Mərifət olmadıqda, onlardan heç birinin dəyəri yoxdur. M.Hadi bunu belə ifadə edir:

             İnsana şərəfbəxş fəqət elmü hünərdir, 
             Bimərifət adam canı yox xüşk şəcərdir (M.Hadi.Əsərləri, 1 c.1978, s.5)

Burada mərifət elə elm, bilik mənasında işlənmişdir. Mərifət insanın həm daxili, həm də xarici aləmini bəzəyir. Mərifətli adamlar həmişə başqalarından fərqlənirlər. M.Hadi “ İnsan nə ilə mükərrəmdir?” şeirində  mərifət sahibi insanı mələklə müqayisə edir və üstünlüyü insana verir:

            Olursa mərifətpərvər- məlaikdən mükərrəmdir, 
             Yşarsa aləmi-vəhşətdə, heyvandan da kəmtərdir (yenə orada, s.3).

Bu misralardan biz iki nəticə çıxara bilərik: birincisi, mələk bəşəri hisslərdən (tamah, paxıllıq, hiylə və s.) məhrum olduğu üçün insandan üstündür. İkincisi, mərifət yalnız insana xasdır, mələkdə bu keyfiyyət yoxdur. Dini əqidəyə görə, mələklər Allaha daha yaxın və sədaqətli “varlıqlardır”.Lakin insan mərifət sahibi olduğu üçün  mələyə nisbətən Allaha daha yaxındır. M.Hadinin insan əxlaqına verdiyi qiymət belədir.

Mütəfəkkir şair göstərir ki, elm , bilik ancaq məktəb, mədrəsə ilə bağlıdır, İnsanı mərifət sahibi edən məktəbdir, təlim-tərbiyədir:

              Məktəblə bulur təsfiyə ayineyi-vicdan, 
              Məktəblə edər kəsbi-şərəf zadeyi-insan (yenə orada, s.3)

Burada vicdan güzgüsünün(ayineyi-vicdan)  saflığı o deməkdir ki, avamlar., nadanlar öz vicdanları qarşısında  məsuliyyət hiss etmirlər, çünki onların yol göstərən vicdan güzgüləri saf, təmiz olmadığı üçün  hər şeyi əyri, təhrif olunmuş şəkildə göstərir. Elm, maarif, məktəb isə həmin vicdan güzgüsünü saflaşdırır, təmizləyir.

Qeyd etmək lazımdır ki,  M.Hadinin yaşayıb-yaratdığı dövrdə  Azərbaycan rus imperiyasının  müstəmləkələrindən biri idi.  Çarizm milli ucqarlarda  elmin, mədəniyyətin, maarifin qarşısını alır, insanları cəhalətdə saxlamaqla öz hakimiyyətinin  təhlükəsizliyini təmin edirdi.  Nadan və avam adamlar ətrafda baş verən hadisələrin əsil mahiyyətini başa düşmürdülər.  Din xadimləri də Quranda deyilənlərin əksinə olaraq,dünyəvi elmləri tədris edən məktəblərin  açılmasına qarşı çıxır, bu məktəblərdə uşaqlarını oxutmaq istəyənləri isə cəhənnəm odunda yanacaqları ilə qorxudurdular.

M.Hadi bütün bunları görür, millətin cəhalət və nadanlıq içərisində  məhv olmasına dözə bilmr, insanları maariflənməyə, elm, bilik əldə etməyə çağırır. Məktəblərdə dünyəvi elmlərin tədrisinə  qarşı çıxan ruhaniləri tənqid edərək göstərir ki, elm sahibləri Allah yanında çox üstündürlər Elm yaranmışların əşrəfi olan insan üçündür.  Peyğəmbərimiz də bizləri elm, bilik əldə etməyə səsləyir və bini vacib sayır:

                  “Vəkərrəmna bəni-adəm”nişanın hifz üçün Hadi
                    Maarif kəsbi qılmaq  bizlərə əmri-peyğəmbərdir .(Yenə orada, s.8)

Bu,  Quranda 17-ci surənin 70-inci ayəsidir. Orada deyilir: “Biz Adəm övladını şərəfli və hörmətli elədik, Onıarı suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə cürbəcür nemətlərdən ruzi verdik və onları  yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik...)

Mütəfəkkirə görə, insan çalışqan, quran, yaradan olmalıdır.  Süstlük, nadanlıq insana yaraşmaz. O, yaxşıya, yüksəkliyə can atmalıdır, insan Allah qarşısında bağışlanmasını istəyirsə, gərək həyatda ədalətli olsun, yıxılanı qaldırsın, müqəssiri bağışlamağı bacarsın:

         Dilərsən məğfərət həqdən ədalətpərvər ol, dad et! (yenə orada, s.13)

M.Hadi göstərir ki, hərəkət və davranışı  ilə kimsəyə ziyan vurmayan, kimsənin qəminə, kədərinə səbəb olmayan, könül sındırmayan insanlar hörmətə, izzətə, tərifə layiqdirlər.  İnsan dünyaya dağıtmaq, yandırmaq, məhv etmək üçün yox, qurmaq abad etmək, yaratmaq üçün gətirilmişdir:

                   Könül sındırma, ev yıxma, əziyyət vermə məxluqə, 
                   Yıxılmış xanəni məmur, sınmış könlü abad et! (yenə orada)

M.Hadinin arzuladığı insan bütün müsbət əxlaqi keyfiyyətləri özündə cəmləşdirən xəyali, utopik kamil insandır.  Bizcə, əgər M.Hadinin arzuladığı insan bütün bu gözəl sifətlərə malik olarsa, deməli, o, qüsursuz varlıqdır, yaradana bənzəyir və nəticə etibarilə kamil insandır.  Bu isə mümkün deyil, çünki bəşər nöqsansız ola bilməz. M.Hadi  həyatın mənasını , insanın yaradılmasının məqsədini belə izah edir:

                      Həyatın mənayi-əslisi şəfqətdir, məhəbbətdir,
                      Cahanə gəlməkdən mətlub xəlqullahə xidmətdir,
                      İbadə xidmət etmək ən müqəddəs bir ibadətdir.(yenə orada, s.32)

İnsan müəyyən ictimai-siyasi və iqtisadi münasibətlərin idarə etdiyi bir mühitdə, bir cəmiyyətdə yaşayır.  Bu münasibətlər insanın əxlaqi norma və prinsipinə də öz təsirini göstərir. İnsanlara normal hıyat şəraiti yaradan ictimai-siyasi mühit  onların əxlaqlarında da  yeni keyfiyyətlərin  formalaşmasına zəmin yaradır.  Əgər insan ictimai-siyasi baxımdan azaddırsa, cəmiyyətdə ədalət, bərabərlik mövcuddursa, onda insanlarda bu azadlığı, bərabərliyi qorumağa hazır olan, tərəqqi və inkişafa təkan verən  əxlaqi keyfiyətlər də yaranar. Məsələn, dostluq, qardaşlıq,birlik, qarşılıqlı inam, anlaşma, hörmət və sair . Amma M Hadinin yaşadığı X1X əsrin axırı, XX əsrin əvvəlləri  bir sıra xüsusiyyətlərinə  görə  özündən əvvəlki  əsrdən fərqlənirdi. Feodalizmin dağılması, kapitalizmin meydana gəlməsi, Rusiyda baş verən ictimai-

  siyasi dəyişikliklər, rus-yapon müharibəsi, Birinci dünya müharibəsi, Fevral burjua-demokratik inqilabı (1917), mütləqiyyətin süqutu və müvəqqəti hökumətin təşkili , Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, otyabr inqilabı, müvəqqəti hökumətin süqutu, bolşeviklərin hakimiyyəti zəbt etməsi, Azərbaycan Xalq Cümhuriyyətinin ləğv edilməsi və ölkənin bolşeviklər tərəfindən işğalı və s. bu dövrün nə qədər mürəkkəb və təzadlı olduğunu  göstərən böyük tarixi hadisələrdir.

Bu illərdə milli şüur, milli ruh, milli tərəqqi, milli azadlıq , milli dövlət və s. haqqında açıq danışmaq olduqca qorxulu idi. Rus imperoyası müstəmləkələrinin  əhalisindən özünə kölə hazırlayır, şovinist siyasət yeridir, milli qırğınlar törədir, xalqın başını qatmaqla öz hökmranlığını  əbədiləşdirməyə səy göstərir,din xadimlərini, ruhaniləri, yerli və milli burjuaziyanı da öz siyasətinə cəlb edirdi.

Belə bir mühitdə yaşayan insanda mənəvi düşkünlük, inamsızlıq, laqeydlik özünü göstərir, yaxşılıq, xeyirxahlıq,mehribanlıq, səmimilik kimi gözəl əxlaqi keyfiyyətlər tədricən aradan qalxır, əvəzinə kin, qəzəb, nifrət, paxıllıq hissləri artır, elmə, biliyə, maarifə, məktəbə biganəlik yaranırdı.  M.Hadi müasirlərinə ədəb, fəzilət, kamal, gözəl xasiyyət arzulayırdı. Axı bunların olmaması cəımiyyətin varlığını və saflığını şübhə altında qoya bilər:

                       Zinəti-candır ədəb, fəzl, kamal, 
                       Adəmin zivəridir yaxşı xisal (yenə orada, s.16)

Bu böyük və müdrik şair insanları həmişə məğrur, alicənab, mənliyini hər şeydən uca tutan, çətinliklərə sinə gərən, əzəmətli bir varlıq kimi görmək arzusu ilə yaşayırdı.  Lakin mövcud şərait, mühit bina imkan vermirdi.  Maddi ehtiyac insanları alçaldır, abırlarını, həyalarını, ismətlərini ayaq altına salırdı.  M.Hadi insanları aLçaldan, rəzillik səviyyəsinə endirən mövcud rejimə daxilində nifrət edir, insanların düşdükləri bu ağır vəziyyətə  acıyırsa da, əlindən bir iş gəlmədiyi üçün qələmə sarılır, həmvətənlərinin alçalmaması üçn onları bu yoldan çəkindirmək istəyir:

                       Kimsəyə qılmaz təməllüq həqpərəstan nan üçün,
                       Çaki-ismət eyləməz alicənaban nan üçün, 
                       Abi-nayabi-ifafı tökməz insan nan üçün, 
                        Tərki-məslək eyləməz ərbabi-irfan nan üçün(yenə orada, s.27).

(Haqqı sevənlər bir tikə çörək üçün heç kəsə yaltaqlıq etməz, alicənab adamlar ismət, abır pərdəsini yırtıb ayaqlar altına atmaz, çətinliklə əldə edilən və çox qiymətli olan həyanı da bir udum yeməyə görə tapdalamaz, inam sahibləri isə öz məsləklərindən imtina etməzlər).

Əxlaq məsələsində M.Hadi ilə H.Cavidi müqayisə etdikdə görürük ki, insanın mənəviyyatca zəngin olmasının yolları haqqında bu mütəfəkkirlərin rəyi müxtəlifdir. M.Hadi bu yolu insanın daxili potensialında, H.Cavid isə analarda, tərbiyəçilərdə axtarır. H.Cavid deyirdi ki, tərbiyəli, savadlı və sağlam  düşüncəli yeni nəslin yetişdirilməsi üçün uşaqları tərbiyə və təhsil görmüş  analara, tərbiyəçilərə təhkim etmək lazımdır. Məhəmməd Hadinin əxlaq haqqında olan əsərlərində əsas fikir bundan ibarətdir ki, insanlar hiylədən, yaltaqlıqdan, paxıllıqdan, tamahdan və sirədən uzaq olsunlar, öz nəfslərini, mənliklərini qorusunlar:

                          Kəsri-şəni-adəmiyyət qılmaz  iffətpərvəran,
                           Dünbəcünbani—riya olmaz həqiqətgüstəran, 
                          Qeydi-minnətdə yaşarmı hürr olan rövşəndilan?
                           Rubəhə etməz təbəsbüs şiri-mərdan nan üçün (yenə orada.)

( həya sahibləri öz şənini alçaltmaz, azad və xeyirxah insanlar hiyləgər və yaltaq (quyruq bulayan) olmaz, həqiqət axtaranlar minnət əsarətində yaşamaz, şir kimi qürurlu insan  bir tikə çörək üçün tülküyə yaltaqlanmaz).

Qeyd etmək lazımdır ki, bu qiymətli istək və arzular  qələmə alınanda nə azadlıq, n ə ədalət, nə də bərabərlik var idi.  Bu sözləri dillərinə gətirənlər daim təqib və təzyiqlərə məruz qalır, başqalarına da ibrət olsun- deyə, ciddi cəzalandırılırdılar.  Azadlıq arzusu elə arzu olaraq ürəklərdə qalırdı.  Hadi göstərir ki, insan azad yaşamalıdır, çünki o, azad doğulmuşdur.

Düzdür, azad yaşamaq insanın təbii  hüququdur, lakin azad yaşamaq üçün  “azad doğulmaq”əsas şərt ola bilməz.  İnsanın azadlığı müəyyən ictimai-siyasi, iqtisadi və s. münasibətlərdən asılıdır.  İnsanın azad doğulması isə təbiidir, çünki o, hələ heç nəyə qadir deyil, gələcəyi də bilinmir. Buna görə də onun dünyaya gəlməsinə heç kəs mane olmur. Deməli, imsanın azad və ya qul kimi yaşamasının onun necə doğulması ilə heç bir əlaqəsi yoxdur.

Bunu da qeyd etməliyik ki, dövrünün əxlaq qaydaları ilə razılaşmayan M. Hadidə nə şəraitə,nə mövcud siyasi rejimə, nə də cəmiyyətə etiraz hiss edilir. O, “yalnız belə olmalıdır” deməklə kifayətlənir.

Məhəmməd Hadi insanı başı göylərə toxunan sərv ağacı ilə müqayisə edərək göstərir ki, sərvin başı yerə toxuna bilməz, əgər toxunsa, mütləq sınacaq və çör-çöp kimi ayaqlar altında qalacaqdır.  Öz mənəviyyatını, həyasını itirən insan da  sınmış sərv ağacına bənzər. İnsan bu  hala düşməməlidir. (yenə orada, s.27). Daha sonra qeyd edir ki, minnət götürüb alçalaraq yaşamaqdansa, ləyaqətli ölmək daha üstündür:

                            İzzlə getmək məzarə ən böyük bir şandır, 
                            Xəlqə minnətdarlıqdan movt pək şayandır (yenə orada).

Mütəfəkkirə görə, insan şahin kimi yüksəklikdə yer tutmalıdır, qarğa kimi zibillikdə eşələnməməlidir:

                             Şahbazi-etilapərvaz olurmu fəzləxar?
                             Enməz alçaq yerlərə şahini-ülviyyətşikar.
                              Olmaz ənqa dəsti-zağə didəduzi-intizar,
                             Qafi-himmətdən düşərmi əhli-vicdan nan üçün?( s.28).

Hadinin yaradıcılığı göstərir ki, o, birlik, həmrəylik tərəfdarıdır. Qeyd edir ki, insan ən çətin, əlçatmaz arzulara belə birlik sayəsində çata bilər. Birlik olan yerdə dirilik də olar. Buna görə də insanlar həmrəy olmalı, bir-birini başa düşməli, kinə, ədavətə, umu-küsüyə son qoymalıdırlar:

                               Nifaqü büğz insaniyyətə layiqmi xislətdir?
                               Binayi-şərimiz ədlü müsavatü məvəddətdir(yenə orada).

Bu müdrik insanın 1907-ci ildə söylədiyi bu fikir indi də öz aktuallığını, kəsərini, əhəmiyyətini saxlamaqdadır. Həmrəylik, birlik, qarşılıqlı anlaşma bu gün bizim üçün daha zəruri, daha vacibdir. Aşağıdakı misralarda ifadə olunmuş fikir necə də bizim bugünkü həyatımızla həmahəng səsləşir:

                               Bu gün səhrayi-qəmdə qəlbi-aşiq tək pərişanız,
                                Yox əldə mayə, bazari-cahanda əhli-xüsranız,
                                 Yetib həmrahilər mətlubə, biz qəflətdə puyanız( s.31)

M.Hadiyə görə, insan yalnız öz həyatını, öz xeyrini güdməməlidir. İnsanın qiyməti cəmiyyətə, vətənə verdiyı xeyirlə ölçülür. İnsan həmişə ümumun rahatlığı, xoşbəxtliyi üçün çalışmalıdır:

                                 Ümumun rahətin dərpış qılmaq şani-insandır,
                                 Ümuri-xeyrə ehsan etmək ən məqbul ehsandır (s.32)

“Fəzaili-insaniyyə” əsərinin də mərkəzində ancaq insan durur. Müəllifə görə, insan aşağıdakı bütün müsbət xüsusiyyətlərə malik olmalıdır:

                                   İnsan o zatdır ki, vəzifəşünas ola,
                                   Nəxli-əməl misali səmərbəxşi-nas ola.
                                    Fəyyaz ola günəş kimi gülzari-fitrətə, 
                                   Pərtövfəşani-feyz ola baği-şəhadətə.
                                     Bir abi-saf tək çəməni xəndəzar edə, 
                                    Amalımız şükufələrin tabdar edə (s.37).

Deməli, cəmiyyət bir bağdır, bağçadır. İnsanlar isə bu bağın, bu bağçanın ağacları, gülləridir. İnsan saf su kimi həmin ağaclara, güllərə can vermılidir. Su olmasa, həyat məhv olar. Həyatın davam etməsi insanın öz vəzifəsini aydın dərk etməsindən, onu ləyaqətlə, vicdanla yerinə yetirməsindən asılıdır.

Göründüyü kimi, burada böyük bir fəlsəfi fikir öz əksini tapmışdır: cəmiyyətin varlığı onu təşkil edən fərdlərin birliyi, həmrəyliyi sayəsində mümkündür. İnsanlar arasında əlaqə, rabitə olmasa, cəmiyyət mövcud ola bilməz, dağılar, parçalanar.

M.Hadi göstərir ki, sabit, dəyişməz məsləkin özü də insanlığa dəlalət edir. Məslək insanın seyr mərkəzidir. Məsləkini dəyişmək – başqalaşmaq, əvvəlki şəklini itirmək deməkdir. O, bir məsləkə xidmət etməyi səma cisimlərinin hərəkəti ilə müqayisə edir və məsləki dəyişdirməyin necə pis və ağır  nəticələr verə biləcəyini  göstərir. Həm də qeyd edir ki, səma cisimlərindən hər biri müəyyən nöqtədə qərar tutub, həmin nöqtə ətrafında dövr edir Əgər hər hansı bir ulduz, planet bircə an mərkəzini dəyişsə, yoxluq aləminə düşüb məhv olar:

                                      İnsan ona derlər ola bir məsləkə salik, 
                                      Denilsə səzadır buna ən şanlı fədakar.
                                      Bilsən sənə bir dərsdir əcrami-səmavi, 
                                      Kövkəblərə bax, hər biri bir nöqtədə dəvvar.
                                      Bir saniyə gər eyləsə təbdili-mərakiz,
                                      Düşməzmi fəzayi-ədəmə əncümi-nəvvar?
                                       Məslək də vücudi-bəşərin mərkəzi-seyri,
                                     Təbdil edəməz məsləkini hürr olan əbrar (s.99)

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, insanın əxlaqi keyfiyyətləri mühitdən, şəraitdən, ictimai-siyasi və iqtisadi münasibətlərdən asılıdır. Normal həyat şəraitində insan öz əqidəsinə də, inamına da, məsləkinə də sadiq qalar. Bəzən elə olur ki, Hadi əxlaqi keyfiyyətlər haqqında danışarkən, təkcə öz mülahizələrini bildirməklə kifayətlənmir, digər görkəmli mütəfəkkirlərdən də dəyərli misallar gətirir və qeyd edir ki, məşhur sufi şairi Cəlaləddin Rumi də həyasızlıq və hiyləgərliklə əldə olunan mal-dövləti lənətləyir və insanları bu cür hərəkətlərdən çəkindirir:

                                        ...Lən ola ol malə kim, kəsbində alətdir həya,
                                           Etməz insaniyyətin insan qurban nan üçün (s.28).   

Müstəqil Ağayev
AMEA Fəlsəfə və Hüquq İnstitutu, Fəlsəfə
və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi
                  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI