Sən yaşda anasız qalmasın heç kim,
Ey ağlı kəsməyən körpə Namikim!
Axı hara yazım bu dərdi, hara?
Ananı tapşırdıq bu gün məzara.
Torpağa əmanət verdik onu biz,
Yandı ürəyimiz, doldu gözümüz.
Sən də oradaydın, sən də, ay tifil!
Gəzməyə gəlmişdin ora elə bil.
Heyrətlə baxırdın baş daşlarına,
Sel kimi tökülən göz yaşlarına.
Gördüm ki, ananı axtarırdın sən,
Ondan soruşasan, ondan biləsən.
Əmilər, xalalar, niyə ağlayır,
Hamı “Ceyran, Ceyran” - deyə ağlayır...
...Anamın adını niyə çəkirlər?
Söyləyin, anama nə olub məgər?
Yox, yox, sən körpəsən, uşaqsan hələ,
Belə suallardan uzaqsan hələ.
Bəlkə heç bilmirsən nə yerdir, bu yer,
Bəlkə heç bilmirsən nə sözdür “qəbir”.
Əlində qırmızı avtomobil var,
Əynin təptəzə çəməni paltar...
Anan geyindirən son paltardı bu,
Geyindirməyəcək səni bir daha...
Anasız yetimin işi, ay quzu,
Bilənlər bilir ki, qalıb Allaha...
Ana əllərinin istisi hələ,
Üzündə dolanır, saçında gəzir,
Yetimlik dərdinin tüstüsü hələ,
Bilmirsən, görmürsən, duymursan nədir...
Qorxuram ögeylər əlində qalsın,
Səhərlər qulağın... axşamlar saçın...
Sirrin ürəyində rəngin saralsın.
Evdən qaçmaq olsun axır əlacın.
Camaat qarışıb biri-birinə,
Sənsə maddım-maddım baxıb durursan.
Özün soruşursan, deyirlər sənə:
Bu saat, bu saat gələcək anan...
Hamının gözünü nəmli görürsən,
Səni öpənləri qəmli görürsən.
Atan səninlədir, doğmadır, sağdır,
Bu gündən anan da o olacaqdır.
Hamı dəstə-dəstə qayıdır geri,
Ananın məzarı orda tək qalır.
Külək yırğalayır təzə gülləri,
Zərif yarpaqları qoparıb salır.
Zaman dövrə vurub dolanacaqdır.
Sular durulacaq, bulanacaqdır.
Sən də yaxşı-yaman böyüyəcəksən,
Əcəl versə aman, böyüyəcəksən.
Ana həsrətilə qəlbin yanacaq,
Ana məzarına qanadlanacaq.
1965