Modern.az

Azərbaycan dilində olan xoşagəlməz meyllər: Onların qarşısını almaq yolları

Azərbaycan dilində olan xoşagəlməz meyllər: Onların qarşısını almaq yolları

24 Noyabr 2014, 09:53

filologiya üzrə elmlər doktoru,
professor

Dildə  və  dilçilikdə  olan  xoşagəlməz  meyllərin  qarşısını  almaq  üçün  görülən  işlərlə  bağlı  fikir  və  mülahizələrimizi qeyd  etməyi  vacib  sayırıq.
Birincisi,
Respublikada  dilin  tətbiq  sahələrində  olan  qüsurların  təhlili  ilə  bağlı  xeyli  sayda  dilçilərin, ziyalıların  məqalələri  çap  olunur. Həmin  məqalələrdə  dildə  gedən  proseslər  diqqət  mərkəzində  saxlanılır  və  bu  prosesin  müsbət  və  mənfi  cəhətləri  araşdırılır. Ancaq  oxu  vərdişinin  geriləməsi, eyni  zamanda  çap  olunan  qəzet, jurnalların  çoxlugu  və digər  səbəblər  imkan  vermir  ki, geniş  oxucu  kütləsi  həmin  məqalələrlə  tanış  olsun.  Ona  görə  də  dillə  bağlı  yazılan  məqalələrin  geniş  oxucu  auditoriyasına  çatdırılması  yollarından  biri  də  odur  ki, hər  bir  müəssisədə,  təşkilatda, idarədə  dillə  bağlı  yazıların  guşəsi  yaransın. Müntəzəm  olaraq  dillə   bağlı  hər  bir  yeni  yazı  özünə  yer  alsın. Bu  yazıların  ən  vacib  və  əhəmiyyətli  olanları  müzakirə  olunsun. Müzakirələri  kütləvi  informasiya  vasitələri  işıqlandırsın. Bir  də  görürsən ki, hər  hansı  bir  hadisədən  şou  düzəldirlər  və  bəzi  televiziya  kanalları, bəzi  qəzetlət  həmin  şoudan  dəfələrlə  bəhs  edirlər. Cəmiyyətin  zövqünə  xələl  gətirən  belə  şoulardan  bəhs  etməkdənsə, vətən, torpaq  və  millət  qədər  müqəddəs  olan  dildən  söhbət  açmaq  insanlarda  dilə, torpağa, dəyərlərə  bağlılıq  hisslərini  daha  da  artırar. Heç  uzağa  getmək  lazım  deyil.  Elə  bu  yaxınlarda  filologiya  üzrə  elmlər  doktoru  Cəlal  Bəydilinin (Məmmədovun) “Ədəbiyyat” qəzetinin  2014-cü il  24 oktyabr  tarixli  sayında  çap  olunmuş  “Dil  düşüncəsizliyi’ məqaləsi  niyə  müzakirədən  kənarda  qalmalıdır? Axı  bu  məqalədə  qoyulan  məsələlərlə  bağlı  müzakirələr  açmaq  olar. Həmin  müzakirələr  işin  xeyrinə  olar. İnsanların  dilə  bağlılığını, sevgisini  artırar.  Məqalədəki  kütləvi  informasiya  vasitələrinin  səhifələrindəki  dil  qüsurları  ilə  bağlı  dəyərli  fikirləri  rəğbətləndirməmək  olmur. Məqalədə  kütləvi  informasiya  vasitələrində  özünə  yer  alan  qüsurlu  söz  və  ifədələr  göstərilir  ki, bunların  hər  biri  tez-tez  gözümüzü  deşir.  Ancaq  bu  söz  və  ifadələr  qüsurlu  olduğunu  onu  işlədənlər bilirmi? Onlar  bilirmi  ki, publik  etirazlar, banal  əhvalat, iyi  oxumalar, qeyri-rəsmi  vizit, tərpənməz  əmlak, vəziyyət  kritikləşib, başın  cırılıb, çamadan  əhval-ruhiyyəsi, pik  hədd, özünü  lezvaladı, sensasion  açıqlama,  kuryoz  hadisə, dahiyanə  şoular, travma, dokumental  kino  və  s. söz  və  ifadələr  dilin  lüğət  tərkibinə  yamaqdır. Dilin  lüğət  tərkibinə  yamaq  olan  belə  sözlərin  dili  korladığını  ya  onu  işlədənlər  bilmir, ya  da  bilmək  istəmirlər.  Ona  görə  də  müzakirələr  məsələni  ictimailəşdirməklə  yanaşı,  həm  də  məsələ  ətrafında  insanları  düşündürə  bilər.  Nəticədə  ictimaiyyətin  hər  bir  üzvü  dilin  keşiyində  dayanmalı  olar. Bir  daha  qeyd  etmək  istərdik  ki,  kütləvi  informasiya  vasitələrinin  dili  geniş  müzakirələr  əsasında  təhlil  olunarsa, xeyli  dil  qüsurları  aradan  qaldırıla  bilər. Məsələyə  bu  mövqedən  yanaşanlar  və  bu  cür  düşünənlər  də  olubdur. Məsələn, S.Kapitsanın  haqlı  fikri  və  mövqeyi  bizi  təmin  edir  və  razı  salır. Onun  fikrincə, “Əgər  bir  vaxt  dövrümüzə  məhkəmə  qurulsa, KİV-lər  cinayətkar  təşkilatlar  sırasına  aid  ediləcəklər, onların   ictimai  şüurun  başına  gətirdiklərini  başqa  cür  qiymətləndirmək  də  olmaz”. Bu  mənada  kütləvi  informasiya  vasitələrinin  bəziləri  dili  və  onun  qayda-qanunlarını  pozmaqla  ictimai  şüuru  sındırır, şikəst  edirlər.

İkincisi,  dil  fərdi  deyil,  ictimai  hadisədir. O  ictimai  hadisə  olmaqla  millətin  hər  bir  üzvünün  sərvətidir. Lakin  bəzən  bu  sərvətə  fərdi  mülkiyyət  kimi  yanaşanlar  olur  və  onlar  dilin  qayda-qanunlarına  tabe  olmaq  əvəzinə, dili  öz  ”qanunlarına” tabe  edirlər. Ancaq  onlar  barədə  ictimai  rəy  yoxdur, ictimai  rəy hələ də susur. Heç  olmasa, əməkdaşı  olduqları  kütləvi  informasiya  vasitələrinin  redaktorları, eləcə  də  sahələr  üzrə  redaktorlar  onları  tənbeh  edirmi? Əlbəttə  yox. Ona  görə  də  kütləvi  informasiya  vasitələrində  çalışanların  fəaliyyətinə  ictimai  rəyi  yönəltməyin  vaxtı  çoxdan  çatıbdır. İctimai  rəy, ictimai  qınaq,  ictimai  danlaq  dilə  laqeyd  yanaşanların  da başının  üstünü  Domokl qılıncı kimi almalıdır. Dilə  laqeyd  münasibət   bəsləyənlərə  qarşı  ictimai  rəyi  ifadə  edən  vasitələr  formalaşmalıdır.  Ancaq  bir  qrup  dilçilərin, filoloqların, ziyalıların  münasibəti  ilə  problemi  həll etmək  mümkün  deyildir. Ona  görə  ki, dili  bir  qrup  dilçi, filoloq, ziyalı  yaratmır və ondan  istifədə  etmir. Həm  də  dildən  həmin  dilə  mənsub  olan  hər  kəs  istifadə  edir. Nə  qədər  ki cəmiyyət  dili  dilçilər  tədqiq  edib   öyrənir  və  öyrədirlər  deyəcək, bir  o  qədər  də  dil  əziyyət  çəkəcəkdir. Dili  millətin  hər  bir  üzvü  öyrənir  və  öyrədir  və  dilə  olan  münasibətdə  ictimai  məsuliyyət də  buradan  başlayır. Bəli  millətin  hər  bir  üzvü  elə  ilkin  mərhələdə  ailədə  dili  öyrənir  və  ailədə  də  həmin  dili  övladlarına  öyrədir. Deməli, dili  öyrənmək  və  öyrətmək  prosesinin  ilkin  mərhələsində  hər  bir  kəs  iştirak  edir. Sonra  isə  bu  prosesin  iştirakında  mütəxəssislər, peşəkarlar, ən  başlıcası  dilçilər  aparıcı  mövqedə  olurlar. Dili  öyrətmək  və  öyrənmək  prosesi  belə  də  olmalıdır.

Üçüncüsü, dili  öyrətmək  və  öyrənmək  prosesi  ictimailəşmə  yolu  ilə  həyata  keçirilsə, nəticə  verə  bilər. Belə  ki, cəmiyyətin  hər  bir  üzvü  bilməlidir  ki, o, həm  dili  öyrənir, həm  də  öyrədir. Cəmiyyətin  hər  bir  üzvü  bilməlidir  ki, kiməsə  həm  dili  öyrədir,  həm  də  özü  kimdənsə  dili  öyrənir. Kiməsə  dili  öyrətmək  deyəndə  ailədən  başlayaraq  bağça, orta  məktəb  və  ali  məktəb də daxil olmaqla bütün bu mahitləri  nəzərdə  tuturuq. Ailədə  valideyn  öz  övladına  dili  öyrədir. Sonra  bağça, orta  və  ali  məktəbdəki  mühit,  həm  də  cəmiyyətdəki  mühit  aparıcı  mövqedə  olur. Cəmiyyətin  hər  bir  üzvü  öz  danışığı, nitqi  ilə  ətrafındakılar  üçün  dil  mühiti  yaradır. Onun  nitqinin  müsbət  və  mənfi  məziyyətləri  ətrafındakılara  nümunə  olur. Deməli, bizim  hər  birimiz  geniş  mənada  dili  cəmiyyətdə  öyrənirik  və  öyrədirik. Bundan  başqa, dil  orta  məktəbdə  “Azərbaycan  dili” fənnindən  və  ali  məktəblərin  müvafiq  fakültələrində  dil  dərslərindən öyrənirik. Dil  dərsini  öyrədənlər, tədris  edənlər  cəmiyyətin  digər  üzvlərindən  fərqli  olaraq  mütəxəssis  və  peşəkar  olurlar. Beləliklə, bizim  hər  birimiz  dil  mühitində  yaşayırıq. Bu  mühitdə  həm  öyrənirik, həm  də  öyrədirik. Dil  bu  mənada  ictimai  hadisə  kimi  bizim  hər  birimizə  xidmət  edir. Ancaq  dilin  bu  cür  ictimailəşməsinin  mahiyyətinə  varmırıq. Halbuki  bizim  istək və  arzumuzdan  asılı  olamayaraq  istifadə  olunan, tətbiq olunan, işlədilən  hər  bir  dil ictimailəşir. Belə  olan  təqdirdə, yaxşı  olar  ki,  ictimailəşmiş  dilin  bir  ittifaqı,  birliyi  olsun. Yəni  rəssamların, yazıçıların, bəstəkarların  birliyi  kimi. Əgər “Azərbaycan  Dilçilər Birliyi”  adlı  bir  təşkilat  yaranarsa, burada  dilçilərdən əlavə dilin  təəssübkeşliyində  mənəvi  haqqı  olan  ziyalıların  da  birliyə  üzv  olması  zərurəti  yaranacaqdır. Həm  də  dilin  öyrədilməsi  və  öyrənilməsi  prosesi  ictimai  mahiyyətini  təsdiq  edəcəkdir.  Onda  cəmiyyətin  hər  bir  üzvü  başa  düşəcəkdir  ki, dili  qorumaq, onun  keşiyində  dayanmaq  yalnız  dilçilərin  işi  deyil, həm  də  cəmiyyətin  hər  bir  üzvünün  işidir. Yeri  gəlmişkən  qeyd  edək  ki, “Azərbaycan Dilçilər  Birliyinin”  görəcəkləri  işlər  dilə  və  dil  mühitinə  böyük  fayda  verər. Məsələn, bu  qurum  dilin  lazımi  səviyyədə  öyrənilməsi  işini  fəallaşdıra  bilər. Belə  ki, dilimizin  izahlı  lüğətində də orfoqrafiya lüğətində də dilimizin  lüğət  tərkibindəki sözlərin hamısı öz  əksini  tapmamışdır. Halbuki  dilimizdə işlənmə dairəsinə görə xeyli sözlər var ki, onlar lüğətlərə düşməmişdir. Onları  toplamaq,  qruplaşdırmaq, sistemə  salmaq  əhəmiyyətlidir,  həm  də  dilin  lüğət  tərkibinin  qorunub  saxlanılmasıdır. Bölgələrdə, regionlarda, rayonlarda, kəndlərdə  informatorlardan  dil  faktlarını  toplayan  ziyalılardan  istifadə  etmək  lazımdır. Həmin  ziyalılar  bölgələrdə  “Azərbaycan  Dilçilər  Birliyinin” nümayəndələri  kimi  unudulan, yaddan  çıxan  sözləri  toplayıb  dilimizin  lügət  tərkibinin  imkanlarının  genişlənməsinə  yardım göstərə  bilərlər. İndiyə  qədər  dilimizin  lüğət  tərkibindəki  sözlərin  hamısı  birər-birər  toplanmamış  və  lüğətlərə  daxil  edilməmişdir. Bu  mənada  XX  əsrin  30-cu  illərində  fransız  dilçisi  A.Meyenin  söylədiyi  belə  bir  fikir maraqlıdır  ki, dil  praktik  cəhətdən  hələ  lazımi    qədər  öyrənilməmiş və  heç  vaxt  öyrənilib  qurtarmayacaq da. Təkcə  dialektlərimizdəki  dialekt  sözləri, məhz  müxtəlif  sahələrə  aid  dialekt  sözləri  xam  material  olaraq  lazimi  səviyyədə  öyrənilməmişdir. Bu  işin  praktik  tərəfini  həll etmək  üçün  “Azərbaycan  Dilçilər  Birliyi”nə  və  onun  regionlarda  olacaq  nümayəndələrinə  böyük  ehtiyac  vardır. Bu  təşkilat  Nəsimi  adına  Dilçilik  İnstitunun  və  müvafiq  ali məktəblərdəki mütəxəssislərin görəcəkləri işə qarışmadan dilin lüğət  tərkibinin, qrammatik qanunlar quruluşunun praktik cəhətdən öyrənilməsi istiqamətində öz  fəaliyyətini qurmalıdır.

Dilin  lüğət  tərkibinin, qrammatik  quruluşunun  praktik  cəhətdən  öyrənilməsi  dilin  milli  fizionomiyasını, fəlsəfəsini, poetikasını, ruhunu  üzə  çıxara  bilər. Axı  indiyə  qədər  dilin  fəlsəfəsindən, poetikasından, ruhundan ya bəhs  olunmamışdır, ya  da  çox  səthi  bəhs  olunmuşdur. Belə olan  təqdirdə, deməli, yüksək dil  mədəniyyətinə  yiyələnmək  üçün  dilin  zəngin  xüsusiyyətlərini – fəlsəfəsini, poetikasını, ruhunu  öyrənmək  lazımdır. Bunlarsız  dil  də, dilin  mədəniyyəti  də  yoxdur.

Dördüncüsü, Azərbaycanın  televiziya  və  radio  məkanında  bəzilərini  çıxmaq  şərtilə (o  cümlədən AZTV-ni), demək  olar  ki, hamısında dilin  qayda-qanunlarını  bilən, qoruyan  aparıcılar  yox  dərəcəsindədir. Aparıcıların  nitqi  qüsurludur. Onların  əksəriyyəti  dilin  qayda-qanunlarından  bixəbərdirlər. Bilikli, geniş  dünyagörüşə  malik  aparıcılar  çox  azdır. Belələrinin  lüğət  ehtiyatı  kasıbdan  da  kasıbdır. Hıqqana-hıqqana  danışmaqla, sürətlə  danışmaqla, sözlərin  düzgün  tələffüzünə  əməl  etmədən  danışmaqla, Azərbaycan  dilinin  təmizliyinə  riayət  etmədən  danışmaqla  onlar  birbaşa  dilin  ruhuna  təcavüz  edirlər. Hələ  onu  demirəm  ki,  bəhs  etdikləri  mövzuları  dərindən  öyrənmədən   müzakirə  obyektinə  çevirirlər. Müsahibləri  ilə  danışıq  mədəniyyətini  bilmirlər. Bəzən  imkan  vermirlər  ki, müsahibləri  onların  məntiqsiz  və  mənasız  suallarına  cavab  versin. Özləri  sual  verir, özləri  də  danışırlar. Oturub-durmaq  mədəniyyətindən  uzaqdırlar. Bəhs  etdikləri  mövzulara  ekspert, ya da ki, müsahib kimi həmin mövzuya heç  bir  aidiyyətı  olmayanları  dəvət  edirlər. Bəzən  dili  müzakirə  obyekti  edirlər  və  müzakirəyə  dilçiləri, mütəxəssisləri  yox, tamam  ayrı-ayrı  sahələrin  adamlarını  çağırırlar. Məsələn, müğənniləri  və  digərlərini. Onlar  isə  qeyri-peşəkar  bir  səviyyədə  nə  istəyirlərsə, onu  da  danışırlar. Bir  sözlə, dilə, onun  ruhuna,  təbiətinə bir  basqı, təzyiq  yaradırlar. Onlar  televiziya  və  radio  verlişində  özlərinə  o  qədər  geniş  meydan  alıblar  ki, gələcəkdə  Aydın  Qaradağlı, Rafiq  Hüseynli, Ofelya Sənani, Sabir  Ələsgərov, Eldost  Bayramlı  və  digər  bu  cür   diktorların  yetişməsinə  imkan  vermirlər.  Onlar  Azərbaycan  dilinin  qayda-qanunlarında, bütövlükdə  dilin  özündə  bir  sərbəst  üslub  yaradıblar. Necə  istəyirlərsə, eləcə  də  danışırlar. Belələri  hər  an, hər  dəqiqə, hər  saat  ekranda  və  efirdə  dilin  qayda-qanunlarını  pozmaqla  məşğuldurlar. Kifayətdir  ki, televiziyada  və  radioda  bu  cür  aparıcılara qarşı  bədii şuralar, televiziya  və  radionun  rəhbərliyi  ciddi  tədbirlər  görsün. Televiziya  və  radio  verilişlərində  aparıcıların  dil  xətalarını  televiziya  və  radio  özü  müzakirə  edirmi? Bu  istiqamətdə  televiziya  və  radiolarda  hansı  nəzarət  mexanizmi  var? Dilin  qayda-qanunlarını  pozan  aparıcıların  hansı  biri  barədəsə  ölçü  götürürlərmi? Bu  gün  televiziya  və  radiolarda  aparıcıların  böyük  əksəriyyəti  dilin  üzərində  cərrahiyyə  əməliyyatı  aparırlar. Qeyri-peşəkarların  bu  əməliyyatı  dilin  təbiətini, ruhunu  sındırır, məhv  edir.

Beşincisi, dili  öyrətmək  metodikasına  əməl  olunmalıdır. Dil  ilkin  mərhələdə  praktik  olaraq  öyrədilməlidir. Dilin  nəzəri  cəhətdən  öyrədilməsi, eləcə  də  onun  qayda-qanunlarının  öyrədilməsi  praktik  dili  öyrənmə  mərhələsindən  sonra  başlamalıdır. Bu  xarici  dillərin  öyrədilməsində  xüsusilə  nəzərə  alınmalıdır. Bəzən  bağçalarda, ibtidai  siniflərdə uşaqlara  üc, dörd, beş  dil  öyrətmək  istəyirlər. Bəzi  təhsil  müəssisələrində, hətta  uşaq  bağçalarında, ibtidai  siniflərdə, orta  məktəblərdə, liseylərdə  çalışırlar  ki, uşağa  bir  neçə  dil  öyrətsinlər – alman, ingilis, rus, ərəb və  doğma  Azərbaycan  dilini. Bu, elmi-pedaqoji  cəhətdən  və  yaş  baxımından  düzgün  deyil. Axı  uşağın  heç  fiziki  hazırlığı  imkan  vermir  ki, o,  kiçik  yaşlarından  beş  dil  öyrənsin. Həm  də  əcnəbi  dilləri  öyrətmək  ana  dilinin  təməli  üzərində  qurulmalıdır. Doğma  ana  dilimiz  uşaqlarımızın  düşüncəsinə  hakim  olduqdan  sonra  xarici  dil, yaxud  da  dillər  öyrədilməlidir. Bu  geniş  elmi – nəzəri əsası  olan  bir  məsələdir. Ayrı  bir  problem  kimi  hər  bir  mütəxəssisi, o  cümlədən  valideynləri  düşündürməlidir.

Dilimizdə  və  dilçiliyimizdə  meyillərin, qüsurların  qarşısını  almaq  üçün  bir  sıra  məsələlərə  də  diqqət  göstərilsə  işin  xeyrinə  olar. Bunların  sırasında  məqsədəuyğun  hesab  etdiklərimizin  bəzilərini  qeyd  etmək  istərdik: yazı  mədəniyyəti  və  onu  yüksəltməyin  yolları, tərcümə  sahəsindəki  nöqsanlar  və  onların  aradan   qaldırılması  yolları, dilimizin  şeir, poeziya  dili  kimi  imkanlarını  açmaq, klassik  ədəbiyyatın  lüğətini  yaratmaq, dilin  tarixini  öyrənmək, yazıçılarla  dilçilər  arasında  sıx  əlaqə  yaratmaq  və  s. Bunların  hər  biri  ayrı-ayrı  məqalələrin  mövzusu  kimi  geniş  elmi – nəzəri təhlil  tələb  edən  məsələlərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU