Modern.az

Əbülfəz Elçibəyin ETİRAFI: “Mən siyasətçi deyiləm, xanım əfəndi..”

Əbülfəz Elçibəyin ETİRAFI: “Mən siyasətçi deyiləm, xanım əfəndi..”

Ədəbiyyat

24 Noyabr 2014, 18:02

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəy 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ictimai-siyasi fəaliyyətinin ən pik dövrünü yaşayırdı. O illərdəki fəaliyyəti “Bu mənim taleyimdir”, “Deyirdim ki, bu quruluş dağılacaq” kimi kitablarında öz əksini tapıb.
“Bu mənim taleyimdir” adlı kitabda Elçibəyin əsl mahiyyəti, onun dövlətdən daha çox ruh, ideya adamı olmasını üzə çıxarır.
Modern.az saytının məlumatına görə, o zamanlar Türkiyənin xanım jurnalistlərdən birinə verdiyi müsahibədə (“Türkiye” qəzeti, 12 dekabr, 1989-cu il) də bu məqam diqqət çəkir: 

“Mən siyasətçi deyiləm, mən həyatdan anlaram”. “Türkiye” qəzetinin əməkdaşının verdiyi suala sabiq prezident məhz bu cavabı verir. Aralarındakı sual-cavab isə bu cür baş verir:

Jurnalist: -  Siyasət də hünər istər. O da bir cür sənətkarlıq deyilmi? Məncə bir siyasətçi hər şeyi dərindən tədqiq etməlidir...

Əbülfəz Elçibəy: - Belə düşünmürəm, xanım əfəndi! Siyasətçilər sənətkara bənzəməzlər. Amma bəzən onlar da bir milləti yüksəldərlər. Siyasət adamı qarşısına bir cəmiyyəti və onu idarə edə biləcək bir düstur qoyar. Bəziləri həyatın içindən çıxarar o düsturu. Mən isə siyasətçi deyiləm, mən həyatdam anlaram. Bu insanlara nə lazımdır, bu millət nə istəyir, mən buna görə çalışıram. Dostlarım da mənim kimi. İndi oynayan siyasətçilərdən deyilik. Atatürk İsmət İnönünü Avropaya göndərir. O da atadan soruşur: “ Mən orada kimlərlə danışacağam? Diplomat məktəblərini qurtarmış adamlarlamı? Mənim onlarla danışmağa gücüm çatarmı?”
Atatürk cavabında ona deyir: “Yadında saxla, sənin arxanda yüz minlərlə türk çocuğu var. Sən gücünü onlardan almalısan!” 

Həmin müsahibədə Elçibəyin səsləndirdiyi bir neçə sitat:

-  Mən insanları sevməyi anamdan öyrəndim. Oxuma-yazma bilməzdi anam. Atam da ki, çoban idi. Ona görə də onlar insanları sevirdilər.  

- Bir ozan bir akademiya deməkdir. Çünki o dastanı ilə bütün dünyanı gəzirdi. Mənim anam da yüzlərlə dastan bilirdi...  

- Mən Azərbaycan dilini yaxşı bilirdim, rus dilindən isə “3” alırdım. Azərbaycan dili müəllimim rus dili müəlliminə “buna “yaxşı” yazmalısan, “əla” yazmalısan”,  deyirdi. O, da “rus dilini bilmir, ona necə “əla” yazım” cavab verəndə, ana dili müəllimim  deyirdi: “Azərbaycan dilini “əla” bildiyi üçün”.

- “Çənlibel” birliyi təşkil etdik. Bu birlik Azərbaycan tarixi və ədəbiyyatı ilə məşğul olmalı idi. Elə bu vaxt siyasət meydanında Qarabağ  məsələsi partladı. Hamımız tarixi, ədəbiyyatı bir kənara qoyub, siyasətdən danışmağa başladıq.  


Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI