Modern. az saytının “Mənim kəndim” layihəsində tanınmış yazıçı Elçin Hüseynbəyli doğulub-böyüdüyü Cəbrayıl rayonunun Mahmudlu kəndi, oradakı uşaqlıq illərindən danışır:
Mənim kəndim
Mən Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olmuşam. Araz boyu, bağlı-bağatlı, münbit torpaqlı, bol sulu ərazi olub. Uşaqlığımı bütün rəngləri ilə birlikdə yaşamışam. Arazda balıq tutmuşam, şamlıqda futbol oynamışam. Yeri gələndə, qonşunun bağından ərikdən, əzgildən çırpışdırmışam.
O kəndin “süpürgə”si
Uşaq şıltaqlıqları üstündə çox danlanmışam. Yeri gələndə, oxlovla, döşəmə taxtası, süpürgə ilə döyülmüşəm. Bütün bunların hamısını uşaqlıqda yaşamışam. O vaxt üçün həmişə darıxıram. Yazılarımın çoxu da uşaqlıq yaddaşımla bağlıdır.
Kəndin məktəbi
4 il kəndimizdəki ibtidai məktəbdə oxumuşa. Sonra qonşu Şükürbəyli kənd orta məktəbinə getdim. 3 kilometr məsafədə yerləşirdi. Oraya piyada gedirdik. Nəzərə almaq lazımdır ki, dərslər səhərlər olurdu. Ona görə lazım idi ki, tezdən yuxudan durub ot biçub heyvanlara verəm, yaxud qoyun-quzunu 15 dəqiqə Arazın yanında otaram. Ondan sonra ədəb-ərkanla hazırlaşıb dərsə gedərdim.
Kəndin otu, quzusu və “çoban”ı
Kənd yerində böyümüşəmsə, deməli quzu otarmışam, ot biçmişəm, həm də başqa işlərlə məşğul olmuşam. Düzdür, uşaq vaxtı işdən yayınırdım. Ancaq sonradan bütün işlərə məsuliyyətlə yanaşırdım. Yuxarı siniflərdə oxuyanda düşünürdüm ki, üzərimə düşən bütün öhdəlikləri yerinə yetirməliyəm.
Kəndin traktorçusu
Orta məktəbi bitirdikdən sonra 8-9 ay peşə məktəbində oxumuşam. Mən həm də 3-cü dərəcəli traktorçu maşinistəm. O vaxt başımı qatmaq üçün oraya getdim. Çünki o vaxt yaxşı təqaüd verirdilər, 86 manat alırdım. Yaşlı nəsil bilir ki, 80-ci illər üçün 86 manat yaxşı pul idi. Ondan sonra hərbi xidmətə getmişəm. Universitetə daxil oldum. 3 il oxuduqdan sonra 3 il də Moskvadakı Lomonosov adına Universitetdə oxumuşam.
Kənd və xatirələr
Kəndlə bağlı xatirələrim çox zəngindir. Az qala hər gün, hər saat yadımdadır. Çünki çox maraqlıdır.
...onlardan biri...
Göy qurşağına bənzəyən rezin topum var idi. O suya düşdü. Arazın bir qolu var idi, bala Araz deyirdilər. Kəndimizin ortasından keçir. Hava çox soyuq idi, nə etdiksə topu çıxarda bilmədik. Mən də çox balaca idim. O top axıb getdi. Bəzən gecələr də yuxuma girir ki, mən o topu tuta bilmirəm. Görünür ki, uşaq psixologiyama ciddi təsir etmişdi. Çünki o vaxt top da asan tapılmırdı. Onu da xalam mənə Naftalandan alıb gətirmişdi.
O kənddə sevdiyim
Kənddə ola bilsin ki, kimdənsə xoşum gəlib. Ancaq mənim elə ilk sevgim tam səmimi deyirəm ki, ailə qurduğum həyat yoldaşımdır.
Ulduz İBRAHİMOVA
Elmin NURİ