«Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının tərkibi genişləndiriləcək. Şuranın İdarə Heyətinin üzvləri ilə yanaşı kütləvi informasiya vasitələri təmsilçilərinin də komissiyanın işində iştirakında maraqlıyıq. Bu, daha operativ işləmək, eyni zamanda mövcud sahədəki problemləri jurnalistlərə daha yaxından çatdırmaq zərurətindən irəli gəlir».
Modern.az-ın məlumatına görə, bunu MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının sədri, Şuranın İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, 2010-cu ilin ilk yarısında Şuranın komissiyalarında araşdırılan 206 məsələdən 64-nə məhz «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında baxılıb. Mövcud rəqəm ötən ilin müvafiq dövründən iki dəfə çoxdur. Hesabat dövründə MŞ-nin çıxardığı 18 qərarla bağlı rəydən 3-ü bu qurum tərəfindən verilib.
Komissiyanın gələcək fəaliyyətindən bəhs edən V.Rəhimzadə hazırda MŞ-nin Katibliyi tərəfindən təqdim edilən 10 şikayətin araşdırıldığını vurğulayıb.
«Yaxın günlərdə növbəti iclasımızı keçirəcəyik. İclasda müxtəlif məsələlərlə bağlı yekun rəylər çıxarılacaq. Eyni zamanda tərkibin genişləndirilməsi məsələsi də həllini tapacaq», - deyə o bildirib
Modern.az