Modern.az

“Məşhur tələbə yoldaşım”: “Elza Seyidcahanın motoru çox işləkdir, enerjisi bitmir” - SÖHBƏT

“Məşhur tələbə yoldaşım”: “Elza Seyidcahanın motoru çox işləkdir, enerjisi bitmir” - SÖHBƏT

29 Noyabr 2014, 11:14

Bəstəkar Gövhər Həsənzadə: “Elzada bir dənə mənfi xüsusiyyət var, onu sevmirəm”


Modern.az
saytında “Məşhur tələbə yoldaşım” rubrikası davam edir. Budəfəki müsahibimiz əməkdar artist, bəstəkar Gövhər Həsənzadədir. O, tələbə yoldaşı, müğənni, bəstəkar Elza Seyidcahan haqqında xatirələrini və fikirlərini bölüşür:

“Elza tələbəlik dövründə daha ciddi musiqiylə məşğul idi

“Elzayla mən Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq sinfində bir yerdə oxumuşuq. Ancaq ayrı-ayrı kurslarda oxumuşuq, yəni bir qrupda olmamışıq. Mən sənətkar, dahi bəstəkarımız Cövdət Hacıyevin sinfini, Elza isə Arif Məlikovun sinfini bitirib. Amma konservatoriya digər təhsil ocaqlarından çox fərqli idi. Bizdə patok, qrup-belə şeylər yox idi. Bizdə bir kursda hamının bir-biri haqqında informasiyası olurdu.
Elzanın xasiyəti həmişə eyni olub, o heç dəyişməyib. Elə tələbəlik dövründən də çox aktiv, yüksək əhval-ruhiyyəli idi. Mən ümumiyyətlə, bu insanı tələbəlik dövründən bu günə qədər heç vaxt bədbin görməmişəm. Həmişə yeni axtarışlarda idi, musiqiyə, ümumiyyətlə yaradıcılığa, təhsilə ciddi yanaşan biri olub. Və indiki kimi, hər zaman çox gözəl olub, çalışıb qeyri-adi geyinsin. Uzun, qara saçları da var idi. Bəzən kiminsə haqında deyirlər, “ay tələbəlik günlərində bunu görsəydiniz necə idi, indi necədir”. Elzada belə bir şey olmayıb.

Elzanı tələbə yoldaşı olaraq çox ciddi biri kimi tanımışam. Hər zaman öndərliyi sevib. Bizim bütün konsert proqramlarında, yaradıcılıq toplantılarında həmişə aktiv iştirak edib. Elə həmin dinamikanı da indiyə qədər saxlayıb. Dərslərə də gəlirdi. Yəni belə bir tələbə olmayıb ki, dərslərə getməsin, ya “xaltura” etsin. Amma əlbəttə, Elza tələbəlik dövründə daha ciddi musiqiylə, yəni klassik musiqiylə məşğul idi. İndi zəmanənin tələbi ilə estrada janrında daha çox çalışır və ya şou-biznesə müraciət edir. Ancaq Elza klassik əsərlərin yaradıcısıdır. Məsələn, çox adam onu bu gün oxuduğu mahnılarla tanıyır, elə bilirlər ki, Elza bu qədərdir. Amma mən Elzanın bir klassik bəstəkar olmasını bilirəm və əsərləri ilə də tanışam, yaxşı da pianoçudur. O, öz əsərlərindəki piano hissələrini heç vaxt hansısa bir pianoçunun öhdəsinə buraxmayıb, həmişə orkestrlə bərabər özü ifa edirdi”.

“Yatsaq, yuxumuza gəlməzdi ki, tanınacağıq”



“Bizim tələbəlik dövrü çox mükəmməl, çox səmimi, çox keyfiyyətli idi və əfsuslar olsun ki, bu xüsusiyyətlərin heç birini indiki təhsil sistemi, indiki ab-havaya aid etmək olmaz. Mən 1988-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib gəlmişəm. Konservatoriyada mükəmməl sistem idi. Biz o qədər məsuliyyətli idik ki, Üzeyir Hacıbəyov adına Konservatoriyaya addım atanda elə bilirdik ki, rəhmətliyin ruhu bizi izləyir. Yəni o qədər qorxurduq ki, bu adı qazanmaq şansı birdən bizə verilməz. İndi o bəstəkarlıq sözü o qədər ucuzlaşdırılıb ki, hər mahnı yazan, hər iki not yazan deyir, mən bəstəkaram. Amma inanın, Elza da bunu təsdiqləyər, biz təhsil alanda o qədər əziyyət çəkmişik ki... O zaman biz heç kəs idik, deyə bilməzdik ki, mən bəstəkaram. Deyirdik, biz bəstəkarlıq fakültəsində təhsil alırıq. Və musiqinin bütün janrlarını, bütün tərəflərini mükəmməl öyrənməliydik, neçə fakültə var, onların hamısının elminə yiyələnməli idik ki, bəstəkar ola bilək. Əfsuslar olsun, o indi yoxdur. Amma yenə də fəxr edirəm ki, o dövrdə təhsil almışam. Və Elza da o dövrün aktiv tələbələrindən biri idi. İstəyərdim bunu hər kəs bilsin. Bu gün şou-biznesdən heç kəs heç kəsə qiymət verib, fikir yürütməsin. Hər kəsin bir bünövrəsi var.

O dövrdə yatsaq, yuxumuza da gəlməzdi ki, çox gənc yaşından Azərbaycan mədəniyyətində adı sayılan, Azərbaycanda tanınan bir şəxsiyyət ola bilərik. Çünki o vaxtlar gördüyümüz çox böyük sənətkarlar idi - Cövdət Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Tofiq Quliyev, Rafiq Babayevə baxıb deyirdik, yəni “bizi bunlar qədər tanıya bilərlərmi?”. Amma mən məsələn, öz adıma deyirəm ki, hər zaman bəstəkar olmaq istəmişəm. Düşünürdüm ki, təhsil almaq yetərli deyil, axır məndən bir bəstəkar çıxacaq, ya yox. Amma qurban olum Allaha, şansları verdi, imtahanlara çəkdi və biz şanslı bir insan olduq ki, çox gənc yaşlarımızdan daha böyük nailiyyətlər əldə edə bildik və bu gün Azərbaycan kimi bir ölkənin, Azərbaycan xalqı kimi bir mədəniyyət sahibi olan bir xalqın tanıdığı şəxsiyyət olmuşuq. Mən çox sevinirəm. Demək ki, o vaxt aldığımız təhsil, gördüyümüz işlər hədərə deyilmiş, biz düz əziyyət çəkmişik”.

“O çıxışları edəndə düşünmürdük ki, “KQB” gələr bizi aparar”



“Tələbəlik illərimiz 80-ci illərin axırı, 90-cı illərin əvvəllərinə düşdü, yəni müharibə dövrünün tələbələriyik. Bəlkə də ona görə bu gün bəzən mənə deyirlər ki, Gövhər xanım çox sərtsiniz, çox ciddisiniz. Biz o gənclik dövründə birdən böyüdük. Gənclik şuluqluğu, gənclik əhval ruhiyyəsi yaşamadıq. Çünki müharibə gedən dövrdə təhsil almışıq. Görün, nə ağır dövrdür. O dövrdə xoş xatirələr yadıma gəlmir. Gələ də bilməz. Çünki çox ciddi məsələlərdə, xalq mitinqlərində iştirak edirdik. Bir-iki dəfə müsahibə də götürdülər, efirə getdi. Mənə dedilər ki, ay bu qız qorxmur, çox açıq danışır. Amma çılğın dövrümüz idi və biz də yaradıcı insan, sənətimizə, hər şeyimizə təcavüz olunurdu. Əlbəttə, o yaş dövründə, o çıxışları fikirləşəndə insan düşünmür ki, “KQB” gələr, məni aparar. Amma yenə də fəxr edirəm. Nə yaxşı ki, gəncliyimiz vətənpərvərlik, vətənin formalaşması zamanlarında keçib.
Əfsuslar olsun ki, bəziləri şou baxımından Elzanı bəlkə də bir estrada janrının ifaçısı kimi qəbul edirlər. Amma Elza doğrudan da böyük bir sənət, təhsil ocağının məktəbini keçib.

Elza çox yaxşı dost, çox hörmətcil insandır. Tələbəlik dövründən bu günə qədər heç vaxt Elzadan özümə qarşı yalan eşitməmişəm. Əgər bir işi görəcəksə, öhdəsindən gələcəksə, olacaq deyəcək, və ya hansısa vəziyyətdən çıxmaq üçün çox xahiş etdiyim zaman mütləq bacardığından da artığını edəcək. Xaricə səfərlərdə olmuşuq. İnsanı yolda tanıyarlar. Və mən deyə bilərəm ki, Elza tələbəlik dövründə necə idisə, indiyə qədər də o xasiyyətdədir. Açıq deyə bilərəm ki, sənət aləmində dəyişməmək qeyri-mümkündür. Amma Elza o insanlardandır ki, heç dəyişməyib. Yəni bu da gözəl xüsusiyyətdir. Onunla dostluğumuz tələbəlik dövründə hansı parametrlərdə idisə, şükürlər olsun, bu günə qədər də elədir. Yəni heç vaxt bir-birimizin evinin içərisində olmamışıq. İndi də elədir. Bir-birimizin çox ürəyinə girim, sirlərini bölüşüm olmayıb. Amma dərdləşəndə dərdləşmişik. O vaxt da, indi də. Ailəmizin ən xoş gününü bir-birimizə arzulamışıq. O vaxtı da, indi də imkan daxilində bir-birimizə yardım edir, hansısa vəziyyətdə dəstək oluruq. Bir yatıb bir duran dost olmamışıq ki, sonradan da Allah göstərməsin, ayrılaq. Necə səmimi münasibətimiz olub, onu da bu günə qədər qoruyub saxlayırıq. İnşallah belə də davam edər. Nə xoş ki, o vaxt bir-birimizə xoşbəxtlik arzulayırdıqsa, indi bir-birimizin övladlarının xoşbəxtliyinə sevinirik. Ən əsası da budur. Yəni çox səmimi münasibətlərimiz var”.  

“Çıxın ortalığa, daha 40 yaşı da keçdiniz”



“Kaş ki, Elza simfonik əsərlərindən ibarət bir konsert edib, tamaşaçılar qabağına çıxsa və özü konservatoriyada onu gördüyüm formada- klassik geyimdə, ciddi bir obrazda royal arxasına otursa və mən desəm, “ah, bax, mənim tələbə dostum Elza səhnədədir”. Bəzən biz düşünürük ki, heç kəsə heç nəyi sübut etməyə dəyməz, mən bilirəm, ətrafım bilir. Amma bugünki gənclər, ən azından mənim 11 yaşlı qızım, ən azından bacımın 17, 20 yaşlı övladları Elzanı o cür, tam fərqli görsələr... Mən əsl Elzanı göstərmək istəyərdim. Şou bir yana, amma deyərdim ki, “bax, budur Elza. Səhnədə mənim tələbə dostumdur. Bu onun əsərləridir. Biz bu məktəbi keçmişik. Mən bu əsərləri tanıyıram”. Bunu istəyərdim.

Elzanın həmin əsərlərə müraciət etməməyinin səbəbi nədir? Bugünki bir az xaos formasında olan durum, konkret sistemin olmaması. Yəni Elzanın bu gün yaratdığı əsərlərin əksəriyyəti estrada oranjımanın çərçivələrindən daha geniş olan əsərlərdir. Onları həyata keçirtmək üçün orada daha böyük imkanlar lazımdır. Bu gün hamı axına qoşulub. Bu mahnı oxudu, o mahnı oxudu. Efirlərin cılız görüntüləri, yəni filankəs maşın aldı, filankəsin ayaqqabısının kabloku sınır. Sənətə ciddi münasibət olsa, bizi də silkələyərlər, deyərlər, a balam, çıxın ortalığa, daha 40 yaşı da keçdiniz, üzü 50-yə gedirsiniz, siz də bir ciddi musiqinizi çıxardın xalqın qabağına, artıq vaxtdır. Daha siz tələbə dövründə deyilsiniz, deyəsiniz ki, mənim əsərlərim hələ hazır deyil. Yəqin ki, kimsə bunu etməlidir. Hansısa dəstək olmalıdır, təşkilatçı olmalıdır.

Mən Elzanı bir klassik bəstəkar kimi simfonik orkestrin konsertində öz əsərlərinin ifası ilə bərabər xalqının qarşısında öz bəstəkarlıq fəaliyyətini nümayiş etdirməsinin qismət olmasını istəyərdim. Allah qoysa, yəqin ki, olacaq. Düşünmürəm, Elza bu barədə fikirləşmir. Amma onun da bir zamanı gələndə, ona da bir dəstək, bir təklif gələndə bilirəm ki, edəcək. Çünki bu qızın motoru çox işləkdir, enerjisi bitmir. Allah həmişə onu elə enerjili etsin. Həyata çox nikbin baxan insandır. İdeyalarına inanır və düşünürəm ki, dost kimi mən də Elzanın yaradıcılığının yanında, həyatında da həmişə varam, bu gündən sonra da inşallah olacağam. Bilirəm ki, böyük auditoriya hələ Elzanın səslənməsi lazım olan əsərlərini eşitməyib. Allah qismət etsin, onları hər kəs eşitsin.

Elza həyatda çox mülayim, çox kövrək, çox ailəcanlı bir insandır. Kənardan elə görünür ki, guya bu adam elə bütün günü səhnələrdədir, səhnədən başqa heç nə fikirləşmir, elə şey yoxdur. Elzada qadına xas xüsusiyyətlər qabarıqdır. Heç bir sərtlik yoxdur. Bəzi ifalarında guya sərtlik, ciddilik, aqressiya görünür. Amma həyatda kompromisə gedən bir insandır. Elzayla həmişə danışmaq olar, nəsə qərarlar vermək olar. O səni həmişə dinləyəcək. Elzadan ziyan gəlməz. Düzdür, hamımız bilmədən nəsə səhv edə bilərik. Amma o bilərəkdən kiməsə ziyan verməz, sadəcə çılğındır, ideyaları çoxdur. O da kənardan bir az aqressiv kimi görünür. Amma əslində çox mehriban, çox sakit, üzüyola, ailəcanlı, çox oturub adamla içdən dərdləşən adamdır. Ulduzluq xəstəliyi olmayan biridir. Onun qəlbinə dəymək də çox asandır. Biruzə verməsə də, amma ürəyi tez sınır. Bu normal bir haldır. Bu musiqiçidir, bəstəkardır. Onların hamısı belə olacaq. Yəni musiqiçinin ürəyi qalın ola bilməz”.  

“Mən bilirəm ki, Elza təqdim olunduğu kimi deyil”



“Elza Seyidcahan deyildiyi zaman birinci yerdə onun mükəmməl valideynlik, analıq xüsusiyyətini qoyuram. Allah Elzanın balalarını xoşbəxt etsin, gözüdolusu görsün, onun anasına, ailəsinə can sağlığı versin. Elzanın ailəyə bağlılığını və mükəmməl ana olması xüsusiyyətini o qədər yaxşı bilirəm və hiss etmişəm ki, buna görə Elzaya böyük hörmətim var. Çünki qadının dünyada birinci rolu ana olmaqdır, sonra övladlıq, sonra artıq xanımlıq və ondan sonra gəlir, sənət, filan. Elza bütün ailəsini, ətrafını, əzizlərini düşünən insandır və bu, qadın üçün ən gözəl keyfiyyətdir. Məni heç kəsin şanı şöhrəti, fitri-istedadı, dağı dağ üstünə qoymağı o qədər maraqlandırmır, nəinki o insanın insanlıq keyfiyyətləri. Elzada bir dənə mənfi xüsusiyyət var, onu sevmirəm. O çox vaxt lazımından artıq sadə, səmimi ola bilər və bəziləri bundan sui-istifadə edir.

İnanın səmimiyyətimə, mən heç kəsdən nə qorxmuram, nə də çəkinmirəm, düşündüyümü deyəcəm. Bu günə qədər Elzanın dilindən nə keçmiş həyat yoldaşı, nə onun ailəsi, nə də ümumiyyətlə, öz şəxsi ailəsinin alınmaması, ya dağılması məsələsində pis bir söz eşitməmişəm. Heç bir nifrət görməmişəm. Olur da, oturmuşuq, dərdləşmişik, danışmışıq. Həmişə bir şey eşitmişəm, deyirdi ki, nə bilim, alınmadı da. Görürəm, bəzən heyfslənmə də gəlir. Amma o heç nifrət məsələsini ürəyində olsaydı da, deyə də bilməz. Çünki burada yenə övladlarının atasına, atasının ailəsinə olan münasibətdir. Bu çox gözəl xüsusiyyətdir. O yenə də öz övladlarının prizmasından buna baxır. Adam var ki, ağzını açır, gözünü yumur. Elza bir dəfə mənə demədi ki, ay belə oldu, elə oldu, belə zülm çəkdim, başıma oyun açdı. Belə şeylər olmayıb. Həmişə danışmışıq, heç şikayətlənməyib. Elzada ağlamaq yoxdur. Oturum, ağlaşma qurum, nəyəsə ehtiyacım olsun, həmişə içində saxlayacaq və həmişə də belə deyəcək ki, əşşi düzələr. Və Elza çox əziyyətlər çəkən qadındır. O heç də yağ-bal içərisində yaşamayıb, elə hər şey ona hazır gəlməyib. Çox zəhmətkeş, ailəsini çiyinləri üstündə saxlayan bir xanımdır. Hər şeyi öhdəsindən özü gəlir. Yəni bu qadın zəhmətiylə qazanır. Bilirsiniz nəyə görə bu qədər Elzanın haqqında danışıram. Deyərlər ki, bəlkə bunlar qohumdu, yox. Bir şeyi düzgün təqdim etməyəndə heyfslənirəm. Məsələn, bizim mahnını hardasa oxuyub anonim deyəndə sizin xoşunuza gəlir, yox, bax, məni də elə əsəbləşdirir. Mənə belə gəlir ki, 80 faiz bu şou proqramlar, efirlər sənətkarları haqsız yerə düzgün təqdim etmirlər və onların içərisində bəzən Elza da olur. Sən əgər bunun ideyasını tutmayacaqsansa, başa düşməyəcəksənsə, təzədən soruş, onun fəlsəfəsini al, düz ver. Ona görə bu qədər danışdım ki, mən onu başqa tərəfdən tanıyıram. Mən bilirəm ki, Elza təqdim olunduğu kimi deyil. Yaradıcı insanlar dəlisovdur, qeyri-adidir.
Bu günə qədər kim deyə bilər ki, Elza mənə pislik etdi, məni təhqir etdi, hansısa konsertə gəldi, paxıllıq etdi, dedi o burdadır, mən oxumuram. Kiminsə qatığını dağıdıb? Bu adam əgər bunu etmirsə, deməli pis adam ola bilməz”.

“Biz yaddan çıxmışıq”



“Elza öz mahnılarını özü ifa edir. Əlbəttə ki, hər bir bəstəkarın yazdığını ondan yaxşı heç kəs ifa edə bilməz. Düzdür, bəzən olur ki, ifa edə bilmirsən, səndə alınmır, səsin ora çatmır, mənim kimi (gülür). Amma yenə də zümzümə ilə oxuyanda hamı deyir ki, “Ay, Gülya, sən nə gözəl bunu oxumusan, heç onu müğənni də elə oxuya bilmir”. Elzada hər bir mahnı böyük bir kompazisiyadır və bütün kompazisiyanı istəyir ya səsiylə göstərsin, ya da insturmentlə, o da kənardan anlaşılmır. Anlaşılmayanda hamı deyir ki, bu nədir, bu neyləyir? Bütün bu səsləri tamaşaçıya çatdırmaq üçün lazım şərait yaradılsa, Elza həmin əsəri drijor, bəstəkar kimi, ifaçı kimi yaratsa və o məhsulu camaata dinlətsə, onda görəcəksiniz ki, tam fərqlidir. Özü oturub royalda bütün orkestrin səslərini ifa edəndə əlbəttə, elə səslənəcək. Elza bir orkestrin səslənməsini öz ifasıyla camaata çatdırmaq istəyir, o da alınmır. Ona görə də səslənəndə camaat çox vaxt deyir ki, o nə idi? Onun nə olduğunu böyük bir heyətlə bəlli etmək olar. Elzanın ifaçılığında problemlər yaranırsa, bundan irəli gəlir.

Mən Elzanın bir mahnısının – “Tənha” fanatıyam. Özü də bilir, mənim özümdə o mahnı var, dinlədiyim mahnıların içərisindədir. Tək mən yox, onu dinləyən insanların hamısı deyir ki, ay nə qəşəng mahndır. Mən belə bir mahnıya şlyager əsər deyirəm ki, səni tanımasınlar, dilini başa düşməsinlər, amma musiqini dinləsinlər. Bax, Elzanın o mahnısı mənim üçün əsərdir. Yalandan durub demirəm ki, bütün mahnılarını dinləmişəm. Bəlkə başqaları da var, mən eşitməmişəm. Amma Elzanın mahnısı deyəndə beynimdə o papka açılır. “Son vida” mahnısı da var idi, “Toy adamları” mahnısı çox uzun müddət məşhur oldu.

Bizim ən çağdaş, ən gözəl dövrümüz artıq biz formalaşandan sonra 2000-ci illərin əvvəllərində oldu. Şəhriyar Mədəniyyət Mərkəzinin ən parlaq işləyən vaxtları idi, mən orada müdir idim. Professional bir yaradıclıq ab-havası var idi. O dövrdə Elzanın da çox mahnıları layiqli yerlərini tutdu, dinlənildi. İndi bilirsiz ki, mahnı deyəndə heç bilinmir nə verirlər.
Hamısı o dövr idi. İradə İbrahimova, Tünzalə Ağayeva, “W-trio”, “Şeron” qrupu, Natəvan Həbibi, Xuraman Şuşalı, Kərim, Lalə Məmmədova- hamısı o vaxt formalaşan nəsil idi. Sonra Samira gəldi, Röya gəldi. Mənim üçün 3 mərhələ var idi. Bizim böyüklərimiz İlhamə Quliyeva, Nisə Qasımova, Ağadadaş Ağayev idi. Bunlardan sonra gəlirdi Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, “Rast” qrupu və.s sonrakı nəsil gəlirdi - İradə İbrahimova, Tünzalə Ağayeva, Röya... Hər kəs bir-birindən öyrən-öyrənə formalaşırdı. Hə, İradəgildən sonrakı nəsil... Şəhriyar bağlandı, Gövhər getdi işinin dalınca. Nə oldu, hanı? Yoxdur! O konveyri saxlamaq lazım deyildi. Davam etdirmək lazım idi. Konveyr, fabrik dayandı, o sənət formalaşması da dayandı, hə, dağıldı. Nə olsun, indi nəyimiz var? İndi o konveyr təzədən işə salınmalıdır və bu barədə düşünmək lazımdır.

Allah Elzanı xoşbəxt qadın etsin, həmişə özünü necə xoşbəxt hiss edirsə, elə olsun. Bir tələbə dostu, həmkar kimi arzulayıram ki, Elza ürəyində olan bütün yaradıcılıq arzuları, əsərlərini istədiyi səviyyədə, istədiyi məkanda, istədiyi cür dinlətsin”

Misranə Həsənzadə 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI