Modern.az

“Maliyyə naziri Çingiz Abdullayevdən bizim jurnalın üç-dörd nüsxəsini istəmişdi” - “Ulduz” yazarlarla REPORTAJ

“Maliyyə naziri Çingiz Abdullayevdən bizim jurnalın üç-dörd nüsxəsini istəmişdi” - “Ulduz” yazarlarla REPORTAJ

1 Dekabr 2014, 10:15



Yəqin ki, hamımız xəsrtə adamın sağala-sağala üzünə qan gəlməsini, rəngi-rufunun özünə qayıtmasını müşahidə etmisiniz. Çox vaxt da “şükür Allaha, kaş bir az da yaxşı olaydı” demisiz. “Ulduz” jurnalı da bu gün həmin sağalan adamı xatırladır. Təbliğatı genişləndirilən, forma və məzmununa əməlli-başlı əl gəzdirilən jurnalın qanı yavaş-yavaş üzünə çıxır.
“Ulduzu”un redaksiyasından hazırlayacağımız reportajdan qabaq “həkim” rolunu oynayan baş redaktor, şair Qulu Ağsəslə qısa bir müsahibəmiz də oldu.

-Qulu müəllim, jurnalın məsuliyyətini üzərinizə götürmək, ona baş redaktorluq etmək  yaradıcılığa bir zərər vurmur ki?

- Bunun cavabı birmənalıdır. Bu elə bir sualdı ki, cavabı elə özündədi. Hindlilərin də bir yaxşı məsəli var: deyirlər ki, yaxşı sualda cavabın yarısı gizlənir. Əgər sual ağılla, məntiqlə qoyulursa, orada cavabın yarısı var. Təbii ki, baş redaktorluq yaradıcılığın axtını alır. Baş redaktorluq təkcə o deyil ki, nəyəsə qol çəkəsən. Bunun texniki tərəfi var, maliyyə tərəfi var. Mən desəm ki, həftənin tək günləri şeir yazacağam, heç baş redaktor olmaram. Nasir bunu edə bilir. Elə nasir var deyir ki, mən həftənin yalnız filan günləri yazıram, yaxud gündə bir qrafa yazıram. Amma şeir elədir ki, onun vaxtını bilmək olmur.

- Sizin rəhbərliyiniz zamanı  çıxan nömrələr sanki əvvəlki baş redaktorun dövründəki “Ulduz”un çatışmazlıqlarını nəzərə alaraq çap olunub. Sualımı konkretləşdirəcəyəm indi...

- Niyə baş redaktor müavini olan vaxtda bu olmurdu, onu demək istəyirsən? 

- Həm də onu...

- Hər bir mətbu orqan baş redaktorunun simasıdır. Məsələn, Modern.az Elşad Eyvazlının simasıdı. Çünki kursu baş redaktor müəyyənləşdirir. Bir maraqlı şey deyim sənə. Mən müavin olanda nə ki, maraqlı şeylər vardısa, onları eləmişəm. Amma heç biri gözə görünməyib. Məsələn, “Duel”, “Variasiya”, “21-21”, “Axtarış” layihələri gerçəkləşdirmişəm. O proyektlərin heç adını çəkən olmurdu. O vaxt elədiyim işlər çox təəssüflər olsun ki, gözə görünməyib. Yəni,  müavin olanda da mən əlimi yanıma sallayıb oturmamışam. Başqa bir şey də var. Müəlliflər umur ki, baş redaktor özü ona zəng eləsin. Onlar gözləyir ki, baş redaktorlar özləri onlara can atsın. Hər hansı şöbə müdiri, şöbə redaktoru, baş redaktorun müavini 50 dəfə onlara zəng edəndə bir nəticəsi olmur. Yaradıcı adamalrın eqosu var da. Şəstlə deyirlər ki, bizə filankəs yox, bəhmənkəs zəng vurub təklif etdi. 



Bu zaman söhbətə jurnalın yazarı Həyat Şəmi də qoşulur:

- Bu həm də  müəllifin daxili mədəniyyətdən irəli gələn bir şeydi. Onlar özləri öz yazılarını təqdim etməkdə utanırlar. Düşünür ki, birdən deyərəm sözüm yerə düşər, yaxşı olmaz və s.  Bəlkə də içərilərində elələri var ki, onlar özlərinə güvənmir.

Digər həmsöhbətimiz yazar Şəfəq Sahibli həmkarının sözünü davam etdiririr: - İstedadlı adam, qələminə güvənən yazar yazını gətirib Qulu müəllimin şəxsən özünə verir.

Qulu Ağsəs: - İstedadlı adamlar elə utancaq adamlar olurlar. İstedadlı jurnala yazı gətirəndə  vallah utanır.

H.Şəmi: - Amma hamısı utanmır axı.

Q.Ağsəs: - İstisnalar həmişə var. Vallah, Lütfi Zadənin tapdığı o qeyri-səlis məntiq ancaq bir azərbaycanlının ağlına gələ bilərdi. Başqa heç bir millətin nümayəndəsinin ağlına o gəlməzdi. Çox poetik və rahat məntiqdi- iki vur iki, dörd eləmir, həm də dörd eləyir. Yəni ki, istisnalar olmamış deyil.  

- Qulu müəllim, jurnalda baş redaktor  müavini  olanda hansı problemlər var idi ki, onları həll edə bilməmək sizi incidirdi?



- Birinci, onu deyim ki, bizim nəşriyyatımız çox zay idi. Ad çəkmirik ki, antireklam olmasın. 2008-ci ildə İntiqam Qasımzadənin 65 illik yubileyi olanda Hicran Hüseynovaya dedim ki, ondan müsahibə alsın. Müsahibə aldı. Şəkildəki adam İntiqam Qasımzadənin özündən başqa kimə desən oxşayırdı. Bu da təbii ki, həmkarımızın çox xətrinə dəydi. Dedi ki, gərək o şəkli verməzdiz. Halbuki, kompüterə verilən şəkil İntiqam müəllimin öz şəkli idi. Amma jurnalda  şəkil əvəzinə qara bir ləkə çıxmışdı. Poliqrafiya problemləri də var idi. Jurnalın formatında, dizaynında  çatışmazlıqlar hiss olunurdu. Amma elə şeylər var idi ki, mən onları yalnız baş redaktor olan vaxtı düzəldə bilərdim. Ayrı cür mümkün deyildi. Bir nəfərin baş redaktorluğu altında müavin kimi çalışırsansa, onunla razılığa gəlməlisən. Əks halda, baş redaktor çıxıb getmir ki, müavin çıxıb gedir.

Düzəltmək istədiyim bəzi çatışmazlıqlar var idi ki, onları həll etmək mənim səlahiyyətimdə deyildi. Amma indi redaksiya heyətinə də, idarə heyətinə də deyirəm ki, bir yaxşı müəllif olan kimi tapıb üzə çıxarın. Kimin nə yaxşı yazıları varsa, nə ideyası, layihəsi varsa, buyursun. Yox, layihəsi də yoxdursa belə,  o qədər yerdə qalan proyektlərimiz var ki, gəlsin, onları həyata keçirsinlər. Bəzən elə olar ki, ağlına gəlməyən bir adamdan gözəl yazı oxuyarsan, bəzən isə tam əksinə. Ədəbiyyat yoxdan, heç nədən nəsə yaratmaq sənətidir. “Ulduz”un da əsas işi ədəbiyyatda tapıntılar etməkdir. Mətbuatda belə bir yanaşma var: tanınmış yazarın pis yazısını da verirlər ki,  arxasında onun imzası dayanıb. Tanınmamışın, özünü yaxşı tərəfdən göstərə bilməyənin isə yaxşı yazısını da verməyib deyirlər ki, bu pis yazır. Mən bunu səhv yanaşma hesab edirəm. Bəzən özünü sübut etməyən müəllifin də çox yaxşı yazısı ola bilər. Sadəcə açıb oxumaq lazımdır. Redaktorun da əsas borcu budur ki, əlində olan materialların hamısını oxusun. Çünki imza hələ yazı demək deyil. Hətta ən üzdə olanlarının da pis yazıları ola bilər

- Elə yazarlar demişkən, sizdən əvvəlki baş redaktorun dövründə gənclər sanki jurnaldan küsmüşdülər. İndi necə yavaş-yavaş barışırlar?

Amma Qulu müəllimdən icazə alımaqla söhbətimizdə iştirak edən bayaqkı xanımlar suala cavab verir.

Şəfəq Sahibli: - Elə mən də onu demək istəyirəm ki, son zamanlar jurnala maraq çox artıb. Hara gedirsən, elə “Ulduz” jurnalından danışırlar.

Həyat Şəmi: - Deməli, təbliğatı yaxşı gedir. Abunə məsələlərində irəliləyişlər var. Amma yalnız təbliğat deyil. Mən demirəm ki, ondan qabaqkı baş redaktorun vaxtında gənclərə məhdudiyyət qoyulurdu. Xeyr, sadəcə o zaman qarışıq idi. Yaşlıların da yazıları gənclərə qarışmışdı. Gənclər də həvəsdən düşürdülər. Çünki görürdülər ki, onların yazıları qalıb, yaşlılar dərc olunur. Amma Qulu müəllim gələndən sonra həqiqətən gənclərin jurnala axını başladı.

Qulu Ağsəs: - Bu yaxınlarda BDU-nun Filologiya fakültəsində yeni yaranan “Söz” ədəbi birliyinin ilk qonağı olduq. Bir jest etdik, seçilən 10 tələbəni öz hesabımıza jurnala birillik abunə etdik. Amma səmimi deyirəm, orada da elə tələbələr var idi ki, “Ulduz”un çıxmasından xəbərsizdir.  Başqa universitetdə də bunu edəcəyik. Bu yaxınlarda Heydər Əliyev Müasir Təhsil Kompleksində iki tarix elmlər namizədi olan qadın “Ulduz” jurnalının çıxmağını eşidib təəccübləndilər. Həm onlar təəccübləndi, həm də mən təəcübləndim. Mən təəccübləndim ki,  elmlər  namizədi olanlar bu günə qədər jurnalın çıxmasından xəbərsizdirlər. Mən jurnalı onlara verəndə çox təəccübləndilər və çox da xoşlarına gəldi. Dedilər ki, sizi uşaqlarla görüşdürəcəyik. Məktəblərin birində şagirdlərlə görüşdük. Dedim ki, direktordan çəkinməyin, səmimi deyin ki, “Ulduz” jurnalını tanıyırsız ya yox. Gördüm ki, çoxusu  xəbərsizidr. Rəsmi qurumalarda da çox tanınmalıdır.

Yazıçılar Birliyinin Beynəlxalaq Muğam Mərkəzində keçirilən 80 illik yubileyində biz jurnalın 100 nüsxəsini hədiyyəsi ilə birlikdə payladıq. Orada da bildiyiniz kimi çoxlu rəsmi qonaqlar var idi.  Millət vəkili Elmira Axundova foyedə məni görüb dedi ki, “Qulu, mən bilmirdim ki, “Ulduz” bu cür çıxır, bu “Ulduz” mənim gördüyüm “Ulduz” deyil”.
Biz Prezident Administrasiyası,  Nazirlər Kabinetini jurnala abunə etmişik. Hər ay göndəririk. Orada da görürlər, oxuyurlar, reaksiyalar olur. İndi də istəyirik ki, Milli Məclisi də abunə edək. Mənə çox maraqlı oldu ki, bir dəfə ölkənin maliyyə naziri bizim hörmətli yazıçı Çingiz Abdullayevdən “Ulduz” jurnalının 3-4 nömrəsini istəmişdi. İşlər bu istiqamətdə həyata keçir. Mətbuat Şurasına jurnalı üzv etmək üçün gedəndə məndən nömrələr istədilər. Mən də 4 nüsxə göndərdim. İndi Şuranın ən görməli guşələrində o jurnallar var. Sabah ora gələn qonaqlar da, rəsmilər də götürüb vərəqləyəcəklər.  Bunların hamısı işdir, reklamdır. Biz bunu “Ulduz”un təbliğatı üçün edirik.



- Təbliğat yollarının biri də başqa media orqanlar ilə ortaq layihələrin həyata keçirilməsidir. Bu yöndə də yəqin ki, işlər aparılır....

- APA TV-də “Ulduzlu kvartet” adlı bir proyekt var. Həmmüəlliflərindən biri də mənəm. Gülnar Məsimli, Cavid Zeynallı ilə veriliş aparırıq. Bu günlərdə Anar müəllim mənə dedi ki, madam ki, bu qədər işlər görülür, televiziyalardan birini çağırın, gəlib sizdən də bir veriliş hazırlasın. Mənim üzüm gəlmədi, sonra Anara müəllimə deməyə. İndi istəyirəm İlham Rəhimliyə (Mədəniyyət kanalının direktor müavini) deyim bu barədə. “525-ci qəzet”lə “Benefist” layihəmiz var, “Kaspi” qəzeti ilə bu yaxınlarda bu proyektimiz olacaq. Ayb.az-da Nobel mükafatları lauretları, “Ədəbiyyat qəzeti”ndə “Variasiya” proyektimiz var. Bu istiqamətdə işlər gedir. Amma əsas hədəfimiz xaricə çıxmaqdır.  

- Bunu dəqiq bilirəm ki, həm siz, həm də redaktor heyəti gənc yazarların materiallarından əziyyət çəkirsiz... Ümumiyyətlə, bəlkə burada onların bəzilərinə sözün, yazının nə olduğunu deyəsiz...

- Bir şey ki, bağçada, orta məktəblərdə öyrədilməlidir, onu biz niyə deyək? Ana dili uşaq vaxtından tutmuş orta məktəbi bitirənə qədər öyrədilir. Mən o gün universitetdə çıxışımda da dedim ki, heç olmasa burada öyrənin ki, sabah redaksiyaya doktorant, magistr kimi yazı gətirəndə utanmayasız. Bu müəllimlər hara baxırlar? Alimlərin öz yazıları pis vəziyyətdə olur. Mən akademik dilin əleyhinə deyiləm, o cür yazıla bilər. Amma elə yazılır ki, heç nə anlaşılmır. Dilçi almin dil haqqında yazdığı başa düşülmür. Uşaqlar da o şeyləri ki, bizə qədər keçimli idilər, onları keçməyiblər. Bəzən biz onların bağça, orta məktəb işləri ilə məşğuluq. Bir də görürsən elə adam gəlir deyir ki, “mənim həm essem var, həm 20-yə yaxın şeirim var, həm də romanım. Baxın görün nəyi verərsiz”. İndi bu halda neyləmək olar? O adamın əvvəlcə öz janrını tapmaq lazımdır. Sən 17-18 yaşında bu qədər şeyi nə zaman yazmışan? Bu hələ bir redaksiyaya təqdim olunanlarıdı ha.. bəlkə başqa yerə də verib. Amma içində ədəbiyyat naminə heç nə yoxdu.

“Ulduz” adamlardan reportaj



Qulu müəllimlə söhbətdən sonra istədik ki, redaksiyanı da gəzək. Hər halda “ulduz” adamlar yəqin ki, ədəbiyyatsevərlərə də maraqlı olar. Qulu müəllim baş redaktor kimi, heyət haqqında qısa məlumat verir və bu zaman özünün vacib xəbərdarlığnı da çatdırır:

-“Redaksiya heyətinin demək olar ki,  hamısı təzələrdir. Köhnələrdən Səhər xanım, Həyat Şəmi, Xanəmir, Rəsmiyyə Sabir qalıb. Qalanları hamısı yenidir. Amma bir məsələ var. Mən elə Modern.az vasitəsilə redaksiya heyətinin üzvlərinə deyirəm ki, jurnalın təbliğində aktiv olsunlar. Təəssüf ki, elə deyil. Mən bir dəfə iclas keçirib o barədə  dedim. Amma görürürəm ki, yenə də heç nə dəyişməyib. Burdan elan edib deyirəm ki, jurnalın fəaliyyətində aktiv iştirak etməyən  adamlar redaksiya heyətindən çıxarılacaq.



Jurnala Yazıçılar Birliyinin dördüncü mərtəbəsində 3 otaq ayrılıb. Növbəti otağa daxil oluruq. Qulu müəllimlə otağında söhbət edən zaman bir neçə dəfə deyir ki, qoy uşaqlar da danışısınlar. Əlbəttə, danışsınlar, redaksiyada olanlar nə əziyyət çəkir, ondan az-çox xəbərimiz var. Elə bu məqsədlə nəsr şöbəsinin redaktoru Vüsal Nuruya yaxınlaşıram.

 -Zəhmət olmasa cavab ver, bu gənclərin yazıları sizi  çox yormur ki?

- Şöbə reedaktoru olaraq gənclərin yazılarını oxumaq mənim borcumdur. Yorulmuram, çünki işimi sevirəm. İşimi sevəndə adam yorulmur. Düzdür, bir az zəif yazılar olur, bu da təbiidir. Hamı güclü yaza bilməz ki. Hazırda qarşımda 180 səhifəlik yazılar var ki, onların içindən mən 10 yazını seçməliyəm. Gənclərin yazılarını oxumaq, fikriləri ilə tanış olmaq mənim üçün maraqlıdır

- Bəlkə müəlliflərə nəsə sözün var?

- Mən yazarları  “Ulduz”  jurnalına abunə olmağa çağırıram. Bu, sizin jurnalınızdır. Biz istəyirik ki “Ulduz” jurnalı sizə daha da yaxın olsun. Siz də bir az yaxın gəlib abunə olun ki, jurnal evinizə gəlsin.

Vüsalla  danışandan sonra qonşu otağa keçirik. Bayaq Qulu müəllim əməkdaşlarla bizi qiyabi olaraq tanış etmişdi:

- Nərgiz Məhərrəmzadə bizdə tərcüməçidir. Təranə Vahid  əvvəlcə şöbə müdiri oldu, İlqar Fəhminin katib getməsindən sonra baş redaktor müavini oldu. Bizdə çox işçi yoxdu. 4-ü ixtisara düşdü. Hələ bəlkə yenə də ixtisar aparıldı. Mənim istədiyim odur ki, jurnalda hər kəs “Ulduz”un bir hissəsi olsun. Mən yalandan gəlib-getməyin, adı olub, özünün gəlməməyin - formalizmin əleyhinəyəm.



O biri otaqda isə başqa əməkdaşlarla tanış olanda görürük ki, onları da narahat edən məsələlər  var. Məsələn, publisistika şöbəsinin rəhbəri Hicran Hüseynova gənc müəlliflərin dilə münasibətindən narazıdır:

- Jurnalda iş zamanı demək olar ki,  məni heç nə yormur. Adam sevdiyi işdən yorulmaz. Mənim də ən çox sevdiyim iş ədəbi redaktədir ki, onunla da məşğulam. Amma burdan gənclərimizə deyirəm ki, dilimizi sevsinlər və öyrənsinlər. Dili yad ünsürlərdən qorusunlar. Demək olar ki, dil haqqında heç nə bilmirlər. Dildə həm üslub, həm də orfoqrafiya xətaları  olur. Folklorumuzu oxusunlar. Bu onların xeyrinədir.

Hiss etdik ki, poeziya şöbəsinin rəhbəri Fərqanə Mehdiyeva da sözlü adama oxşayır. Elə bil ürəyini oxumuşduq. Toxunduğum mövzu şairənin ürəyinə yağ kimi yayıldı.

- Ay Fərqanə xanım, bu sizə yazı göndərən gənclər ki var ha, onlar niyə az kitab oxuyur?

- Bu  mənim yaralı yerimdir. Bizə daha çox gənclər müraciət edir. Onlardan narazılığım odur ki, çox mütaliə eləmirlər. Həm dünya, həm də öz ədəbiyyatımızı oxumurlar. Bu günki yaranan ədəbiyyatı oxusunlar. Nə qədər çox oxusalar, bir o qədər onların xeyrinədir. Bir də görürsüz elə şeirlər gətirirlər ki! Çox oxusunlar, çox  iddialı olmasınlar. Onsuz da yazılarında onların boynu görünür..



“Ulduz”  jurnalının yeniliklərindən biri də son aylarda hər nömrənin üzərində əlavə hədiyyənin verilməsidir. Məsələn ötən saylarda jurnala əlavə olaraq Elçin İsgəndərzadənin, Çingiz Abdullayevin, Anarın kitabları hədiyyə verilirdi. Baş redaktor Qulu Ağsəsdən elə redaksiya ilə tanışlıq zamanı bu barədə soruşduq:

- Bir ay hədiyyə vermədik. Mənə yazdılar ki, “bu nə biabırçılqıdır”. Mən də gördüm ki,  artıq buna öyrəniblər, heç nə demədim. Amma o çətin məsələdir. Bir dəfə Elçin İsgəndərzadənin, o biri dəfə Çingiz Abdullayevin kitablarını hədiyyə verdik. Bu nömrədə sağ olsun Anar müəllim hələ çap olunmamış kitabını verdi. Fikrət Qoca, Rəşad Məcid, Urfadan Baloğlan Cəlil bizim bu layihətə qoşulacaqlar. Daha sonra isə jurnalın üzərində hədiyyə disklər də olacaq. Xalq artisti Mənsum İbrahimov bizə özünün 300 CD diskini bağışlayacaq. Biz də onları jurnalın nüsxələrinə əlavə edəcəyik.  

Elə Mənsun İbrahimov demişdi ki, “Ulduz”un bir layihəsi yadıma düşdü. Soruşdum ki, Qulu müəlim, jurnalın bir layihəsi də odur ki, yazarlar toplanıb hər hansı tamaşaya baxmağa gedirdilər, sonra da gəlib onu müzakirə edirdilər. Bəs niyə davam etmir?  

-
Opera və Balet Teatrının baş rejissoru hər dəfə məni görəndə deyir ki,  “ay Qulu nə oldu, niyə gəlmədiniz?”. Hansına getmək istəyirsinizsə deyin gedək.


Qulu müəllim sağ olsun, məsələni elə yerində də həll edir. “Qoy Mənsum İbrahimova zəng edim” deyərək telefonunu çıxarır. Xoş əhvaldan sonra məlum olur ki, Mənsum İbrahimovun baş rolda oynayacacağı “Leyli və Məcnun” fevralın 1-də olacaq. Qulu müəllim, danışıqdan sonra “deməli, fevralın 1-də “Opera və Balet”ə gedirik” deyir və sağ olsun, “Şah Qacar”da olduğu kimi, bizi də dəvət edir...

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI